“Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları"nın, "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları"nın və "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları", "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları" və "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "Atmosfer havasına zərərli təsirlərin dövlət uçotuna dair Əsasnamənin təsdiq edilməsi haqqında" SSRİ Nazirlər Sovetinin 1982-ci il 12 avqust tarixli, 746 nömrəli qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 26 avqust tarixli, 396 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 13 iyul 2002-ci il

№ 112

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 13 iyul tarixli, 112 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu

 

QAYDALARI

 

Bu Qaydalar "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsirlərin dövlət uçotu qaydalarını müəyyən edir.

1. Atmosfer havasına zərərli təsirin dövlət uçotunun əsas məqsədi zərərli təsir göstərən obyektlər, atmosferə atılan zərərli maddələrin miqdarı və tərkibi, habelə atmosferə zərərli fiziki təsirlərin növləri və miqyası haqqında məlumatları əldə etməkdir.

2. Atmosfer havasına zərərli təsirin dövlət uçotunun aparılması aşağıda qeyd olunan məsələlərin həllini təmin etməlidir:

2.1. ətraf mühitin mühafizəsi üzrə ərazi kompleks sxemlərinin tərtibini;

2.2. Azərbaycan Respublikasının atmosfer havasının mühafizəsi üzrə beynəlxalq öhdəliklərindən irəli gələn tədbirlərin həyata keçirilməsini;

2.3. atmosfer havasına atılan zərərli maddələrin atılma həddi normativlərinin və ona zərərli fiziki təsirlərin müəyyənləşdirilməsini;

2.4. atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin tənzimlənməsini;

2.5. atmosfer havasına zərərli təsir göstərən obyektlərin, qurğu və avadanlıqların, habelə digər mənbələrin yerləşdirilməsini və layihələndirilməsini;

2.6. şəhərlər və digər yaşayış məntəqələrinin salınmasını və inkişafını;

2.7. atmosfer havasının keyfiyyət dəyişməsinin proqnozlaşdırılmasını;

2.8. atmosfer havasının mühafizəsinə dövlət nəzarətinin aparılmasını;

2.9. əhalinin, dövlət idarəetmə orqanlarının və marağı olan təşkilatların atmosfer havasının çirklənməsi haqqında məlumatlandırılmasını;

2.10. atmosfer havasının mühafizəsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş digər halları.

3. Atmosfer havasına zərərli təsirlərin dövlət uçotu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən aparılır.

4. Parnik effektli qazlar, ozon təbəqəsini dağıdan maddələr və fiziki təsirlər daxil olmaqla atmosfer havasına atılan zərərli maddələrin miqdarı və tərkibi, zərərli fiziki təsirlərin növləri və miqyası göstərilməklə atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin mənbəyi olan hüquqi və fiziki şəxslər dövlət uçotuna alınır.

5. Dövlət uçotuna alınan və normalaşdırılan atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsirlərin mənbələrinin müəssisə və təşkilatlar, şəhər və digər yaşayış məntəqələri üzrə siyahıları atmosfer havasına alınan zərərli maddələrin, fiziki təsir mənbələrinin inventarlaşdırılması məlumatları əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdirilir və təsdiq olunur.

6. Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosfer havasına zərərli təsirin dövlət uçotunun aparılması sahəsində aşağıdakıları həyata keçirir:

6.1. atmosfer havasına zərərli təsir göstərən obyektləri qeydə alır, hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasına zərərli təsirin ilkin uçotunun düzgün aparılmasına, o cümlədən atılma mənbələrindən (mütəşəkkil və qeyri-mütəşəkkil) atılan zərərli maddələrin tutularaq zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş qurğu və avadanlıqların mövcudluğuna və onların fəaliyyətinə nəzarət edir;

6.2. atmosfer havasına zərərli təsir göstərən obyektlərin, bu obyektlər üzrə atmosfer havasına atılan zərərli maddələrin tərkibinin və miqdarının, eyni zamanda zərərli fiziki təsirin növlərinin və miqyasının uçotunu aparır;

6.3. atmosfer havasına zərərli təsir üzrə statistik hesabatların yoxlanılması və analitik təhlilini aparır;

6.4. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə verilən müəssisələrin siyahısı barədə Dövlət Statistika Komitəsinə məlumat verir.

7. Dövlət Statistika Komitəsi atmosfer havasına zərərli təsirin dövlət uçotunun aparılması sahəsində aşağıdakıları həyata keçirir:

7.1. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış atmosfer havasına zərərli təsir üzrə dövlət statistika hesabatı formalarını və bu formaların doldurulması üzrə təlimatları təsdiq edir;

7.2. atmosfer havasına zərərli təsir üzrə dövlət statistika hesabatlarının toplanması və saxlanmasını təmin edir;

7.3. atmosfer havasının mühafizəsi sahəsində statistik məlumatların uçotunu və təhlilini həyata keçirir;

7.4. atmosfer havasının mühafizəsi üzrə yekun dövlət statistika hesabatlarını hazırlayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər marağı olan təşkilatlara təqdim edir.

8. Hüquqi və fiziki şəxslərin atmosfer havasına zərərli təsirin uçotu sahəsindəki vəzifələri aşağıdakılardır:

8.1. tabeliyində olan müəssisə, idarə və təşkilatlarda atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirin ilkin uçotunu müəyyən edilmiş qaydada aparır və bu uçotun düzgünlüyünü və vaxtında təhvil verilməsini təmin edirlər;

8.2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış, Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş qaydada və müddətdə, atmosfer havasına atılan zərərli maddələrin tərkibini və onların miqdarını, eyni zamanda atmosfer havasına göstərilən zərərli fiziki təsirin növlərini və miqyasını müəyyən edirlər;

8.3. atmosfer havasına atılan zərərli maddələr və onların miqdarını, ona zərərli fiziki təsirin növlərini və miqyasını instrumental nəzarət ölçü cihazları vasitəsi ilə təyin edirlər, müvafiq avadanlıqlar olmadığı hallarda isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işlənib hazırlanmış hesablama metodikalarından (təlimatlarından) istifadə etməyə icazə verilir;

8.4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış və Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş forma və təlimatlara müvafiq olaraq, atmosfer havasına zərərli təsir haqqında hesabatları aidiyyəti orqanlara təqdim edirlər. Həmin hesabatlara zərərli maddələrin miqdarının və zərərli fiziki təsirin hansı metodika ilə təyini barədə məlumat əlavə edirlər;

8.5. qəza halları zamanı atmosfer havasına müəyyən edilmiş normadan artıq zərərli təsirlər olduğu hallarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təcili məlumat verirlər.

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 13 iyul tarixli, 112 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi

 

QAYDALARI

 

Bu Qaydalar "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi qaydalarını müəyyən edir.

İ. Ümumİ müddəalar

1.1. Bu Qaydalara əsasən verilən xüsusi icazə atmosfer havasını çirkləndirən stasionar mənbələrə malik olan hüquqi və fiziki şəxslərə atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə verən sənəddir.

1.2. Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə xüsusi icazə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı əsasında verilir.

1.3. Xüsusi icazənin sahibi verilən xüsusi icazədən yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu xüsusi icazənin qüvvəsi xüsusi icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

2. Xüsusİ İcazənİn verİlməsİ qaydası

2.1. Xüsusi icazəni almaq üçün hüquqi və fiziki şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aşağıdakıları təqdim etməlidirlər:

2.1.1. xüsusi icazənin verilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət məktubu (ərizə);

ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, ünvanı, fəaliyyət növü*, bank rekvizitləri;

fiziki şəxslər üçün - adı, atasının adı, soyadı və şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar;

2.1.2. müəssisənin təsis sənədlərinin surətini;

2.1.3. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə xüsusi icazənin verilməsinə görə ödəmə haqqının müvafiq hesaba keçirilməsi barədə sənədi;

2.1.4. atmosfer havasına zərərli maddələrin atılma normativləri layihəsini və 2 - TG (hava) dövlət statistik hesabatını;

2.1.5. qəza zamanı və birdəfəlik atılmaların qarşısını almaq məqsədi ilə tədbirlər planını (mövcud texnoloji prosesləri belə hallara yol verə bilən müəssisələr üçün);

2.1.6. əlverişsiz meteoroloji şərait zamanı zərərli maddələrin atmosfer havasına atılmasının tənzimlənməsi üzrə səmərəli tədbirlər planını;

2.1.7. atılmanın yol verilən həddi normativlərinə nail olmaq üçün nəzərdə tutulmuş tədbirlər planını;

2.1.8. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturu tərəfindən razılaşdırılmış stasionar mənbələrdən zərərli maddələrin atmosfer havasına atılmasına analitik nəzarət qrafikini;

2.1.9. müəssisənin sanitar-gigiyenik pasportunu.

2.2. Xüsusi icazə almaq üçün təqdim olunan sənədlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilərək baxılır və imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən 15 gündən gec olmamaq şərti ilə xüsusi icazənin verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqda və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla xüsusi icazə verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir. Göstərilən müddətlərin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.3. Xüsusi icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.3.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.3.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;

2.3.3. ərizəçi, əvvəllər aldığı xüsusi icazənin fəaliyyəti, xüsusi icazəni verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövr müddətində müraciət etdikdə;

2.3.4. qanunvericiliklə nəzərdə tutulan digər hallarda.

2 4. Ərizəçi xüsusi icazənin verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra xüsusi icazə almaq üçün bu Qaydalara uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.5. Müəssisə, təşkilat, idarə ləğv edildikdə yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən icazə də öz hüquqi qüvvəsini itirir.

2.6. Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar dəyişildikdə, xüsusi icazə itirildikdə, ərizəçi 15 gün müddətində xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

2. 7. Xüsusi icazənin yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

2.8. Xüsusi icazənin yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki xüsusi icazənin əsasında, xüsusi icazə itirildikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

2.9. Xüsusi icazə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş blankda verilir.

2.10. Xüsusi icazədə aşağıdakılar göstərilir:

2.10.1. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adı;

2.10.2. hüquqi şəxslər üçün - xüsusi icazə verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;

2.10.3. fiziki şəxslər üçün - fiziki şəxsin adı, atasının adı, soyadı şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumat (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvan);

2.10.4. atmosfer havasına zərərli maddələrin atılmasının yol verilən hədləri və atmosfer havasının mühafizəsini təmin edən digər şərtlər;

2.10.5. xüsusi icazənin qüvvədə olma müddəti;

2.10.6. xüsusi icazənin qeydiyyat nömrəsi və verilmə tarixi.

3. Xüsusİ İcazənİn müddətİ

3.1. Xüsusi icazə 3 il müddətinə verilir;

3.2. Xüsusi icazənin qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir;

3.3. müddəti keçmiş xüsusi icazə etibarsız sayılır;

3.4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi xüsusi icazələrin reyestrini bu məqsəd üçün ayrılmış xüsusi kitab üzrə aparır.

4. Xüsusİ İcazənİn qüvvədə olma qaydaları və ona nəzarət

4.1. Xüsusi icazənin sahibi Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında", "Atmosfer havasının mühafizəsi haqqında" qanunlarına və digər normativ hüquqi aktların tələblərinə riayət etməlidir.

4. 2. Xüsusi icazənin qüvvədə olma qaydalarına nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

4.3. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarət qaydalarına aşağıdakı səlahiyyətlər daxildir:

4.3.1. xüsusi icazədə göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlarla xüsusi icazənin qaydalarına riayət edilməsini yoxlamaq;

4.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid xüsusi icazənin sahibindən məlumatlar, arayışlar almaq;

4.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

4.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə xüsusi icazənin sahibinə xəbərdarlıq etmək;

4.3.5. xüsusi icazənin fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

4.4. Xüsusi icazənin sahibi aparılan yoxlama zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa mane olmamalı, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmalı və tələb olunan sənədləri təqdim etməlidir.

4.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir.

4.6. Ekologiya və Təbii Sərvətlər Nazirliyi zəruri hallarda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

5. Xüsusİ İcazənİn fəalİyyətİnİn məhdudlaşdırılması, dayandırılması və ya ləğv edİlməsİ

5.1. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi icazənin fəaliyyətini aşağıdakı hallarda məhdudlaşdırır:

5.1.1. xüsusi icazənin sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

5.1.2. xüsusi icazə sahibi tərəfindən atmosfer havasına zərərli maddələrin atılmasının yol verilən hədləri normativlərinə əməl edilmədikdə;

5.1.3. müəssisənin istehsal həcmi aşağı düşdükdə;

5.1.4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi icazənin fəaliyyətinin məhdudlaşdırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində xüsusi icazənin sahibinə yazılı şəkildə məlumat verir.

Xüsusi icazənin fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hallar dəyişdikdə, xüsusi icazə sahibinin müraciəti ilə xüsusi icazənin fəaliyyəti tam həcmdə bərpa edilə bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu barədə qərar qəbul edildikdə xüsusi icazə tam həcmdə bərpa edilmiş hesab olunur, həmin qərarın qəbul olunduğu andan 5 gün müddətində xüsusi icazənin sahibinə məlumat verilir.

5.2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi icazənin fəaliyyətini aşağıdakı hallarda dayandırır:

5.2.1. xüsusi icazənin sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

5.2.2. xüsusi icazə sahibi tərəfindən atmosfer havasına zərərli maddələrin atılmasının yol verilən normativ hədlərinə nail olmaq üçün nəzərdə tutulmuş tədbirlərə əməl edilmədikdə;

5.2.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda;

5.2.4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi icazənin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində xüsusi icazənin sahibinə yazılı şəkildə məlumat verir.

Xüsusi icazənin fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişdikdə, xüsusi icazə sahibinin müraciəti ilə xüsusi icazənin fəaliyyəti bərpa edilə bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu barədə qərar qəbul edildikdə xüsusi icazə bərpa edilmiş hesab olunur, həmin qərarın qəbul olunduğu andan 5 gün müddətində xüsusi icazənin sahibinə məlumat verilir.

5.3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi icazəni aşağıdakı hallarda ləğv edir:

5.3.1. xüsusi icazənin sahibi tərəfindən ərizə təqdim edildikdə;

5.3.2. xüsusi icazənin verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

5.3.3. hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə;

5.3.4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda;

5.3.5. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi icazənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində xüsusi icazənin sahibinə yazılı şəkildə məlumat verir.

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 13 iyul tarixli, 112 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması

QAYDALARI

1. Bu Qaydalar "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə verilməsinə görə ödəmələrin miqdarını və istifadə olunması qaydalarını müəyyən edir.

2. Xüsusi icazə verilməsinə görə ödəmə haqları obyektlərin təhlükəlilik kateqoriyalarından asılı olaraq aşağıdakı məbləğlərdə müəyyən olunur:

I təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - şərti maliyyə vahidinin 720 misli;

II təhlükəsizlik kateqoriyasına aid müəssisələr üçün - şərti maliyyə vahidinin 360 misli;

III təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - şərti maliyyə vahidinin 180 misli;

IV təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - şərti maliyyə vahidinin 90 misli.

3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi icazə verilməsinə görə fiziki və hüquqi şəxslərdən alınan ödəmələr ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna köçürülür və fondun əsasnaməsinə uyğun olaraq istifadə edilir.