Bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi nəticəsində heyvan sahibinə dəyən zərərin kompensasiyasının ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI[1]

 

Bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi nəticəsində heyvan sahibinə dəyən zərərin kompensasiyasının ödənilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi nəticəsində heyvan sahibinə dəyən zərərin kompensasiyasının ödənilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur) .

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi nəticəsində heyvan sahibinə dəyən zərərin kompensasiyasının ödənilməsi üçün təhvil verilən ətin orta topdansatış bazar qiyməti ilə faktiki satış qiyməti arasındakı fərqin müəyyən olunmuş hissəsini ödəmək məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilmiş hesablamalara əsasən, dövlət büdcəsində "Əhaliyə sair ödənişlər" yarımmaddəsində müvafiq vəsait nəzərdə tutsun.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 8 iyul 2002-ci il

104

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 8 iyul tarixli 104 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi nəticəsində heyvan sahibinə dəyən zərərin kompensasiyasının ödənilməsi

 

QAYDALARI

 

1. Bu Qaydalar "Baytarlıq təbabəti haqqında" Azərbaycan Respublikası Qanununun "Xüsusi təhlükəli xəstəlik mənbələrinin ləğvi üçün tədbirlərin həyata keçirilməsi" barədə 17-ci maddəsinə əsasən hazırlanmışdır.

Bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi nəticəsində heyvan sahibinə dəyən zərərin kompensasiyası bu Qaydalara uyğun olaraq ödənilir.

2. Kənd Təsərrüfatı Nazirliyi bruselyoza və vərəmə yoluxmuş heyvanların ətinin təlimata uyğun zərərsizləşdirilməsi üçün baytarlıq-sanitariya tələblərinə cavab verən emal müəssisələrini müəyyənləşdirir və onlarla razılaşdırılmış qrafik tərtib edir.

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) baytarlıq idarələri və baytarlıq laboratoriyaları heyvanlarda bruselyoz və vərəm xəstəliklərini müvafiq təlimatlara uyğun müayinə edir, xəstə heyvanları ümumi mal-qaradan, sürüdən təcrid edir, onları müvafiq olaraq "B" və "V" hərfi yazılan damğa ilə nişanlayır.

4. Bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsindən heyvan sahibinə dəyən zərərin kompensasiyası üçün Naxçıvan MR-də, respublikanın rayonlarında (şəhərlərində) yerli icra hakimiyyəti orqanlarının, baytarlıq orqanlarının, maliyyə orqanlarının, səhiyyə orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılır.

5. Komissiyanın üzvləri heyvan sahibinin iştirakı ilə xəstə heyvanların kəsilməsi barədə akt tərtib edir, aktda heyvanların baş sayı, növü, cinsi, yaşı, ətin çəkisi, bir kiloqram ətin orta bazar qiyməti göstərilir və xəstə heyvanın dəyəri dəqiqləşdirilir.

Ət çıxarı normasına uyğun olaraq kəsilən heyvanın əti həmin dövrdə mövcud ərazidə olan orta bazar qiymətlərinə əsasən qiymətləndirilir.

6. Bruselyoza və vərəmə yoluxmuş heyvanlar komissiyanın (bu Qaydaların 4-cü bəndində göstərilən nümayəndələrin) və heyvan sahibinin iştirakı ilə xüsusi kəsim məntəqəsində kəsilərək, məntəqənin baytar mütəxəssisi tərəfindən daxili orqanları məhv edilir, kəsim yeri, avadanlıqlar və heyvanın dərisi dezinfeksiya edildikdən sonra əti baytarlıq-sanitariya tələblərinə uyğun olaraq emal müəssisəsinə (və ya onun nümayəndəsinə) təhvil verilir.

7. Bruselyoza və vərəmə yoluxmuş heyvanların və yaxud onların cəmdəklərinin emal müəssisələrinə təhvil verilməsi "Kəsilən heyvanların baytarlıq baxışından keçirilməsi və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilməsi qaydaları"na uyğun həyata keçirilir.

8. Bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi nəticəsində heyvan sahibinə dəyən zərərin məbləğinin 65 faizi müvafiq emal müəssisələri tərəfindən, 25 faizi isə dövlət büdcəsindən ödənilir.

9. Komissiya emal müəssisələrinin heyvan sahibinə ödəyəcəyi pul vəsaitinin məbləğini hesablayaraq aktda qeyd edir.

Emal müəssisəsi heyvan sahibinə çatacaq pulu öz vəsaiti hesabına əti qəbul edərkən nağd şəkildə ödəyir.

10. Komissiya 3 gün müddətində (tərtib olunmuş aktı) ödəniləcək məbləği və heyvan sahiblərinin siyahısını akt formasında müvafiq sənədlərlə birlikdə Kənd Təsərrüfatı Nazirliyinə göndərir və həmin aktlar əsasında Kənd Təsərrüfatı Nazirliyi Maliyyə Nazirliyinə müraciət edir.

11. Maliyyə Nazirliyi komissiya tərəfindən təqdim olunmuş akta əsasən heyvan sahibinə bu məqsəd üçün büdcədən ayrılmış vəsaitin müəyyən olunmuş qaydada bir ay müddətində müvafiq rayon (şəhər) yerli maliyyə orqanına köçürülməsini təmin edir.

Heyvan sahibinə çatacaq pul vəsaitini almaq üçün yerli maliyyə orqanı müvafiq sənədləri 3 gün müddətinə banka təqdim edir.

12. Bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilməsi nəticəsində heyvan sahibinə veriləcək kompensasiya, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə təklif verildiyi gündən bir ay müddətində ödənilməlidir.

13. Bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi və heyvan sahibinə dəyən zərərin kompensasiyası Azərbaycan Respublikası Dövlət büdcəsi xərclərinin iqtisadi təsnifatının "Əhaliyə sair ödənişlər" yarımmaddəsində nəzərdə tutulur və müəyyən olunmuş qaydada bu hesabdan ödənilir.

14. Heyvan sahibi bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi üçün xüsusi komissiyanın tərtib etdiyi aktla razılaşmadıqda, qanunvericiliklə müəyyən edilmiş qaydada şikayətlə məhkəmə orqanlarına müraciət edə bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 dekabr 2018-ci il tarixli 520 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 4 dekabr 2018-ci il, 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2723)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 dekabr 2018-ci il tarixli 520 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 4 dekabr 2018-ci il, 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2723) ilə ləğv edilmişdir.