"Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli, 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 7 iyul 2003-cü il
№ 88

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2003-cü il 7 iyul tarixli,  88 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi

mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi

QAYDALARI

1. Ümumİ müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2002-ci il 18 aprel tarixli, 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrini və ödənişin həcminin müəyyənləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Ətraf mühitə dair informasiyanın verilməsi onun növündən (açıq və alınması məhdudlaşdırılan), verilmə tipindən (sorğu və müqavilə əsasında) və hansı sahəyə aid olmasından (ekologiya, yerin təki, hidrometeorologiya və s.) asılı olaraq ödənişli və ya ödənişsiz ola bilər:

1.2.1. kütləvi informasiya vasitələri və elektron məlumat bankları üçün nəzərdə tutulan, həmçinin birdəfəlik sorğu əsasında verilən açıq informasiyalar üçün haqq alınmır;

1.2.2. ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya (təsnifatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmişdir) ödənişlidir;

1.2.3. yerin təki haqqında geoloji informasiyadan və hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə haqqı alınır.

2. Ətraf mühİtə daİr İnformasİyanın verİlməsİnİn malİyyələşdİrİlməsİ mənbələrİ

2.1. Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələri aşağıdakılardır:

2.1.1. dövlət və yerli özünüidarəetmə orqanları üçün nəzərdə tutulmuş büdcə vəsaitlərindən informasiya verilməsi işini təşkil etmək üçün ayırmalar;

2.1.2. ətraf mühitə dair informasiyanın verilməsinə görə ödənişlərdən toplanmış vəsaitlər;

2.1.3. ətraf mühitin mühafizəsi üzrə fondlar;

2.1.4. ətraf mühit üçün ayrılmış qrantlar, könüllü ianələr və Azərbaycan Respublikası qanunvericiliyinə zidd olmayan digər daxilolmalar.

3. Ödənİşİn həcmİnİn müəyyənləşdİrİlməsİ qaydası

3.1. Ətraf mühitə dair informasiyanın birdəfəlik sorğu və ya müqavilə əsasında verilməsinə görə ödənişin həcmi informasiya verən orqanın müvafiq qurumu tərəfindən müəyyənləşdirilir. İnformasiya verilməsi üçün müəyyən edilən haqq onun hazırlanması, axtarılması, surətinin çıxarılması və sair işlərin dəyərindən çox olmamalıdır.

3.2. Ətraf mühitə dair informasiyanın müqavilə əsasında verilməsi üçün haqqın alınması (və ya alınmaması), informasiyanın ümumi dəyəri və ödənişin forması informasiya verən orqan ilə informasiya almaq istəyən şəxs arasında bağlanmış müqavilənin şərtlərində göstərilir. Bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitə dair informasiya almaq istəyən şəxslə müqavilənin bağlanması Qaydası" ilə tənzimlənir.

3.3. Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 164 nömrəli qərarı ilə, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli, 115 nömrəli qərarı ilə tənzimlənir.

3.4. Öz maliyyə vəsaitləri hesabına ətraf mühitə dair informasiya hazırlayıb müvafiq orqana təqdim etmiş təşkilatlar, müəssisələr və vətəndaşlar həmin informasiyadan ödənişsiz istifadə edə bilərlər.

4. İnformasİyanın verİlməsİnə görə haqqın ödənİlməsİ

4.1. Ətraf mühitə dair informasiya almaq istəyən şəxsə informasiyanın verilməsinin ödənişli və ya ödənişsiz olması, haqqın qabaqcadan ödənilməsi və haqq alınmasına əsas olan tarif dərəcələri barədə məlumat verilməlidir.

4.2. İnformasiya almaq istəyən şəxs informasiya verən orqan tərəfindən informasiyanın verilməsinə görə hesablanmış məbləği müvafiq hesaba ödəyir.

4.3. Ətraf mühitə dair sifariş olunan informasiya yalnız onun verilməsinə görə haqq ödənildikdən sonra sifarişçiyə təqdim edilir.

4.4. Sifarişçi onun üçün hazırlanmış ətraf mühitə dair informasiyadan imtina etdiyi halda ödənilmiş halda ödənilmiş məbləğ geri qaytarılmır.