Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ hüquqi aktlar haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Meşə Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət meşə kadastrı göstəricilərinin Siyahısı, Meşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası" və "Dövlət meşə kadastrının aparılması Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Meşələrin dövlət uçotu, dövlət meşə kadastrının aparılması və dövlət meşə fondu torpaqlarının vəziyyətinə və istifadəsinə sahə uçotu barədə SSRİ Nazirlər Sovetinin 1982-ci il 8 yanvar tarixli, 17 nömrəli qərarı haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 15 fevral tarixli, 79 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

 

Bakı şəhəri, 15 mart 2000-ci il

45

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 15 mart tarixli, 45 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Dövlət meşə kadastrı göstəricilərinin

 

Sİyahısı

 

Meşə fondunun qoruyucu kateqoriyalara aid edilməsi, meşə fondu torpaqlarının qısa və uzunmüddətli istifadəyə verilməsinin, habelə torpaqların meşə fondundan çıxarılmasının və ya onun tərkibinə qəbul olunmasının hüquqi əsasları;

meşə fondunun inzibati ərazi üzrə torpaq kateqoriyalarına və meşələrin qoruyucu kateqoriyalara bölünməsi;

meşə əkinlərinin vəziyyəti haqqında məlumat;

meşə ilə örtülü sahələrin inzibati ərazi üzrə üstünlük təşkil edən cinslər və yaş qrupları üzrə bölünməsi;

meşələrin bonitet sinifləri üzrə bölünməsi;

meşələrin doluluq qrupları üzrə bölünməsi;

meşə fondunun inzibati ərazi vahidi daxilində idarə olunması üzrə bölünməsi;

meşə fondunun dövlət uçotunun məlumatları.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 15 mart tarixli, 45 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Meşələrin iqtisadi qiymətləndirilməsinin

 

Metodİkası

 

I. Ümumİ müddəalar və anlayışlar

 

1.1. Bu Metodika, meşə fondu sahələrindən istifadənin ödənişli olduğunu nəzərə almaqla (kütləvi meşə servitutları istisna olmaqla), meşə bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin, ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdətini təşkil edən meşələrin iqtisadi qiymətləndirilməsini tənzimləyir və tələb olunan ilkin məlumatların tərkibini, iqtisadi qiymətləndirmə göstəricilərinin hesablanmasını müəyyən edir.

1.2. Meşələrin iqtisadi qiymətləndirilməsinin nəticələri aşağıdakı məqsədlər üçün istifadə edilir:

dövlət meşə kadastrının iqtisadi hissəsinin təmin edilməsində;

meşə fondu torpaqlarının geri alınması, yaxud təbiətin və antropogen təsirlərin nəticəsində onlara dəyən zərərin və itkilərin müəyyən edilməsində;

meşə təsərrüfatının aparılmasına və təsərrüfat fəaliyyətinin səviyyəsinin qiymətləndirilməsinə dair sistemin işlənib hazırlanmasında;

meşələrin çoxməqsədli istifadəsinin təşkilində;

meşə fondundan istifadəyə görə ödəniş növlərinin, köküstə buraxılan oduncağın nırx qiymətinin müəyyən edilməsinə dair layihələrin tərtib edilməsində;

meşə təsərrüfatının qarşısında duran iqtisadi, sosial və ekoloji məqsədləri əlaqələndirən müasir meşə idarəetmə sisteminin təşkilində.

1.3. Meşələrin iqtisadi qiymətləndirmə obyektləri aşağıdakılardır:

ilkin qiymətləndirmə obyektimeşə fondu torpaqlarının taksasiya ayırması;

aralıq qiymətləndirmə obyektimeşəbəyliyin meşə fondu sahələrinin məcmusu;

yekun qiymətləndirmə obyektimeşə təsərrüfatı müəssisəsinin fəaliyyət göstərdiyi ərazi.

1.4. Meşələrin iqtisadi qiymətləndirilməsi zamanı istifadə edilən əsas anlayışlar:

meşə ehtiyatlarımövcud qanunvericilikdə müəyyən olunan və qiymətləndirilməsi mümkün olan meşə fondundan istifadə növləri;

meşə ehtiyatlarının kompleks qiymətləndirilməsimeşə fondundan istifadə növlərinin və xidmətlərin natural göstəricilərlə qiymətləndirilməsi;

meşə ehtiyatlarının pul (dəyər) ifadəsi ilə qiymətləndirilməsi.

1.5. Meşələrin iqtisadi qiymətləndirilməsinin göstəriciləri:

meşə fondundan kompleks istifadənin pul ifadəsi ilə qiymətləndirilməsi;

meşə fondunda istehsal olunan məhsulun, istifadə növlərinin və xidmətlərin kompleks şəkildə pul ifadəsi, müəyyən keyfiyyətə malik və müvafiq ərazidə yerləşən meşə sahəsinin xərci ödəmə müddəti ərzində əldə oluna bilən potensial gəliri və hər il xalis gəlir (yaxud renta) ilə səciyyələndirilən meşə fondu torpaqlarının normativ qiyməti;

meşə fondu torpaqlarının qiymətləndirilməsi.

1.6. Meşələrin iqtisadi qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır:

təsərrüfat əhəmiyyətli meşələrdə meşə təsərrüfatının aparılmasının hazırkı mərhələsində meşə fondundan istifadənin orta (model) səviyyəsi;

meşə ehtiyatlarının dəyər ifadəsi (qiymətləndirilməsi tələb olunan meşə ehtiyatlarının istismara verilməsindən gözlənilən renta gəliri);

meşə fondundan istifadənin mümkün olan səviyyəsi (konkret iqtisadi şəraitdə ayrı-ayrı növlər üzrə meşə fondundan istifadənin məcmu həcmindən mümkün olan faizi).

 

II. Meşə fondu sahələrİndən İstİfadənİn İqtİsadİ qİymətləndİrİlməsİ

 

2.1. Meşə fondu sahələrindən istifadənin iqtisadi qiymətləndirilməsi iki mərhələdən ibarətdir:

natural göstəricilərlə meşə fondundan istifadə növlərinin kompleks qiymətləndirilməsi;

seçilmiş meşə fondundan istifadə növlərinin pul (dəyər) ifadəsi ilə qiymətləndirilməsi.

2.2. Meşə fondu sahələrindən istifadənin iqtisadi qiymətləndirilməsinin nəticələri meşə torpaqlarının normativ qiymətlərinin müəyyən edilməsinin əsasını təşkil edir.

2.3. Natural göstəricilərlə kompleks məhsuldarlığın elementlərinin iqtisadi qiymətləndirilməsinin əsasını meşələrin taksasiyası zamanı toplanmış məlumatlar, habelə meşə ehtiyatlarının kompleks qiymətləndirilməsinə dair normativ-sorğu məlumatları təşkil edir.

2.4. Meşə ehtiyatlarının kompleks qiymətləndirilməsinə dair normativ-sorğu məlumatlarının tərkibi, onların hazırlanması ilə bağlı texniki sənədlər və formalar Azərbmeşə İstehsalat Birliyi tərəfindən tərtib və təsdiq edilir.

2.5. Meşə fondundan istifadə növləri aşağıdakılardır:

oduncaq tədarükü;

ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları);

meşədən əlavə istifadə (ot çalımı, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə, qərzəkli və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, cil və digərlərinin tədarükü və yığılması, Azərbmeşə İstehsalat Birliyi tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə);

elmi tədqiqat məqsədləri üçün;

mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün;

ovçuluq təsərrüfatı ehtiyatları üçün.

2.6. Meşə fondundan istifadə növlərinin və köküstdə buraxılan oduncağın nırx qiymətləri bazar iqtisadiyyatı prinsipləri əsasında formalaşır.

2.7. Elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatı ehtiyatları üçün istifadə olunan meşə fondu sahələrinin qiymətləndirilməsi müvafiq elmi tədqiqat təşkilatları tərəfindən tərtib edilmiş xüsusi təlimatlar əsasında aparılır.

Elmi tədqiqat təşkilatları tərəfindən tərtib edilən təlimatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi ilə razılaşdırılır və müvafiq qaydada tətbiq edilir.

2.8. Meşə fondundan istifadəyə görə ödəniş növləri, köküstə buraxılan oduncağın nırx qiyməti Azərbmeşə İstehsalat Birliyi tərəfindən tərtib edilir, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi ilə razılaşdırılır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

 

III. Meşə torpaqlarının qİymətləndİrİlməsİ

 

3.1. Meşə torpaqlarının, o cümlədən tinglik və plantasiyalar altında olan torpaqların qiymətləndirilməsi ərazinin meşəbitmə şəraitindən, meşələrin təyinatından asılı olaraq meşə torpaqlarının faktiki yerləşdiyi ərazidən və torpaq kateqoriyalarından asılı olaraq meşə torpaqlarının normativ qiymətlərinə dair regional şkalalardan istifadə edilməklə aparılır.

3.2. Meşə torpaqlarının normativ qiymətlərinin şkalaları zona-tipoloji əsasda tərtib edilir və Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

3.3. Meşə təsərrüfatının fəaliyyət göstərdiyi ərazidəki ağaclıqlar meşə torpaqlarının qiymətlərinə görə normativ tələblərə tam cavab vermədiyini nəzərə alaraq, əvvəlcədən istismar üçün nəzərdə tutulan meşələrə şamil edilməklə oduncaq ehtiyatına malik təsərrüfat əhəmiyyətli (modal) ağaclıqların seçilməsi ilə müvafiq hesablamalar aparılır.

Meşə torpaqlarının münbitliyinin daha yüksək keyfiyyət göstəricilərinə malik olduğunu nəzərə alaraq, onların, habelə tinglik və plantasiyalar altında olan sahələrin qiymətləndirilməsi respublikanın kadastr qiymət rayonları və yarımrayonları üzrə əkin çoxillik əkmələr və dincə qoyulmuş torpaqların normativ qiymətinin birinci keyfiyyət qrupuna 1,3 əmsal tətbiq olunmaqla müəyyən edilir.

3.4. İqtisadiyyatın cari vəziyyətini və meşələrin məqsədli təyinatını nəzərə almaq üçün meşə fondu istifadə növləri üzrə məcmu məhsuldan tam istifadə etməmək imkanları nəzərdə tutulur. Meşədən istifadənin ayrı-ayrı növlərindən istifadə etmə faizi Azərbmeşə İstehsalat Birliyi tərəfindən müəyyən edilir.

 

IV. Qeyrİ-meşə torpaqlarının İqtİsadİ qİymətləndİrİlməsİ

 

4.1. Meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqların (əkin, biçənəklər, örüş, bağlar, üzümlüklər və s.) normativ qiymətləri respublikada mövcud olan qayda üzrə kənd təsərrüfatında birinci keyfiyyət qrupuna aid edilən torpaqlar üçün hesablanan müvafiq normativ qiymətlərlə eyniləşdirilir.

4.2. Torpaqqoruyucu, rekreasiya, su tənzimedici, istehsalat və digər təyinatlı qeyri-meşə torpaqlarının qiymətləndirilməsi üçün respublikada bu qəbildən olan torpaqların qiymətləndirilməsinə dair qüvvədə olan normativlərdən istifadə olunur.

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 15 mart tarixli, 45 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Dövlət meşə kadastrının aparılması

 

Qaydası

 

1. Bu Qayda dövlət meşə kadastrının aparılmasını tənzimləyir.

2. Meşələrin dövlət kadastrı meşə fondunun qeydiyyatı, onun ekoloji, iqtisadi, kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirilməsidir.

3. Dövlət meşə kadastrı təbii sərvətlər kadastrının tərkib hissəsini təşkil edən rəsmi dövlət sənədidir və meşə quruluşu, meşələrin inventarlaşdırılması və digər müayinə-təftiş sənədlərinin əsasında aparılır.

4. Dövlət meşə kadastrı vahid sistem üzrə meşə təsərrüfatının idarə edilməsində, onun təşkilində və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsində və ya meşə fondu torpaqlarının geri alınmasında, meşə fondundan istifadə üçün ödəmələrin miqdarının müəyyən edilməsində, meşə istifadəçilərinin və meşə təsərrüfatı işləri aparan şəxslərin təsərrüfat fəaliyyətinin iqtisadi qiymətləndirilməsində istifadə olunur.

5. Dövlət meşə kadastrı Azərbmeşə İstehsalat Birliyinin meşə təsərrüfatı müəssisələri tərəfindən aparılır.

6. Meşə fondunun kadastr göstəricilərində gedən dəyişikliklər (artım və azalma) hər il dövlət meşə kadastrı kitabının müvafiq bölmələrində qeyd edilir və sonrakı ilin 1 yanvar vəziyyətinə yekunlaşdırılır.

Dövlət meşə kadastrı kitabında edilən qeydlərin yekun nəticələri hesabat formalarında meşə təsərrüfatı müəssisələri tərəfindən hər ilin mart ayının 1-nə Azərbmeşə İstehsalat Birliyinə təqdim edilir.

7. Dövlət meşə kadastrının aparılması üçün verilmiş hesabatların düzgün tərtib olunmasına, vaxtında verilməsinə və saxlanılmasına Azərbmeşə İstehsalat Birliyinin və ona tabe olan müəssisələrin rəhbərləri məsuliyyət daşıyırlar.

8. Azərbmeşə İstehsalat Birliyi əlaqədar orqanlarla birlikdə:

meşə fondu sahələrinin istifadəyə və icarəyə verilməsinin dövlət qeydiyyatını, torpaqların qiymətləndirilməsini, geobotanik və digər tədqiqat və axtarışlar aparılmasını, torpaqların vəziyyəti üzərində operativ müşahidələrin, habelə dövlət meşə kadastrının aparılması üçün zəruri olan metodik göstərişlərini və təlimatların hazırlanmasını təmin edir;

torpaq ehtiyatlarının miqdarı, vəziyyəti və qiyməti barədə uzunmüddətli və operativ məlumatlara olan tələb və ehtiyacın sistematik öyrənilməsini həyata keçirir, dövlət meşə kadastrının daim təkmilləşdirilməsi üzrə yaranan meşə təsərrüfatı, təbiəti mühafizə ehtiyaclarına dair məlumatların dövlət meşə kadastrı sənədlərinə daxil edilməsi üzrə tədbirlər görür;

meşə fondu sahələri haqqında məlumatların sistemləşdirilməsini, öyrənilməsini və saxlanılmasını, habelə dərc edilməsi zəruri olan dövlət meşə kadastrı materiallarının nəşrini təmin edir.

9. Dövlət meşə kadastrının aparılması prosesini tənzimləyən dövlət meşə kadastrı kitabının, texniki (forma və ona əlavələr) sənədlərin nümunələri Azərbmeşə İstehsalat Birliyi tərəfindən təsdiq olunur, mərkəzləşdirilmiş qaydada çap edilir və aidiyyəti müəssisələrə çatdırılır.

10. Azərbmeşə İstehsalat Birliyi dövlət meşə kadastrının yekun hesabatını hər il aprelin 30-dək birliyin Şurasında təsdiq edərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Dövlət Torpaq Komitəsinə və Dövlət Statistika Komitəsinə təqdim edir.