İcra hakimiyyəti orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. İcra hakimiyyəti orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 28 yanvar 2002-ci il
№ 665

 

Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

İcra hakimiyyəti orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi
QAYDALARI

 

1. Bu Qaydalar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır və icra hakimiyyəti orqanlarında dövlət qulluqçularına vəzifədə qulluq stajına görə əlavə haqqın ödənilməsi şərtlərini müəyyən edir.

2. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq hər iki ildən bir artırılır.

3. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq aylıq vəzifə maaşına nisbətən faizlə müəyyən edilir və hər ay ödənilir.

4. Dövlət qulluqçusuna xidmətin ikinci ilindən başlayaraq vəzifədə qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşağıdakı qaydada hər ay əlavə haqq ödənilir:

 

Qulluq stajı (il)

Aylıq vəzifə maaşına əlavə haqq (faizlə)

1 ildən - 3 ilədək

5

3 ildən - 5 ilədək

7

5 ildən - 7 ilədək

9

7 ildən - 9 ilədək

11

9 ildən - 11 ilədək

13

11 ildən - 13 ilədək

15

13 ildən - 15 ilədək

17

15 ildən - 17 ilədək

19

17 ildən - 19 ilədək

21

19 ildən - 21 ilədək

23

21 ildən - 23 ilədək

25

23 ildən - 25 ilədək

27

25 ildən yuxarı

30

 

5. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq işlədiyi dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu hesabına verilir.

6. Dövlət qulluqçularına qulluq stajına görə aylıq vəzifə maaşına müəyyən edilmiş əlavələrin ödənilməsi məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olunmaqla) 2 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.

7. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır:

dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı;

dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı;

məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü;

dövlət qulluğu vəzifəsinə qəbul edilmiş dövlət qulluqçusunun həmin vəzifədə sınaq müddəti;

dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət;

əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət;

ödənişli məzuniyyət dövrləri.

Bu bənddə nəzərdə tutulmayan digər fasilələr dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.

8. Dövlət qulluqçusunun qulluq stajının hesablanması onun qulluq etdiyi dövlət orqanı tərəfindən həyata keçirilir.

9. Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) işlədiyi dövr nəzərə alınır.

10. Dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir.

11. Bu Qaydaların 7-ci və 9-cu bəndlərinin tətbiqi zamanı yaranmış fikir ayrılığı Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası tərəfindən aradan qaldırılır.

12. Dövlət qulluqçusuna qulluq stajına görə verilən əlavə haqq orta əmək haqqı hesablanarkən nəzərə alınır.

13. Dövlət qulluqçusu daha yüksək dərəcəli dövlət qulluğu vəzifəsinə təyin edilərkən əvvəlki vəzifəsində qulluq stajına görə əlavə haqq verilmir.