Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 176 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Radioaktiv və kimyəvi çirklənməyə və məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi Qaydaları", "Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası" və "Torpaqların zonalaşdırılmasının ümumi əsasları və prinsipləri" təsdiq edilsin (əlavə olunur).

(Çıxarılıb)[1]

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə


Bakı şəhəri, 1 may 2000-ci il
¹ 79

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə

təsdİq edİlmİşdİr

 

 

Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi

 

QAYDALARI[2]

 

Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi qaydasını müəyyən edir.

1. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış, insanların sağlamlığına təhlükə yarada bilən, habelə məhsul istehsalı üçün sanitar tələblərə cavab verməyən torpaqlar müvafiq yerli icra hakimiyyətlərinin və bələdiyyələrin qərarı ilə təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılaraq, konservasiya olunur və bərpa edilməsi üçün ehtiyat torpaq fonduna keçirilir. Sağlamlaşdırılan torpaq sahələri Əmlak Məsələləri Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Səhiyyə Nazirliyinin və digər əlaqədar təşkilatların mütəxəssislərindən ibarət ekspert qrupunun rəyinə əsasən həmin torpaqları təsərrüfat dövriyyəsindən çıxaran orqanların qərarı ilə əvvəlki istifadəçilərinə qaytarılır və təyinatına uyğun olaraq istifadə edilir.[3]

2. Bütün növ torpaqlarda radioaktiv maddələrin miqdarının çox olması həm təbii mənşəli radioaktiv maddələrlə, həm də texnogen xarakterli mənbələrlə əlaqədardır. Torpaqlarda radioaktivliyin normadan çox olmasına səbəb mənşəcə təbii və süni radioaktiv elementlər ola bilər.

3. Torpaqların kimyəvi maddələrlə çirklənməsinin əsas mənbələri kənd təsərrüfatında bitkilərin mühafizəsində istifadə olunan zəhərli kimyəvi maddələr, eyni zamanda mineral gübrələr, sənaye, məişət və sair xarakterli çirkablı sular və tullantılardır.

4. Radioaktiv və kimyəvi çirklənmə zamanı radionuklidlərin radiasiya təhlükəliliyi, onların yarımparçalanma dövrü, kimyəvi maddənin toksikliyi, torpaqda parçalanma müddəti və s. nəzərə alınmalıdır.

Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaq sahələri çirklənmə dərəcəsi və xarakterinə görə aşağıdakı qruplara bölünür:

a) çirklənmə dərəcəsi mövcud normaların son həddinin 1.0—2.0 misli qədər olan təhlükə ehtimallı sahələr.

Bu sahələrdə canlı orqanizmlərin yaşaması və fəaliyyəti xüsusi sanitar və gigiyenik normativlərlə, həmçinin otlaq sahələrində həmin maddələrin dövranını ev heyvanlarından alınan ət və süd məhsullarının tərkibindəki miqdarı ilə müəyyənləşdirilir. Kənd təsərrüfatı üçün istifadəsi qeyri-mümkün olan torpaq sahələrini xüsusi çəpər və ya göstərici işarələr vasitəsi ilə izolə etmək lazımdır.

b) çirklənmə dərəcəsi mövcud normaların son həddinin 2.0 mislindən çox olan təhlükəli torpaq sahələri.

Bu sahələrdə təmas yalnız xüsusi sanitar-gigiyenik normativlərlə məhdudlaşır. Belə sahələr ətraf mühitdən tamamilə izolə edilməlidir.

5. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və onların bərpası mülkiyyət formasından asılı olmayaraq bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.

6. Radioaktiv və kimyəvi çirklənmiş torpaq sahələrinin müəyyən edilməsi ilkin elmi-texniki ekspertiza nəticələri əsasında Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və öz səlahiyyətləri daxilində digər əlaqədar təşkilatlar tərəfindən həyata keçirilir.[4]

7. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaq sahələrinin çirklənmə dərəcəsi, çirklənmə mənşəyi, tərkibi, əsas torpaq kütləsi ilə əlaqə forması, aqreqat, fiziki-kimyəvi xüsusiyyətləri, dərin qatlara və yer səthinə zərərli təsirin məsafədən asılılıq qanunauyğunluqlarının müəyyən edilməsi xüsusi yüksək ixtisaslı mütəxəssislər tərəfindən elmi tədqiqat işləri nəticəsində həyata keçirilir.

8. Radioaktiv elementlərlə çirklənmiş torpaq sahələrinin çirklənmə dərəcəsi, torpaq qatının çirklənməsi dərinliyindən, torpağın tipi, növü, geomineraloji və ətraf mühitin coğrafi xüsusiyyətlərindən asılı olaraq konservasiya və bərpa işləri aşağıdakı qaydada həyata keçirilir:

a) təhlükə ehtimalı torpaq sahələrində çirklənməyə təbii radioaktiv izotoplar səbəb olduqda, həmin sahələrdə təsərrüfat fəaliyyəti və təmas üçün xüsusi qaydalar müəyyən olunur. Bu sahələrdə radioaktiv maddələrin tərkibi, aqreqat halı, ionlaşdırıcı şüaların mənşəyi və intensivliyi müəyyən edilir. İlk növbədə çirklənmə dərəcəsinin artmasının qarşısının alınması və sonrakı çirklənmənin azalmasına yönəlmiş elmi-texniki işlər aparılır;

b) təhlükəli torpaq sahələrində çirklənmə zonaları mütləq ətraf mühitdən izolə edilməlidir. Çirklənmə mənbəyinin xarakteri, tərkibi və şüa növü tədqiq olunaraq ətraf mühitə təhlükə ehtimalını müvəqqəti azaltmaq üçün işçi planı hazırlanıb yerinə yetirilməlidir. Sonralar isə əsaslı təmizləmə və radioaktiv dezaktivasiya texnologiyası əsasında tədbirlər planı yerinə yetirilməlidir.

9. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalma təhlükəsi gözlənilən sənaye obyektlərində həmin obyektlərin yerləşdiyi və qonşu torpaq sahələrində çirklənmə zonasının hüdudlarından asılı olaraq uzunmüddətli monitorinq müşahidə məntəqələri yaradılmalıdır.

10. İstehsal prosesi zamanı torpaqda radioaktiv və kimyəvi çirklənmə halları müşahidə edildikdə həmin torpaq sahələrində xüsusi cari sağlamlaşdırma tədbirləri həyata keçirilir, bu tədbirlərin tətbiqi müsbət nəticələr vermədikdə istehsal prosesi dayandırılır və torpaq sahələri təsərrüfat dövriyyəsindən çıxarılaraq konservasiya edilir.

11. İstehsal prosesi zamanı fiziki və hüquqi şəxslərin səhlənkarlığı nəticəsində radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi və sağlamlaşdırılması işlərinin dəyəri təqsirkar şəxslər tərəfindən ödənilir.

12. Təbii fəlakət və fövqəladə hallar nəticəsində dövlət mülkiyyətində olan obyektlərdə baş verən qəza və eləcə də digər mənbələrin tullantıları ilə radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması işlərinin dəyəri müəyyən olunmuş qaydada dövlət büdcəsindən ödənilir.

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi

 QAYDASI[5]

 

Bu Qayda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi qaydasını tənzimləyir.

1. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlara ərazilərində sürüşmə, sel, su eroziyası (yarğanəmələgəlmə, torpaq qatının yuyulması), külək eroziyası (deflyasiya; eol) uçqunlar, subasma bataqlıqlaşma, yer çökməsi, abraziya prosesləri gedən, həmçinin palçıq vulkanları təzahür edən sahələr aiddir.

2. Torpaqların ekzogen geoloji proseslərə məruz qalmasının regional qiymətləndirilməsi Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (bundan sonra—Dövlətgeolkom) tərəfindən həyata keçirilir. Dövlətgeolkom aidiyyəti üzrə digər müvafiq elmi və icra strukturları ilə birlikdə Azərbaycan Respublikası ərazisinin mühəndis-geoloji öyrənilməsini, ekzogen geoloji proseslərin və bu proseslərə məruz qalmış sahələrin aşkarlanmasını, proseslərin kompleks tədqiqini, onların mənfi təsirinin qarşısını almağa dair operativ tövsiyələr vermək məqsədi ilə ekzogen geoloji proseslərin monitorinqinin yaradılmasını və aparılmasını təmin edir.

3. Dövlətgeolkom, təhlükəsizlik dərəcəsi nəzərə alınmaqla, ekzogen geoloji proseslərə məruz qalmış və bu proseslərin getdiyi torpaqlarda meliorasiya və bərpa (rekultivasiya) işləri aparılanadək onların istehsal və həyat fəaliyyəti üçün istifadəsinin məhdudlaşdırılması və konservasiya edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyətləri və bələdiyyələr qarşısında vəsatət qaldırır.

4. Yerli icra hakimiyyətləri, bələdiyyələr və torpaq mülkiyyətçiləri onlara məxsus torpaq sahələrində rast gəldikləri ekzogen geoloji proseslər haqqında Dövlətgeolkoma məlumat verirlər. Dövlətgeolkom yoxlanması və gələcəkdə baş vermə təhlükəsi gözlənilən ekzogen geoloji proseslərə qarşı mübarizə tədbirlərinin görülməsi barədə müvafiq təkliflər hazırlayır və onlara təqdim edir.

5. Azərbaycan Respublikası ərazisində ekzogen geoloji proseslərin təhlükəlilik dərəcəsi onların inkişaf etdiyi torpaqların istifadə təyinatından asılı olaraq müəyyənləşdirilir.

6. Sürüşməyə məruz qalmış və aktivlik dərəcəsindən asılı olmayaraq sürüşmə prosesi gedən torpaqlarda relyefin mailliyi 30 dərəcədən yuxarı olduqda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılması (mal-qara otarılmasından başqa) qadağandır. Relyefin mailliyi 20—30 dərəcə arasında olduqda sürüşmə prosesi gedən torpaqlarda mühəndis-texniki işlərin aparılmasına icazə verilmir. Xüsusi hallarda Dövlətgeolkomun və Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə ağır texnika və süni suvarma tətbiq edilmədən kənd təsərrüfatı işləri aparıla bilər. Relyefin mailliyi 20 dərəcədən az olduqda, sürüşmə prosesinin aktivlik dərəcəsindən asılı olaraq, torpaqlardan Dövlətgeolkomun, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti və Arxitektura KomitəsininƏmlak Məsələləri Dövlət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə müvafiq mühəndis müdafiə tədbirləri tətbiq edilməklə yalnız xüsusi əhəmiyyətli mühəndis-texniki işlər aparıla bilər. Belə torpaqlardan kənd təsərrüfatı işlərinin aparılması üçün süni suvarma tətbiq edilmədən Dövlətgeolkomun və Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə istifadə edilə bilər.[6]

7. Sel təhlükəli sahələrdə seldən müdafiə qurğularının tikintisi və xüsusi əhəmiyyətli körpülərin salınması üzrə işlər istisna olmaqla, bütün növ mühəndis-texniki işlərin aparılması qadağandır. Kənd təsərrüfatı işləri xüsusi hallarda Dövlətgeolkomun, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Dövlət Hidrometeorologiya Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparıla bilər.

8. Palçıq vulkanları aktivləşmə dövrünü yaşayan torpaqlarda və onların təsiri altında olan torpaqlarda bütün növ mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılması qadağandır. Sönmüş palçıq vulkanları sahələrində müvəqqəti kənd təsərrüfatı işləri xüsusi hallarda Dövlətgeolkomun, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparıla bilər. [7]

9. Subasma və bataqlıqlaşma gedən torpaqlarda xüsusi təyinatlı mühəndis-texniki işlər Dövlətgeolkomun, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti və Arxitektura Komitəsinin və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparıla bilər. Belə torpaqlarda kənd təsərrüfatı işləri meliorativ tədbirlər həyata keçirməklə Dövlətgeolkomun, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, sanitar nəzarəti orqanlarının razılığı, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparıla bilər. [8]

10. Eroziya, yarğanəmələgəlmə, torpaq qatının yuyulması və yerçökməsi prosesləri gedən torpaqlarda mühəndis-texniki işlər müvafiq mühəndis-mühafizə tədbirləri həyata keçirməklə Dövlətgeolkomun, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti və Arxitektura Komitəsinin və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparıla bilər. Bu proseslər gedən torpaqlarda kənd təsərrüfatı işləri qabaqcadan müəyyənləşdirilmiş suvarma üsulları və suvarma sularının drenajı tədbirlərinin həyata keçirilməsi şərti ilə Dövlətgeolkomun razılığı, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparıla bilər.[9]

11. Deflyasiya və eol prosesləri gedən torpaqlarda mühəndis-texniki işlər Dövlətgeolkomun, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti və Arxitektura Komitəsinin və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə, kənd təsərrüfatı işləri isə Dövlətgeolkomun razılığı, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparılır.[10]

12. Abraziya prosesləri gedən sahil zonalarında mühəndis-texniki işlər və kənd təsərrüfatı işləri Dövlətgeolkomun, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, aidiyyəti olan hallarda isə Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti və Arxitektura Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparılır.[11]

13. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqların istifadəsini şərtləndirən bütün mühəndisi-mühafizə tədbirlərinin layihələri Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlətgeolkomla, irriqasiya, meliorasiya və drenaj tədbirlərinin layihələri isə Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Dövlətgeolkomla razılaşdırılır. [12]

14. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılması bu torpaqların təsir sahəsində yerləşmiş digər torpaq mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarını pozmamalı və onlara maddi ziyan vurmamalıdır.

15. Bu Qaydada adları çəkilən mərkəzi icra hakimiyyəti orqanlarının razılığı olmadan ekzogen geoloji proseslərə məruz qalmış torpaqların hər hansı məqsədlər üçün istifadəsinə yol verilmir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə

təsdİq edİlmİşdİr

 

Torpaqların zonalaşdırılmasının ümumi əsasları və

prİnsİplərİ

Torpaq ərazilərinin zonalaşdırılmasının ümumi əsasları və prinsipləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqların məqsədli təyinatı və hüquqi rejiminə görə istifadə olunmasını nəzərdə tutur.

Zəlzələ, torpaq sürüşməsi, subasma, daşqın, digər təbii və texnogen fəaliyyətlərinin nəticələrini nəzərə alaraq sənaye, yaşayış, mədəni-məişət, nəqliyyat yolları və qovşaqların, yaşıllıq və digər obyektlərin tikintisi altına torpaq sahələrinin seçilməsi, bütün növ torpaq zonalarından istifadənin norma və qaydalarına riayət edilməsini tənzimləyir.

Ərazilərin zonalaşdırılması təbiətdən səmərəli istifadə edilməsi, tarixi-mədəni irsin və ətraf mühitin mühafizəsi, əhalinin məskunlaşması, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi prinsiplərinə əsasən iki səviyyədə aparılır:

Azərbaycan Respublikasının bütün ərazisinin zonalaşdırılması;

şəhər və digər yaşayış məntəqələri ərazilərinin zonalaşdırılması.

I. Azərbaycan Respublİkasının bütün ərazİsİ AŞAĞIDAKI zonalardan İbarətdİr:

1.1. Respublikanın regional qruplar sistemləri daxilində mövcud şəhər, digər yaşayış məntəqələri və onların perspektiv inkişafı üçün nəzərdə tutulan ehtiyat torpaq zonaları;

1.2. Regional qruplar sistemləri daxilindən kənar yeni salınacaq şəhər və digər yaşayış məntəqələri üçün nəzərdə tutulan ehtiyat torpaq zonaları;

1.3. Arxeoloji, memarlıq abidələri və onların qalıqları müəyyən olunmuş zonalar;

1.4. Kənd təsərrüfatına yararlı torpaqlar, yaylaq və qışlaq zonaları;

1.5. Yer səthində və yerin təkində yerləşən (perspektiv geoloji axtarış sahələri də daxil olmaqla) mineral ehtiyatlar zonaları;

1.6. Yaşayış məntəqələrindən kənar hərbi şəhərciklər və poliqonlar zonası;

1.7. Perspektiv nəqliyyat koridorları və qovşaqları da daxil olmaqla ölkələrarası, ölkədaxili, şəhərlərarası tranzit dəmir yolları, avtomobil yolları və qovşaqları, hava nəqliyyatlarının yerüstü qovşaqları və onların mühafizə zonaları;

1.8. Ölkələrarası, ölkədaxili, şəhərlərarası neft, qaz, elektrik, rabitə kəmər və xətlərinin mühafizə zolaqları ilə birlikdə zonaları;

1.9. Meşə fondu zonaları;

1.10. Xəzər dənizinin (gölünün) qalxması və enməsi ilə əlaqədar subasma zonaları;

1.11. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (zonası);

1.12. Çay, açıq su hövzələri, kanallar və kollektorlar zonası;

1.13. Dağ çaylarının daşqınından mühafizə zonaları;

1.14. Təbii və texnogen xarakterli fövqəladə halların təsiri ilə su anbarlarının susaxlama qabiliyyətinin itirilməsi nəticəsində subasma izometriya xətləri arasında su altında qala biləcək zonalar;

1.15. [13] Turizm və rekreasiya zonaları;

1.16. Təbii qoruq zonaları;

1.17. Dağ zonaları;

1.18. Radioaktiv və kimyəvi tullantıların basdırılma zonaları;

1.19. Xüsusi neft-qazçıxarma-antropogen zonalar;

2. Bu zonaların ümumi əsasları və prinsipləri ayrı-ayrılıqda aşağıdakı kimi açıqlanır:

2.1. Respublikanın regional qruplar sistemləri daxilində mövcud şəhər, digər yaşayış məntəqələri və onların perspektiv inkişafı üçün nəzərdə tutulan ehtiyat torpaq zonaları

Tarixi məskunlaşma və əhalinin daxili təbii miqrasiyaya cəlb olunması əsasında Azərbaycan Respublikasının mövcud yaşayış məntəqələri və onların perspektiv inkişaf sahələrinin Bakı-Sumqayıt, Quba-Xaçmaz, Şamaxı-İsmayıllı, Mingəçevir-Yevlax, Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara, Ağdam-Xankəndi-Laçın, Gəncə-Qazax, Göyçay-Ağdaş, Naxçıvan-Ordubad təbii məskunlaşma regionlarında birləşməsi tələb olunur.[14]

Respublika daxilində ayrılmış 11 regional qrup bütün yaşayış məntəqələrini əhatə edib, hər biri ayrı-ayrılıqda özünün cazibə zonasında yerləşən 4-5 inzibati rayonların yaşayış məntəqələrini birləşdirərək daxili nəqliyyat strukturu ilə mərkəz şəhərində yerləşdirilmiş bütün regionun əhalisinin sayına hesablanmış sənaye, mədəni-məişət, təhsil, səhiyyə və digər obyektlərin fəaliyyətini təmin edir.

Burada məqsəd Bakı-Sumqayıt regionunda hipertrofik inkişafın və işçi qüvvələrinin Abşeron istiqamətində miqrasiyasının qarşısının alınması, respublika ərazisində torpaqlardan maksimum səmərəli istifadə olunması və qorunmasının təminatını, əhalinin yaşayış səviyyəsinin, iqtisadiyyatın, sənaye və kənd təsərrüfatı komplekslərinin inkişaf tempinin qısa müddətdə yüksəldilməsini, xidmət obyektlərinin və mədəni-maarif müəssisələrinin əhaliyə maksimum yaxınlaşdırılmasını, respublika paytaxtından uzaqda formalaşmış yaşayış məntəqələrinin, xüsusilə sərhədyanı zonaların, habelə Naxçıvan Muxtar Respublikasının qısa müddətdə inkişafını təmin etməkdir.

Şəhər, qəsəbə, kənd yaşayış məntəqələrinin, müvəqqəti geoloji ekspedisiyaların, turizm bazaları, çoban yataqlarının (yaylaqda və qışlaqda), arıçılıq düşərgələrinin, nəqliyyat dayanacaqlarının və onların gələcək inkişaf sahələrinin formalaşması prinsiplərini, habelə bir-birinə yaxın yerləşmiş və gələcəkdə formalaşan aqlomerasiyaların qarşısını ala biləcək yaşayış məntəqələrinin qarşılıqlı inkişaf istiqamətləri respublika və regionlar miqyasında hazırlanan müvafiq planlaşdırılma layihələri ilə müəyyənləşdirilir.

2.2. Regional qruplar sistemləri daxilindən kənar yeni salınacaq şəhər və digər kənar yaşayış məntəqələri üçün nəzərdə tutulan ehtiyat torpaq zonaları

Buraya Azərbaycan Respublikasının perspektiv iqtisadi inkişafını təmin etmək məqsədi ilə sənaye, kənd təsərrüfatı və digər obyektlərin və həmin obyektləri işçi qüvvəsi ilə təmin edəcək yaşayış məntəqələrinin salınması üçün nəzərdə tutulan torpaq sahələri aiddir.

2.3. Arxeoloji, memarlıq abidələri və onların qalıqları müəyyən olunmuş zonalar

Dövlət tərəfindən müvafiq qaydada müəyyənləşdirilmiş tarixi-mədəni, memarlıq abidələrinin yerləşdiyi ərazilər və onların qoruq zonalarında xüsusi arxitektura-arxeoloji axtarış qrupunun fəaliyyəti istisna olmaqla, insan fəaliyyətinin qalan bütün növləri məhdudlaşdırılmalı, aşkar olunmuş arxeoloji, memarlıq abidələri və onların qalıqlarından aralı məsafədə həmin qoruq zonalarının sərhədləri müvafiq qaydada müəyyənləşdirilməlidir.

2.4. Kənd təsərrüfatına yararlı torpaqlar, yaylaq və qışlaq zonaları

Əkilən və əkinə yararlı zonalar hal-hazırda əkin üçün istifadə olunan və gələcəkdə əkiləcək yararlı torpaq əraziləridir.

Yaylaq və qışlaq zonalarını kənd təsərrüfatında (heyvandarlıqda) istifadə olunan ərazilər və tikililər təşkil edir.

Kənd təsərrüfatına tam yararsız zonaları bataqlıqlar, şoran torpaqlar, sürüşməyə məruz qalmış və s. ərazilər təşkil edir.

2.5. Yer səthində və yerin təkində yerləşən (perspektiv geoloji axtarış sahələri də daxil olmaqla) mineral ehtiyatlar zonaları

Bu zonaların ərazisindəki sərvətlərin istehsal üsulundan asılı olaraq yaşayış obyektləri, laboratoriya, texnika üçün açıq və örtülü sığınacaqlar, anbar binaları və s. qurğular müvafiq təhlükəsizlik normalarına əməl olunmaqla yerləşdirilməlidir. Partlayış metodundan istifadə olunduqda, filiz və ya başqa maddələrin çıxarılması nəticəsində sürüşmə, dağ ətəyinin uçurulması, çökmə proseslərinin baş verə biləcəyi gözlənilərsə, bunların təsir zonasında yerləşən yaşayış məntəqələrinə və su anbarlarına edilə biləcək təsir nəzərə alınmalı, möhkəmləndirmə işlərinin görülməsi və ya yaşayış məntəqələrinin köçürülməsi nəzərdə tutulmalıdır.

2.6. Yaşayış məntəqələrindən kənar hərbi şəhərciklər və poliqonlar zonası

Bu zonaya kənardan gələnlər üçün qadağan məsafələri müəyyən olunmaqla, keçid-buraxılış məntəqələri yaradılmalıdır. Poliqon zonalarında məşq, mərmi və atıcı silahların uçuş dairələri müəyyənləşdirilərkən sərhəd məsafələrinin təhlükəsizliyi nəzərə alınmalıdır. Bu zonaların ərazisinin yaşayış məntəqəsinin salınması, heyvandarlıq və əkinçilik məqsədləri üçün istifadə edilməsi zamanı təhlükəsizliyi təmin edən qaydalara riayət olunmalıdır.

2.7. Perspektiv nəqliyyat koridorları və qovşaqları da daxil olmaqla ölkələrarası, ölkədaxili, şəhərlərarası tranzit dəmir yolları, avtomobil yolları və qovşaqları, hava nəqliyyatının yerüstü qovşaqları və onların mühafizə zonaları

Perspektiv nəqliyyat koridorları və qovşaqları da daxil olmaqla ölkələrarası, ölkədaxili, şəhərlərarası, tranzit dəmir yolları, avtomobil yolları və qovşaqları, hava nəqliyyatının yerüstü terminalları, dəhlizləri və onların mühafizə qovşaqları zonaları şəhər və digər yaşayış məntəqələrindən müvafiq normalarla müəyyən olunmuş məsafədə yerləşdirilməli, onların ərazisini kəsib keçməməlidir.

Bu yollar yaşayış məntəqələrinin daxilindən keçirsə, yenidənqurma və şəhərsalma layihələrində onların yaşayış məntəqələrindən kənara çıxarılması və normativlərə əsasən müvafiq mühafizə zolaqları nəzərə alınmalıdır.

Təyyarə meydançaları, uçuş və eniş zolaqları, istiqamətli hava dəhlizlərinin yaşayış məntəqələrindən müvafiq normativlərə əsasən aralı yerləşdirilməsi təmin olunmalıdır.

2.8. Ölkələrarası, ölkədaxili, şəhərlərarası neft, qaz, elektrik, rabitə kəmər və xətlərinin mühafizə zolaqları ilə birlikdə zonaları

Ölkələrarası, ölkədaxili, şəhərlərarası neft, qaz kəmərləri və elektrik xətlərinin mühafizə zolaqları zonaları bu xətlər və kəmərlər boyu hər iki tərəfə müvafiq texniki normativlər nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

2.9. Meşə fondu zonaları

Azərbaycanda yerləşən bütün tip dağ, dağətəyi, dəniz sahili meşələr və Kür çayı vadisi boyunca Tuqay meşələrinin torpaqları respublika meşə fondu zonasını təşkil edir. Turizmə və rekreasiyaya yararlı olan bu zonalar ətrafda yerləşən yaşayış məntəqələrinin əhalisi üçün turizm və rekreasiya zonası kimi də istifadə edilə bilər.[15]

2.10. Xəzər dənizinin (gölünün) qalxması və enməsi ilə əlaqədar subasma zonaları

Xəzərin su səviyyəsinin dəyişməsi səbəblərinin elmi əsası dəqiq müəyyən olunmadığından onun dəyişməsi həddi də dəqiq müəyyən edilməmişdir. Bu səbəbdən səviyyənin tərəddüdünün son 100 il ərzində maksimum həddini müəyyən edərək, həmin subasma horizontı zonasına böyük kapital qoyuluşu tələb edən yaşayış, ictimai, sənaye obyektlərinin tikilməsi qadağan edilməlidir. Əgər belə qurğuların tikilməsi vacibdirsə, yaxud dənizlə əlaqədardırsa, onların tikintisində müəyyən olunmuş subasma izometriya xəttinin maksimum subasma hündürlüyü nəzərə alınmalıdır.

2.11. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (zonası)

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (zonası) aşağıdakı unikal funksiyaların yerinə yetirilməsinə zəmin yaradır:

a) eyni zamanda bir neçə xarici ölkələrlə sərhəd zonasını təşkil edərək, onlarla su nəqliyyatı əlaqələrinə;

b) Volqa çayı vasitəsi ilə ümumdünya su dəhlizləri—okeanları ilə gəmiçilik nəqliyyatı əlaqələrinə;

c) respublika paytaxtının, Abşeron regionunun və eləcə də bütün Xəzərsahili zonaların Mingəçevir gölünədək, Kür çayı vasitəsilə dənizlə su nəqliyyatı əlaqələrinin yaradılması ilə bərabər, Kürboyu Tuqay meşə zonalarının turizm və rekreasiya zonaları kimi istifadə olunmasına;[16]

ç) balıqçılıq təsərrüfatı və sənayesinin inkişaf etdirilməsinə;

d) dəniz dibindən neft və qaz yataqlarının istismarına.

2.12. Çay, açıq su hövzələri, kanallar və kollektorlar zonası

Bu zonalara çaylar, kanallar, kollektorlar, təbii və süni göllər, habelə digər daimi axını olan və qurumayan yerüstü suaxarları və sututarları daxildir. Bu zonadan suvarma məqsədləri , habelə turizm və rekreasiya üçün istifadə olunması və mühafizə zonasından istifadə rejimi müvafiq normativ hüquqi aktlarla tənzimlənir.[17]

2.13. Dağ çaylarının daşqınından mühafizə zonaları

Dağ çaylarının daşqınından mühafizə zonalarında yerləşən yaşayış məntəqələrinin inkişaf etdirilməsi, binaların və qurğuların, sənaye obyektlərinin və digər əsaslı tikintilərin yerləşdirilməsi qadağan edilməlidir. Əsaslandırılmış hallarda bu ərazilərdə birillik kənd təsərrüfatı məhsullarının əkin sahəsi üçün istifadə oluna bilər.

2.14. Təbii və texnogen xarakterli fövqəladə halların təsiri ilə su anbarlarının susaxlama qabiliyyətinin itirilməsi nəticəsində subasma izometriya xətləri arasında su altında qala biləcək zonalar

Su anbarlarının fəlakət nəticəsində susaxlama qabiliyyətinin itirilməsi hallarında nəzərdə tutulan subasma izometriya horizont xətləri arasında su altında qala bilmə ehtimalı olan zonaların az kapital qoyuluşlu qeyri-yaşayış məqsədləri üçün istifadə olunması (heyvandarlıq, əkinçilik və s.) mümkündür. Bu zonalarda böyük kapital qoyuluşlu əsaslı tikinti və mühəndis avadanlıqları qurularkən baş verə biləcək fəlakətin nəticələri nəzərə alınmalıdır.

[18] 2.15. Turizm və rekreasiya zonaları;

Abşeron yarımadasında şimala və cənuba, Xəzər dənizi sahillərində, Araz çayı sahillərində, Naxçıvan Muxtar Respublikası ərazisində, Araz su qovşağı sahillərində, Qubadlı, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl, Şəki-Zaqatala, Şamaxı-Pirqulu, İsmayıllı, Masallı-Yardımlı, Lənkəran-Lerik zonalarında, Şahdağ və Murovdağ zirvələri və dağətəyi sahələri, habelə qanunvericiliyə uyğun olaraq ayrılmış digər sahələri əhatə edən turizm və rekreasiya zonalarının ərazilərində idman, turizm, alpinizm, qısa və uzunmüddətli, aktiv və passiv istirahət ocaqları, müvafiq miqyaslı mehmanxana, kempinqlər, istirahət məqsədləri üçün çadır şəhərcikləri yaradıla və fəaliyyət göstərə bilər.

Bu zonalarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada turizm infrastrukturu yaradıla və inkişaf etdirilə bilər.

Müalicə müəssisələri, sanatoriya və istirahət evlərinin bu zonalarda yerləşdirilməsi onlarda kurort fəaliyyətinin yaradılmasına gətirib çıxarır.

 

2.16. Təbii qoruq zonaları

Dövlət tərəfindən təsdiq olunmuş təbii qoruq zonalarının (Zaqatala, İlisu, İsmayıllı, Pirqulu, Qızılağac, Hirkan, Göygöl, Turyançay, Ağgöl, Altıağac, Bəsitçay, Qaragöl, Qarayazı və Şirvan) təyinatı, ümumi əsasları və prinsipləri flora və faunanın qorunmasını təmin edir. Bu zonada flora və faunanın qorunub saxlanılması məqsədi ilə kiçik həcmli müvafiq tikililər və qurğular inşa edilə bilər.

2.17. Dağ zonaları

Bu zonalara aid edilən Baş Qafqaz sıra dağlarından, Şahdağ, Qarabağ, Murovdağ, Bozdağ silsilələrindən, Samur silsiləsinin bir hissəsindən, Dərələyəz və Zəngəzur silsilələrinin bir hissəsindən heyvandarlıq və arıçılıq təsərrüfatları üçün, habelə alpinizm idman, turizm və rekreasiya zonaları kimi istifadə etmək məqsədi ilə dağ kəndlərinin yaşayış məntəqəsi kimi fəaliyyəti bərpa oluna bilər.[19]

2.18. Radioaktiv və kimyəvi tullantıların basdırılma zonaları

Bu zonalar xüsusi sanitar normalarına müvafiq şəhər və digər yaşayış məntəqələrindən aralı yerləşdirilməlidir.

Belə zonalar ətrafında aidiyyəti normativlərə əsasən bütün parametr boyu mühafizə məsafəsində hər bir insan və təsərrüfat fəaliyyəti qadağan olunmalıdır. Bu zonada atmosfer çöküntülərindən törənmiş su axımının istifadə olunan su hövzələrinə yönəldilməsi yolverilməzdir. Eləcə də, bu zonada mövcud içməli su mənbələrindən istifadə etməklə sanitar-ekoloji mühafizə zonaları müəyyən olunmalı, dağ-mədən və digər işlərin aparılması müvafiq təşkilatlarla razılaşdırılmalıdır.

2.19. Xüsusi neft-qazçıxarma-antropogen zonaları

Bu zonalar Azərbaycan Respublikasında mövcud olan aşağıdakı 4 növ neft-qazçıxarma zonalarını xarakterizə edir:

hal-hazırda istismarda olan zonalar;

qismən istifadədə olan və rekultivasiya tələb edən boşalmış zonalar;

istismarı sona yetmiş zonalar;

dəniz təkindən neft-qazçıxarma zonaları.

Rekultivasiyası tələb olunan zonalarda bu torpaqların istifadəsi (yaşayış, yaşıllıq, nəqliyyat dəhlizi, kənd təsərrüfatı və s. məqsədlər üçün) üzrə bərpa və tikinti-quraşdırma işlərinin eyni vaxtda aparılması əsaslarına və prinsiplərinə üstünlük verilir.

3. Şəhər və digər yaşayış məntəqələri əraziləri aşağıdakı zonalardan ibarətdir:

3.1. yaşayış zonaları;

3.2. ümumşəhər ictimai mərkəz zonası;

3.3. sənaye zonaları;

3.4. mühəndis, şəhərdaxili və şəhərdənkənar nəqliyyat infrastrukturu zonası;

3.5. ümumşəhər istirahət zonası;

3.6. akademiya şəhərciyi, elmi tədqiqat mərkəzləri, konstruktor büroları və eksperimental bazalar zonası;

3.7. tələbə şəhərcikləri, ali və orta təhsil ocaqları zonası;

3.8. kommunal-anbar zonaları;

3.9. ixtisaslaşdırılmış taxıl, tərəvəz və qida anbarları zonaları;

3.10. botanika bağı və dendroloji park zonaları;

3.11. xüsusi təyinatlı zonalar;

3.12. sanitar qoruq zonaları;

3.13. şəhərətrafı zonalar;

3.14. ümumşəhər idman meydançaları, olimpiya şəhərciyi və digər idman obyektlərinin yerləşdiyi zonalar;

3.15. dini təmsil edən obyektlərin yerləşdiyi zonalar;

4. Bu zonaların ümumi əsasları və prinsipləri ayrı-ayrılıqda aşağıdakı kimi şərh edilir:

4.1. Yaşayış zonaları

Bu zonalarda yerləşdirilməsi vacib olan obyektlər aşağıdakılardır:

Bütün növ yaşayış binaları, ictimai bina və mədəni-məişət obyektləri, bağlar, bulvar və bağçalar, digər yaşıllıqlar və zonaya məxsus küçə və meydanlar, metro stansiyaları.

Bu zonada aşağıdakı obyektlərin yerləşdirilməsi qanunauyğundur:

ümumşəhər əhəmiyyətli inzibati və təsərrüfat obyektləri, təhsil ocaqları, elmi tədqiqat institutları, minik avtomobilləri üçün qaraj və dayanacaqlar, ətraf mühitə zərərsiz olan V qrup sənaye obyektləri.

Aşağıdakı obyektlərin bu zonada yerləşdirilməsi qadağandır:

I—IV qrup sənaye obyektləri, dəmir yolu qanadları, iri həcmli qarajlar və ekoloji çirkləndirməyə qadir obyektlər.

Yaşayış zonalarının ərazi planlaşdırılması aparılarkən torpaq sahələrinin təbii və sanitariya xüsusiyyətləri nəzərə alınmalıdır. Bu baxımdan ərazi tikintiyə yararlı, tikintiyə az yararlı və yararsız torpaq sahələrinə bölünür.

a) Tikintiyə yararlı torpaq sahələri

Yer təkinin geoloji quruluşu, seysmoloji vəziyyəti tədqiqatlar və uzunmüddətli proqnozlaşdırmalar əsasında müəyyənləşdirməklə 100 ildə bir dəfə (1% təminatla) 4-5 bal gücündə baş verən yeraltı təkanlar nəticəsində yer qabığının çatlaması baş verən, vulkan və karstlar gözlənilməyən, bataqlıq olmayan, torpaq sürüşməsi, dağ uçurumu və qar sürüşmələrinə tamamilə məruz qalmayan, su hövzələrinin təsirindən uzaq olan, dərinliyi 3 metrədək, kənarları mailli, genişlənmə prosesinə məruz qalmayan yarğan və dərəli, 100 ildə bir dəfə subasmaya məruz qalan, mailliyi 0,5%-dən 10%-ə qədər və torpağa buraxıla bilən gərginliyi ən azı 1,5 kq/kv.sm. olan, habelə təzyiqsiz qrunt suları torpaq səthindən 3 metr dərinlikdə yerləşən, qrunt sularından qorunmaq üçün izolyasiya tələb olunmayan sahələr yaşayış zonalarının tikintiləri üçün yararlı hesab olunur.

b) Tikintiyə az yararlı torpaq sahələri

100 ildə bir dəfə (1% təminatla) 5—7 bal və 25 ildə bir dəfə (4% təminatla) 4—5 bal gücündə baş verən yeraltı təkanlar nəticəsində yer qabığının çatlaması baş verən, karst və vulkanlar proqnozlaşdırılmayan, bataqlıq sahələrinin qurudulması üçün xüsusi tədbirlər görülməsinə böyük vəsait tələb olunan, dağ uçurumu torpaq və qar sürüşməsindən qorunmaq üçün təbii və süni mühafizə qurğularının yaradılması iqtisadi cəhətdən əlverişli olmayan, su hövzələrinə yaxın bir sıra yerlərdə sahillərin yuyulması və aşılanması baş verən, kiçik sahələrdə dərinliyi 10 metrə qədər olan yarğan və ya dərələr əmələgəlməsi prosesi az miqdarda olan, yamaclarının bərkidilməsi tələb olunan, sönmüş vulkan və karstların az miqdarda olduğu, palçıq püskürməsinin təkrarı gözlənilən, 25 ildən 100 ilədək olan müddətdə subasmaya məruz qalan, mailliyi 0,5%-dən az və 10%—20%-ə qədər (dağ rayonlarında 30%-ə qədər) və torpağa buraxıla bilən gərginliyi 1,0—1,5 kq/kv.sm. olan, qrunt sularının səviyyəsi torpaq səthindən 1—3 m. dərinlikdə yerləşən, qrunt suları səviyyəsinin aşağı salınması vacib olan və mürəkkəb hidroizolyasiya tələb edən sahələr tikinti üçün az yararlı sahələr hesab olunur.

Bu sahələrdə əlavə xərclər tələb edən müvafiq tədbirlər nəzərə alınmaqla tikinti işləri aparıla bilər.

c) Tikintiyə tam yararsız torpaq sahələri

100 ildə bir dəfə (1% təminatla) 7 bal gücündən çox və 25 ildə bir dəfə 4—5 bal gücündə baş verən yeraltı təkanların gözlənilməsi, yer qabığının çatlaması, karst və vulkanların fəaliyyət hallarının birinin gözlənilməsinin proqnozlaşdırılması mümkün olan, çox miqdarda aktiv karstları, yeraltı boşluqları olan, hədsiz miqdarda bataqlaşmaya məruz qalan və qurudulmasına böyük vəsait tələb olunan, aktiv torpaq sürüşməsi, dağ uçurumu və qar sürüşmələrinin təsir zonalarında yerləşən, dərinliyi 10 metrdən çox, yamacları kəskin mailli sıldırım, intensiv yarğan və dərə əmələgəlmə prosesinə və sürüşməyə məruz qalan, çoxlu miqdarda yamaclarının bərkidilməyə ehtiyacı olan, 25 ildə bir dəfə subasmaya məruz qalan, su hövzələrindən aşağı səviyyədə yerləşən, mailliyi 20%-dən çox olan, axan və makroməsaməli olan, qrunt suları torpaq səthindən 1 metrə qədər dərinlikdə yerləşən torpaq sahələri tikintiyə tam yararsız hesab olunur.

4.2. Ümumşəhər ictimai mərkəz zonası

Burada inzibati-təsərrüfat obyektləri, mehmanxanalar, parklar, bulvar, bağ və bağçalar, iri həcmli avtomobil dayanacaqları, həmin zonanı təmin edən küçə və meydançalar yerləşdirilir. Bu zonalarda həmçinin ayrı-ayrı yaşayış binalarının, yerli mədəni-məişət müəssisələrinin (yaşayış zonası varsa), minik maşınları üçün qarajların, iri idman meydança və qurğularının yerləşdirilməsinə icazə verilir.

4.3. Sənaye zonaları

Sənaye zonaları şəhər və digər yaşayış məntəqələrinin işçi sahəsi olmaqla yaşayış zonalarından kənarda yerləşdirilir. Sənaye və yaşayış zonaları arasında yerləşən sanitar-mühafizə zonasının eni sənayenin ekoloji təmizliyindən, onun atmosferi çirkləndirmə dərəcəsindən, küləyin istiqaməti və gücündən asılı olaraq müəyyənləşdirilir.

Bu zonada sənaye obyektləri və yalnız sənayenin fəaliyyətini təmin edən qeyri-yaşayış obyektləri, o cümlədən dəmir yolu qanadları, avtomobil yolları və meydançaları, digər nəqliyyat obyektləri, sənaye zonasına aid olan mədəni-məişət obyektləri, işçilərin dincəlməsi üçün yaşıllıq zonaları, habelə sanitar yaşıllıq-mühafizə zonaları yerləşdirilə bilər. Burada sənaye prosesinə birbaşa aidiyyəti olmayan anbarların kommunal və nəqliyyat qurğularının yerləşdirilməsinə müstəsna hallarda icazə verilə bilər.

Sənaye zonası ərazisi sənaye obyektlərinin həcm-fəza həlli ilə yanaşı, torpaq sahələrinin təbii və sanitariya cəhətləri nəzərə alınmaqla planlaşdırılır.

Bu baxımdan ərazi yararlı, az yararlı, tam yararsız torpaq sahələrinə bölünür.

a) Tikintiyə yararlı torpaq sahələri—nisbətən düzənlik və mailliyi 0,3%-dən 5%-dək olan, qruntu birtərkibli geoloji quruluşlu, torpağa buraxıla bilən gərginliyi 1,5 kq./kv.sm.-dən az olmayan, bina və qurğuların özüllərinin gücləndirilməsinə ehtiyac olmayan, təzyiqsiz horizont

su qatları yer səthindən 7 metr dərinlikdə olan, təzyiqli horizont su qatları 15 metrdən artıq dərində olan, torpaq sahələrinin az vəsait tələb edən sadə metodla qurudulması mümkün olan, bataqlığın, yarğanların, sürüşmələrin, karstların, subasma və aşılanmanın tam olmaması təminatı olan torpaqlar sənaye obyektlərinin tikintisi üçün yaralı hesab olunur.

b) Tikintiyə az yararlı torpaq sahələri—təpə və çökəkliyi olan, mailliyi 8%-dən artıq, 0,3%-dən aşağı olan, qruntunun birtərkibli geoloji quruluşu pozulan, torpağa buraxıla bilən gərginliyi 1,0—1,5 kq/kv.sm. olan, təzyiqsiz horizont su qatları 7 metrdən 3 metrədək dərinlikdə olan, təzyiqli horizont su qatları 15 metrdən 10 metrədək olan, torpaq suları səviyyəsinin aşağı salınmasına və özüllərin hidroizolyasiyasına ehtiyac olan, cüzi bataqlıq əmələgəlmə prosesinə məruz qalan, dərinliyi 3 metrədək və divarları bərkimiş yarğanları olan, sürüşməyə məruz qalan və sadə mühəndis qurğuları ilə bunların qarşısının alınması mümkün olan, subasması və aşılanması təsadüf edilən zolağının eni 10 metrdən az olan, köhnə karstları kiçik sahəni əhatə edən və az vəsait tələb edən sadə mühəndis qurğuları ilə bunun qarşısının alınması mümkün olan torpaqlar sənaye obyektlərinin tikintisi üçün az yararlı hesab olunur.

Bu sahələrdə əlavə xərclər tələb edən müvafiq tədbirlər nəzərə alınmaqla, tikinti işləri aparıla bilər.

c) Tikintiyə tam yararsız torpaq sahələri—çoxlu təpəliyi olan, ümumi mailliyi 5%-dən artıq və ya tamamilə mailliyi olmayan, qruntu çoxtərkibli geoloji quruluşa malik olan, torpağa buraxıla bilən gərginliyi 1,0 kq/kv.sm.-dən az olan, təzyiqsiz horizont su qatları 3 metrdən və təzyiqli horizont su qatları 10 metrdən az olan, qrunt sularından bataqlıq əmələ gələn, aktiv sürüşməyə məruz qalan, dərinliyi 3 metrə qədər olan divarları bərkimiş və doldurulması mümkün olmayan yarğanlar olan, subasması və aşılanması təsadüf olan zolağın eni 10 metrdən artıq olan və çoxlu miqdarda aktiv karstlar olan torpaq sahələri tikintiyə tam yararsız hesab olunur.

4.4. Mühəndis, şəhərdaxili və şəhərdənkənar nəqliyyat infrastrukturu zonası

Burada yaşayış zonası daxilində əsasən şəhərdənkənar istiqamətdə hərəkət edən nəqliyyat vasitələri və nəqliyyatla əlaqədar obyektlər yerləşdirilir. Bu obyektlərin şəhər daxilində yerləşdirilmə prinsipləri şəhərin daxili nəqliyyat əlaqələrinin təmin olunmasına xidmət edir.

Yaşayış zonası daxilində yerləşən dəmiryolu paylaşdırıcı stansiyaları, sərnişin stansiyaları, yük və konteyner meydançaları və avtomobil nəqliyyatının yük meydançası və anbarları bu zonadan kənara köçürülməlidir. Bu zonaya, eləcə də metro xəttinin yerüstü stansiya və xətləri, onların qarşısındakı meydançalar, şəhərdaxili magistral və başqa kateqoriyalı avtomobil, tramvay, monorels, funikulyor yolları, meydançalar və yolların kəsişmə düyünləri, mühəndis qurğuları, yeraltı keçid və yolları, şəhərətrafı avtobus və dəmiryolu stansiyaları, radio-televiziya ötürücü stansiyaları, tramvay, trolleybus, avtobus, yerüstü metro vaqonları, habelə taksi və yük maşınları parkları, elektrik transformator stansiyaları, məişət istilik qazanxanaları, taksi və minik maşınları qarajları, həmçinin təminat qurğuları daxildir.

4.5. Ümumşəhər istirahət zonası

Buraya parklar, bulvarlar, bağlar, bağçalar, yaşıllıq zolaqları (nəqliyyat yolları boyu bircərgəli yaşıllıq zolaqları istisna edilməklə) daxildir. Kiçik memarlıq formaları, su, dondurma, qəzet köşkləri, skamyalar, kölgə örtükləri, yelləncəklər, uşaq avtomobil meydançaları da bu zonaya aiddir.

4.6. Akademiya şəhərciyi, elmi tədqiqat mərkəzləri, konstruktor büroları və eksperimental bazalar zonası

Bu zonada yerləşdirilən obyektlər yalnız elmi tədqiqat axtarışlarının aparılması, elmi kadrların hazırlanması və təkmilləşdirilməsi proseslərinin həyata keçirilməsi məqsədini güdür. Akademiya şəhərcikləri şəhərdən kənar xüsusi təminatlı zonalarda, yaxud buna münasib iri şəhərlərin peyk-şəhərlərində yerləşdirilə bilər. Şəhər daxilində akademiya şəhərciyi, daxili sıx əlaqəli elmi tədqiqat, kitabxana, nəşriyyat, mühəndis-texniki və məişət infrastrukturu, yaşıllıq və daxili yollar avtonom və vahid plan strukturuna istinadən yerləşdirilir. Böyük həcmli neft-qaz, yanğına həssas, partlayıcı, zəhərləyici, atmosferi çirkləndirici, böyük qurğulara tələbatı olan, yüksək gərginlikli elektrik enerjisi tələb edən, radiasiya amilləri olan, yüksək desibellik səsə malik olan obyektlər bu zonada yerləşdirilə bilməz. Belə obyektlər yaşayış zonalarından müvafiq norma və qaydaların tələblərinə uyğun yerləşdirilməlidir. Bu obyektlərin bir çoxu aparılan elmi tədqiqat işlərinə müvafiq sənaye zonalarında, yaxud onların yaxınlığında yerləşdirilməlidir.

4.7. Tələbə şəhərcikləri, ali və orta təhsil ocaqları zonası

Buraya universitetlər, litseylər, sənət-peşə məktəbləri, institutlar daxildir. Tələbə şəhərcikləri şəhərdən kənar xüsusi təminatlı zonalarda, yaxud iri şəhərlərin peyk-şəhərlərində yerləşdirilə bilər. Belə halda bu zonanın yüksək daşıyıcı gücünə malik olan sərnişin nəqliyyatı ilə təminatı vacibdir. Şəhərciyin yataqxanası öz kompleksində yerləşdirilməlidir. Bu zona bütün növ elmi tədqiqat, kitabxana, texniki və mədəni-məişət strukturu, idman kompleksi, yaşıllıq və istirahət zonası, habelə piyada yolları və s. ilə təmin olunmalıdır.

İri şəhər daxilində yerləşdirilmiş təhsil obyektləri müvafiq norma və qaydalara uyğun yerləşdirilməli və özünün giriş meydançası, həyətyanı və infrastruktur sahəsi ilə təmin olunmalıdır.

Ayrı-ayrı peşə məktəbləri müvafiq buraxılış-hazırlıq sənət profillərinə uyğun sənaye obyektlərinin yaxınlığında yerləşdirilə bilər.

4.8. Kommunal-anbar zonaları

Özünün tələb olunan torpaq sahəsinin miqdarı baxımından bu zonalar iri və nəhəng şəhərlərin yaşayış və sənaye zonalarından sonra üçüncü yeri tutur və xüsusi mühəndis avadanlığı, dəmir yolu qanadı tələb edir. Bununla əlaqədar bu zonanın altındakı torpaq sahələrinin seçilməsinə xüsusi tələbat mövcuddur. Bu zonanın torpaq sahələrinin qiymətləndirilməsinin (seçilməsinin) əsasları və prinsipləri aşağıdakı kimi açıqlanır:

a) kommunal-anbar binalarının tikintisi üçün yararlı torpaq sahələri—relyefi nisbətən düz, mailliyi 0,3—5% olan, adi tipli bina və qurğu özüllərinin qoyulmasına yararlı olan, 1,5 kq/kv.sm-dən artıq torpağa buraxılan gərginliyi qəbul edə bilən, hidrogeoloji şərait baxımından

təzyiqsiz horizontal su qatının 7 metr dərinliyində və təzyiqli horizontal su qatının 15 metr dərinliyində zirzəmi qurulmasını təmin edən, 50 ildə 1 dəfədən az olmamaq şərti ilə su horizontunun 0,5 metrdən artıq olmayan hissəsini subasmaya məruz qoyan, sahillərin yuyulması və karstın olmaması təminatı olan torpaqlar kommunal-anbar binalarının tikintisi üçün yararlı hesab olunur.

b) kommunal-anbar binalarının tikintisi üçün az yararlı torpaq sahələri—azca təpəliyi olan, mailliyi 5%-dən artıq və 3%-dən aşağı olan, gücləndirilməsinə özülün tələbatı olan, torpağa buraxıla bilən gərginliyə tələbat 1,0—1,5 kq/kv.sm.-ə qədər olub özünün gücləndirilməsi tələb olunan, təzyiqsiz horizont su qatları 15 metrədək olan, 20 ildə 1 dəfədən çox olmayaraq su horizontunun 0,5 metrdən artıq olmayan hissəsi subasmaya məruz qalan, atmosfer çöküntüləri nəticəsində cüzi bataqlıq əmələ gələn, dərinliyi 3 metrədək, divarı bərkimiş və doldurula bilən yarğanlar olan, subasma və aşılanması təsadüf olunan zolağın eni 10 metrdən artıq olan torpaq sahəsi kommunal-anbar binalarının tikintisi üçün az yararlı hesab olunur.

Bu sahələrdə əlavə xərclər tələb edən müvafiq tədbirlər nəzərə alınmaqla tikinti işləri aparıla bilər.

c) kommunal-anbar binalarının tikintisi üçün tam yararsız torpaq sahələri —çoxlu miqdarda təpəliyi olan, ümumi mailliyi 5%-dən artıq və tamamilə mailliyi olmayan, torpağa buraxıla bilən gərginlik 1,0 kq/kv.sm-dən az olan, təzyiqsiz horizont su qatlarının səviyyəsi 3 metrdən az olan, təzyiqli horizont su qatlarının səviyyəsi 10 metrdən az olan, 20 ildə 1 dəfədən artıq subasmaya məruz qalan, qrunt sularından bataqlıq əmələ gələn, intensiv yarğanlar əmələ gələn, divarları kəskin stabilləşmiş maili və dərinliyi 10 metrdən artıq yarğanı olan, subasması və aşınması təsadüf olunan sahil zolağının eni 10 metrdən artıq olan torpaq sahəsi kommunal-anbar binalarının tikintisi üçün tam yararsız hesab olunur.

4.9. İxtisaslaşdırılmış taxıl, tərəvəz və qida anbarları zonaları

Bu zonalar kommunal-anbar zonaları kimi iri ölçülü torpaq sahələri, xüsusi mühəndis avadanlığı, iri həcmli yük maşınlarının hərəkəti və dəmiryolu qanadı tələb edir. Bununla əlaqədar bu zonaların altındakı torpaq sahələrinin seçilməsi və qiymətləndirilməsinin əsasları və prinsipləri bu sənədin 4.8.-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilir. Sanitar-gigiyena müddəalarına əsasən bu zonaya dair obyektlər sənaye və kommunal zonalarında yerləşdirilə bilməz.

Bu zonalar yaşayış zonaları daxilində yerləşdirilə bilər. Lakin şəhərsalma baxımından iri ölçülü, qeyri-yaşayış müəssisələrinin yaşayış zonasında yerləşdirilməsi həm şəhərsalma, həm də şəhəri planlaşdırma strukturunun miqyasına uyğunluq baxımından əlverişsizdir. Bu zonalar yaşayış zonalarına bitişik və şəhərdən kənar yerləşdirilə bilər.

4.10. Botanika bağı və dendroloji park zonaları

Bu zonaların yerləşdirilməsinin əsasları və prinsipləri elmi, elmi tədqiqat, təhsil, mədəni-maarif, əhalinin xüsusi təyinatlı istirahət funksiyalarını əhatə edə bilər. Bu zonanın sahəsində botanika, dendrologiya, torpaqşünaslıq, ekologiya, zoologiya institutlarının laboratoriya binaları və istixanaları yerləşdirilə bilər. Dendroloji və zooloji parkların, nәbatat bağlarının torpaqları təsərrüfat fəaliyyəti üçün istifadəyə verilə bilər.

Botanika bağları, dendroloji park zonaları və ümumşəhər istirahət zonası altına torpaq sahələrinin seçilməsi aşağıdakı prinsiplər əsasında qiymətləndirilir:

a) Botanika bağı, dendroloji park zonaları və ümumşəhər istirahət zonası üçün yararlı torpaq sahələri—relyefi 10%-ə qədər maili olan, qruntunun üst qatı qaratorpaq, qırmızı torpaq və nisbətən sarıtorpaq olan, mexaniki tərkibi yüngül və orta olan, su qatlarının yer səthindən dərinliyi 2 m.-dən 1,5 m.-ə qədər olan, daşan sulardan qorunan, bataqlığı və tam axımsızlığı olmayan, dərinliyi 5 m.-dən az olmayan və nisbətən maili divarlı bərkimiş dərələri olan, sürüşməyə məruz qalmayan, sahilləri yuyulmayan və aşınmayan, karst prosesi olmayan torpaqlar bağ və parkların salınması, habelə ümumşəhər istirahət zonası üçün yararlı hesab olunur.

b) Botanika bağı, dendroloji park zonaları və ümumşəhər istirahət zonası üçün az yararlı torpaq sahələri

Relyefin mailliyi 10—30% olan, qruntun üst qatı az miqdarda duzlu sayılıb turş olan, mexaniki tərkibinə görə qum, orta və ağır gil olan, su qatları yerin səthindən 0,5—1,5 metr və 2 metrdən 3 metrə qədər olan, sahənin subasması müddəti 15 gündən artıq qeyd olmayan, atmosfer, çöküntüləri nəticəsində əmələ gəlmiş bataqlığın qurudulması asan olan, dərinliyi 5 metrədək və divarlarında kəskin maillik olan, dərələr sürüşməyə meyilli və ayrı-ayrı bərkidilmə ehtiyaclı yamacları olan, bəzi yerlərdə yuyulub-aşınmaya məruz qalan və az miqdarda sönmüş karstları olan torpaqlar bağ və parkların salınması, habelə ümumşəhər istirahət zonası üçün az yararlı hesab olunur.

c) Botanika bağı, dendroloji park zonaları və ümumşəhər istirahət zonası üçün tam yararsız torpaq sahələri

Relyefin mailliyi 10—30%-dən artıq olan, torpaq qatı duzlu, mexaniki tərkibi isə tamamilə bərk çuxurlar olan, su qatı yerin səthinin 0,5 metr üst hissəsində və 3 metrdən dərində olan, sahillərinin daşması 15 gündən artıq olan, çətin qurudulan bataqlıq sahələrinə malik olan, çox miqdarda sürüşən yamacları olan, yatağını çox tez-tez dəyişən və çay ətrafı divarlarını yuyan çaylar olan, dərinliyi 10- metrdən artıq sönmüş vulkan karstlarına malik və yeraltı boşluqları mövcud olan torpaq sahələri bağ və parkların salınması, habelə ümumşəhər istirahət zonası üçün tam yararsız hesab olunur.

4.11. Xüsusi təyinatlı zonalar

Bu zonaların ümumi əsasları və prinsipləri baxımından bu zonalarda hərbi şəhərciklər, xüsusi təyinatlı qoşun bölmələri yerləşdirilə bilər. Bu zonada yaşayış binaları, mülki-müdafiə qurğuları, təsərrüfat və texniki-təchizat qurğularının yerləşdirilməsi mümkündür. Xüsusi təyinatlı qurğuların yerləşdirilməsi və hərbi təlim aparılmasında müvafiq norma və qaydalara riayət edilməlidir.

4.12. Sanitar-qoruq zonaları

Bu zonalar I—V qrup sənaye zonaları ilə yaşayış zonalarının arasında yerləşdirilir. Zonanın aralıq məsafəsi sənaye obyektlərinin qruplarından və sənayenin atmosfer tullantılarının miqdarından, tərkibindən, şəhərin coğrafi mövqeyindən, küləyin illik əsmə istiqaməti rejimindən asılı olaraq müəyyən olunur. Ekoloji filtrlərin gücündən asılı olaraq, hətta ən zərərli birinci qrup sənaye obyektlərinin sanitar-qoruq zonalarını xeyli azaltmaqla sənaye zonasını yaşayış zonasına qismən yaxınlaşdırmaq mümkündür.

Sanitar-qoruq zonalarında kommunal-anbar binaları, dəmir yolunun yükboşaltma meydançaları, dəmiryol sortlaşdırma stansiyaları, yük daşıyan avtomobil və yükdaşıma məntəqələri, inşaat materialları anbarları, habelə qoruq zonasının yaşıllıqları yerləşdirilə bilər.

4.13. Şəhərətrafı zonalar

Bu ərazilər şəhərin yaşayış, sənaye-kommunal zonalarından başlayaraq şəhər sərhədlərinə bitişik torpaqları əhatə edir. Əsas etibarı ilə şəhərin gələcək inkişafı üçün yeni torpaq zonalarının ayrılmasına xidmət edərək ehtiyat-inkişaf zonası kimi saxlanılır. Bu zonada şəhərin Baş planının gələcək inkişafına uyğun olmayan bütün növ əsaslı kapital qoyuluşu tələb edən tikintilər qadağandır. Bu zonanın torpaqlarından şəhər əhalisinin bitkiçilik və heyvandarlıq məhsullarına olan tələbatını ödəmək üçün istifadə etmək məqsədəuyğundur.

4.14. Ümumşəhər idman meydançaları, olimpiya şəhərciyi və digər idman obyektlərinin yerləşdiyi zonalar

Buraya respublika stadionları, motodrom, velotrek, örtülü idman sarayı, olimpiya şəhərciyi, avarçəkmə və yelkən qayıqları limanı, ralli trassı daxildir. Bu zonaların əsasları və prinsipləri şəhərin yaşıllıq , habelə turizm və rekreasiya zonalarına, yüksək daşıyıcı qüvvəyə malik olan nəqliyyat vasitələrinə yaxın yerləşdirilməsindən, qısa müddətdə tamaşaçıların evakuasiyasının təmin olunması üçün tələb olunan miqdarda giriş qapılarının və boşaldıcı bamper meydanları ilə təmin olunmasından ibarətdir. Ralli avtotrekləri, bir qayda olaraq şəhərdən kənar zonalarda salınır. Olimpiya şəhərciyinin də şəhərdən kənarda salınması məqsədəuyğundur.[20]

4.15. Dini təmsil edən obyektlərin yerləşdiyi zonalar

Buraya məscidlər, kilsələr, sinaqoqlar, dini məbədlər, pirlər, mədrəsələr daxildir. Bu zonalarda tələb olunan əsas prinsiplər, yeni tikiləcək obyektlər üçün torpaq sahəsi ayrılarkən müəyyən olunacaq məhdudiyyət istisna olmaqla, şəhərsalma baxımından heç bir normativ qadağa qoyulmamasıdır. Burada obyektlərin yerləşdirilməsi və əsas binalardan başqa dini bayram və mərasimlərin keçirilməsini təmin edə bilən, magistral yollarla əlaqəli olan müvafiq iri ölçülü həyət sahəsi tələb edir. Dini komplekslərdə yalnız mərasimlərin fəaliyyətini təmin edən qurğu və obyektlər yerləşdirilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 aprel 2006-cı il tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə 374)

2.       8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə 370)

3.       29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 6, maddə 558)

4.       13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 9, maddə 822)

5.       20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 242)

6.       25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 132)

7.       6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 432)

8.       10 iyun 2008-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6, maddə 586)

9.       21 sentyabr 2015-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2015-ci il, ¹ 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə 1223)

10.    4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1418)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 242) ilə 2-ci bəndi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Torpaq sahələrinin geri alınması və dövlət və ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması Qaydaları"nın 20-ci bəndində "təsdiq etmək və sifarişçiyə təqdim etmək üçün müvafiq yerli icra hakimiyyətlərinə və ya bələdiyyələrə" sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması və sifarişçiyə təqdim edilməsi üçün müvafiq rayon (şəhər) torpaq şöbəsinə" sözləri ilə əvəz edilsin.

 

 [2] 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə 370) ilə "Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi Qaydaları"nın 1-ci və 6-cı bəndlərində ismin müvafiq hallarında "Kənd Təsərrüfatı Nazirliyi" sözlərindən sonra ismin müvafiq hallarında "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri əlavə edilmişdir.

 

[3] 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 6, maddə 558) ilə "Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi Qaydaları"nın 1-ci bəndindən "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin" sözləri, 6-cı bəndindən "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri çıxarılmışdır.

 

[4] 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1418) ilə “Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi Qaydaları”nın 1-ci və 6-cı hissələrində ismin müvafiq hallarında “Dövlət Torpaq Komitəsi” sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

[5] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 9, maddə 822) ilə Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası”nın 6-cı, 9-cu, 10-cu, 11-ci, 12-ci və 13-cü bəndlərində “Dövlət Tikinti və Arxitektura Komitəsinin” və “Dövlət Tikinti və Arxitektura Komitəsi” sözlərindən əvvəl “Fövqəladə Hallar Nazirliyinin,” və “Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilmişdir.

 

[6] 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 432) ilə «Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası»nın 6-cı bəndindən «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri çıxarılmışdır.

4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1418) ilə “Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası”nın 6-cı (hər üç halda), 7-ci, 8-ci və 13-cü hissələrində ismin müvafiq hallarında “Dövlət Torpaq Komitəsi” sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

[7] 21 sentyabr 2015-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2015-ci il, ¹ 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə 1223) ilə "“Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası”nın 8-ci hissəsində “Respublikası” sözü “Milli” sözü ilə əvəz edilmişdir.

 

6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 432) ilə «Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası»nın 9-cu bəndindən «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri çıxarılmışdır.

 

[8] 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 6, maddə 558) ilə "Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası"nın 9-cu bəndində "Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin" sözləri "Kənd Təsərrüfatı Nazirliyinin" sözləri ilə əvəz edilsin və 13-cü bəndindən "Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri çıxarılmışdır.

 

6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 432) ilə «Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası»nın 9-cu bəndindən «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri çıxarılmışdır.

 

[9] 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 432) ilə «Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası»nın 10-cu bəndindən «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri çıxarılmışdır.

 

[10] 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 432) ilə «Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası»nın 11-ci bəndindən «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri çıxarılmışdır.

 

[11] 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 432) ilə «Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası»nın 12-ci bəndindən «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri çıxarılmışdır.

 

[12] 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə 370) ilə "Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası"nın 9-cu və 13-cü bəndlərində ismin müvafiq hallarında "Kənd Təsərrüfatı Nazirliyi" sözlərindən sonra ismin müvafiq hallarında "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri əlavə edilmişdir.

 

6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 432) ilə «Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası»nın 13-cü bəndindən «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri çıxarılmışdır.

 

[13] 17 aprel 2006-cı il tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə 374) ilə 1.15-ci bəndi aşağıdakı redaksiyada verilsin:

1.15. Turizm və rekreasiya zonaları;

 

[14] 10 iyun 2008-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6, maddə 586) ilə «Torpaqların zonalaşdırılmasının ümumi əsasları və prinsipləri»nin 2.1-ci bəndində «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilmişdir.

 

[15] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 132) ilə 2.9-cu bəndin ikinci cümləsində «Rekreasiyaya» sözü «Turizmə və rekreasiyaya» sözləri ilə, «istirahət» sözü isə «turizm və rekreasiya» sözləri ilə əvəz edilmişdir.

 

[16] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 132) ilə 2.11-ci bəndin «c» yarımbəndində «rekreasiya» sözündən əvvəl «turizm və» sözləri əlavə edilmişdir.

 

[17] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 132) ilə 2.12-ci bəndin ikinci cümləsində «və rekreasiya» sözləri « , habelə turizm və rekreasiya» sözləri ilə əvəz edilmişdir.

 

[18] 17 aprel 2006-cı il tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə 374) ilə 2.15-ci bəndi yeni redaksiyada verilsin:

 

Əvvəlki redaksiyada deyilirdi:

2.15. Rekreasiya zonaları

Abşeron yarımadasından şimala və cənuba, Xəzər dənizi sahillərində, Araz çayı sahillərində, Naxçıvan Muxtar Respublikası ərazisində, Araz su qovşağı sahillərində, Qubadlı, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl, Şəki-Zaqatala, Şamaxı-Pirqulu, İsmayıllı zonalarında, Şahdağ və Murovdağ zirvələrini və dağətəyi sahələri əhatə edən rekreasiya zonalarının ərazilərində idman, turizm, alpinizm, qısa və uzunmüddətli aktiv və passiv istirahət ocaqları, müvafiq miqyaslı otellər, kempinqlər, çadır istirahət şəhərcikləri yaradıla və fəaliyyət göstərə bilər. Müalicə müəssisələri, sanatoriya və istirahət evlərinin bu zonalarda yerləşdirilməsi, onlarda kurort fəaliyyətinin yaradılmasına gətirib çıxarır. Belə zonalar kurort-rekreasiya zonaları adlandırılır.

 

[19] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 132) ilə 2.17-ci bənddə «turizm və» sözləri çıxarılsın, «idman- rekreasiya zonaları» sözləri «idman, turizm və rekreasiya zonaları» sözləri ilə əvəz edilmişdir.

 

[20] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 132) ilə 4.14-cü bəndin ikinci cümləsində «və rekreasiya» sözləri « , habelə turizm və rekreasiya» sözləri ilə əvəz edilmişdir.