Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydası barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Şəhərsalmanın əsasları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 187 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Dövlət şəhərsalma kadastrının yaradılması mərhələlərlə aparılmaqla 1 mərhələ 2006-cı ilə qədər başa çatdırılsın.[1]

3. Kadastrın yaradılma və aparılma metodikasının birinci mərhələdə (2006 2007-ci illərdə) sınaq təcrübəsinin keçirilməsi üçün müəyyən olunmuş şəhərlərin Siyahısı təsdiq edilsin (əlavə olunur). [2]

Şəhərsalma kadastrının aparılması Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir və Əli Bayramlı şəhər İcra hakimiyyətləri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iştirakı ilə göstərilən şəhər icra hakimiyyətlərinin müvafiq bölmələrinə həvalə edilsin və bu bölmələrin normal fəaliyyəti üçün şəhər icra hakimiyyətləri müvafiq istehsalat sahələri və material-texniki vəsaitlər ayırsınlar. [3]

Müəyyən edilsin ki, şəhərsalma kadastrının məlumat bankı bir tərəfdən təsdiq edilmiş şəhərsalma sənədlərindən, digər tərəfdən geodeziya və xaritəçəkmə materialları, mühəndis-geoloji, statistik və ekoloji göstəricilər, nazirlik və idarələrin lazımi məlumatları, texniki inventarlaşma bürolarından və digər müəssisə və təşkilatlardan alınan məlumatlar əsasında yaradılır. [4]

[5] 4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar nazirlik, komitə, idarə və təşkilatlar, Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir və Əli Bayramlı şəhər İcra Hakimiyyətləri şəhərsalma kadastrının yaradılması və aparılmasının respublikanın daşınmaz əmlakın vahid dövlət kadastrı, torpaq, su, meşə, ekologiya və digər əlaqədar kadastr və registrlər ilə əlaqələndirilməsini təmin etsinlər.[6]

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2001-ci ildən başlayaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əsaslandırılmış sifarişləri əsasında şəhərsalma kadastrının yaradılması və aparılması üçün maliyyə vəsaitinin ayrılmasını müvafiq ilin büdcəsində nəzərdə tutsun.

6. Respublika şəhərlərində şəhərsalma kadastrının yaradılması üçün yerli icra hakimiyyətləri, Dövlət Tikinti və Arxitektura Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birgə 20012004-cü illərdə: [7]

tələb olunan işlərin görülməsini;

şəhər və digər yaşayış məntəqələrinin faktiki istifadəsində olan torpaq sahələrinin dəqiqləşdirilməsini;

şəhər və digər yaşayış məntəqələrinin şəhərsalma sənədləri əsasında inzibati sərhədlərinin təyin edilməsini və səlahiyyətli orqanlar tərəfindən təsdiq edilməsini;

təsdiq olunmuş inzibati sərhəd daxilində şəhər və digər yaşayış məntəqələrinin uçotu aparılmaqla ildə iki dəfə aidiyyəti təşkilatlara hesabat verilməsini;

şəhər və digər yaşayış məntəqələrinin xəritəçəkmə materialları üzərində 1:500, 1:1000, 1:2000 miqyasında bina və qurğuların inventarlaşdırılmasının aparılmasını, lazım gələrsə, çatışmayan topoxəritələrin tərtib olunması üçün tədbirlər görülməsini;

layihə institutlarının iştirakı ilə obyektlərin texniki təsvirinin aparılmasını və onların dəyər göstəricilərinin müəyyənləşdirilməsini;

layihə institutlarının iştirakı ilə şəhər ərazilərinin şəhərsalma göstəriciləri nəzərə alınmaq şərti ilə kompleks sosial-iqtisadi qiymətləndirilməsini təmin etsinlər.

7. Şəhərsalma kadastrının yaradılması və aparılmasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aşağıdakılar aid edilsin:[8]

respublika ərazisində şəhərsalma kadastrının yaradılması və aparılması;

şəhərsalma kadastrının vahid normativ-hüquqi, metodiki əsaslarının tərtib və təsdiq edilməsinin təşkili;

şəhərsalma kadastrı məlumatlarının yaradılması, aparılması və istifadəsinə nəzarətin təşkili;

şəhərsalma kadastrının Azərbaycan Respublikasının vahid dövlət kadastrları sisteminə inteqrasiyasının təmin olunması.

8. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Statistika Komitəsi və digər aidiyyəti nazirlik, komitə və təşkilatlarla, müvafiq şəhər icra hakimiyyətləri ilə birgə şəhərsalma kadastrının yaradılması və aparılması üçün nazirlik, müəssisə və təşkilatlardan məlumatların alınması və istifadəsi qaydalarını hazırlayıb təsdiq etsinlər.[9]

9. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə şəhərsalma kadastrının yaradılması və aparılması üçün kadrların hazırlanması və təkmilləşdirilməsi üzrə tədbirlər hazırlayıb həyata keçirsinlər.

 

Azərbaycan Respublikasının Baş naziri RASİZADƏ

 

Bakı şəhəri, 4 sentyabr 2000-ci il

159

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 4 sentyabr tarixli, 159 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili

 

Qaydaları [10]

 

Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Şəhərsalmanın əsasları haqqında, İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunları və digər normativ-hüquqi aktlarına əsaslanaraq Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrində ərazinin kompleks idarə olunması və onun şəhərsalma fəaliyyətinin tənzimlənməsi məqsədi ilə yaradılır və aparılır.

Bu Qaydalar yaşayış məntəqələrində və şəhərsalma fəaliyyəti aparılan digər ərazilərdə dövlət şəhərsalma kadastrının və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin yaradılması və aparılmasının əsas istiqamətlərini, dövlət şəhərsalma kadastrı xidmətlərinin təşkili prinsiplərini, onların funksional vəzifələrini müəyyən edir və normativ-metodiki bazasının yaradılması üçün zəmin yaradır.

 

I.                   Ümumi müddəalar

 

Dövlət şəhərsalma kadastrı yaşayış məskənlərində torpaqların və digər daşınmaz əmlakın qeydiyyatı və uçotu da daxil olmaqla ərazinin kompleks qiymətləndirilməsi və şəhərsalma fəaliyyətində müvafiq qərarlar qəbul edilməsi üçün kəmiyyət və keyfiyyət göstəricilərinin məcmusudur.

Dövlət şəhərsalma kadastrı Azərbaycan Respublikasının dövlət və yerli idarəetmə orqanlarını, fiziki və hüquqi şəxsləri, həmçinin mövcud qanunvericilik çərçivəsində əcnəbiləri, vətəndaşlığı olmayan şəxsləri və xarici hüquqi şəxsləri lazımi məlumatlarla təmin edir.

2. Şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqi, ərazinin şəhərsalma göstəricilərində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə müntəzəm şəkildə aparılan müşahidələr sistemidir.

3. Dövlət şəhərsalma kadastrı xidməti şəhərsalma kadastrının və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılmasının hüquqi-sosial, metodiki və texniki cəhətdən kompleks şəkildə idarə olunmasını təmin edən orqandır.

 

II. Dövlət şəhərsalma kadastrının formalaşma mərhələləri

 

4. Dövlət şəhərsalma kadastrının formalaşması üç səviyyədə aşağıdakı mərhələlər üzrə aparılır:

Başlanğıc mərhələdə respublikanın inzibati rayon və şəhərlərindən, bütün yaşayış məntəqələrindən və şəhərsalma baxımından tənzimlənən digər ərazilərindən vahid texnologiya əsasında məlumatlar toplanır, təhlil edilir və xüsusi klassifikatorlar vasitəsi ilə sistemləşdirilərək baza səviyyəsi yaradılır.

Respublikada dövlət şəhərsalma kadastrının bütövlükdə formalaşması üçün baza səviyyəsi əsas sayılır.

İkinci mərhələdə baza səviyyəsi məlumatları Naxçıvan Muxtar Respublikasının rayon və şəhərlərinin inzibati və ərazi hüdudları prinsipi ilə toplanaraq qruplaşdırılır və orta səviyyə formalaşır.

Zərurət yaranarsa bu mərhələdə respublikanın iqtisadi zonaları hüdudları daxilində baza səviyyəsi məlumatlarının qruplaşdırılması təklif edilə bilər.

Üçüncü mərhələdə baza səviyyəsi və orta səviyyə məlumatları dövlət şəhərsalma kadastrının vahid sistemdə mərkəzləşdirilmiş məlumat bankına daxil edilir və şəhərsalma kadastrının respublika dövlət səviyyəsi formalaşır.

Bu səviyyədə məlumatlar beynəlxalq kadastr sistemləri ilə əlaqələndirilə və inteqrasiya oluna bilər.

Dövlət şəhərsalma kadastrının formalaşması ilə eyni zamanda onun normativ metodiki bazası da yaradılır.

5. Səviyyə və mərhələlərdən asılı olmayaraq şəhərsalma kadastrının cavabdeh olan orqanlar tərəfindən bu mərhələlərə paralel şəkildə dövlət şəhərsalma kadastrının yaradılması konsepsiyasının və proqramının layihəsi, hüquqi-normativ sənədlərin qəbul edilməsi və kadastr xidmətlərinin təşkili, dövlət şəhərsalma kadastrının proqram təminatının qurulması və şəhərsalma kadastrına daxil edilməli olan mövcud informasiyanın inventarizasiyası aparılır.

Eyni zamanda məlumatların mütəmadi olaraq şəhərsalma kadastrına daxil edilməsinin təşkili, qeydiyyatı və müvafiq arayış formalarının tərtibi və təsdiqi həyata keçirilir. Nəticə olaraq şəhərsalma kadastrı vahid format və təsnifatda avtomatlaşdırma yolu ilə sistemləşdirilir və kadastrın slruktur tərkibi sxemi ilə yığılır.

 

III. Dövlət şəhərsalma kadastrının strukturu və formalaşma prosesi

 

6. Dövlət şəhərsalma kadastrının struktur tərkibi müvafiq sərhədlərlə hüdudlanan ərazi, ərazi hissələri, zonalar, bina və qurğular, mühəndisi, nəqliyyat və sosial infrastruktur obyektləri, ərazinin şəhərsalma dəyəri, onun ekoloji, mühəndis-geoloji, seysmik, hidro-geoloji xüsusiyyətləri haqqında məlumatların kəmiyyət və keyfiyyət göstəricilərinin vahid sistemidir.

7. Şəhərsalma fəaliyyəti obyektlərinin qarşılıqlı əlaqələndirilməsi rayon, şəhər, şəhər rayonu, kənd, qəsəbə, yaşayış massivi, mikrorayon və məhəllələrdə yerləşən binalar, qurğular, mühəndis və küçə-yol şəbəkələrinin sahə və qovşaqları, ərazi zonaları (funksional, mühafizə, mühəndis-geoloji, gigiyena-ekoloji) və digər şəhərsalma fəaliyyəti obyektlərinin kadastr qeydiyyatı (kodlaşdırılması) yolu ilə həyata keçirilir.

8. Dövlət şəhərsalma kadastrının respublikada vahid sistem üzrə geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrı, dövlət torpaq kadastrı və sair kadastr məlumatları əsasında yaşayış məntəqələrinin inzibati hüdudlarının dürüstləşdirilməsindən başlamış, həmin hüdudlar daxilində yerləşən bütün şəhərsalma fəaliyyəti obyektlərini yerüstü, stasionar və digər metodlarla kompleks müşahidə etməklə aparılır.

9. Yaşayış məntəqələrində şəhərsalma kadastrının struktür tərkibinə daxil olan obyektlərin vəziyyətinin təyini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş metodika və proqramlar üzrə aparılır.

10. Respublikanın müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının icra hakimiyyəti orqanlarının kadastr xidmətləri aşağıdakıları həyata keçirir:

yaşayış məntəqələrinin ərazisində yerləşən bütün şəhərsalma obyektlərinin inventarizasiyasının aparılmasının təşkilini;

şəhərsalma fəaliyyəti obyektlərinin miqdarı, vəziyyəti və qiymətləndirilməsi haqqında uzunmüddətli operativ informasiyaya olan ehtiyacın mütəmadi şəkildə öyrənilməsini;

dövlət şəhərsalma kadastrının daim dolğunlaşdırılması üçün vacib olan məlumatların şəhərsalma sənədlərinə daxil olması üzrə tədbirlər görülməsini. [11]

 

IV. Şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin aparılma qaydaları

 

11. Şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqi bütövlükdə ərazinin ümumi monitorinqinin tərkib hissəsi kimi respublikanın bütün yaşayış məntəqələrində vahid metodologiya əsasında aparılır və aşağıdakıları nəzərdə tutur:

şəhərsalma fəaliyyəti obyektləri üzərində müntəzəm müşahidələr aparmaqla, torpaq, ekoloji, geoloji, kartoqrafik, digər çöl və laboratoriya tədqiqatları yerləşən şəhərsalma fəaliyyəti obyektlərinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsinin izlənməsini;

şəhərsalma baxımından tənzimlənən ərazidə baş verən dəyişikliklər, şəhərsalma fəaliyyəti obyektlərinin mülkiyyət formasının, onların texniki və mühəndisi göstəricilərinin dəyişməsi, təbii və texnogen amillərin təsiri ilə aşınması, korlanması və ya sıradan çıxması üzərində müşahidələrin aparılmasını;

12. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Elmlər Akademiyası, rayon (şəhər) icra hakimiyyəti orqanları, müvafiq elmi-tədqiqat və layihə axtarış təşkilatları ilə razılaşdırmaqla aşağıdakıları həyata keçirir:[12]

şəhərsalma, torpaq, ekoloji, geoloji, kartoqrafik və digər axtarış işlərinin aparılması, yaşayış ərazilərinin müxtəlif miqyaslarda xəritələndirilməsi, şəhərsalma fəaliyyəti obyektləri üzərində operativ monitorinq müşahidələrinin aparılması üçün zəruri olan plan-xəritə materiallarının tərtib edilməsi üzrə təlimatlar və metodik göstərişlərin hazırlanmasının və təsdiqinin təşkilini;

şəhərsalma obyektlərinin monitorinqi əsasında ərazinin ekoloji vəziyyətinin müəyyənləşdirilməsi və onun mühafizəsi barədə proqramların hazırlanmasını;

şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqi üzrə materialların və məlumatların sistemləşdirilməsini, həmin məlumatların təhlilini, saxlanmasını və verilməsini.

13. Şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqi ilə bağlı məlumatların dəqiqləşdirilməsi və təhlilini təşkil etmək məqsədi ilə:

mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların mülkiyyətində, istifadəsində və icarəsində olan təsərrüfat obyektlərinin tərkibində baş vermiş dəyişikliklər barədə hər ilin sonunadək rayon (şəhər) icra hakimiyyətləri orqanlarına müəyyən olunmuş qaydada məlumat verirlər; [13]

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və rayon (şəhər) icra hakimiyyəti orqanları öz inzibati ərazi hüdudlarında şəhərsalma fəaliyyəti obyektlərinin mövcud vəziyyəti və dəyişiklikləri barədə hər il martın 1-dək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat verirlər;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və rayon (şəhər) icra hakimiyyəti orqanlarından aldığı məlumatları ümumiləşdirərək və hər il iyunun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə icmal-hesabat təqdim edir.

14. Şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqi müvafiq rayon (şəhər) kadastr xidmətləri tərəfindən aparılır.

15. Şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması prosesini tənzimləyən texniki sənədlərin nümunələrinin hazırlanması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təşkil olunur.

 

V. Dövlət şəhərsalma kadastrı fondu

 

16. Dövlət şəhərsalma kadastrının fonduna Azərbaycan Respublikasının yaşayış məntəqələri hüdudlarında yerləşən bütün şəhərsalma fəaliyyəti obyektlərinin təyinatı, sərhədləri, ölçüləri, koordinatları, hüquqi statusu və s. haqqında kadastr məlumatları və materialları daxildir.

17. Dövlət şəhərsalma kadastrının fondu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sərəncamındadır.

18. Mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün müəssisələr dövlət şəhərsalma kadastrı və monitorinq üzrə hazırlanmış materialların bir nüsxəsini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi qaydalara müvafiq olaraq dövlət şəhərsalma kadastrının fonduna daxil etmək məqsədi ilə uyğun səviyyəli kadastr xidmətinə təqdim edirlər.

19. Dövlət şəhərsalma kadastrı fondu digər kadastr fondları ilə əlaqəli şəkildə qurularaq respublikanın vahid informasiya fondunun tərkib hissəsini təşkil edir.

 

VI. Kadastr məlumatlarının tərkibi və aparılması qaydaları

 

20. Hər bir səviyyənin şəhərsalma kadastrında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhlükəli, təbii və texnogen proseslərin mənbəyi olan və fövqəladə vəziyyət yarada bilən ərazilərin və təsərrüfat obyektlərinin siyahısı, xüsusi qoruqların, ekoloji ərazilərin siyahısı, tarixi, mədəniyyət obyektlərinin siyahısı, xüsusi tənzimlənmə tələb edən istehsalat müəssisələri və obyektlərin siyahısı, eləcə də torpaq sahələrinin və nəqliyyat kommunikasiyalarının siyahıları əks olunur.

Bundan başqa hər bir səviyyənin şəhərsalma kadastrına ona daxil edilməli olan bütün obyektlərin torpaq sahələri, onlara sahiblik, istifadə və ya icarə səlahiyyətləri olan hüquqi və fiziki şəxslər haqqında məlumatlar daxil edilir.

21. Hər bir səviyyənin şəhərsalma kadastrına müvafiq inzibati ərazi sərhədlərində yerləşmiş bütövlükdə ərazilər, ərazi hissələri, zonalar, istehsal, mühəndis, nəqliyyat və sosial infrastruktur obyektləri şəhərsalma fəaliyyətinin xüsusi təyinatlı obyektləri turizm və rekreasiya əraziləri, mədəni landşaftlar və s. də daxil olmaqla daşınmaz əmlak barədə məlumatlar daxildir. Həmçinin bir səviyyənin şəhərsalma kadastrı özündən yuxarı səviyyənin obyektləri barədə ümumi məlumatları da özündə əks etdirir. [14]

22. Səviyyəsindən asılı olmayaraq şəhərsalma kadastrı ərazidə dövlət şəhərsalma norma və qaydalarına, şəhərsalma reqlamentlərinə əməl olunmasına nəzarəti həyata keçirmək, şəhərsalma fəaliyyətini tənzimləmək, ərazi və yaşayış məskənlərinin dayanıqlı və əhəngdar inkişafını təmin etmək üçün vacib olan aşağıdakı məlumatları cəmləşdirir:

a) təsdiq edilmiş şəhərsalma sənədlərini;

b) topo-geodeziya və kartoqrafik materiallarının dövlət kadastrı məlumatları, ekologiya, sosial-iqtisadi və sair kadastr məlumatlarını;

c) ərazinin şəhərsalma cəhətdən qiymətləndirilməsi və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin nəticələri haqqında məlumatları;

ç) istehsal, sosial, mühəndis, nəqliyyat infrastrukturunun inkişafı, tarix, mədəniyyət, təbiət abidələrinin mühafizəsi, ərazinin abadlaşdırılması və mühafizəsi üzrə təsdiq olunmuş layihə, sxem, proqram və investisiya layihələrinin göstəricilərini;

d) şəhərsalma sahəsindəki norma və qaydaları, layihə sənədləri barəsindəki məlumatları, tikintinin aparılması üçün icazələri, obyektlərin yoxlama aktlarını, onların qəbulu və istismara verilməsi aktlarını və s.

23. Şəhərsalma kadastrının tərkibinə bunlardan əlavə istinad topoqrafik planlarının materialları, yerüstü və yeraltı mühəndis kommunikasiyalarının iri miqyaslı planları, yaşayış binalarının registri, inşası başa çatmış obyektlərin cizgiləri, inventarlaşma sənədləri və daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsi barədə materiallar və s. də daxil edilir.

24. Dövlət şəhərsalma kadastrı məlumatları sisteminin formalaşması toplanma, yığılma, saxlanma və istifadə üçün verilmə mərhələləri üzrə həyata keçirilir:

toplanma mərhələsində kadastr planlarından rəqəmli (elektron) qrafik məlumatların və mətnlərin alınması həyata keçirilir;

yığılma mərhələsində kadastr məlumatlarının rəqəmli modeli və mətnləri formalaşaraq qrafik semantik fayl şəklində yığılır;

saxlanma mərhələsində kadastr məlumatlarının qrafik təsvirinin və mətnlərinin toplanması, onların kadastrın struktur tərkibinə daxil olan komponentlərlə əlaqəli şəkildə saxlanması həyata keçirilir;

istifadəyə verilmə mərhələsində tələbata əsasən rəqəmli kadastr planlarının, sxemlərinin, mətnlərinin və şəhərsalma fəaliyyəti obyektlərinin pasportlarının hissələrlə və ya bütöv formada verilməsi həyata keçirilir.

25. Əsas sənədlər və şəhərsalma kadastrına daxil olan köməkçi məlumatlar qoyulmuş tələblərə uyğun olduqda onlara qeydiyyat nömrələri verilir və qeydiyyat kitabçasına müvafiq yazılışlar edilir, həmin məlumatlar məlumat ehtiyatları statusu alır.

26. Şəhərsalma kadastrının məlumat ehtiyatlarının qeydiyyatı, uçotu və təzələnməsi aşağıdakı istiqamətlərdə aparılır:

a) ərazinin vəziyyəti və onun şəhərsalma cəhətdən qiymətləndirilməsi;

b) ərazi və məskənlərin inkişafının şəhərsalma baxımından planlaşdırılması;

c) ərazilərin kadastr zonalarına bölünməsi;

ç) kadastr zonalarının ərazisindən istifadə olunmasında məhdudiyyətlər, qadağanlar, üstünlükverməklər və digər tələblər;

d) şəhərsalma fəaliyyətində iştirakçıların hüquqi münasibətlərinin tənzimlənməsi.

27. İnformasiya ehtiyatlarının işlənməsi, qorunması və təzələnməsi, istifadəçilərə məlumatların təqdim olunması, həmçinin sənədlərin ləğv edilməsi, köhnə məlumatların arxivə göndərilməsi şəhərsalma kadastr xidməti tərəfindən mərkəzi Arxivlər İdarəsinin müəyyən etdiyi qaydalara əsasən həyata keçirilir.

28. Ərazidən istifadəyə, orada tikinti aparılmasına, obyektlərin dəyişilməsinə olan tələblər də daxil olmaqla, şəhərsalma fəaliyyəti obyektləri barədə müəyyən olunmuş məlumatların məcmusu şəhərsalma pasportunda öz əksini tapır.

29. Şəhərsalma obyektlərinin pasportu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi formada tərtib edilir.

 

VII. Dövlət şəhərsalma kadastrının yaradılması və aparılmasını həyata keçirən orqanlar

 

30. Azərbaycan Respublikasının ərazisində dövlət şəhərsalma kadastrı aşağıdakı orqanlar tərəfindən yaradılır və aparılır: [15]

respublikada: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; [16]

Naxçıvan Muxtar Respublikasında: Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti;

inzibati rayon və şəhərlərdə: müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanları;

31. Dövlət Şəhərsalma kadastrının yaradılması və aparılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərkibində aşağıdakı strukturlara həvalə edilir:

Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi nəzdində bilavasitə Dövlət Şəhərsalma Kadastrının yaradılması və aparılmasının metodiki əsaslarının işlənməsi üzrə keçirilən tenderdə qalib gələn və bu işləri hazırda aparan Azəraqrarsukanallayihə İnstitutuna; [17]

Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura idarəsinə;

müvafiq rayon (şəhər) icra hakimiyyətinin memarlıq və şəhərsalma orqanına.

32. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi respublika ərazisində şəhərsalma kadastrının aparılmasının vahid sisteminin yaradılmasının və şəhərsalma kadastrının aparılması işlərinin dövlət sifarişçisi olaraq aşağıdakıları yerinə yetirir:

a) məlumatların toplanılması, işlənilməsi, uçotu, qeydiyyatı, saxlanılması, informasiya ehtiyatlarının təzələnməsi, məlumatların istifadəçilərə verilməsi də daxil olmaqla şəhərsalma kadastrının vahid sistemlə aparılmasının norma və standartlarının, birtipli formaların, metodikaların, təsnifatların və digər normativ metodiki sənədlərin hazırlanmasını və təsdiqini;

b) şəhərsalma kadastrının aparılması üzrə respublika qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində təkliflərin hazırlanmasını;

c) respublika ərazisində şəhərsalma kadastrı və onun avtomatlaşdırılmış sisteminin yaradılması və istismarı proqramının işlənilməsi və həyata keçirilməsi;[18]

ç) bütün səviyyələrdə şəhərsalma kadastrının aparılması üçün vahid normativ-metodiki bazanın yaradılmasını;

d) bütün səviyyələrdə şəhərsalma kadastrları, o cümlədən torpaq, meşə, su və başqa dövlət kadastrları və informasiya sistemləri arasında müvafiq icra orqanları ilə bağlanılan və əsas sənədlərin, məlumatların şəhərsalma kadastrına daxil edilməsi qaydalarını nəzərdə tutan müqavilələr üzrə informasiya mübadiləsinin təşkilini;

e) Azərbaycan Respublikasının bütün ərazisində şəhərsalma kadastrının vahid sistemdə təsdiq olunmuş normativ sənədlərə əsasən nəzarətini.[19]

ə) dövlət şəhərsalma kadastrının aparılması işlərinin maliyyələşdirilməsini və dövlət sifarişçisi funksiyasının icrasını.

33. Bütün səviyyələrdə Dövlət şəhərsalma kadastrını aparan müvafiq icra hakimiyyəti orqanları aşağıdakıları həyata keçirir:

a) respublika şəhərsalma kadastrı məlumatlarının istifadəçilərə təqdim olunmasının, o cümlədən respublikanın mülkiyyət obyektləri barədə məlumatlarının sorğu əsasında Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanlarına verilməsinin təşkilini;

b) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Dövlət şəhərsalma kadastrı məlumatlarının istifadəsinə görə rüsumların miqdarının, əsas məlumatları təqdim edən orqanların maraqlarını nəzərə almaqla (onlarla razılaşma əsasında) göstərilən xidmətlər üçün köçürülən vəsaitin istifadə olunma qaydalarının və şəhərsalma qanunvericiliyinin, şəhərsalma reqlamentlərinin pozulmasına görə cərimələrin miqdarının müəyyənləşdirilməsini;

c) Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Dövlət şəhərsalma kadastrının yaradılması və aparılması üzrə kadrların hazırlanması və təkmilləşdirilməsinin təşkilini;

34. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində aşağıdakıları təmin edir: [20]

a) memarlıq və şəhərsalma orqanlarının bölməsi kimi dövlət şəhərsalma kadastrı xidmətinin yaradılmasını; [21]

b) respublikanın müvafiq normativ-hüquqi akt və sənədləri əsasında, yerli xüsusiyyətləri nəzərə almaqla, dövlət şəhərsalma kadastrının və monitorinqinin aparılması üzrə uyğun normativ-hüquqi aktların və normativ metodiki sənədlərin hazırlanmasını;

c) bu Qaydaların 32-ci bəndinin ç) yarımbəndində göstərilən qayda və razılaşmalar əsasında icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər, həmçinin qanunvericilik çərçivəsində əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər tərəfindən Naxçıvan Muxtar Respublikasının şəhərsalma kadastrına daxil ediləcək əsas sənədlərin təqdimat qaydalarının hazırlanmasını və təsdiqini;

ç) Naxçıvan Muxtar Respublikasının və müvafiq inzibati rayonun (şəhərin) şəhərsalma kadastrının yaradılması proqramının və onun avtomatlaşdırılmış sisteminin yaradılması və tətbiqi layihələrinin işlənilməsini və həyata keçirilməsini.

35. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, həmçinin Muxtar Respublika rayon (şəhər) şəhərsalma kadastrının vahid sistem üzrə aparılmasına nəzarət edilməsini həyata keçirir.

 

VIII. Dövlət şəhərsalma kadastrının maliyyələşdirilməsi

 

36. Şəhərsalma kadastrının yaradılması və aparılması büdcə vəsaitindən və təsərrüfat hesablı fəaliyyətdən əldə edilən mənfəətdən maliyyələşir. Təsərrüfat hesablı fəaliyyətdən alınan vəsait qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəhərsalma qanunvericiliyini, şəhərsalma reqlamentlərini pozmağa görə cərimələrdən, kadastr xidməti və informasiya təminatına görə ödənişlərdən formalaşır.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 27 oktyabr tarixli 139 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
[22]

 

Dövlət Şəhərsalma Kadastrının yaradılması və tətbiq olunma Metodikasının birinci mərhələdə, 2006 2007-ci illərdə sınaq təcrübəsi keçiriləcək şəhərlərin

Siyahısı [23]

 

Şəhərlərin adı

Kadastr xidmətinin yaranma müddəti

Kadastrın yaranması və tətbiq olunması üçün cavabdeh təşkilat

Bakı

2006-cı il

Bakı Şəhər İcra Hakimiyyəti

Naxçıvan

2006-cı il

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

Gəncə

2006-cı il

Dövlət Tikinti və Arxitektura Komitəsi

Sumqayıt

2006-cı il

Dövlət Tikinti və Arxitektura Komitəsi

Mingəçevir

2007-ci il

Dövlət Tikinti və Arxitektura Komitəsi

Əli Bayramlı

2007-ci il

Dövlət Tikinti və Arxitektura Komitəsi

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623)

2.       30 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 1, maddə 59)

3.       20 fevral 2006-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 203)

4.       25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 132)

5.       6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 432)

6.       30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 846)

7.       4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623) ilə qərarın 2-ci bəndində "aparılmaqla" sözündən sonra "1 mərhələ" sözü əlavə edilmişdir.

20 fevral 2006-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 203) ilə 2-ci bənddə 2004-cü sözləri 2006-cı sözləri ilə əvəz edilmişdir.

 

[2] 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 432) ilə 3-cü bəndinin ikinci abzasında, 4-cü, 5-ci bəndlərində, 7-ci bəndinin birinci abzasında, 8-ci və 9-cu bəndlərində ismin müvafiq hallarında Dövlət Tikinti və Arxitektura Komitəsi sözləri ismin müvafiq hallarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sözləri ilə əvəz edilmişdir.

 

[3] 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623) ilə qərarın 3-cü bəndinin 2-ci abzasının 3-cü sətrindəki "Hakimiyyətləri" sözü "Hakimiyyətlərinin iştirakı ilə" sözləri ilə əvəz edilmişdir, həmin abzasın 4-cü sətrindəki "Komitəsinin" sözündən sonra gələn "iştirakı ilə göstərilən şəhər icra hakimiyyətlərinin müvafiq bölmələrinə" sözləri çıxarılmışdır və onların əvəzinə "müvafiq struktur bölmələrinə" sözləri əlavə edilmişdir. Həmin abzasın 7-ci sətrindəki "üçün" sözündən sonra "müvafiq" sözü əlavə edilmişdir, həmin sətirdə "hakimiyyətləri" sözündən sonra "müvafiq istehsalat sahələri və material-texniki vəsaitlər ayırsınlar" sözləri çıxarılmışdır və onların əvəzinə "lazımi məlumatların və sənədlərin verilməsini təmin etsinlər" sözləri əlavə edilmişdir.

 

[4] 20 fevral 2006-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 203) ilə qərarına 3-cü bəndin birinci abzasında (2001-2003-cü illərdə) sözləri (2006- 2007-ci illərdə) sözləri ilə, ikinci abzasında İcra hakimiyyətlərinin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq struktur bölmələrinə həvalə edilsin və bu bölmələrin normal fəaliyyəti üçün müvafiq şəhər icra hakimiyyətləri lazımi məlumatların və sənədlərin verilməsini təmin etsinlər sözləri isə İcra hakimiyyətləri, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin iştirakı ilə göstərilən şəhər icra hakimiyyətlərinin müvafiq bölmələrinə həvalə edilsin və bu bölmələrin normal fəaliyyəti üçün şəhər icra hakimiyyətləri müvafiq istehsalat sahələri və material-texniki vəsaitlər ayırsınlar sözləri ilə əvəz edilmişdir.

 

[5] 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623) ilə qərarın 4-cü bəndində "Dövlət Torpaq Komitəsi, Dövlət Əmlakı Nazirliyi, Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, İqtisadiyyat Nazirliyi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Dövlət Hidrometeorologiya Komitəsi və Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi" sözləri çıxarılsın və onların əvəzinə "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri əlavə edilmişdir.

 

[6] 30 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 1, maddə 59) ilə qərarının 4-cü və 8-ci bəndlərində İqtisadi İnkişaf Nazirliyi sözləri Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sözləri ilə əvəz edilmişdir.

20 fevral 2006-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 203) ilə 4-cü bənddə torpaq, su sözlərindən əvvəl daşınmaz əmlakın vahid kadastrı, sözləri əlavə edilmişdir.

4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə 4-cü hissədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sözləri çıxarılmışdır və həmin hissəyə vahid sözündən sonra dövlət sözü əlavə edilmişdir.

 

[7] 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623) ilə qərarın 6-cı bəndinin 1-ci abzasında "Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi" sözləri çıxarılmışdır və onların əvəzinə "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi" sözləri əlavə edilmişdir. Həmin abzasın sonunda "2003" rəqəmi "2004" ilə əvəz edilmişdir.

 

[8] 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623) ilə qərarın 7-ci bəndinin 2-ci abzasında "respublika" sözündən sonra gələn "səviyyəsində" sözü "ərazisində" sözü ilə əvəz edilmişdir.

 

[9] 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623) ilə qərarın 8-ci bəndində "Dövlət Torpaq Komitəsi, Dövlət Əmlakı Nazirliyi, Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri çıxarılsın, onların əvəzinə "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri əlavə edilmişdir.

30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 846) ilə 159 nömrəli qərarın 4-cü və 8-ci bəndlərində "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə 8-ci hissədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sözləri çıxarılmışdır.

 

[10] 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 432) ilə Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydalarının 9-cu bəndində, 12-ci bəndinin birinci abzasında, 13-cü bəndinin üçüncü və dördüncü abzaslarında, 15-ci, 17-ci, 18-ci, 29-cu bəndlərində, 30-cu bəndinin ikinci abzasında və 32-ci bəndinin birinci abzasında ismin müvafiq hallarında Dövlət Tikinti və Arxitektura Komitəsi sözləri ismin müvafiq hallarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sözləri ilə əvəz edilmişdir.

 

[11] 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623) ilə Qaydaların III bölməsinin 10-cu bəndində "rayon (şəhər)" sözündən sonra gələn "icra hakimiyyəti orqanlarının" sözləri çıxarılmışdır.

20 fevral 2006-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 203) ilə III bölmənin 10-cu bəndində rayon (şəhər) sözlərindən sonra icra hakimiyyəti orqanlarının sözləri əlavə edilmişdir.

 

[12] 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydalarının 12-ci hissəsində Dövlət Torpaq Komitəsi, Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi sözləri Əmlak Məsələləri Dövlət Komitəsi sözləri ilə əvəz edilmişdir.

 

[13] 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623) ilə Qaydaların IV bölməsinin 13-cü bəndinin 2-ci abzasında "icra hakimiyyətləri orqanlarına" sözləri "Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq yerli strukturlarına" sözləri ilə əvəz edilmişdir. Həmin bəndin 3-cü abzasında "rayon (şəhər) icra hakimiyyəti orqanları" sözləri "Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq yerli strukturları" sözləri ilə və 4-cü abzasda "rayon (şəhər) icra hakimiyyəti orqanlarından" sözləri "Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq yerli strukturlarından" sözləri ilə əvəz edilmişdir.

 

20 fevral 2006-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 203) ilə IV bölmənin 13-cü bəndinin ikinci abzasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq yerli strukturlarına sözləri icra hakimiyyətləri orqanlarına sözləri ilə, üçüncü abzasında Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq yerli strukturları sözləri rayon (şəhər) icra hakimiyyəti orqanları sözləri ilə və dördüncü abzasında Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq yerli strukturlarından sözləri rayon (şəhər) icra hakimiyyəti orqanlarından sözləri ilə əvəz edilmişdir.

 

[14] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 132) ilə 21-ci bəndində rekreasiya sözündən əvvəl turizm və sözləri əlavə edilmişdir.

 

[15] 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623) ilə Qaydaların VII bölməsinin 30-cu bəndinin 4-cü abzasında "şəhərlərdə" sözündən sonra gələn "müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanları" sözləri çıxarılmışdır və "Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq yerli struktur bölmələri və Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq struktur bölmələri" sözləri əlavə edilmişdir.

 

[16] 20 fevral 2006-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 203) ilə VII bölmənin 30-cu bəndinin dördüncü abzasında Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq yerli struktur bölmələri və Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq struktur bölmələri sözləri müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanları sözləri ilə əvəz edilmişdir.

 

[17] 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623) ilə VII bölmənin 31-ci bəndi çıxarılmışdır.

[18] 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623) ilə VII bölmənin 32-ci bəndinin c) abzasında "respublika" sözündən sonra gələn "səviyyəsində " sözü "ərazisində" sözü ilə əvəz edilmişdir.

 

[19] 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623) ilə VII bölmənin 33-cü bəndinin ç) abzası çıxarılmışdır və bu bölmənin 32-ci bəndinin e) abzasından sonraya yeni abzas kimi əlavə edilmişdir.

 

[20] 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623) ilə bölmənin 34-cü bəndinin 1-ci abzasında "və" sözündən sonra gələn "müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanı" sözləri çıxarılmışdır, əvəzinə "Dövlət Tikinti və Arxitektura Komitəsinin yerli struktur bölmələri" sözləri əlavə edilmişdir.

 

[21] 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623) ilə bölmənin 34-cü bədinin a) abzasında "memarlıq və şəhərsalma orqanlarının" sözləri çıxarılmışdır və "Dövlət Tikinti və Arxitektura Komitəsinin" sözləri əlavə edilmişdir.

20 fevral 2006-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 203) ilə VII bölmənin 34-cü bəndinin a) yarımbəndində Dövlət Tikinti və Arxitektura Komitəsinin sözləri memarlıq və şəhərsalma orqanlarının sözləri ilə əvəz edilmişdir.

 

[22] 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 623) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 159 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma Kadastrının yaradılması və tətbiq olunma Metodikasının birinci mərhələdə, 2001-2003-cü illərdə sınaq təcrübəsi keçiriləcək şəhərlərin Siyahısı" yeni redaksiyada təsdiq edilmişdir.

 

[23] 20 fevral 2006-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 203) ilə 159 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət Şəhərsalma Kadastrının yaradılması və tətbiq olunma metodikasının birinci mərhələdə, 2001-2003-cü illərdə sınaq təcrübəsi keçiriləcək şəhərlərin Siyahısının adında 2001-2003- cü sözləri 2006-2007-ci sözləri ilə və Kadastr xidmətinin yaranma müddəti sütununda 2001-ci il2002-ci il sözləri 2006-cı il sözləri ilə, 2003-cü il sözləri isə 2007-ci il sözləri ilə əvəz edilmişdir.