Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 14.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 12.5-ci və 14.11-ci maddələrində nəzərdə tutulmuş istehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydaları barədə əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 14.13-cü maddəsində adlar verilən şərabçılıq məhsullarının ekspertizasına, dövlət reyestrində qeydiyyata alınmasına və attestasiyasına görə alınan haqqın miqdarını, ödənilmə müddətini və qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 16.2-ci maddəsində nəzərdə tutulmuş şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqların dövlət qeydiyyatına alınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 18.5-ci maddəsində nəzərdə tutulmuş üzümçülüyün inkişafı üzrə investisiya fondunun yaradılması və fəaliyyəti qaydaları barədə əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Qanunun 25.3-cü maddəsində nəzərdə tutulmuş şərabçılıq məhsullarının istehsalı müəssisələrinin attestasiyası qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilində Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikası Qanununun 12.5-ci maddəsində, 14.1-ci maddəsinin ikinci cümləsində, 14.11-ci, 14.13-cü, 16.2-ci, 18.5-ci və 25.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 6.3-cü, 7.3-cü, 10.2-ci maddələrində, 14.1-ci maddəsinin birinci cümləsində, 14.3-cü, 14.6-cı, 14.7-ci, 14.8-ci və 25.2-ci maddələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

həmin Qanunun 14.16-cı və 16.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir;

həmin Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

həmin Qanunun 21.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir;

həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini üzüm əkini materiallarının istehsalı, saxlanması, qablaşdırılması, daşınması və satışı qaydalarını və şərtlərini, habelə keyfiyyət göstəricilərini nizamlayan standartların təsdiq edilməsinə münasibətdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, üzüm əkini materiallarının istehsalı, saxlanması, qablaşdırılması, daşınması və satışı qaydalarını və şərtlərini, habelə keyfiyyət göstəricilərini nizamlayan təlimatların təsdiq edilməsinə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

həmin Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;[1]

həmin Qanunun 27.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, sanitariya norma və qaydalarına, gigiyenik normativlərə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər.[2]

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 29 yanvar 2002-ci il

667

 


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 19 aprel 2008-ci il, 83; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 04, maddə 226)

2.       31 oktyabr 2014-cü il tarixli 323 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 2 noyabr 2014-cü il, 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1208)

3.       30 may 2017-ci il tarixli 1431 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 3 iyun 2017-ci il, 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 835)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 19 aprel 2008-ci il, 83; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 04, maddə 226) ilə 2-ci bəndin dördüncü, yeddinci və səkkizinci abzaslarında Agentliyi sözü Komitəsi sözü ilə əvəz edilmişdir.

 

31 oktyabr 2014-cü il tarixli 323 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 2 noyabr 2014-cü il, 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1208) ilə 2-ci hissənin səkkizinci abzasda 22.1-ci, 24.1-ci və 27.2-ci sözləri 22.1-ci və 24.1-ci sözləri ilə, abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir.

 

30 may 2017-ci il tarixli 1431 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 3 iyun 2017-ci il, 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 835) 2-ci hissənin səkkizinci abzasında və 24.1-ci maddələrində sözləri maddəsində sözü ilə əvəz edilmişdir.

 

[2] 31 oktyabr 2014-cü il tarixli 323 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 2 noyabr 2014-cü il, 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1208) ilə 2-ci hissəyə yeni doqquzuncu abzas əlavə edilmişdir.