Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur - Əlavə 1).

2. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur - Əlavə 2).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

3.1. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydalarının layihəsini, habelə əşyaların dövriyyəsinə əlavə şərtləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 sentyabr 2005-ci il

№ 292

 


 

 

ƏLAVƏ 1

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi

 

QAYDALARI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 26 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (bundan sonra - əşyaların dövriyyəsi) xüsusi icazə verilməsini tənzimləyir.

1.2. Əşyaların dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi mərkəzi icra hakimiyyəti orqanları (bundan sonra - dövlət orqanları) tərəfindən bu Qaydalara uyğun olaraq verilir.

1.3. Xüsusi icazə hüquqi və fiziki şəxslərə (bundan sonra - ərizəçi) verilə bilər.

1.4. Əşyaların dövriyyəsinə xarici dövlətlər tərəfindən verilmiş xüsusi icazələrin Azərbaycan Respublikasında tanınması Azərbaycan Respublikası nın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr ilə müəyyən edilir. Qeyd edilən dövlətlərarası müqavilələr olmadığı halda əşyaların dövriyyəsi üçün tələb olunan xüsusi icazə bu Qaydalara uyğun olaraq alınmalıdır.

1.5. Əşyaların dövriyyəsi üçün verilmiş xüsusi icazənin sahibi ona verilən xüsusi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Əşyaların dövriyyəsinə verilmiş xüsusi icazənin qüvvəsi xüsusi icazə sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, habelə xüsusi icazə sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

1.6. Əşyaların dövriyyəsinə xüsusi icazə qanunvericilik aktları ilə nəzərdə tutulmuş hallarda dövlət müəssisələrinə və ya səhmlərin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinə də verilə bilər.

1.7. Əşyaların dövriyyəsinə onların növündən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qaydalarda müəyyən edilən xüsusi icazə verilmə qaydalarından fərqli qaydalar müəyyən edilə bilər. Belə olan halda bu Qaydalar həmin əşyaların dövriyyəsinə şamil edilmir.

 

II. ƏŞYALARIN DÖVRİYYƏSİNƏ XÜSUSİ İCAZƏNİN VERİLMƏSİ

 

2.1. Əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün ərizəçi müvafiq xüsusi icazəni verən dövlət orqanına aşağıda göstərilən sənədləri təqdim edir:

2.1.1. əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün aşağıdakılar göstərilmiş ərizə:

2.1.1.1. hüquqi şəxslər üçün - adı, hüquqi ünvanı, sahibkarlıq fəaliyyətinin növü;

2.1.1.2. fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), sahibkarlıq fəaliyyətinin növü;

2.1.2. ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.1.2.1. ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti;

2.1.2.2. əşyaların göstəricilərindən və dövriyyənin xüsusiyyətlərindən asılı olaraq:

2.1.2.2.1. qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziyanın surəti;

2.1.2.2.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının rəyi;

2.1.2.2.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər.

2.2. Əşyaların dövriyyəsinə xüsusi icazə alınması üçün Qaydalarda və digər qanunvericilik aktlarında nəzərdə tutulmayan sənədlərin ərizəçidən tələb olunması qadağandır və qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.

2.3. Əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün təqdim edilən sənədlər xüsusi icazəni verən müvafiq dövlət orqanı tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır və müəyyən edilmiş qaydada baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, müvafiq dövlət orqanında sənədlər qeydə alındığı gündən başlayaraq 10 gündən gec olmayan müddətdə əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir.

2.4. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, sənədlər xüsusi icazəni verən müvafiq dövlət orqanı tərəfindən bu barədə ərizəçiyə 3 gündən gec olmayaraq təqdim edilmiş sənədlərdə olan çatışmazlıqlar konkret göstərilməklə yazılı məlumat verilir. Ərizəçi təqdim etdiyi sənədlərdəki çatışmazlıqları aradan qaldırdıqdan və sənədləri təkrar təqdim etdikdən sonra, onlara xüsusi icazəni verən müvafiq dövlət orqanı tərəfindən 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

2.5. Əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən yalnız qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda imtina oluna bilər.

2.6. Ərizəçiyə əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən imtina edildikdə, bu barədə ona qanunvericilik aktlarında nəzərdə tutulmuş imtinanın səbəbləri göstərilməklə, 10 gün müddətində yazılı məlumat verilir. Əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən imtina edilməsindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya)”  məhkəməyə şikayət verilə bilər.[1]

2.7. Hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, həmin şəxslərə əşyaların dövriyyəsinə verilən müvafiq xüsusi icazə öz hüquqi qüvvəsini itirir.

2.8. Hüquqi şəxs yenidən təşkil edildikdə, ərizəçi 10 gün müddətində əşyaların dövriyyəsinə xüsusi icazənin bu Qaydalara uyğun olaraq yenidən rəsmiləşdirilməsi üçün xüsusi icazəni verən müvafiq dövlət orqanına bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş ərizəni və müvafiq sənədləri təqdim etməlidir.

2.9. Əşyaların dövriyyəsinə xüsusi icazənin yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki xüsusi icazə əsasında həyata keçirir.

2.10. Hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxsin şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı) dəyişdikdə, yaxud xüsusi icazə itirildikdə, xüsusi icazəni verən müvafiq dövlət orqanı tərəfindən 3 gündən gec olmayaraq yeni xüsusi icazə verilir.

2.11. Əşyaların dövriyyəsinə xüsusi icazədə aşağıdakılar göstərilir:

2.11.1. əşyaların dövriyyəsinə xüsusi icazəni verən dövlət orqanının adı;

2.11.2. xüsusi icazə verilən:

2.11.2.1. hüquqi şəxsin adı və hüquqi ünvanı;

2.11.2.2. fiziki şəxslərin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumat (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı);

2.11.3. əşyaların dövriyyəsinə xüsusi icazənin qeydiyyat nömrəsi və verilmə tarixi;

2.11.4. əşyaların dövriyyəsinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əlavə şərtləri.

2.12. Əşyaların dövriyyəsinə xüsusi icazə müvafiq xüsusi icazəni verən dövlət orqanının rəhbəri tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir.

2.13. Ciddi hesabat blankları kimi xüsusi icazə blanklarının müxtəlif yerlərində gizli nişanlar (xüsusi emblem, tor, holoqram və ya su nişanları) əks etdirilməlidir.

2.14. Əşyaların dövriyyəsinə xüsusi icazə müddətsiz verilir. Bu Qaydalarda nəzərdə tutulduğu hallarda və qaydada dayandırıla, bərpa edilə və ya ləğv edilə bilər.

2.15. Əşyaların dövriyyəsinə xüsusi icazə verən müvafiq dövlət orqanı verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi xüsusi icazələrin reyestrini müəyyən edilmiş qaydada aparır.

 

III. ƏŞYALARIN DÖVRİYYƏSİNƏ VƏ ONUN ŞƏRTLƏRİNİN GÖZLƏNİLMƏSİNƏ NƏZARƏT

 

3.1. Xüsusi icazə sahibi tərəfindən əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə riayət olunmasına əşyaların dövriyyəsinə xüsusi icazə verən müvafiq dövlət orqanları nəzarət edirlər.

3.2. Xüsusi icazə sahiblərinin (sahibkarlar istisna olmaqla) fəaliyyətinin əşyaların dövriyyəsi şərtlərinə uyğunluğunun yoxlanılması məqsədi ilə ildə bir dəfə növbəti yoxlamalar, dövlət və yerli özünüidarəetmə orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin əsaslandırılmış müraciətləri əsasında isə növbədənkənar yoxlamalar aparılır. Xüsusi icazə verilmiş sahibkarların fəaliyyətinin əşyaların dövriyyəsi şərtlərinə uyğunluğu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada yoxlanılır.[2]

 

IV. ƏŞYALARIN DÖVRİYYƏSİ ÜÇÜN VERİLƏN XÜSUSİ İCAZƏNİN QÜVVƏSİNİN DAYANDIRILMASI, BƏRPA EDİLMƏSİ VƏ YA LƏĞV EDİLMƏSİ

 

4.1. Əşyaların dövriyyəsi üçün xüsusi icazə verən dövlət orqanı xüsusi icazənin qüvvəsini aşağıdakı hallarda dayandırır:

4.1.1. xüsusi icazə sahibi tərəfindən əşyaların dövriyyəsi üçün verilmiş xüsusi icazənin qüvvəsinin dayandırılması barədə müvafiq ərizə təqdim edildikdə;

4.1.2. xüsusi icazə sahibi tərəfindən əşyaların dövriyyəsi və bununla əlaqədar onun fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlara əməl edilmədikdə;

4.1.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

4.2. Əşyaların dövriyyəsi üçün xüsusi icazə verən dövlət orqanı xüsusi icazənin dayandırılması haqqında qərar qəbul etdiyi andan 3 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə məlumat göndərməklə xüsusi icazənin qüvvəsini dayandırır.

4.3. Əşyaların dövriyyəsi üçün xüsusi icazənin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra xüsusi icazə onun sahibinin müraciətinə və həmin halların aradan qaldırılmasını təsdiq edən sənədlərə əsasən bərpa edilə bilər. Əşyaların dövriyyəsi üçün xüsusi icazə verən dövlət orqanı tərəfindən bu barədə qərar qəbul edildikdə, xüsusi icazənin qüvvəsi bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edildiyi andan 3 gün müddətində yeni xüsusi icazə verilir.

4.4. Əşyaların dövriyyəsi üçün xüsusi icazə verən dövlət orqanı xüsusi icazəni aşağıdakı hallarda ləğv edir:

4.4.1. xüsusi icazə sahibi tərəfindən əşyaların dövriyyəsi üçün verilmiş xüsusi icazənin ləğv edilməsi barədə müvafiq ərizə təqdim edildikdə;

4.4.2. xüsusi icazənin verilməsi üçün təqdim edilən sənədlərdə saxta və təhrif olunmuş məlumat aşkar edildikdə;

4.4.3. məhkəmənin müvafiq qərarı olduqda;

4.4.4. hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə;

4.4.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

4.5. Əşyaların dövriyyəsi üçün xüsusi icazə verən dövlət orqanı xüsusi icazənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 3 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə məlumat göndərməklə xüsusi icazəni ləğv edir. Xüsusi icazə sahibi 3 gün müddətində xüsusi icazəni onu vermiş dövlət orqanına geri qaytarmalıdır.

 

V. ƏŞYALARIN DÖVRİYYƏSİ ÜÇÜN XÜSUSİ İCAZƏ VERƏN DÖVLƏT ORQANININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN VƏ ƏRİZƏÇİLƏRİN MƏSULİYYƏTİ

 

5.1. Əşyaların dövriyyəsi üçün xüsusi icazə verən dövlət orqanlarının vəzifəli şəxsləri bu Qaydalara və əşyaların dövriyyəsi ilə bağlı digər qanunvericilik aktlarına riayət etmədikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

5.2. Əşyaların dövriyyəsi üçün xüsusi icazə almaq üçün müraciət etmiş ərizəçilər saxta sənədlərin təqdim edilməsinə, habelə xüsusi icazə sahibləri əşyaların dövriyyəsi ilə bağlı qanunvericilik aktlarının pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

5.3. Əşyaların dövriyyəsi üçün xüsusi icazə verən dövlət orqanlarının qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.[3]

 

 


 

 

ƏLAVƏ 2

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının

 

SİYAHISI

 

Sıra

№-si

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar

Xüsusi icazə verən icra hakimiyyəti orqanı[4]

1

2

3

1.

Hərbi silah və sursat istehsal etmək üçün avadanlıq

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla) [5]

2.

Döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla)

3.

Xidməti və mülki silah

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsinə və Azərbaycan Respublikasından aparılmasına münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)[6]

4.

Kosmik-peyk rabitə vasitələri [7]

 

 

 

 

Xüsusi məxfi rabitə vasitələri və şifrləri, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla)

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti[8]

5.

Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələri[9]

Azərbaycan Respublikasının Energetika Nazirliyi[10]

6.

İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi[11]

7.

Qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan Respublikası Prezidenti yanında Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyi nəzərə alınmaqla)[12]

8.

Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq[13]

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla)

9.

Partlayıcı maddələr və qurğular

 

 

 

Tezalışan maddələr və pirotexniki məmulatlar

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi[14]

10.

Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

11.

Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıq

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla)

12.

Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (rabitə şəbəkələrindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)[15]

13.

Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla)

14.

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi[16]

15. [17]

Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun müəyyən olunmuş milli əlaqələndirici institutun qərarı nəzərə alınmaqla)

16.[18]

Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

17[19]

Məsafədən idarə edilən pilotsuz uçan aparatlar

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla)[20]

18.[21]

Gözün buynuz qişası

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

 

Qeyd: Siyahının 1-ci, 2-ci, 3-cü, 6-cı, 8-ci, 9-cu və 11-ci bəndlərində göstərilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların idxal-ixrac əməliyyatları “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi haqqında Qaydalar”ın 7-ci bəndinə əsasən müstəsna olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları əsasında həyata keçirilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       31 oktyabr 2005-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10, maddə 918)

2.       25 may 2006-cı il tarixli 410 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 408)

3.       14 mart 2007-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 232)

4.       16 avqust 2007-ci il tarixli 617 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 765)

5.       31 yanvar 2008-ci il tarixli 703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 7)

6.       6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)

7.       5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163)

8.       25 iyun 2013-cü il tarixli 926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 654)

9.       10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

10.    2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

11.    31 oktyabr 2014-cü il tarixli 335 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1220)

12.    14 iyul 2015-ci il tarixli 561 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Respublika” qəzeti, 16 iyul 2015-ci il, № 152; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 829)

13.    13 yanvar 2016-cı il tarixli 723 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 14 yanvar 2016-cı il, № 08, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 45)

14.    23 iyun 2016-cı il tarixli 943 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Respublika” qəzeti, 29 iyun 2016-cı il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1039)

15.    10 avqust 2016-cı il tarixli 1014 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1375)

16.    3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353)

17.    7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

18.    3 noyabr 2017-ci il tarixli 1657 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Xalq” qəzeti, 4 noyabr 2017-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1996)

19.    14 mart 2018-ci il tarixli 1886 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 436)

20.    19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1840)

21.    5 iyul 2019-cu il tarixli 776 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 iyul 2019-cu il, № 144)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 avqust 2007-ci il tarixli 617 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 765) ilə 2.6-cı bənddə ikinci cümlədə “qanunvericiliyə uyğun olaraq” sözlərindən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.

 

[2] 31 oktyabr 2014-cü il tarixli 335 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1220) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nın 3.2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.2. Xüsusi icazə sahiblərinin fəaliyyətinin əşyaların dövriyyəsinin şərtlərinə uyğunluğunun yoxlanılması, bir qayda olaraq, ildə bir dəfə növbəti yoxlamalar və müvafiq səlahiyyətli dövlət orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin müraciətləri əsasında növbədənkənar yoxlanıla bilər. Növbəti və növbədənkənar yoxlamaların keçirilməsi qaydası, habelə növbədənkənar yoxlamaların keçirilməsinin əsasları qanunvericiliklə müəyyən edilir.

 

[3] 16 avqust 2007-ci il tarixli 617 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 765) ilə 5.3-cü bənddə “qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada” sözləri “qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 mart 2007-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 232) ilə Xüsusi icazə verən icra hakimiyyəti orqanı" sütununun 1-ci və 2-ci bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin rəyi nəzərə alınmaqla)

 

[5] 3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 1-ci, 2-ci hissələrində, 4-cü hissəsində (hər iki halda), 7-ci, 12-ci və 13-cü hissələrində ismin müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[6] 13 yanvar 2016-cı il tarixli 723 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 14 yanvar 2016-cı il, № 08, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 45) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 3-cü hissəsinin “Xüsusi icazə verən icra hakimiyyəti orqanı” sütununa “Daxili İşlər Nazirliyi” sözlərindən sonra “(Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsinə və Azərbaycan Respublikasından aparılmasına münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)” sözləri əlavə edilmişdir.

 

[7] 31 oktyabr 2005-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10, maddə 918) ilə Əlavə 2 - "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nın 4-cü bəndində "Kosmik peyk və rabitə" sözləri "Kosmik-peyk rabitə vasitələri" sözləri ilə əvəz edilmişdir.

 

[8] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 4-cü, 13-cü və 14-cü hissələrinə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

 

[9]  31 yanvar 2008-ci il tarixli 703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 7) ilə "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nın 5-ci bəndinin "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar" sütununda "Qızılın" sözü "Qiymətli daşların hasilatı, qızılın" sözləri ilə əvəz edilmişdir.

 

[10] 10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 5-ci hissəsinin “Xüsusi icazə verən icra hakimiyyəti orqanı” sütununda “Sənaye və Energetika Nazirliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz  edilmişdir.

 

[11] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 6-cı bəndində “Xüsusi icazə verən icra hakimiyyəti orqanı” sütununda “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[12] 5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163) ilə Əlavə 2 - “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın “Xüsusi icazə verən icra hakimiyyəti orqanı” sütununun 7-ci bəndindən “Prezidenti yanında” sözləri çıxarılmışdır.

10 avqust 2016-cı il tarixli 1014 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1375) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 7-ci hissəsində “Xüsusi icazə verən icra hakimiyyəti orqanı” sütununda “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri ilə əvəz edilmişdir.

 

[13] 25 may 2006-cı il tarixli 410 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 408) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 8-ci bəndindən “və prekursorlar” sözləri çıxarılmışdır.

 

[14] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 9-cu bəndində “Xüsusi icazə verən icra hakimiyyəti orqanı” sütununda “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” və “Daxili İşlər Nazirliyi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[15] 14 mart 2018-ci il tarixli 1886 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 436) “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 12-ci hissəsinin “Xüsusi icazə verən icra hakimiyyəti orqanı” sütununa “Xidməti” sözündən sonra “(rabitə şəbəkələrindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)” sözləri əlavə edilmişdir.

 

[16] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 4-cü, 13-cü və 14-cü hissələrində “Xüsusi icazə verən icra hakimiyyəti orqanı” sütununda “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

[17] 25 iyun 2013-cü il tarixli 926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 654) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”na yeni məzmunda 15-ci bənd əlavə edilmişdir.

 

[18] 14 iyul 2015-ci il tarixli 561 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Respublika” qəzeti, 16 iyul 2015-ci il, № 152; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 829) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”na yeni məzmunda 16-cı bənd əlavə edilmişdir.

 

[19] 23 iyun 2016-cı il tarixli 943 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Respublika” qəzeti, 29 iyun 2016-cı il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1039) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”na yeni məzmunda 17-ci hissə əlavə edilmişdir.

 

[20] 19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1840) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 17-ci hissəsində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

5 iyul 2019-cu il tarixli 776 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 iyul 2019-cu il, № 144) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 17-ci hissəsinə “Müdafiə Nazirliyinin,” sözlərindən sonra “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin,” sözləri əlavə edilmişdir.

 

[21] 3 noyabr 2017-ci il tarixli 1657 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Xalq” qəzeti, 4 noyabr 2017-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1996) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”na yeni məzmunda 18-ci hissə əlavə edilmişdir.