Hidrotexniki
qurğuların təhlükəsizliyi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun hidrotexniki qurğuların
layihələndirilməsi, tikintisi, istismarı, yenidən
qurulması, bərpası, konservasiyası və ləğv
edilməsi zamanı onların təhlükəsizliyinin
təmin olunması ilə bağlı münasibətləri
tənzimləyir, dövlət hakimiyyəti
orqanlarının, qurğu mülkiyyətçilərinin
və istismarçılarının vəzifələrini
müəyyənləşdirir.
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Əsas
anlayışlar
1.0. Bu Qanunda istifadə olunan
anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.0.1. hidrotexniki qurğu - su anbarları,
bəndlər, magistral sunəqledici kəmərlər, su
elektrik stansiyaları, sutullayıcı, suburaxıcı,
suqəbuledici, sudurulducu, suötürücü, su
nasosxanaları, tunellər, kanallar, kollektorlar,
səviyyəəlaqələndirici, sahilqoruyucu,
sahilbərkidici, məcranizamlayıcı, balıqburaxan və
balıqqoruyucu, Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsində
yerləşən dəniz qurğuları (estakadalar,
estakadayanı meydançalar, stasionar dəniz platformaları, su mühiti ilə qarşılıqlı
təsirdə olan, dəniz
üzgüçülüyünün
təhlükəsizliyinin təmin edilməsi və
gəmilərin dayanması üçün nəzərdə
tutulmuş mühəndis-texniki qurğular, gəmiburaxan
şlyüzlər), habelə yeraltı və yerüstü su
ehtiyatlarından istifadə etmək və suyun zərərli
təsirlərinin qarşısını almaq
üçün istifadə olunan digər xüsusi
mühəndis-texniki qurğular;[1]
1.0.2. hidrotexniki qurğunun
təhlükəsizliyi - hidrotexniki qurğunun qəzaya
uğraması və zədələnməsi
nəticəsində yarana biləcək
fəlakətlərdən və təhlükəli
hadisələrdən insanların həyatının,
sağlamlığının, dövlətin
əmlak maraqlarının, ətraf mühitin və
təsərrüfat obyektlərinin mühafizəsini təmin
edən xüsusiyyətləri;[2]
1.0.3. hidrotexniki qurğunun
təhlükəsizliyinin qiymətləndirilməsi -
hidrotexniki qurğunun texniki vəziyyətinin və istismar
heyətinin ixtisas dərəcəsinin bu Qanunla və digər
müvafiq normativ hüquqi aktlarla müəyyən olunan norma
və qaydalara uyğunluğunun
müəyyənləşdirilməsi;
1.0.4. hidrotexniki qurğunun
təhlükəsizliyi meyarları - hidrotexniki qurğunun
davamlılığının və texniki vəziyyətinin,
eləcə də istismar şərtlərinin qurğuda qəza
baş verməsinin yol verilə bilən risk həddinə
uyğun gələn kəmiyyət və keyfiyyət
göstəricilərinin son həddi;
1.0.5. hidrotexniki qurğunun
təhlükəsizliyinin təmin olunması - hidrotexniki
qurğuda qəza baş verməsinin qarşısının
alınması üzrə kompleks tədbirlərin işlənib
hazırlanması və həyata keçirilməsi;
1.0.6. hidrotexniki qurğunun
təhlükəsizlik bəyannaməsi - hidrotexniki qurğunun
təhlükəsizliyini əsaslandıran və
təhlükəsizliyin təmin edilməsi tədbirlərini
özündə əks etdirən sənəd;
1.0.7. hidrotexniki qurğunun
mülkiyyətçisi - hidrotexniki qurğuya sahiblik etmək,
onun barəsində sərəncam vermək və ondan
istifadəyə icazə vermək hüququ olan hüquqi
və ya fiziki şəxs;
1.0.8. hidrotexniki qurğunun
istismarçısı - mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq
təsərrüfat yaxud sahibkarlıq fəaliyyəti
məqsədi ilə hidrotexniki qurğunu istismar edən
hüquqi və ya fiziki şəxs;
1.0.9. fövqəladə hal - hidrotexniki
qurğuda baş verən qəza və
zədələnmə nəticəsində müəyyən
bir ərazidə insanların həyatına, sağlamlığına,
əmlakına, ətraf mühitə və
təsərrüfat obyektlərinə zərər
dəyməsinə, habelə maddi itkilərə səbəb
olan vəziyyət.
Maddə 2. Hidrotexniki
qurğuların təhlükəsizliyi haqqında qanunvericilik
2.1. Hidrotexniki qurğuların
təhlükəsizliyi haqqında qanunvericilik bu Qanundan,
Azərbaycan Respublikasının Su Məcəlləsindən,
"Meliorasiya və irriqasiya haqqında", "Su
təchizatı və tullantı suları haqqında",
"Energetika haqqında", "Elektrik və istilik stansiyaları
haqqında", "Enerji resurslarından istifadə
haqqında", "Texniki təhlükəsizlik
haqqında" Azərbaycan Respublikasının
qanunlarından və digər normativ hüquqi aktlardan
ibarətdir.
2.2. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrdə
hidrotexniki qurğuların təhlükəsizliyi ilə
əlaqədar müəyyən edilmiş qaydalar bu Qanunda
nəzərdə tutulmuş qaydalardan
fərqlənərsə, beynəlxalq müqavilələrin
qaydaları tətbiq edilir.
2.3. Hidrotexniki qurğuların
təhlükəsizliyi sahəsində beynəlxalq
əməkdaşlıq Azərbaycan Respublikasının
qanunvericiliyinə və beynəlxalq hüquq normalarına
uyğun olaraq Azərbaycan Respublikası ilə başqa
dövlətlər və beynəlxalq təşkilatlar
arasında bağlanmış müqavilələr,
sazişlər və razılaşmalar əsasında
həyata keçirilir.
Maddə 3. Hidrotexniki
qurğuların təhlükəsizliyi üzrə
təsnifatı
3.1. Azərbaycan Respublikasının
ərazisində məqsədli təyinatından,
təhlükəsizlik dərəcəsindən,
mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən
asılı olaraq hidrotexniki qurğular
təsnifatlaşdırılır, dövlət və yerli
əhəmiyyətli hidrotexniki qurğulara bölünür.
3.2. Dövlətlərarası
müştərək istismar edilən və kaskad tipli su
elektrik stansiyaları, iri su anbarları, su nasosxanaları,
bəndlər, tunellər, magistral kanallar, kollektorlar, su
anbarlarının və çay sahillərinin mühafizə
qurğuları, habelə Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsində
yerləşən dəniz qurğuları xüsusi
mühafizə olunan dövlət əhəmiyyətli
hidrotexniki qurğulara aid edilir.
3.3. Dövlət və yerli
əhəmiyyətli hidrotexniki qurğuların
siyahısı, mühafizə rejimi və təhlükəsizliyi
üzrə təsnifatı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 4. Hidrotexniki
qurğular üzərində mülkiyyət və istismar
hüququ
4.1. Hidrotexniki qurğular dövlət,
bələdiyyə və xüsusi mülkiyyətdə ola
bilər.
4.2. Hidrotexniki qurğular üzərində
istismar hüququ Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada əldə edilir.
Maddə 5. Hidrotexniki
qurğuların dövlət reyestri
5.1. Hidrotexniki qurğuların
dövlət reyestri qurğunun məqsədli
təyinatını, texniki xassələrini, təhlükəsizlik
dərəcəsini və təhlükəsizliyi üzrə
təsnifatını özündə əks etdirən
məlumatlar toplusudur və onların sistemləşdirilmiş
qeydiyyatını, səmərəli istifadəsini və
mühafizəsini təşkil etmək məqsədi ilə
aparılır.
5.2. Hidrotexniki qurğuların
dövlət reyestrinin tərtib olunması və
aparılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
5.3. Hidrotexniki qurğuların
təhlükəsizlik bəyannaməsi təsdiq edildikdən
sonra dövlət reyestrinə daxil edilir.
II fəsil
Hİdrotexnİkİ qurğuların
təhlükəsİzlİyİnİn təmİn
olunması
Maddə 6. Hidrotexniki
qurğuların təhlükəsizliyinin təmin
olunmasına tələblər
6.1. Hidrotexniki qurğuların
təhlükəsizliyi aşağıdakı
tələblər əsasında təmin olunur:
6.1.1. qurğularda qəza riskinin
müəyyən olunması;
6.1.2. qurğuların
təhlükəsizlik bəyannaməsinin tərtib edilməsi
və ona riayət edilməsi;
6.1.3. qurğuların istismarının
fasiləsizliyi;
6.1.4. qurğuların
təhlükəsizliyinin təmin olunması üzrə
tədbirlərin hazırlanması, həyata
keçirilməsi, o cümlədən onların təhlükəsizlik
meyarlarının müəyyən edilməsi, texniki
vəziyyətinə nəzarət etmək üçün
lazımi vasitələrlə təchiz olunması, istismar
heyətinin tələb olunan texniki ixtisas
dərəcələrinin təmin olunması;
6.1.5. qurğularda fövqəladə
halların qarşısını almaq məqsədi ilə
qabaqlayıcı kompleks tədbirlərin görülməsi;
6.1.6. qurğuların
təhlükəsizliyinin təmin olunması üzrə
tədbirlərin maliyyələşdirilməsi;
6.1.7. qurğuların
təhlükəsizlik dərəcəsinin müəyyən
edilmiş həddən aşağı
düşməsinə səbəb olan
hərəkətlərə (yaxud hərəkətsizliyə)
görə məsuliyyətin
müəyyənləşdirilməsi.
6.2. Hidrotexniki qurğuların
yerləşdiyi ərazilərdə onların
təhlükəsizliyi üzrə təsnifatından
asılı olaraq müvafiq mühafizə rejimi tətbiq
edilir və ətrafında mühafizə zonaları
yaradılır. Mühafizə zonalarının
ölçüləri, sərhədləri və
istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur.
6.3. Dövlət əhəmiyyətli
xüsusi mühafizə olunan hidrotexniki qurğuların
mühafizə zonalarının hüdudlarında (dəniz
qurğularında yerləşən quyularda quyudaxili
partlayış işləri istisna olmaqla) partlayış
işlərinin aparılması və yeraltı təbii
ehtiyatların istismarı, habelə qurğulara və ətraf
mühitə fiziki, kimyəvi və bioloji təsir
göstərə bilən obyektlərin
yerləşdirilməsi və fəaliyyət
göstərməsi qadağan edilir.
6.4. Dövlət energetika və su
nəqliyyatı sistemi müəssisələrinin
tərkibində fəaliyyət göstərən hidrotexniki
qurğuların, o cümlədən Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində yerləşən dəniz
qurğularının təhlükəsizliyinin təmin
olunmasının xüsusiyyətləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
əsasnamə ilə müəyyən olunur.
Maddə 7. Hidrotexniki
qurğuların təhlükəsizliyinin təmin olunması
üzrə dövlətin vəzifələri
7.0. Hidrotexniki qurğuların
təhlükəsizliyinin təmin olunması üzrə
dövlətin vəzifələri
aşağıdakılardır:
7.0.1. qurğuların
təhlükəsizliyinin təmin olunması üzrə
dövlət proqramları hazırlamaq və həyata
keçirmək;
7.0.2. qurğuların
təhlükəsizliyi sahəsində elmi-texniki siyasəti
müəyyən etmək və beynəlxalq
əməkdaşlığı həyata keçirmək;
7.0.3. qurğuların
təhlükəsizliyi üzrə təsnifatını və
mühafizə rejimini müəyyən etmək;
7.0.4. qurğuların dövlət
reyestrinin tərtib edilməsi və aparılması
qaydalarını müəyyən etmək;
7.0.5. qurğuların
təhlükəsizlik bəyannaməsinin ekspertizasının
keçirilməsi və tərtib olunma qaydalarını
təsdiq etmək;
7.0.6. qurğularda qəza
hadisələrinin texniki təhqiqatının aparılması
üzrə xüsusi komissiya təşkil etmək;
7.0.7. qurğuların
etibarlılığını, təhlükəsiz istismar
qaydalarını və tələblərini özündə
əks etdirən normativlərin və standartların işlənməsini
və təsdiqini təşkil etmək;
7.0.8. qurğuların
təhlükəsizliyi üzrə dövlət nəzarətinin
həyata keçirilməsi qaydalarını
müəyyən etmək;
7.0.9. təbii fəlakət
nəticəsində qəzaya uğramış,
zədələnmiş və dağılmış
qurğuların ləğv olunması, bərpası və ya
konservasiyası barədə qərar qəbul etmək;
7.0.10. qanunvericiliklə müəyyən
edilmiş digər vəzifələri həyata
keçirmək.
Maddə 8. Hidrotexniki
qurğuların təhlükəsizliyinin təmin olunması
sahəsində qurğu mülkiyyətçisinin və
istismarçısının vəzifələri
8.1. Hidrotexniki qurğuların
təhlükəsizliyinin təmin olunması sahəsində
qurğu mülkiyyətçisinin və
istismarçısının vəzifələri
aşağıdakılardır:
8.1.1. qurğunun tikintisi, istismara
verilməsi, istismarı, təmiri, yenidən qurulması,
istismardan çıxarılması və konservasiyası
zamanı təhlükəsizlik norma və qaydalarına
riayət edilməsini təmin etmək;
8.1.2. qurğunun istismarını mövcud
qanunvericiliyə uyğun təşkil etmək, istismar
heyətinin ixtisas dərəcəsinin
artırılmasını təmin etmək;
8.1.3. qurğunun texniki
vəziyyətinə müntəzəm nəzarət
etmək, fasiləsiz monitorinq aparmaq, onların
nəticələrini təhlil etmək, əldə olunmuş
məlumatlar əsasında qurğuların
təhlükəsizliyini, təbii və texnogen
hadisələrin zərərli təsirini
proqnozlaşdırmaq və qiymətləndirmək;
8.1.4. qurğuda fövqəladə
vəziyyətin yarandığını xəbər verən
yerli xəbərdarlıq sisteminin daim işlək
vəziyyətdə olmasını təmin etmək;
8.1.5. qurğunun texniki
vəziyyətinə nəzarət sistemi yaratmaq, onu daim
təkmilləşdirmək və işlək
vəziyyətdə olmasını təmin etmək;
8.1.6. qurğuda qəza baş verməsi
ehtimalı yarandığı hallarda müvafiq icra
hakimiyyəti orqanlarını, bələdiyyələri
və əhalini xəbərdar etmək, baş verə
biləcək qəzanın aradan qaldırılması
üzrə təkliflər vermək və tədbirlər
görmək;
8.1.7. qurğunun təhlükəsizliyinə
mənfi təsir göstərən səbəblərin
müntəzəm təhlili, onun texniki cəhətdən saz
və təhlükəsiz olmasının təmin edilməsi,
habelə qurğuda qəza baş verməsinin
qarşısının alınması üzrə vaxtında
lazımi tədbirlər işləyib həyata
keçirmək;
8.1.8. qurğuda qəzanın qarşısının
alınması məsələləri üzrə müvafiq
icra hakimiyyəti orqanları və
bələdiyyələrlə qarşılıqlı
əlaqələr yaratmaq, qəza təhlükəsi və
qurğunun dağılma qorxusu reallaşdıqda
ərazidə məskunlaşan əhalinin və
təşkilatların subasma zonasından
çıxarılmasına yardım etmək;
8.1.9. dövlət nəzarət
orqanları tərəfindən aşkar edilən
təhlükəsizlik norma və qayda pozuntularını
vaxtında aradan qaldırmaq;
8.1.10. qurğunun təhlükəsiz
istismarı, qəza hadisələrinin baş verməməsi
və qəzanın nəticələrinin aradan
qaldırılması üçün müvafiq maliyyə
və material ehtiyatları yaratmaq.
8.2. Hidrotexniki qurğunun
mülkiyyətçisi və istismarçısı onun
təhlükəsizliyinə öz səlahiyyətləri
daxilində cavabdehdirlər.
Maddə 9. Hidrotexniki
qurğuların təhlükəsizlik bəyannaməsi
9.1. Hidrotexniki qurğuların
layihələndirilməsi, tikintisi və istismarı
mərhələlərində, eləcə də onların
yenidən qurulması, əsaslı təmiri, bərpası
və konservasiyasından sonra qurğunun
mülkiyyətçisi və ya istismarçısı
hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsini
tərtib etməlidir.
9.2. Hidrotexniki qurğuların
təhlükəsizlik bəyannaməsi qurğunun
təhlükəsizlik meyarlarına cavab verən
məlumatları özündə əks etdirən əsas
sənəddir.
9.3. Hidrotexniki qurğuların
təhlükəsizlik bəyannaməsinin tərtib olunma
qaydaları və forması müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müәyyәn edilir.
9.4. Hidrotexniki qurğunun
mülkiyyətçisi və ya istismarçısı
qurğunun təhlükəsizlik bəyannaməsini müvafiq
icra hakimiyyəti orqanlarının təsdiqinə verir.
Hidrotexniki qurğuların təhlükəsizlik
bəyannaməsinin təsdiq olunması, qurğunun
dövlət reyestrinə daxil edilməsi, layihənin
təsdiq edilməsi, qurğunun tikintisi, istismara verilməsi,
istismar edilməsi, istismardan çıxarılması,
yenidən qurulması, əsaslı təmiri, bərpası
və konservasiyası, habelə təyinatının dəyişdirilməsi
və ləğvi üçün əsasdır.
9.5. Hidrotexniki qurğunun
mülkiyyətçisi və istismarçısı
təhlükəsizlik bəyannaməsində
göstərilən məlumatların
düzgünlüyünə qanunvericiliklə
müəyyən olunmuş qaydada məsuliyyət
daşıyırlar.
9.6. Hidrotexniki qurğuların təhlükəsizlik
bəyannaməsi qurğunun mülkiyyətçisində
və ya istismarçısında saxlanılır.
Maddə 10. Hidrotexniki
qurğuların təhlükəsizlik bəyannaməsinin
ekspertizası
10.1. Hidrotexniki qurğuların
təhlükəsizlik bəyannaməsinin ekspertizası
layihə mərhələsi də daxil olmaqla müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada ödənişli əsaslarla həyata
keçirilir.
10.2. Hidrotexniki qurğuların
təhlükəsizlik bəyannaməsinin ekspertizasını
aparmaq üçün elmi tədqiqat və layihə
təşkilatları cəlb edilə bilər.
10.3. Ekspertizanın nəticəsi
əsasında müvafiq icra hakimiyyəti orqanları
tərəfindən qurğuların təhlükəsizlik
bəyannaməsinin təsdiqi haqqında qərar verilir.
Maddə 11. Hidrotexniki
qurğuda baş vermiş qəza hadisələrinin texniki
təhqiqatı
11.1. Hidrotexniki qurğuda baş vermiş
qəza hadisəsi müvafiq icra hakimiyyəti orqanının
təşkil etdiyi xüsusi komissiya tərəfindən texniki
cəhətdən təhqiq edilir.
11.2. Qəza hadisələrinin texniki
təhqiqatının nəticələri barədə
komissiya tərəfindən xüsusi akt tərtib edilir. Aktda
qəzanın səbəbləri və onunla bağlı
təhlükənin hərtərəfli
qiymətləndirilməsi, qəza nəticəsində
dəyən ziyanın həcmi, təhlükəsizlik
qaydalarının və tələblərinin pozulması
halları, habelə qəza hadisəsinin
lokallaşdırılması və aradan qaldırılması
üzrə görülmüş və
görüləcək tədbirlər göstərilir.
11.3. Hidrotexniki qurğuların
mülkiyyətçiləri və istismarçıları
qəza hadisələrinin texniki təhqiqatı üzrə
təşkil edilmiş komissiyaya lazımi məlumat və
sənədləri təqdim etməlidir.
III fəsil
Hİdrotexnİkİ qurğuların
təhlükəsİzlİyİnə dövlət
nəzarətİ
Maddə 12. Hidrotexniki
qurğuların təhlükəsizliyinə dövlət
nəzarətinin məqsədi
12.1. Hidrotexniki qurğuların
təhlükəsizliyinə dövlət nəzarətinin
məqsədi onların təhlükəsizliyi meyarlarına,
normalarına, habelə bu sahədə müəyyən
olunmuş digər normativlərə, ekoloji, texnoloji, seysmoloji,
metroloji, sanitariya-gigiyenik standartlara, qaydalara və
tələblərə riayət olunmasını təmin
etməkdən ibarətdir.
12.2. Hidrotexniki qurğuların
təhlükəsizliyinə dövlət nəzarətinin
həyata keçirilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 13. Hidrotexniki
qurğuların təhlükəsizliyinə dövlət
nəzarətini həyata keçirən orqanların
vəzifələri
13.1. Hidrotexniki qurğuların
təhlükəsizliyinə dövlət nəzarəti
müvafiq icra hakimiyyəti orqanları tərəfindən
həyata keçirilir.
13.2. Hidrotexniki qurğuların
təhlükəsizliyinə dövlət nəzarətini
həyata keçirən orqanların vəzifələri
aşağıdakılardır:
13.2.1. qurğuların
təhlükəsizlik qaydalarını hazırlamaq, təsdiq
etmək, onların meyarlarını
müəyyənləşdirmək;
13.2.2. qurğuların dövlət
reyestrini aparmaq;
13.2.3. qurğuların
təhlükəsizlik bəyannaməsinin ekspertizasını
keçirmək, təsdiq etmək və onları
dövlət reyestrinə daxil etmək;
13.2.4. qurğuların
yerləşdirilməsində, layihə
tapşırıqlarının, tikinti və yenidən qurulma
layihələrinin, habelə istismar qaydalarının
razılaşdırılmasında, tikintinin keyfiyyətinə
nəzarət və tikintisi qurtarmış obyektlərin
istismara qəbul edilməsində iştirak etmək;
13.2.5. qurğulara maneəsiz baxış
keçirmək, təhlükəsizliyi barədə
materiallarla tanış olmaq və texniki nəzarəti
təşkil etmək;
13.2.6. qurğuların texniki
vəziyyətinin onun təhlükəsizlik
bəyannaməsinə uyğunluğunu yoxlamaq;
13.2.7. qurğuların yerləşdiyi
ərazilərdən, çayların məcralarından,
digər sututarlardan və onlara bitişik ərazilərdən
(suqoruyucu zonalar yerləşən torpaq sahələri istisna
olmaqla) istifadə olunmasını razılaşdırmaq;
13.2.8. qurğuların
təhlükəsizliyinə aid normativ hüquqi aktların
layihələrinin hazırlanmasında iştirak etmək;
13.2.9. çayların məcralarında,
sututarlarda, onlara bitişik sahələrdə və
dənizdə hidrotexniki qurğuların
təhlükəsizliyinə xələl gətirən
hüquqi və fiziki şəxslərin təsərrüfat
fəaliyyətini dayandırmaq yaxud məhdudlaşdırmaq;
13.2.10. qurğuların
təhlükəsizliyi təmin olunmadıqda tikinti,
yenidənqurma, bərpa və konservasiya işlərini,
eləcə də fəaliyyətini dayandırmaq.
Maddə 14. Hidrotexniki
qurğuların təhlükəsizliyinə nəzarətin
təşkili
14.1. Hidrotexniki qurğuların
təhlükəsizliyinə nəzarət onların
təhlükəsizliyinin qiymətləndirilməsi
məqsədi ilə qurğuların istismarı, eləcə
də tikintisi, yenidən qurulması, əsaslı təmiri,
bərpası və konservasiyası zamanı “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında”
Azərbaycan Respublikası Qanununun tələbləri
nəzərə alınmaqla texniki yoxlama qaydasında həyata
keçirilir. [3]
14.2. Texniki yoxlama müvafiq icra
hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnamə
ilə nizamlanır və həyata keçirilir. [4]
14.3. Texniki yoxlamanın
nəticələri əsasında müvafiq icra hakimiyyəti
orqanları qərar qəbul edir və onu hidrotexniki
qurğunun mülkiyyətçilərinə və ya istismarçılarına
göndərir.
14.4. Mülkiyyətçilər və ya
istismarçılar texniki yoxlamanın nəticələri
barədə müvafiq icra hakimiyyəti orqanlarının
qərarını yerinə yetirməyə borcludurlar.
IV fəsil
Hİdrotexnİkİ qurğuların
təhlükəsİzlİyİ haqqında
qanunverİcİlİyİn pozulmasına görə
məsulİyyət və mübahİsələrİn həllİ
Maddə 15. Hidrotexniki
qurğuların təhlükəsizliyi haqqında
qanunvericiliyin pozulması nəticəsində vurulan ziyanın
ödənilməsi
15.1. Hidrotexniki qurğuların
təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması
nəticəsində fövqəladə hallar istisna olmaqla,
insanların həyatına, sağlamlığına,
hüquqi və fiziki şəxslərin əmlakına vurulan
ziyan qüvvədə olan qanunvericiliyə əsasən
zərərçəkənlərə qurğunun
mülkiyyətçisinin və ya istismarçısının
vəsaiti hesabına ödənilir.
15.2. Hidrotexniki qurğuların
mülkiyyətçisi və ya istismarçısı
onların sığortalanmasını Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq təmin edir.
Maddə 16. Hidrotexniki
qurğuların təhlükəsizliyi haqqında
qanunvericiliyin pozulmasına görə məsuliyyət
Hidrotexniki qurğuların
təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasında
təqsirkar olan şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 17.
Mübahisələrin həlli
Hidrotexniki qurğuların
təhlükəsizliyinin təmin olunması ilə
bağlı mübahisələr Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
məhkəmə qaydasında həll edilir.
Heydər
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2002-ci il
¹ 412-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
30 sentyabr 2014-cü il tarixli 1034-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
9 noyabr
2014-cü il, ¹ 245;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 10, maddə 1154)
2. 18 dekabr 2015-ci il tarixli 46-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,
29 yanvar 2016-cı il, ¹ 20,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 01, maddə 13)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 18
dekabr 2015-ci il tarixli 46-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 29 yanvar
2016-cı il, ¹ 20, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 01,
maddə 13)
ilə 1.0.1-ci maddəsində “limanlar” sözü “su mühiti ilə
qarşılıqlı təsirdə olan, dəniz
üzgüçülüyünün
təhlükəsizliyinin təmin edilməsi və
gəmilərin dayanması üçün nəzərdə
tutulmuş mühəndis-texniki qurğular” sözləri
ilə əvəz edilmişdir.
[2] 30 sentyabr 2014-cü il tarixli 1034-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 9
noyabr
2014-cü il, ¹ 245; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1154) ilə 1.0.2-ci maddədə “əmlakının”
sözü “dövlətin
əmlak maraqlarının” sözləri ilə
əvəz edilmişdir.
[3] 30
sentyabr
2014-cü il tarixli 1034-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 noyabr 2014-cü il, ¹ 245;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 10, maddə 1154) ilə 14.1-ci maddədə “konservasiyası zamanı”
sözlərindən sonra “Sahibkarlıq
sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikası Qanununun
tələbləri nəzərə alınmaqla”
sözləri əlavə edilmişdir.
[4] 30
sentyabr
2014-cü il tarixli 1034-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 noyabr 2014-cü il, ¹ 245;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 10, maddə 1154) ilə
14.2-ci maddə ləğv edilmişdir.