Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə qərara alıram:

1. Fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 150 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 100 manat müəyyən edilsin.[1]

Bu bəndin birinci abzasında müəyyən edilmiş fəxri adlara görə aylıq təqaüdlərin məbləğləri "Azərbaycan Respublikasının fəxri adları haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli fərmanının 2-ci bəndinə müvafiq olaraq həmin fərman imzalandığı günə qədər verilmiş və Azərbaycan Respublikasının fəxri adları hesab edilmiş fəxri adlar barəsində də tətbiq edilir.[2]

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

3. Bir neçə fəxri ada layiq görülmüş şəxsə bu Sərəncamın 1-ci bəndi ilə müəyyən edilən aylıq təqaüdün yalnız biri, ən yüksəyi verilir.[3]

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. Bu Sərəncam 2005-ci il avqustun 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 iyul 2005-ci il

878

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 noyabr 2005-ci il tarixli 318 nömrəli Azərbaycan Respublikası Prezidentinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 1013)

2.       20 aprel 2007-ci il tarixli 2105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 4, maddə 361)

3.       26 avqust 2013-cü il tarixli 3095 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan qəzeti, 27 avqust 2013-cü il, 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 08, maddə 975)

4.       25 noyabr 2013-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Respublika qəzeti, 26 noyabr 2013-cü il, 269; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1454)

5.       22 fevral 2018-ci il tarixli 3708 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Xalq qəzeti 23 fevral 2018-ci il, 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 2, maddə 311)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 noyabr 2005-ci il tarixli 318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 1013) ilə 1-ci bənddə "və əməkdar dövlət qulluqçusu" sözləri "əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis və əməkdar hüquqşünas" sözləri ilə əvəz edilmişdir.

26 avqust 2013-cü il tarixli 3095 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan qəzeti, 27 avqust 2013-cü il, 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 08, maddə 975) ilə 1-ci hissəsində 250 min manat150 min manat sözləri müvafiq olaraq 100 manat60 manat sözləri ilə əvəz edilmişdir.

25 noyabr 2013-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Respublika qəzeti, 26 noyabr 2013-cü il, 269; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1454) ilə 1-ci hissəsinin birinci abzasında "və əməkdar hüquqşünas" sözləri ", əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi" sözləri ilə əvəz edilmişdir.

22 fevral 2018-ci il tarixli 3708 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Xalq qəzeti 23 fevral 2018-ci il, 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 2, maddə 311) ilə 1-ci hissənin birinci abzasında 100 manat sözləri 150 manat sözləri ilə, 60 manat sözləri 100 manat sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 noyabr 2005-ci il tarixli 318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 1013) ilə 1-ci bəndə ikinci abzas əlavə edilmişdir.

 

[3] 20 aprel 2007-ci il tarixli 2105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 4, maddə 361) ilə Sərəncama yeni məzmunda 3-cü bənd əlavə edilmişdir və 3-cü və 4-cü bəndlər müvafiq olaraq 4-cü və 5-ci bəndlər hesab edilmişdir.