"Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasına təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

"Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş "məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının fəaliyyətinə nəzarət qaydasını" müəyyən etsin;

həmin Qanunun 12-ci maddəsinin ikinci hissəsində göstərilmiş "məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının xüsusi fondu" haqqında Əsasnaməni hazırlayıb təsdiq etsin;

"Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

2. Müəyyən edilsin ki:

"Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 4-cü maddəsinin dördüncü hissəsində, 5-ci maddəsinin birinci və dördüncü hissələrində, 6-cı maddəsində, 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

həmin Qanunun 13-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə həyata keçirir.

 

Azərbaycan Respublikasının Prezidenti     Heydər Əlİyev

Bakı şəhəri, 5 yanvar 2000-ci il
                  № 246