"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 2001-ci il yanvarın 1-dək:

qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin Qanunla təsdiq edilmiş Məcəlləyə uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna və bu Qanunla təsdiq edilmiş Məcəlləyə uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc ediləcəyi mətbuat orqanı barədə təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

mülki dövriyyədə olmasına yol verilməyən əşyaların (mülki dövriyyədən çıxarılmış əşyaların) siyahısına dair qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentə təqdim etsin;

mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların) siyahısına dair qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

daşınan əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları haqqında layihələri hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsi və aparılması, habelə bu Fərmanın 1-ci bəndinin yeddinci və 2-ci bəndinin üçüncü və dördüncü abzaslarında  göstərilən reyestrlərin aparılması üçün zəruri olan maliyyə və digər vəsaitlərin ayrılması haqqında təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

"Məhdud məsuliyyətli cəmiyyət haqqında", "Qeyri-kommersiya təşkilatları haqqında" və "Kooperativlər haqqında" Azərbaycan Respublikası qanunlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyətləri hüdudlarında "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılsın ki, 3 ay müddətində:

"Qiymətli kağızlar haqqında" və "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

bütün qiymətli kağızlarla girovun rəsmi reyestri, onun tərtib edilməsi və aparılması qaydaları haqqında layihəni hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

qiymətli kağızlarla rəsmiləşdirilən daşınmaz əmlakın ipotekasının dövlət reyestri, onun tərtib edilməsi və aparılması qaydaları haqqında layihəni hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Müəyyən edilsin ki:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 48.1-ci və 61.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın, 60.1-ci maddəsində nəzərdə tutulmuş "hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqanı"nın səlahiyyətlərini qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə orqanları öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər;

həmin Məcəllənin 100.2-ci, 103.2-ci, 103.5-ci, 105.4-cü, 122.1-ci, 209.1-ci, 246.2-ci, 246.3-cü, 246.4-cü, 248.1-ci, 379.1.3-cü, 398.1-ci və 710.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini ("Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özəlləşdirilmə qaydasında yaradılan səhmdar cəmiyyətlər istisna olmaqla) Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Məcəllənin 129.1-ci, 130.5-ci, 131.1-ci, 131.2-ci, 131.4-cü, 132.2-ci, 133.1-ci, 134-cü və 670.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

həmin Məcəllənin 140.1-ci, 142.2-ci, 144.3-cü, 147.5-ci, 148.1-ci, 150.1-ci və 151.1-ci maddələrdə nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini, bütün daşınmaz əmlaka münasibətdə onun mülkiyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi apardığı Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil olan məlumatları, o cümlədən daşınmaz dövlət əmlakının istifadəyə və icarəyə verilməsinə, habelə girov qoyulmasına dair əqdlərin qeydiyyatı haqqında məlumatları daşınmaz əmlakın dövlət reyestrinə daxil alınması üçün mütəmadi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidir, Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qeydiyyatını apardığı daşınmaz əmlakın ipotekası barəsində verilən qiymətli kağızlar haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidir;

daşınmaz əmlakın dövlət reyestri notariuslar tərəfindən daşınmaz əmlakın yüklülüyünə dair təqdim olunan məlumatlar əsasında tərtib edilir;

 notariuslar daşınmaz əmlakın yüklüklüyü ilə bağlı əqdlər barəsində notarial hərəkətləri həyata keçirdikdə, müvafiq əqdlərin surətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, eyni zamanda dövlətə məxsus daşınmaz əmlakın yüklülüyü ilə bağlı əqdlərin surətlərini Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinə, göstərilən əmlakın yüklülüyü (əqdlər) qiymətli kağızlar formasında rəsmiləşdirildikdə isə onların surətlərini Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə 48 saat müddətində təqdim etməlidirlər;

dövlət mülkiyyətində olan əmlakın yüklülüyünə dair əqdlər yalnız o halda bağlana bilər ki, əqdi bağlayan şəxsin səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi tərəfindən təsdiq edilsin;

həmin Məcəllənin 147.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini qanunla nəzərdə tutulmuş hallarda və qaydada məhkəmənin qərarına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

həmin Məcəllənin 362.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir;

həmin Məcəllənin 400.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini müvafiq qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən edilmiş icra hakimiyyəti orqanı həyata keçirir;

həmin Məcəllənin 609.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

həmin Məcəllənin 828.1-ci və 1033.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.


Azərbaycan Respublikasının Prezidenti   Heydər Əlİyev

Bakı şəhəri, 25 avqust 2000-ci il
                  № 386