"İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasına təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının " İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

"İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş "icra məmurlarının fəaliyyətinə nəzarət qaydasını" müəyyən etsin; [2]

həmin Qanunun 12-ci maddəsinin ikinci hissəsində göstərilmiş "icra məmurlarının xüsusi fondu" haqqında Əsasnaməni hazırlayıb təsdiq etsin;

"İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

2. Müəyyən edilsin ki:

"İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 4-cü maddəsinin ikinci və dördüncü hissələrində, 5-ci maddəsinin birinci və yeddinci hissələrində, 6-cı maddəsində, 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir; [3]

həmin Qanunun 13-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə həyata keçirir;

həmin Qanunun 5-ci maddəsinin birinci və yeddinci hissələrində, 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. [4]

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əlİyev

Bakı şəhəri, 5 yanvar 2000-ci il
246

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 may 2002-ci il tarixli 695 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 5, maddə 262)

2.       24 avqust 2002-ci il tarixli 758 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 8, maddə 478)

3.       20 aprel 2011-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikasının Prezidentinin fərmanı (Respublika qəzeti 21 aprel 2011-ci il, 81, Azərbaycan qəzeti 22 aprel 2011-ci il, 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 04, maddə 278)

4.       9 iyul 2018-ci il tarixli 183 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 14 iyul 2018-ci il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 7, I kitab, maddə 1469)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 aprel 2011-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikasının Prezidentinin fərmanı (Respublika qəzeti 21 aprel 2011-ci il, 81, Azərbaycan qəzeti 22 aprel 2011-ci il, 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 04, maddə 278) ilə Fərmanın adında, preambulasında, 1-ci bəndinin ikinci, dördüncü, altıncı abzaslarında və 2-ci bəndinin ikinci abzasında Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları sözləri İcra məmurları sözləri ilə əvəz edilmişdir.

 

[2] 20 aprel 2011-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikasının Prezidentinin fərmanı (Respublika qəzeti 21 aprel 2011-ci il, 81, Azərbaycan qəzeti 22 aprel 2011-ci il, 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 04, maddə 278) ilə 1-ci bəndinin dördüncü və beşinci abzaslarında məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının sözləri icra məmurlarının sözləri ilə əvəz edilmişdir.

 

[3] 6 may 2002-ci il tarixli 695 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 5, maddə 262) ilə 2-ci bəndin üçüncü abzasında "4-cü maddəsinin dördüncü hissəsində" sözləri "4-cü maddəsinin ikinci və dördüncü hissələrində" sözləri ilə əvəz edilmişdir.

9 iyul 2018-ci il tarixli 183 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 14 iyul 2018-ci il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 7, I kitab, maddə 1469) ilə 2-ci hissənin üçüncü və beşinci abzaslarında birinci və dördüncü sözləri birinci və yeddinci sözləri ilə əvəz edilmişdir.

 

[4] 24 avqust 2002-ci il tarixli 758 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 8, maddə 478) ilə 2-ci bəndə beşinci abzas əlavə edilmişdir.