"Ətraf mühitə dair informasiya almaq istəyən şəxslə müqavilənin bağlanması Qaydası" və "Ətraf mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli, 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ətraf mühitə dair informasiya almaq istəyən şəxslə müqavilənin bağlanması Qaydası" və "Ətraf mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 13 may 2003-cü il

60

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 13 may tarixli, 60 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Ətraf mühitə dair informasiya almaq istəyən şəxslə müqavilənin bağlanması

 

QAYDASI

 

1. Ümumİ müddəalar

 

1.1. Bu Qayda "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli, 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ətraf mühitə dair informasiya almaq istəyən şəxslə müqavilənin bağlanması qaydasını müəyyən edir.

1.2. Ətraf mühitə dair informasiya almaq istəyən şəxslə müqavilənin bağlanmasında məqsəd informasiya almaq istəyən şəxs (bundan sonra informasiya alan) və ətraf mühitə dair informasiya obyekti olan dövlət və ya yerli özünüidarəetmə orqanı (bundan sonra informasiya verən orqan) arasında ətraf mühitə dair informasiya alınması üzrə hüquqi münasibətləri tənzimləməkdən ibarətdir.

1.3. Müqavilə ətraf mühitə dair informasiyanın informasiya alana uzun müddətə müəyyən şərtlərlə verilməsi məqsədi ilə bağlanır. Ətraf mühitə dair informasiyanın birdəfəlik sorğu əsasında verilməsi üçün müqavilə bağlanmır.

1.4. Ətraf mühitə dair istənilən növ informasiya (açıq və ya alınması məhdudlaşdırılan) informasiya alanla bağlanan müqavilənin predmeti ola bilər.

 

2. Müqavİlənİn bağlanması qaydası

 

2.1. Ətraf mühitə dair informasiya almaq üçün informasiya alan informasiya verən orqana ərizə ilə müraciət etməlidir.

2.2. Ərizədə hüquqi şəxslər üçün hüquqi şəxsin adı, hüquqi ünvanı, onun bank rekvizitləri, fiziki şəxslər üçün şəxsin ünvanı, soyadı, adı və atasının adı və ətraf mühitə dair ərizəçinin almaq istədiyi informasiya barədə dəqiq və aydın məlumat göstərilir.

2.3. Təqdim olunmuş ərizə informasiya verən orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata götürülür, 10 gün müddətində baxılaraq informasiya alana müqavilə bağlamaq barədə razılıq və ya səbəbləri göstərilməklə imtina barədə yazılı cavab verir.

2.4. Müqavilə bağlamaq və ya imtina barədə qərarı informasiya verən orqanın rəhbəri və ya ətraf mühitə dair informasiya registrinin aparılmasına məsul olan şəxs qəbul edir.

2.5. Müqavilə bağlamaq barədə razılıq verildikdən başlayaraq 10 gün müddətində informasiya verən və informasiya alan arasında ətraf mühitə dair informasiya almaq haqqında müqavilə bağlanır.

2.6. Ətraf mühitə dair informasiya almaq haqqında müqavilədə aşağıdakılar göstərilir:

2.6.1. müqavilənin məzmunu ətraf mühitə dair tələb olunan informasiyanın adı və qısa məzmunu, verilmə müddətləri (gündəlik, aylıq, rüblük və s.) və forması, ödənişin miqdarı və forması;

2.6.2. müqavilənin ümumi dəyəri və qüvvədə olma müddəti;

2.6.3. müqaviləni imzalayan tərəflərin öhdəlikləri;

2.6.4. müqavilənin şərtlərinin yerinə yetirilməməsinə görə məsuliyyət;

2.6.5. müqavilə ilə bağlı mübahisələrin həlli;

2.6.6. müqaviləni imzalayan tərəflərin rekvizitləri;

2.6.7 müqavilənin məhdudlaşdırılması, dayandırılması və ya ona xitam verilməsi halları və qaydası;

2.6.8. ətraf mühitə dair informasiyanın kommersiya məqsədi ilə ötürülməsi, satılması, çoxaldılması və dərc edilməsi şərtləri və ya qadağan olunması;

2.6.9. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən və tərəflərin razılığı ilə müəyyən edilmiş digər şərtlər.

2.7. Ətraf mühitə dair informasiya almaq haqqında müqavilə iki nüsxədən ibarət tərtib edilir, hər iki nüsxə tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır və möhürlənir, bir nüsxəsi informasiya verən orqanda, ikinci nüsxəsi isə informasiya alanda qalır.

2.8. İnformasiya verən orqan ətraf mühitə dair informasiya almaq barədə müraciət və ya sorğuya cavab verməkdən, habelə informasiyanın yayılmasından yalnız qanunla nəzərdə tutulmuş hallarda imtina edə bilər.

 

3. Müqavİlənİn məhdudlaşdırılması, dayandırılması və ona xİtam verİlməsİ

 

3.1. İnformasiya alan tərəfindən ətraf mühitə dair informasiya almaq haqqında müqavilənin şərtləri pozulduqda, müqavilədə və ya qanunla nəzərdə tutulmuş hallarda bağlanmış müqavilə məhdudlaşdırıla, dayandırıla və ya ona xitam verilə bilər.

3.2. İnformasiya alan tərəfindən müqavilənin məhdudlaşdırılması və ya dayandırılmasına səbəb olan şərtlər aradan qaldırıldıqda bu hüquq tam həcmdə bərpa olunur.

3.3. Ətraf mühitə dair informasiya almaq haqqında bağlanmış müqavilənin məhdudlaşdırılması, dayandırılması və müqaviləyə xitam verilməsi barədə informasiya verən orqan informasiya alana yazılı xəbər verməlidir.

3.4. İnformasiya alan ətraf mühitə dair açıq informasiyanın əsassız olaraq alınması məhdudlaşdırılan informasiyaya aid edilməsindən, informasiya verilməsindən yayınmaqdan və imtinadan, ona natamam və ya qeyri-dəqiq cavab verilməsindən, onun digər hüquqlarının pozulmasından məhkəməyə müraciət edə bilər.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 13 may tarixli, 60 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Ətraf mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılması

 

QAYDALARI

 

1. Ümumİ müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2002-ci il 18 aprel tarixli, 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ətraf mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılması qaydalarını müəyyən edir.

1.2. Ətraf mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılmasının məqsədi ətraf mühitə dair informasiyaların toplanmasını təmin edən zəruri sistemləri, toplanmış informasiyaların saxlanmasının və mütəmadi olaraq yeniləşdirilməsinin vahid sistemini yaratmaqdan, informasiya obyektlərinin və ətraf mühitə dair informasiya registrinin vahid siyahısını müəyyənləşdirməkdən ibarətdir.

1.3. Ətraf mühitə dair informasiya obyekti olan dövlət və yerli özünüidarəetmə orqanları ətraf mühitə dair informasiyaların təhlilini, saxlanmasını, yeniləşdirilməsini və registrini bu Qaydalara uyğun aparırlar.

 

2. Ətraf mühİtə daİr İnformasİyanın təhlİlİ

 

2.1. Ətraf mühitə dair informasiya açıq və alınması məhdudlaşdırılan informasiya növlərinə bölünməklə həmin informasiyaya malik olan informasiya obyektləri tərəfindən təhlil edilir və ildə bir dəfədən az olmayaraq ətraf mühitin vəziyyətinə dair hesabatlar tərtib olunur.

2.2. Ətraf mühitə dair informasiyanın növündən, toplanma xüsusiyyətindən, ictimaiyyət üçün əhəmiyyətindən və s. asılı olaraq hesabatlar gündəlik, aylıq, rüblük, yarımillik, illik v əs. tərtib edilə bilər.

2.3. Ətraf mühitə dair informasiya təhlilinin nəticələri və onun əsasında hazırlanmış hesabatlar informasiya reyestrlərinə daxil edilir.

2.4. Ətraf mühitə dair informasiya təhlil edilərkən informasiya obyektləri tərəfindən onun, xüsusən tullantılara dair informasiyanın konfidensial informasiyadan ayrılması mümkün qədər təmin edilməlidir.

 

3. Ətraf mühİtə daİr İnformasİyanın saxlanması

 

3.1. Ətraf mühitə dair informasiya kağız daşıyıcıda, elektron, audioviziual və digər formada dövlət və yerli özünüidarəetmə orqanlarında arxiv sənədlərinin qorunub saxlanması tələblərinə uyğun olaraq xüsusi saxlama yerlərində qorunub saxlanılır.

3.2. Ətraf mühitə dair informasiyanın maddi daşıyıcıları köhnəlmə dərəcəsində asılı olaraq vaxtaşırı bərpa olunur.

3.3. Ətraf mühitə dair informasiya məxfi və ya konfidensial informasiyanın tərkibindədirsə və ya onları ayırmaq informasiyanın tamlığına, məxfiliyinə və ya konfidensiallığına zərər vura bilərsə, informasiyanın məxfiliyi və ya konfidensiallığı müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada qorunur.

3.4. Ətraf mühitə dair informasiya siyahıları ətraf mühitə dair vahid informasiya reyestrində saxlanılır.

 

4. Ətraf mühİtə daİr İnformasİyanın yenİləşdİrİlməsİ

 

4.1. Ətraf mühitə dair informasiya subyekti olan dövlət və yerli özünüidarəetmə orqanları ətraf mühitin vəziyyətinə dair tərtib etdikləri hesabatlar üzrə informasiyaları ictimaiyyət üçün açıq olan elektron məlumatlar bankına daxil edir, çirklənmələrlə bağlı kadastr və registr sistemlərinin təkmilləşdirilməsi üçün tədbirlər görür və qanunvericiliyə müvafiq qaydada dövri olaraq yeniləşdirirlər.

4.2. Ətraf mühitin vəziyyətinə dair hesabatlar informasiyaların verilmə müddətlərinə müvafiq olaraq təhlil edilir və yeniləşdirilir.

4.3. Ətraf mühitə dair informasiya və onların reyestrləri yeniləşdirilərkən əvvəlki dövrlərə aid informasiyanın qorunub saxlanmasını təmin etmək məqsədi ilə informasiya arxivləri və onların reyestrləri yaradılır.

 

5. Ətraf mühİtə daİr İnformasİya obyektlərİnİn sİyahısı

 

5.1. Əhalinin sağlamlığı və ətraf mühitin mühafizəsi, onlara nəzarət, torpağın, suyun, yerin təkinin, atmosferin, meşələrin, yaşıllıqların, heyvanlar və bitkilər aləminin qorunması, təbii ehtiyatlardan, habelə təkrar xammaldan istifadə, bu sahədə qayda və standartları müəyyənləşdirmək, həmçinin ətraf mühitin vəziyyətinə təsir göstərə bilən qərarlar qəbul etmək səlahiyyətli dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, onların sahə strukturları, digər ixtisaslaşdırılmış fəaliyyəti növləri ətraf mühitə dair informasiyanın obyektləridir.[1]

5.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitə dair informasiya obyektlərinin siyahısı bu obyektlərin ünvanı və həmin obyektlərdə informasiyanın verilməsinə məsul olan vəzifəli şəxsin soyadı, adı göstərilməklə hazırlanır və hər il yeniləşdirilir.

 

6. Ətraf mühİtə daİr İnformasİyanın regİstrİ və onun aparılması

 

6.1. Ətraf mühitə dair informasiyanın registri dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən ətraf mühitin vəziyyəti və ona təsir edən amillər haqqında yaradılan, aparılan, saxlanılan və mütəmadi olaraq yeniləşdirilən sistemləşdirilmiş məlumatların məcmusudur.

6.2. Ətraf mühitə dair informasiyanın registrinə aşağıdakı məlumatlar daxil edilir:

6.2.1. Təbii ehtiyatların monitorinqinə dair:

atmosfer havasının vəziyyəti (hidrometeoroloji və iqlim şəraiti) haqqında;

su ehtiyatları (səth və yeraltı sular) haqqında;

torpaqların vəziyyəti haqqında;

yer təkinin geoloji vəziyyətinin öyrənilməsi haqqında;

mineral-xammal ehtiyatları və ondan istifadənin vəziyyəti haqqında;

bioloji sərvətlərin vəziyyəti haqqında;

bitki örtüyünün və meşə ehtiyatlarının vəziyyəti haqqında;

heyvanların, o cümlədən quşların və balıqların vəziyyəti haqqında.

6.2.2. Ətraf mühitin çirklənməsinin monitorinqinə dair:

atmosfer havasının çirklənməsi haqqında;

torpaqların çirklənməsi haqqında;

səth sularının çirklənməsi haqqında;

Xəzər dənizinin (gölünün) çirklənməsi haqqında;

yeraltı suların çirklənməsi haqqında;

zərərli maddələrin transsərhəd (dəniz, çay və hava vasitəsi ilə) daşınması haqqında;

yağıntıların kimyəvi tərkibi haqqında;

radioaktiv çirklənmə (torpaq, hava və su üzrə) haqqında;

səs-küy, vidrasiya və elektromaqnit təsirləri haqqında;

tullantıların idarə olunması haqqında.

6.2.3. Xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqinə dair:

dövlət təbiət qoruqlarının, yasaqlıqlarının, milli parklarının və təbiət abidələrinin vəziyyəti haqqında;

xüsusi mühafizə olunan təbiət ərazilərində ətraf mühitin mühafizəsinin vəziyyəti haqqında.

6.2.4. Ətraf mühitin mühafizəsinə dair:

ekoloji təhlükəsizlik haqqında;

ətraf mühitin sağlamlaşdırılması sahəsində tədbirlər haqqında.

6.2.5. Ətraf mühitə dair qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatlar.

6.3. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ətraf mühitə dair informasiyanın registri, təbiətdən istifadənin hər bir sahəsi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Təbii ehtiyatların dövlət kadastrının aparılması qaydaları haqqında Əsasnamə"yə uyğun aparılır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 mart 2017-ci il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 28 mart 2017-ci il, 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 494)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 mart 2017-ci il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 28 mart 2017-ci il, 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 494) ilə 5.1-ci bəndinə meşələrin, sözündən sonra yaşıllıqların, sözü əlavə edilmişdir.