Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılması Qaydasının təsdiq edilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 149 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

 

Bakı şəhəri, 17 aprel 2000-ci il

67

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 17 aprel tarixli, 67 nömrəli qərarı ilə

təsdİq edİlmİşdİr

 

Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılması[2]

 

QAYDASI[3]

 

1. Bu Qayda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılmasını tənzimləyən sənəddir.

1-1. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.[4]

2. "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramına uyğun olaraq kənd rayonlarında məskunlaşmış məcburi köçkünlərə müvəqqəti istifadə və icarə məqsədi ilə dövlət və bələdiyyə torpaqları hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada sahələr ayrılır. [5]

3. Məcburi köçkünlərə müvəqqəti istifadəyə və icarəyə torpaq sahələrinin ayrılması üçün onlar məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinə və ya bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə ayrılacaq torpaq sahəsinin yeri, növü, həcmi və istifadə məqsədi göstərilməlidir. [6]

4. Yerli icra hakimiyyətləri və ya bələdiyyələr 7 gün müddətində həmin ərizəni tələb edilən sahənin ayrılmasının mümkünlüyünə baxılması və müvafiq yerquruluşu sənədlərinin hazırlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsinə göndərirlər.[7]

5. Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsi 10 gün müddətində ərizədə göstərilmiş torpaq sahəsinə baxış keçirir və dövlət torpaq kadastrının məlumatları əsasında tələb edilən sahənin digər hüquqi və fiziki şəxslərin istifadəsinə verilmədiyi halda həmin torpağın 1:10000 və ya 1:25000 miqyasında xəritəsini hazırlayır (tələb edilən sahə şəhər və qəsəbələrin hüdudlarında yerləşdiyi halda memarlıq xidmətinin rəyini almaqla) və öz rəyi ilə birlikdə müvafiq icra hakimiyyətinə və ya bələdiyyəyə qaytarır. [8]

6. Yerli icra hakimiyyətləri və ya bələdiyyələr 10 gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsindən daxil olan sənədlərə baxır, kənd təsərrüfatı məhsulları istehsal etmək üçün məcburi köçkünlərə müvəqqəti istifadəyə və icarəyə torpaq sahəsi ayrılması barədə (yerli şəraiti, torpaq ehtiyatının miqdarını, əhalinin sıxlığını nəzərə almaqla) müvafiq qərar qəbul edirlər.

7. Yerli icra hakimiyyətləri və ya bələdiyyələr məcburi köçkünlərə müvəqqəti istifadəyə və ya icarəyə torpaq sahəsi ayrılması barədə qərarı və ayrılan sahənin planını (ölçüsünü) hazırlamaq üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə göndərirlər.[9]

8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 10 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına məcburi köçkünlərin torpaq sahəsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin hazırlanması və məcburi köçkünlərə təqdim edilməsi üçün müvafiq Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsinə göndərilir.[10]

Müvəqqəti məskunlaşmış məcburi köçkünlərə müvəqqəti istifadəyə və icarəyə bələdiyyələr tərəfindən onların mülkiyyətində olan torpaqların ayrılması bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarına uyğun həyata keçirilir.[11]

9. Məcburi köçkünlər torpaq sahələrindən istifadə edərkən onlara qanunvericilikdə müəyyən edilmiş qaydada güzəşt və imtiyazlar şamil edilir.

10. Məcburi köçkünlərə müvəqqəti istifadə üçün ayrılmış torpaq sahələrində əsaslı tikinti işlərinin aparılmasına, habelə təyinatdan kənar istifadə hallarına yol verilmir.

11. Şəhər və rayon mərkəzlərində məskunlaşmış məcburi köçkünlərə torpaq sahələri qanunvericiliyə uyğun olaraq müvafiq rayonların ərazisindən növbəlilik əsasında verilir.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 iyul 2002-ci il tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 07, maddə 445)

2.       20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 994)

3.       17 fevral 2009-cu il tarixli 29 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 02, maddə 152)

4.       4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418)

5.       28 fevral 2019-cu il tarixli 67 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 3 mart 2019-cu il, 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 2, maddə 363)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 fevral 2019-cu il tarixli 67 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 3 mart 2019-cu il, 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 2, maddə 363) ilə adına sahələrinin sözündən sonra istifadəyə sözü əlavə edilmişdir.

 

[2] 28 fevral 2019-cu il tarixli 67 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 3 mart 2019-cu il, 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 2, maddə 363) ilə Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydasının adına və 1-ci hissəsinə sahələrinin sözündən sonra istifadəyə sözü əlavə edilmişdir.

 

[3] 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 994) ilə Qaydanın mətnində ismin müvafiq hallarında Dövlət Torpaq Komitəsi sözləri müvafiq olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sözləri ilə əvəz edilmişdir.

 

[4] 28 fevral 2019-cu il tarixli 67 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 3 mart 2019-cu il, 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 2, maddə 363) ilə Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydasına yeni məzmunda 1-1-ci hissə əlavə edilmişdir.

 

[5] 8 iyul 2002-ci il tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 07, maddə 445) ilə 2-ci bənddən "və bələdiyyə" sözləri, 3-cü bənddən "və ya bələdiyyələrə" sözləri, 4,6 və 7-ci bəndlərdən "və ya bələdiyyələr" sözləri, 5-ci bənddən "və ya bələdiyyəyə" sözləri çıxarılmışdır.

 

[6] 28 fevral 2019-cu il tarixli 67 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 3 mart 2019-cu il, 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 2, maddə 363) ilə Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydasının 3-cü və 6-cı hissələrindən və icarəyə sözləri, 7-ci hissədən və ya icarəyə sözləri çıxarılmışdır.

 

[7] 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə 4-cü, 5-ci, 6-cı və 8-ci hissələrdə ismin müvafiq hallarında rayon (şəhər) torpaq şöbəsi sözləri ismin müvafiq hallarında Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsi sözləri ilə əvəz edilmişdir.

 

[8] 28 fevral 2019-cu il tarixli 67 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 3 mart 2019-cu il, 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 2, maddə 363) ilə Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydasının 5-ci hissəsinə tələb edilən sözlərindən əvvəl dövlət torpaq kadastrının məlumatları əsasında sözləri əlavə edilmişdir.

 

[9] 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 994) ilə Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydasının 7-ci bəndinin , ayrılmış torpaq sahəsindən müvəqqəti istifadə (icarə) hüququna dair müvafiq sənədləri sözləri çıxarılmışdır.

 

17 fevral 2009-cu il tarixli 29 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 02, maddə 152) ilə 7-ci bənddə planını (cizgisini) sözləri planını (ölçüsünü) sözləri ilə əvəz edilmişdir.

 

[10] 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 994) ilə Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydasının 8-ci bəndin birinci abzasında torpaqdan müvəqqəti istifadə hüququna dair sənədi hazırlayır və torpaq üzərində onların hüquqlarının dövlət qeydiyyatına alınması və torpaqdan istifadə (icarə) məqsədilə sözləri torpaq sahəsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin hazırlanması və məcburi köçkünlərə sözləri ilə əvəz edilmişdir.

 

4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə 7-ci və 8-ci hissələrdə ismin müvafiq hallarında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sözləri ismin müvafiq hallarında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi sözləri ilə əvəz edilmişdir.

 

[11] 8 iyul 2002-ci il tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 07, maddə 445) ilə 8-ci bəndə yeni redaksiyada ikinci abzas əlavə edilmişdir.

 

17 fevral 2009-cu il tarixli 29 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 02, maddə 152) ilə 8-ci bəndin ikinci abzasından müvəqqəti istifadəyə və sözləri çıxarılmışdır.