Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 149 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

Bakı şəhəri, 17 aprel 2000-ci il
                    № 67

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 17 aprel tarixli, 67 nömrəli qərarı ilə
təsdİq edİlmİşdİr

Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması
QAYDASI

1. Bu Qayda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılmasını tənzimləyən sənəddir.

2. "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramına uyğun olaraq kənd rayonlarında məskunlaşmış məcburi köçkünlərə müvəqqəti istifadə və icarə məqsədi ilə dövlət və bələdiyyə torpaqları hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada sahələr ayrılır.

3. Məcburi köçkünlərə müvəqqəti istifadəyə və icarəyə torpaq sahələrinin ayrılması üçün onlar məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinə və ya bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə ayrılacaq torpaq sahəsinin yeri, növü, həcmi və istifadə məqsədi göstərilməlidir.

4. Yerli icra hakimiyyətləri və ya bələdiyyələr 7 gün müddətində həmin ərizəni tələb edilən sahənin ayrılmasının mümkünlüyünə baxılması və müvafiq yerquruluşu sənədlərinin hazırlanması üçün rayon (şəhər) torpaq şöbəsinə göndərirlər.

5. Rayon (şəhər) torpaq şöbəsi 10 gün müddətində ərizədə göstərilmiş torpaq sahəsinə baxış keçirir və tələb edilən sahənin digər hüquqi və fiziki şəxslərin istifadəsinə verilmədiyi halda həmin torpağın 1:10000 və ya 1:25000 miqyasında xəritəsini hazırlayır (tələb edilən sahə şəhər və qəsəbələrin hüdudlarında yerləşdiyi halda memarlıq xidmətinin rəyini almaqla) və öz rəyi ilə birlikdə müvafiq icra hakimiyyətinə və ya bələdiyyəyə qaytarır.

6. Yerli icra hakimiyyətləri və ya bələdiyyələr 10 gün müddətində rayon (şəhər) torpaq şöbəsindən daxil olan sənədlərə baxır, kənd təsərrüfatı məhsulları istehsal etmək üçün məcburi köçkünlərə müvəqqəti istifadəyə və icarəyə torpaq sahəsi ayrılması barədə (yerli şəraiti, torpaq ehtiyatının miqdarını, əhalinin sıxlığını nəzərə almaqla) müvafiq qərar qəbul edirlər.

7. Yerli icra hakimiyyətləri və ya bələdiyyələr məcburi köçkünlərə müvəqqəti istifadəyə və ya icarəyə torpaq sahəsi ayrılması barədə qərarı və ayrılan sahənin planını (cizgisini), ayrılmış torpaq sahəsindən müvəqqəti istifadə (icarə) hüququna dair müvafiq sənədləri hazırlamaq üçün Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsinə göndərirlər.

8. Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi 10 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına məcburi köçkünlərin torpaqdan müvəqqəti istifadə hüququna dair sənədi hazırlayır və torpaq üzərində onların hüquqlarının dövlət qeydiyyatına alınması və torpaqdan istifadə (icarə) məqsədi ilə təqdim edilməsi üçün müvafiq rayon (şəhər) torpaq şöbəsinə göndərir.

9. Məcburi köçkünlər torpaq sahələrindən istifadə edərkən onlara qanunvericilikdə müəyyən edilmiş qaydada güzəşt və imtiyazlar şamil edilir.

10. Məcburi köçkünlərə müvəqqəti istifadə üçün ayrılmış torpaq sahələrində əsaslı tikinti işlərinin aparılmasına, habelə təyinatdan kənar istifadə hallarına yol verilmir.

11. Şəhər və rayon mərkəzlərində məskunlaşmış məcburi köçkünlərə torpaq sahələri qanunvericiliyə uyğun olaraq müvafiq rayonların ərazisindən növbəlilik əsasında verilir.