Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının və Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Bakıelektrikşəbəkə səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqavilənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 noyabr tarixli, 597 nömrəli Fərmanının 3-cü bəndinin beşinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və əlaqədar təşkilatlarla razılaşdırılmış təklifi nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları və Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il 13 oktyabr tarixli, 326 nömrəli qərarı və Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 5 aprel tarixli, 120 nömrəli qərarının I bölməsinin birinci bəndi və II bölməsi qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 10 iyun 2005-ci il

103

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi

 

QAYDALARI

 

1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

elektrik şəbəkəsi birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarında paylayıcı qurğulardan, kabel və hava elektrik ötürücü xətlərindən ibarət olan elektrik qurğuları;

elektrik qurğuları elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər;

paylayıcı qurğu elektrik şəbəkəsinin bir hissəsi olaraq, istehlakçılara elektrik enerjisini çatdıran elektrik qurğuları;

hava elektrik ötürücü xətti elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğuları;

kabel elektrik ötürücü xətti bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusu;

xəttin trası kənar məftillərdən müəyyən olunmuş məsafələrdə yerləşmiş paralel xəyali xətlə məhdudlaşan elektrik ötürücü xəttin quraşdırıldığı sahə;

mühafizə zonası elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr.

2. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir.

3. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün müəyyən edilir:

a) mühafizə zonaları:

hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi;

yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 1 m aralı, kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə isə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi;

sualtı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 100 m aralı olan şaquli müstəvilər arasında su səthindən suyun dibinədək su boşluğu sahəsi;

b) gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular, habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş Elektrik qurğularını qurma Qaydaları ilə müəyyən edilmiş minimum yol verilən məsafələr.

4. Gərginliyi 1000 voltadək olan hava elektrik ötürücü xətləri meşə massivlərindən keçirsə, məftillərin bilavasitə yaxınlığında bitən ağacları elektrik ötürücü xətlərini istismar edən müəssisə budayır. Hava elektrik ötürücü xətləri parklardan, bağlardan və başqa çoxillik bitkilər arasından keçdikdə, ağaclar elektrik ötürücü xətlərini istismar edən müəssisə tərəfindən, tərəflər qarşılıqlı razılığa gəldikdə isə ixtiyarında həmin bitkilər olan müəssisə və ya bağların və başqa çoxillik bitkilərin fərdi sahibləri tərəfindən elektrik ötürücü xətlərinin istismarçısının müəyyən etdiyi qaydada budanır.

5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır:

a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq;

b) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında gəmilərin, barjların və üzən kranların dayanması üçün körpülər düzəltmək, yükvurma-boşaltma, dibdərinləşdirmə və yerqazma işləri aparmaq, lövbər atmaq, suya atılmış lövbərlə və tralla keçmək, balıq ovu sahələrini ayırmaq, sualtı ov alətləri vasitəsilə balıq, habelə su heyvanları və bitkilərini əldə etmək, suvatlar düzəltmək;

c) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yüklə birlikdə və yüksüz, yol səthindən ümumi hündürlüyü 4,5 m-dən çox olan maşın və mexanizmlər üçün keçidlər, habelə avtomobil və at-araba nəqliyyatı, maşın və mexanizm dayanacaqları düzəltmək;

ç) quruda elektrik ötürücü kabel xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq dərinlikdə buldozerlər, ekskavatorlar və başqa torpaqqazan maşınlar vasitəsilə torpaq işləri görmək və planlaşdırmaq.

Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.

6. Elektrik şəbəkələrinin normal işini poza biləcək və yaxud onların zədələnməsinə gətirə biləcək hər cür hərəkətlər, o cümlədən aşağıdakılar qadağan edilir:

a) kənar əşyaları məftillərin üzərinə atmaq, dirəklərə və məftillərə söykəmək və bağlamaq, dirəklərə çıxmaq, onlara doğru gedən yolu tutmaq və binaların damından məftillərin üzərinə qar atmaq;

b) elektrik ötürücü kabel xətlərinin yoluna ağır yükləri (5 tondan çox) boşaltmaq, turşu, qələvi, duz məhlulları və hər cür zibil tökmək;

c) elektrik şəbəkələri qurğularının binalarını açmaq, elektrik şəbəkələrində açıb-qoşma əməliyyatları aparmaq, girim və paylaşdırma qurğularının, hava və kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında ocaq və ya tonqal qalamaq;

ç) hava və kabel elektrik ötürücü xətlərinin keçdiyi, yaxud girim və paylaşdırma qurğularının qoyulduğu yerlərdə elektrik şəbəkələrini istismar edən təşkilatların razılığı ilə əvvəlcə həmin xətləri və qurğuları götürmədən binaları, körpüləri, tunelləri, dəmir yollarını və şose yollarını, başqa qurğuları sökmək və ya yenidən qurmaq.

7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər.

8. Əgər gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin ümumi dirəklərində müxtəlif müəssisələrə məxsus başqa təyinatlı naqillər asılmışdırsa, hər bir müəssisə bu xətləri təmir edən zaman başqa müəssisəyə zərər vurula bilən hallarda maraqlı tərəfin nümayəndəsinin iştirakı tələb olunursa, bu cür təmir haqqında əlaqədar aidiyyəti müəssisə qabaqcadan xəbərdar edilməlidir.

9. Hüquqi və fiziki şəxslər gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə zonasında zədələnməyə gətirə bilən hər hansı işləri (partlayış, tikinti və s.) apararkən, işlərə başlamazdan 3 gün əvvəl elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdırmalı və bu işləri yerinə yetirən zaman həmin şəbəkələrin qorunmasını təmin edən tədbirlər görməlidirlər.

Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonaları daxilində həmin xətlərin mühafizəsini təmin etməklə işlərin aparılması Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla (tikinti işləri isə Tikinti Normaları və Qaydaları ilə) müəyyən edilir.

10. Hava elektrik ötürücü xətləri yaxınlığında müxtəlif mexanizmlərdən istifadə etməklə görülən işlərə yalnız o şərtlə icazə verilir ki, mexanizmin və onun qalxan, yaxud çıxan hissəsi ilə, həm də qaldırılan yükün hər bir vəziyyətində (o cümlədən, ən hündürə qaldırılmış və yanlara çıxmış vəziyyətində) gərginlik altında olan ən yaxın naqillə havada yaxınlaşma məsafəsi 1,5 m-dən az olmasın.

Kabel elektrik ötürücü xəttinin mühafizə zonasında torpaq işləri aparılan zaman kabel xəttindən torpaq işləri aparılan yerə qədər olan məsafə hər bir ayrıca halda kabel xəttinin istismarçısı tərəfindən müəyyən edilir.

İşlərin təhlükəsizliyini təmin edən şərtlərə əməl edilməsi mümkün olmadıqda, elektrik şəbəkəsi istismarçısı tərəfindən həmin kabel xəttindən gərginlik götürülməlidir.

11. Torpaq işlərini görən hüquqi və fiziki şəxslər həmin işlərin aparılmasına dair texniki sənədlərdə göstərilməyən kabel xətti aşkar etdikdə, dərhal işləri dayandırıb kabelin qorunmasını təmin edən tədbirlər görməli və bu barədə elektrik şəbəkələrinin istismarçısına məlumat verməlidirlər.

12. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrini istismar edən müəssisənin texniki işçilərinin təmir-istismar xidməti göstərmək üçün digər müəssisələrin ərazisindəki onlara məxsus olan elektrik şəbəkələrinə maneəsiz daxil olmaq hüquqları vardır. Elektrik şəbəkələri xüsusi rejimli obyektlərin ərazisində yerləşərsə, müvafiq müəssisələr həmin şəbəkələrə xidmət edən işçilərə günün hər bir vaxtında yoxlamalar keçirmək və təmir işləri görmək üçün buraxılış verməlidirlər.

13. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərini istismar edən müəssisələrə bu xətlərin təmiri üçün mühafizə zonalarında lazımi torpaq işləri görməyə icazə verilir.

Torpaq işləri avtomobil və dəmir yolları üçün ayrılmış zolaqlarda görüldükdə, həmin yolların istismarçısı və ya mülkiyyətçisi olan müəssisələrlə razılaşdırılmalıdır.

Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərində qəzaları aradan qaldırmaq üçün həmin xətlərin yoluna qovuşan meşə massivlərində ayrı-ayrı ağacların qırılmasına icazə verilir, sonra isə müəyyən olunmuş qaydada meşəqırma biletləri (orderləri) rəsmiləşdirilməli və qırılmış yerlər ağac qalıqlarından təmizlənməlidir.

14. Əkin sahələrindən keçən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin plana uyğun təmiri və yenidən tikintisi torpaq istifadəçisi və ya mülkiyyətçisi ilə razılaşdırılmaqla, bu yerlərdə kənd təsərrüfatı bitkilərinin əkilmədiyi, həmçinin əkilmiş bitkilərin qorunmasının təmin edilməsi mümkün olduğu vaxtda görülür.

Elektrik ötürücü xətlərində qəzaların aradan qaldırılması və istismar xidməti ilə əlaqədar işlər istənilən vaxtda görülə bilər.

Göstərilən işləri yerinə yetirdikdən sonra elektrik ötürücü xətlərini istismar edən müəssisələr həmin yerləri məqsədəuyğun istifadə edilməsi üçün yararlı hala gətirməlidirlər. Həmin işləri görərkən torpaq istifadəçisinə və mülkiyyətçisinə dəyən ziyan mövcud qanunvericiliyə uyğun tərəflərin razılaşdırılması ilə müəyyən edilir.

15. Yol örtüklərinin korlanmasına səbəb ola biləcək elektrik ötürücü kabel xətlərinin plana uyğun təmiri və yenidənqurma işləri yalnız yol mülkiyyətçisi olan hüquqi və fiziki şəxslərlə razılaşdırmaqla yerinə yetirilə bilər. İşlərin görülməsi şərtləri 3 gün müddətində razılaşdırılmalıdır.

Təxirəsalınmaz hallarda elektrik ötürücü kabel xətlərinin təmir işləri yol örtüklərinin korlanmasına səbəb olduqda, bu işin yol mülkiyyətində olan müəssisə ilə razılaşdırmadan xəbərdarlıq edilməklə görülməsinə icazə verilir.

Təmir və yenidənqurma işlərini yerinə yetirən müəssisələr nəqliyyat və piyadalar üçün xəbərdarlıq nişanları qoymaqla, işlər aparılan yerlərdə dolayı yollar yaratmalı və işlər qurtarandan sonra torpağı planlaşdırmalı və yol örtüyünü bərpa etməlidirlər.

16. Sənaye müəssisələrinin ərazilərində, dəmir yolu və avtomobil yolu ilə kəsişmə yerlərində, dəmir yolu zolaqlarında və təyyarə meydanlarına giriş yollarında gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin istismarı qaydasını elektrik ötürücü xətlərini istismar edən təşkilatlar müvafiq müəssisə və təşkilatlarla razılaşdırmalıdırlar.

Yüklə birlikdə və ya yüksüz, ümumi hündürlüyü yol səthindən 4,5 metrdən çox olan maşın və mexanizmlərin hərəkət etdiyi avtomobil yollarının hava elektrik ötürücü xətləri ilə kəsişdiyi yerlərdə bu xətlərin hər iki tərəfində hərəkət edən nəqliyyatın yol verilən hündürlüyünü göstərən xəbərdarlıq nişanları qoyulmalıdır. Xəbərdarlıq nişanları yolun mülkiyyətçisi tərəfindən elektrik ötürücü xəttini istismar edən təşkilatın razılığı ilə qoyulur.

17. Layihələşdirilən bina və qurğuların tikinti meydançaları ərazisində və ya yaxınlığında gərginliyi 1000 voltadək olan elektrik şəbəkələri yerləşdiyi hallarda həmin obyektlərin tikintisinə dair layihələrdə və smetalarda elektrik şəbəkələrini istismar edən müəssisələrin razılığı ilə göstərilən şəbəkələrin qorunmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır.

18. Elektrik şəbəkələrini yenidən qurmaq və ya onları mexaniki zədələnmədən qorumaq üçün lazımi işləri yerinə yetirən müəssisələr həmin işləri elektrik şəbəkələrini istismar edən müəssisənin razılığı ilə, öz materialları və vəsaitləri hesabına görməlidirlər.

19. Lövbər salmaq və yaxud başqa hərəkətlər nəticəsində kabel xəttinin qaldırıldığı və ya zədələndiyi halda gəmi kapitanı işçilərin və kənar şəxslərin gərginlik altına düşməsinin qarşısını almaq üçün tədbirlər görməli və bu barədə yaxınlıqdakı limana kabelin qaldırıldığı yerin koordinatlarını və vaxtını göstərməklə məlumat verməlidir. Həmin məlumatı qəbul edən liman yaxınlıqdakı enerji təchizatı müəssisəsinə baş vermiş hadisə barədə məlumat verməlidir.

20. Tabeliyində azmış cərəyanlar mənbəyi sayılan mövcud və tikilən qurğuları olan müəssisələr elektrik cərəyanının torpağa axmasını məhdudlaşdırmaq sahəsində tədbirlər görməlidirlər. Tabeliyində tikilən və işləyən elektrik ötürücü kabel xətləri olan müəssisələr göstərilən xətləri azmış cərəyanlardan qorumaq üçün tədbirlər həyata keçirməlidirlər.

21. Elektrik şəbəkələrini istismar edən təşkilatların tabeliyində olan işçilərin elektrik şəbəkələrinin mühafizə zonasında başqa təşkilatlar tərəfindən bu Qaydaların tələblərinin pozulması ilə görülən işləri dayandırmaq hüquqları vardır və onlar bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerjinəzarət İdarəsinə məlumat verməlidirlər.[1]

22. Bu Qaydaların tələblərini yerinə yetirməməkdə, habelə gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin normal işini pozmaqda müqəssir sayılan vəzifəli şəxslər və vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi

 

QAYDALARI

 

1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

elektrik şəbəkəsi birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarında paylayıcı qurğulardan, kabel və hava elektrik ötürücü xətlərindən ibarət olan elektrik qurğuları;

elektrik qurğuları elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər;

paylayıcı qurğu elektrik şəbəkəsinin bir hissəsi olaraq, istehlakçılara elektrik enerjisini çatdıran elektrik qurğuları;

hava elektrik ötürücü xətti elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğuları;

kabel elektrik ötürücü xətti bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusu;

xəttin trası kənar məftillərdən müəyyən olunmuş məsafələrdə yerləşmiş, paralel xəyali xətlə məhdudlaşan elektrik ötürücü xəttin quraşdırıldığı sahə;

mühafizə zonası elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr.

2. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir.

Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir.

3. Elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır.

4. Elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır.

5. Elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir:

a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə:

Un, kV xətlərin gərginliyi;

L, m məsafələrdir;

 

Un, kV

>l20

35

110

150

220

330-500

L, m

10

15

20

25

25

30

 

b) yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 1 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi;

c) sualtı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 100 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan, suyun səthindən dibinə qədər olan su boşluğu;

ç) hava elektrik ötürücü xətlərinin su hövzələrindən (çaylar, kanallar, göllər və s.) keçidi boyunca, gəmiçilik üçün yararlı hövzələrdə kənar naqillərin yellənməyən vəziyyətində hər iki tərəfdən 100 m aralıda yerləşən şaquli müstəvilərlə məhdudlaşan su hövzəsinin səthindəki hava məkanı, gəmiçilik üçün yararlı olmayan hövzələrdə isə hava elektrik ötürücü xətlərinin mühafizə zonalarının müəyyən edilməsi üçün nəzərdə tutulmuş məsafə.

6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.

7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.

8. Hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən torpaqlarda həmin torpaqları müvəqqəti su basması ilə əlaqədar olan işlər torpaq mülkiyyətçisi və yaxud istifadəçisi ilə həmin xətlərin istismarçısı arasında razılaşma əsasında görülür.

9. Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə Tikinti Normaları və Qaydalarına) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir.

10. Meşə massivlərində və yaşıllıqlarda yerləşən hava elektrik ötürücü xətlərinin, yarımstansiyaların və paylayıcı qurğuların perimetri boyunca cığırların salınması onların mülkiyyətçisi ilə razılaşdırılmaqla həyata keçirilir.

11. Hava elektrik ötürücü xətləri meşə massivlərindən, parklardan, bağlardan və başqa çoxillik əkmələrdən keçdikdə, ağacların qırılması və budanması elektrik ötürücü xətlərinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən onların mülkiyyətçiləri ilə razılaşdırmaqla yerinə yetirilir. İkitərəfli razılaşma olduqda isə həmin işlər elektrik ötürücü xətlərinin istismarçısı tərəfindən müəyyən edilmiş qaydalara müvafiq həmin əkmələrin, fərdi bağ və başqa çoxillik əkmələrin mülkiyyətçiləri tərəfindən yerinə yetirilir.

12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır:

a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi;

b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması;

c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması;

ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi;

d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.

Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər.

Elektrik şəbəkələrinin mühafizə zonalarında partladılma işlərinin görülməsinə rəsmi razılıq həmin işləri görən müəssisələrə, təşkilatlara və idarələrə Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilmiş Partladılma işləri zamanı vahid təhlükəsizlik Qaydalarında nəzərdə tutulmuş müvafiq sənədləri təqdim etdikdən sonra verilir. [2]

Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər.

13. Elektrik ötürücü xətlərinin mühafizə zonası hüdudlarında müəssisələr tərəfindən işlərin yerinə yetirilməsi qaydaları müvafiq nazirliklər və təşkilatlarla (tikinti işləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə) razılaşdırılaraq, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən müəyyən edilir.[3]

Gərginliyi 330 kV və yuxarı olan hava elektrik ötürücü xətlərinin yaxınlığında yerləşən müəssisələrin işçilərinin, əhalinin əməyinin və sağlamlığının mühafizəsini təmin edən şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılır.

14. Elektrik şəbəkələrinin normal işini pozan, onların zədələnməsinə və yaxud bədbəxt hadisələrə səbəb ola biləcək hər bir fəaliyyət növü qadağan edilir, o cümlədən:

a) elektrik şəbəkələrinin mühafizə zonalarında yanacaqdoldurma stansiyalarının və digər yanacaq-sürtkü materialları anbarlarının yerləşdirilməsi;

b) kənar şəxslərin elektrik şəbəkələrinin ərazisinə və tikililərinə daxil olması, elektrik şəbəkələrinin qurğularının qapılarını və örtüklərini açması, elektrik şəbəkələrində açıb-qoşma əməliyyatlarını aparması;

c) elektrik şəbəkələrinin obyektlərinə gedən yollarda hərəkətin məhdudlaşdırılması;

ç) kənar şəxslərin dirəklərə çıxması, kənar əşyaların məftillərin, dirəklərin üstünə atılması və yaxud onlara yaxınlaşdırılması;

d) elektrik şəbəkələrinin mühafizə zonalarında və onların yaxınlığında zibilxanaların yaradılması;

e) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yem, peyin, saman, torf, odun və başqa materialların yığılması, ocaq və ya tonqal qalanması;

ə) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında idman və oyun meydançaları, stadionlar, bazarlar, ümumi istifadədə olan nəqliyyat üçün dayanacaq məntəqələrinin və bütün növ maşın və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, müəyyən olunmuş qaydada icazə verilmiş işlərin yerinə yetirilməsinə aidiyyəti olmayan insanların böyük toplantısı ilə keçirilən tədbirlərin təşkil olunması;[4]

f) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında havaya çərpələng, uçan aparat, idman modellərinin, o cümlədən idarə olunmayan uçan modellərin buraxılması;

g) gərginliyi 330 kV və yuxarı olan hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında dəmir yolu nəqliyyatı istisna edilməklə, bütün növ nəqliyyatın dayanması;

ğ) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında və onların yaxınlığında zərb mexanizmləri ilə işlərin görülməsi, oraya kütləsi 5 tondan artıq olan ağırlıqların, korroziyaedici, yeyici maddələrin və yanacaq-sürtkü materiallarının tullanması və axıdılması;

h) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında lövbər salınması, buraxılmış lövbərlərlə, zəncirlərlə, qayıqlarla, balıq toru və trallarla keçilməsi.

15. Elektrik şəbəkələrinin üstündəki və ətrafındakı hava məkanında hava gəmilərinin uçuşları, həmin məkandan başqa cür istifadə edilməsi, elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarı Azərbaycan Respublikasının hava məkanının istifadəsini tənzimləyən qanunvericiliyinə uyğun olaraq həyata keçirilməlidir.

16. Elektrik şəbəkələrinin mühafizə zonaları yaxınlığında şəbəkələrin zədələnməsinə səbəb ola bilən partladılma, inşaat və digər işləri icra edən müəssisə işlərə başlamazdan 12 gün əvvəl elektrik şəbəkəsinin mülkiyyətçisi və yaxud istismarçısı ilə şəbəkənin qorunması şərtlərini, işlərin yerinə yetirilməsi qaydasını razılaşdırmalı və müvafiq tədbirlər görməlidir.

17. Elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq, öz vəsaiti hesabına görməlidirlər.

Suvarma və kollektor-drenaj kanalları tikildikdə, üzümlük və bağlar üçün dayaqlar quraşdırıldıqda və digər işlər görüldükdə, elektrik şəbəkələrinə gedən maşın və piyada yolları məhdudlaşdırılmamalıdır.

18. Elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır.

19. Elektrik şəbəkələri avadanlıqlarının çirklənməsi və korroziyası mənbəyi ola biləcək obyektlərin tikintisinin, əsaslı təmirinin, yenidən qurulmasının layihə-smeta sənədlərində korroziyaya uğramaya qarşı və yaxud həmin şəbəkələrin çirklənmə (korroziya) zonasından çıxarılması tədbirləri nəzərdə tutulmalıdır.

İstehsalat fəaliyyəti nəticəsində elektrik şəbəkələrini çirkləndirən və korroziyaya uğradan müəssisələr həmin şəbəkələrin tabeliyindən asılı olmayaraq, elektrik şəbəkələrinin çirklənməsini və korroziyasını məhdudlaşdıran tədbirlər görməlidirlər.

20. Elektrik ötürücü xətlərinin faktiki vəziyyətinə aid tərtib edilmiş materiallar müəyyən olunmuş qaydada torpaq istifadəsi xəritələrində göstərilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməlidir.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi elektrik ötürücü xətlərinin keçdiyi yer barədə məlumatları əlaqədar orqan və təşkilatlara verir.[5]

21. Tikilən və yaxud istismarda olan kabel elektrik ötürücü xətlərinin istismarçıları həmin xətləri azmış cərəyanlardan mühafizə etmək üçün tədbirlər həyata keçirməlidirlər.

22. Elektrik ötürücü xətlərinin mühafizə zonaları ilə dəmir yolu və avtomobil yollarının ayırma zolaqları, boru kəmərləri, rabitə xətləri, digər kommunikasiya qurğuları və başqa elektrik ötürücü xətləri eyni ərazidən keçdikdə, həmin ərazidə obyektlərin istismarı ilə bağlı aparılan işlər əlaqədar müəssisələr tərəfindən qarşılıqlı razılaşma əsasında yerinə yetirilir.

23. Müəssisənin ərazisindəki yarımstansiyaların elektrik şəbəkəsinə aid tranzit hissəsində operativ əməliyyatlar, şəbəkədə tikinti və təmir işləri aparmaq üçün elektrik şəbəkəsinin elektrotexniki heyətinin bu qurğulara buraxılmasını həmin müəssisə təmin etməyə borcludur. İşlər başa çatdıqda elektrik şəbəkəsinin mülkiyyətçisi və yaxud istismarçısı öz vəsaiti hesabına işlər aparılmış əraziləri və tikililəri lazımi vəziyyətə gətirməlidir.

24. Gərginliyi 330 kV və yuxarı olan hava elektrik ötürücü xətləri ilə avtomobil yollarının kəsişdiyi yerlərdə və bu xətlərin mühafizə zonalarında nəqliyyatın dayanmasını qadağan edən yol nişanları qoyulmalıdır.

25. Elektrik ötürücü xətlərinin gəmiçiliyə yararlı çaylarla, göllərlə, dəryaçalarla və kanallarla kəsişdiyi yerlərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında dəniz nəqliyyatı gəmiçiliyində xidmət Nizamnaməsinə uyğun işarə nişanları qoyulmalıdır.

İşarə nişanları kanallar idarələri ilə razılaşdırmaqla, onlar tərəfindən gəmiçilik şəraiti və losman xəritələrində qeyd edilməklə, həmin xətlərin istismarçıları tərəfindən qoyulur. Kabel elektrik ötürücü xətlərinin trosları Dənizçilərə xəbərdarlıq məlumatlarında göstərilir və losman xəritələrində qeyd olunur.

26. Meşə zolaqlarının cığırlarından keçən, yaxud bu ərazilərdə yerləşən elektrik şəbəkələri olan müəssisələr aşağıdakılara riayət etməyə borcludurlar:

a) cığırların yanğından mühafizəsini təmin etməyə;

b) cığırlardakı ağacların (kolların) qırılması və budanmasına, yaxud digər üsullarla cığırların enini elektrik şəbəkələrinin tikintisi layihələrində nəzərdə tutulan ölçülərdə saxlamağa;

c) naqillərin, dirəklərin üstünə yıxılmaq təhlükəsi olan cığırlardan kənarda bitən ağacların qırılmasını müvafiq qaydada təşkil etməyə;

ç) ağacların və kolların yetişdirilməsi üçün istifadə edilən yerlərdə hündürlüyü 4 m-dən artıq olan ağacların qırılmasını və budanmasını aparmağa.

27. Gərginliyi 1000 voltdan yuxarı olan hava elektrik ötürücü xətlərində qəzaların aradan qaldırılması məqsədi ilə həmin xətlərin trası boyunca yerləşən meşə zolaqlarında ağacların qırılması zərurəti yarandıqda, ağacların qırılmasını elektrik ötürücü xətlərinin mülkiyyətçisi və yaxud istismarçısı həyata keçirir və sonradan meşəqırma biletlərini (orderlərini) müəyyən edilmiş qaydada müvafiq orqanla sənədləşdirir. Elektrik ötürücü xətlərinin istismarçıları ağac qırılan yerləri ağac qırıntılarından təmizləməlidir.

28. Elektrik ötürücü xətlərinin istismarçılarına həmin xətlərin mühafizə zonalarında elektrik ötürücü xətlərinin təmiri ilə bağlı torpaq və başqa işlərin görülməsinə icazə verilir.

Kənd təsərrüfatı sahələrindən keçən elektrik ötürücü xətlərinin plan üzrə təmiri və yenidən qurulması torpaq mülkiyyətçisi və yaxud istifadəçisi ilə razılaşdırılır və bir qayda olaraq, həmin işlər kənd təsərrüfatı bitkilərinin əkilmədiyi dövrlərdə və yaxud bu bitkilərin qorunmasını təmin etmək mümkün olan vaxtda görülür.

Elektrik ötürücü xətlərində qəzaların qarşısını almaq və yaxud onların nəticələrini aradan qaldırmaq məqsədi ilə işlər torpaq mülkiyyətçisi və yaxud istifadəçisi ilə razılaşdırılmadan, onu xəbərdar etməklə yerinə yetirilə bilər.

Göstərilən işləri yerinə yetirdikdən sonra elektrik ötürücü xətlərinin mülkiyyətçiləri və yaxud istismarçıları öz vəsaitləri hesabına həmin torpaq sahələrini istifadə üçün yararlı vəziyyətə gətirməlidirlər. İşlərin icrası zamanı torpaq mülkiyyətçisinə və yaxud istifadəçisinə vurulan ziyan qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir və ödənilir.

29. Yol örtüyünün dağılmasına gətirən kabel elektrik ötürücü xətlərinin plan üzrə təmiri və ya yenidən qurulması yalnız Dövlət Yol Polisi (DYP) bölmələri və avtomobil yollarının mülkiyyətçisi və yaxud istifadəçisi ilə işlərin görülməsi şərtləri əvvəlcədən razılaşdırıldıqdan sonra aparıla bilər. İşlərin aparılma şərtləri işlərin başlanmasından 3 gün əvvəl razılaşdırılmalıdır.

Yubandırılması mümkün olmadığı hallarda yol örtüyünün dağılmasına gətirən kabel elektrik ötürücü xətlərinin təmir işlərinin əvvəlcədən razılaşdırılmadan, lakin DYP bölmələrinin və avtomobil yollarının mülkiyyətçisi və yaxud istifadəçisini xəbərdar etdikdən sonra yerinə yetirilməsinə icazə verilir.

Göstərilən işləri yerinə yetirən müəssisələr işlərin yerinə yetirildiyi ərazidə dolayı yollar yaratmalı, hasarlamalı, müvafiq yol nişanları qoymalı və işlər başa çatdıqdan sonra torpağın hamarlanmasını, yol örtüyünün bərpasını təmin etməlidirlər. Avtomobil yollarının mülkiyyətçisinin və yaxud istismarçısının razılığı ilə yolların zədələnməsinin aradan qaldırılması işləri onlar tərəfindən kabel elektrik ötürücü xətlərinin mülkiyyətçisi və yaxud istismarçısının hesabına aparılmalıdır.

30. Torpaq işlərini yerinə yetirən müəssisələr işlərin icrası üçün texniki sənədlərdə göstərilməyən kabel elektrik ötürücü xətti aşkar etdikdə, dərhal bu işləri dayandırmalı, kabel xəttinin mühafizəsi üçün tədbirlər görməli və bu barədə elektrik şəbəkəsinin mülkiyyətçisinə və yaxud istismarçısına məlumat verməlidirlər.

Kabel elektrik ötürücü xəttinin sudan lövbərlə, balıq ovu ləvazimatı ilə, yaxud başqa üsulla qaldırıldığı halda gəmi kapitanları (işlərin rəhbərləri) dərhal bu barədə elektrik şəbəkəsinin mülkiyyətçisinə və yaxud istismarçısına xəbər verməlidirlər. Gəmi kapitanları bu xəbəri bilavasitə özləri çatdırmalı və yaxud yaxınlıqdakı dəniz portundan ötürməlidirlər.

31. Elektrik şəbəkələrinin mühafizə zonalarında və onun yaxınlığında olan müəssisələr elektrik şəbəkələrinin işçilərinin elektrik şəbəkələrinin qorunmasını təmin edən və bədbəxt hadisələrin baş verməsinin qarşısını almağa yönələn tələblərini yerinə yetirməlidirlər.

32. Elektrik şəbəkələrini istismar edən müəssisələrin tabeliyində olan işçilərin elektrik şəbəkələrinin mühafizə zonasında başqa müəssisələr tərəfindən bu Qaydaların tələblərinin pozulması ilə görülən işləri dayandırmaq hüququ vardır və bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerjinəzarət İdarəsinə məlumat verilməlidir.[6]

33. Bu Qaydaların tələblərini yerinə yetirməməkdə, habelə gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin normal işini pozmaqda müqəssir sayılan vəzifəli şəxslər və vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 9, maddə 822)

2.       7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 116)

3.       6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 432)

4.       24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 31 yanvar 2014-cü il, 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 1, maddə 69)

5.       4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 31 yanvar 2014-cü il, 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 1, maddə 69) ilə Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının 3-cü hissəsinin b) bəndində, 9-cu hissəsinin ikinci abzasında və 21-ci hissəsində Sənaye və Energetika sözləri Energetika sözü ilə əvəz edilmişdir.

 

[2] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 9, maddə 822) ilə 12-ci bəndinin səkkizinci abzasında Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi sözləri Fövqəladə Hallar Nazirliyi sözləri ilə əvəz edilmişdir.

 

[3] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 9, maddə 822) ilə 13-cü bəndinin birinci abzasında mötərizədə verilən tikinti işləri sözlərindən sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və sözləri əlavə edilmişdir.

 

6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 432) ilə Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının 13-cü bəndinin birinci abzasında Dövlət Tikinti və Arxitektura Komitəsi sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sözləri ilə əvəz edilmişdir.

 

[4] 7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 116) ilə Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının 14-cü bəndinin ə yarımbəndində ictimai sözü ümumi istifadədə olan sözləri ilə əvəz edilmişdir.

 

[5] 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının 20-ci hissəsində (hər iki halda) ismin müvafiq hallarında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sözləri ismin müvafiq hallarında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sözləri ilə əvəz edilmişdir.

 

[6] 24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 31 yanvar 2014-cü il, 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 1, maddə 69) ilə Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının 9-cu, 32-ci hissələrində və 13-cü hissəsinin ikinci abzasında Sənaye və Energetika sözləri Energetika sözü ilə əvəz edilmişdir.