“Dövlət qeydiyyatına alınmışdır.”

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Qeydiyyat №-3160

“17” iyun 2005-ci il

 

Nazir _______________F.Məmmədov

“Təsdiq edirəm”

Azərbaycan Respublikasının

Ədliyyə Naziri

Əmr №-11-T

“02” iyun 2005-ci il

 

Nazir _______________F.Məmmədov

 

VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARININ DÖVLƏT QEYDİYYATI İLƏ BAĞLI FƏALİYYƏTİN YOXLANILMASI QAYDASI

 

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1.  Bu Qayda VVADQ orqanlarının, o cümlədən Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinin, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinin (bundan sonra VVADQ orqanlarının) və rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər rayonu icra hakimiyyəti nümayəndəliklərinin (bundan sonra müvafiq olaraq “icra hakimiyyətinin nümayəndəliyi”) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində fəaliyyətinin yoxlanılmasının üsullarını müəyyən edir.

1.2. Yoxlama zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının digər qanunlarının, bu qanunlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktlarının, Azərbaycan Respublikası Ailə Məcəlləsinin, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”ın, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollegiya qərarlarını, əmr və göstərişləri rəhbər tutulur.

1.3.  “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na uyğun olaraq VVADQ orqanının, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyəti iki ildə bir dəfədən az olmayaraq yoxlanılır.

1.4.  VVADQ orqanlarının yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Notariat və VVA idarəsi rəisinin, Naxçıvan Muxtar Respublikası ərazisində isə müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilən yoxlama planına əsasən aparılır.

VVADQ orqanının fəaliyyəti bir qayda olaraq Notariat və VVA idarəsi, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, icra hakimiyyəti nümayəndəliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsindəki fəaliyyəti isə rayon VVADQ şöbəsi tərəfindən yoxlanılır.

1.5. Daxil olmuş ərizə və şikayətlər (müraciətlər, məlumatlar) əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi rəhbərliyinin, Notariat və VVA idarəsi rəisinin tapşırığı əsasında yoxlama həyata keçirilə bilər.

1.6.  Yoxlama aparan şəxs VVADQ orqanının, icra hakimiyyəti nümayəndəliyinin bu sahədə fəaliyyətini əks etdirən sənədləri öyrənməlidir.

1.7.  VVADQ orqanının müdiri, icra hakimiyyətinin nümayəndəsi yoxlama aparan şəxsə bu sahədə fəaliyyətinə aid bütün sənədləri təqdim etməyə borcludur.

1.8. Yoxlama VVADQ orqanının, icra hakimiyyəti nümayəndəliyinin iş fəaliyyəti dayandırılmadan aparılır.

1.9.  Yoxlamanın müddəti bir qayda olaraq 7 (yeddi) gündən artıq olmamalıdır. Zərurət yarandıqda həmin müddət artırıla bilər.

II. YOXLAMANIN APARILMASI

2.1.  Yoxlama zamanı aşağıda göstərilənlər araşdırılmalıdır:

2.1.1. Vətəndaşlıq vəziyyəti aktlarının qüvvədə olan qanunvericiliyə uyğun dövlət qeydiyyatına alınması vəziyyəti;

2.1.2.  Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı əhaliyə hüquqi xidmət işinin təşkili (iş rejiminə, əmək intizamına riayət edilməsi) habelə VVADQ orqanının əyani vəsaitlərlə təchiz edilməsi;

2.1.3.  Əməkdaşların nəzəri və peşə hazırlığı (qanunların, normativ hüquqi aktların, Ədliyyə Nazirliyinin kollegiya qərarlarının, əmr və göstərişlərinin əməkdaşlar tərəfindən öyrənilməsi və icra olunması vəziyyəti);

2.1.4.  Əvvəlki yoxlama ilə aşkara çıxarılmış nöqsanlar, onların təhlili və aradan qaldırılması üçün görülmüş tədbirlər;

2.1.5.  İlin yekununda ayrı-ayrı VVADQ əməliyyatlarının rəsmiləşdirilməsi sahəsindəki təcrübənin ümumiləşdirilməsi, bununla bağlı təkliflərin verilməsi, fəaliyyətində tətbiq edilməsi;

2.1.6.  Səhiyyə orqanları ilə əməkdaşlığın vəziyyəti;

2.1.7.  İşin planlaşdırılması vəziyyəti (planda nəzərdə tutulan məsələlərin aktuallığı, icra vəziyyəti, görülmüş tədbirlər və sair);

2.1.8.  İş bölgüsünün aparılması, bu bölgünün iş həcminə uyğunluğu və ona riayət olunması;

2.1.9.  VVADQ orqanında, icra hakimiyyəti nümayəndəliyində vətəndaşların qəbulu işinin təşkili;

2.1.10.  Vətəndaşların müraciətlərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə baxılması (VVADQ orqanının, icra hakimiyyəti nümayəndəliyinin həmin dövrdəki fəaliyyəti ilə bağlı daxil olmuş ərizə və şikayətlərin sayı, verilən cavabların əsaslılığı və dolğunluğu);

2.1.11.  Daxil olmuş təkrar ərizələrin sayı və onları doğuran səbəblərin araşdırılması;

2.1.12.  Vətəndaşlıq vəziyyəti aktlarının doldurulması, məlumatların vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair ümumrespublika elektron məlumat bankına ötürülməsi və onların həmin qeydlərə uyğunluğu;

2.1.13.  Vətəndaşlıq vəziyyəti aktlarındakı qeydlərin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair ümumrespublika elektron məlumat bankında saxlanılan məlumatlarla tam uyğun olması;

2.1.14.  Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair ümumrespublika elektron məlumat bankının imkanlarından VVADQ orqanının gündəlik fəaliyyətində istifadəsi;

2.1.15.  Aparılan əməliyyatlara görə dövlət rüsumunun ödənilməsi və dövlət rüsumunun ödənilməsindən azadolmaların əsaslılığı;

2.1.16. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında verilən şəhadətnamələrə görə haqqın ödənilməsi;

2.1.17.  Şəhadətnamə blanklarının uçotu və saxlanılması, vaxtlı-vaxtında təmin olunması vəziyyəti;

2.1.18.  Şəhadətnamələrin doldurulması qaydası;

2.1.19.  Qüsurlu blankların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qaytarılması, eləcə də doldurularkən korlanmış, tapılmış, digər VVADQ orqanı və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən göndərilmiş və 6 ay ərzində vətəndaşlar tərəfindən alınmamış şəhadətnamələrin məhv edilməsi vəziyyəti;

2.1.20.  Kargüzarlıq işlərinin təşkili, onun dövlət dilində və latın qrafikası ilə aparılması, arxiv sənədlərinin saxlanılması vəziyyəti;

2.1.21.  Kargüzarlığın aparılması zamanı texniki vasitələrdən istifadə edilməsi;

2.1.22.  Statistik hesabatların düzgünlüyü;

2.1.23.  Vətəndaşın soyadı, adı, atasının adının dəyişilməsi və ölüm faktının qeyd olunması ilə əlaqədar məlumatların və şəxsiyyət vəsiqələrinin müvafiq dövlət orqanlarına göndərilməsi;

2.1.24.  Hüquqi maarifləndirmə işinin vəziyyəti.

Qeyd: VVADQ orqanı hər ay icra hakimiyyəti nümayəndəliyinin hesabatını qəbul edərkən onlar tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasına, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələri blanklarının müəyyən olunmuş uçot və saxlanılma qaydalarına əməl olunmasına, ölmüş şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin, hərbi biletlərin təhvil verilməsinə nəzarət edir.

III. YOXLAMANIN NƏTİCƏLƏRİ

3.1.  VVADQ orqanının, icra hakimiyyəti nümayəndəliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində fəaliyyəti yoxlanılarkən aşkara çıxarılan nöqsanların aradan qaldırılmasında VVADQ orqanının müdirinə, icra hakimiyyəti nümayəndəsinə köməklik edilir.

3.2.  VVADQ orqanının, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyətinin yoxlanılması başa çatdıqda yoxlamanı aparan şəxs tərəfindən yoxlamanın nəticəsi haqqında iki nüsxədən ibarət arayış tərtib edilir.

Arayışda bu Qaydanın II bölməsində göstərilənlərdən əlavə aşağıdakılar da öz əksini tapmalıdır:

-     yoxlama aparan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

-     yoxlamanın aparılmasının əsaslan;

-     yoxlamanın əhatə etdiyi dövr;

-     fəaliyyəti yoxlanılan orqan barədə məlumat (adı, ünvanı, əməkdaşları və s.);

-     sonuncu yoxlama ilə aşkar edilmiş nöqsanlar və görülmüş tədbirlər barədə qısa məlumat;

-     yoxlanılan dövr ərzində yol verilmiş qanun pozuntusu və nöqsanlar, onların aradan qaldırılması üçün təkliflər;

-     yoxlama ilə aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün yerində görülmüş tədbirlər;

-     yoxlama aparan şəxsin VVADQ orqanının, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyətinə dair rəyi.

3.3.  VVADQ orqanının, icra hakimiyyəti nümayəndəliyinin əməkdaşları arayışla tanış olmalı və onu imzalamalı, arayışda göstərilənlərə münasibətini bildirməli, yol verilmiş nöqsanlara dair izahat verməlidirlər.

3.4.  VVADQ orqanının fəaliyyətinin yoxlanılmasına dair arayışın birinci nüsxəsi Ədliyyə Nazirliyi yanında Notariat və VVA idarəsinə, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə təqdim edilir, ikinci nüsxəsi isə yoxlanılan orqanda saxlanılır.

3.5.  Yoxlamanın nəticələri Notariat və VVA idarəsinin rəisinə (müavininə), məruzə edilir, yoxlama aparan şəxsin və fəaliyyəti yoxlanılan VVADQ orqanı əməkdaşlarının iştirakı ilə Notariat və VVA idarəsi rəisinin və ya onun müavininin yanında müzakirə olunur. Zəruri hallarda yoxlamanın nəticələri Ədliyyə Nazirliyinin rəhbərliyinə məruzə edilir və intizam məsuliyyəti məsələsinə baxılır.

Naxçıvan Muxtar Respublikası ərazisində yoxlamanın nəticələri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi rəhbərliyinə məruzə edilir və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi qaydada müzakirə olunur.

3.6.  Müzakirədən sonra saxlanılması üçün yoxlama materialları Notariat və VVA idarəsinin ümumi şöbəsinə, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Notariat və VVA şöbəsinə təhvil verilir və Ədliyyə Nazirliyinin arxivinə təhvil verilənədək orada saxlanılır.

Qeyd: VVADQ orqanı icra hakimiyyəti nümayəndəliyində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparılarkən qanun pozuntusu və nöqsanlara yol verildiyini aşkar edərsə, tədbir görülməsi üçün bu barədə yerli İcra hakimiyyəti orqanına məlumat verməlidir. Göstərilən hallar mütəmadi baş verdikdə və ya ciddi nöqsanlar mövcud olduqda bu barədə müvafiq tədbirlərin görülməsi üçün Ədliyyə Nazirliyi yanında Notariat və VVA idarəsinə, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə məlumat verilməlidir.