Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin qorunmasını gücləndirmək, yaşıllıq sahələrini genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərarının 7 saylı əlavəsinin cədvəlinə sıra üzrə:

1 m2 yaşıllıqlar üçün (qazon, çiçək ləki və s.)

0,2

0,2

sözləri və Qeyd hissəsinə aşağıdakı məzmunda IV bənd əlavə edilsin:

 “IV. Bakı, Gəncə və Sumqayıt şəhərlərində ağac və kol cinslərinin qanunsuz kəsilməsi, kökündən çıxarılması və ya boy artımının dayandırılması dərəcəsinə qədər zədələnməsi nəticəsində dəymiş ziyanın miqdarı yuxarıdakı nırx üç dəfə artırılmaqla hesablanır.”.

3. “Dövlət meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin qorunması haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 15 dekabr tarixli 493 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 19 sentyabr 2005-ci il

№ 173

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 19 sentyabr tarixli 173 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması

QAYDALARI

1. Bu Qaydalar meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunmasını tənzimləyir.

2. Aşağıdakı ağac və kol bitkiləri meşə fonduna daxil deyildir:

kənd təsərrüfatı torpaqlarındakı ağaclar və ağac qrupları, tarlaqoruyucu meşə zolaqları, habelə digər ağac-kol bitkiləri;

dəmir yolları və avtomobil yollarını, kanalları və digər su obyektlərini ayıran zolaqlardakı qoruyucu ağaclar;

şəhərlərdə və digər yaşayış məntəqələrində olan ağaclar və ağac qrupları, habelə yaşıllıqlar;

həyətyanı sahələrdə, yaylaq, qışlaq və bağ sahələrində olan ağaclar və ağac qrupları.

3. Meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin mühafizəsinin məqsədi onları qanunsuz qırmalardan və köçürmələrdən, yaşıllıqlara zərər vura bilən digər hərəkətlərdən qorumaqdır.

4. Bu Qaydalar meşə fonduna, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətinə daxil olmayan torpaq sahələrində bitən ağac-kol bitkilərinə şamil edilir və onun tələblərinin yerinə yetirilməsi həmin torpaqların istifadəçiləri və icarəçiləri üçün məcburidir.

5. Meşə fonduna, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətinə daxil olmayan torpaq sahələrində bitən ağac-kol bitkilərinin qorunub mühafizə olunması həmin torpaqların istifadəçiləri və icarəçiləri tərəfindən həyata keçirilir və aşağıdakı tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur:

ağac-kol bitkilərinin vəziyyətinə, səmərəli istifadəsinə, mühafizəsinə və qorunmasına nəzarətin təşkili;

torpaqların münbitliyinin artırılması, su və külək eroziyasından qorunmasının təmin edilməsi;

hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması;

qanunsuz qırılmış ağac-kol bitkilərinin və yaşıllıqların bərpa edilməsi;

yaşıllıqların suqoruyucu, sanitar-gigiyena, mühit əmələ gətirən və digər

qoruyucu funksiyalarının artırılması və s.

6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi aidiyyəti orqanlarla birlikdə mövcud qanunvericiliyə riayət edilməsini, meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin səmərəli istifadəsini, onların qanunsuz qırılmasının qarşısının alınmasını təmin etmək məqsədilə müəyyən olunmuş qaydada dövlət nəzarətini həyata keçirirlər.

7. Aşağıdakı müstəsna hallarda meşə fonduna, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətinə daxil olmayan torpaq sahələrində bitən ağac-kol bitkilərinin həmin torpaqların istifadəçiləri və icarəçiləri tərəfindən qırılması və ya köçürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı və müəyyən şərtləri ilə aidiyyəti yerli icra hakimiyyəti (şəhər rayonları istisna olmaqla) və özünüidarəetmə (bələdiyyə) orqanlarının qərarları və sərəncamları əsasında yol verilir:

köküstə quruduqda;

yüksək gərginlikli elektrik xətlərinə toxunduqda;

təbii fəlakət nəticəsində, həmçinin xəstəlik və ziyanvericilərlə ciddi zədələndikdə;

axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılar ilə zədələndikdə və ya məhv edildikdə;

ağacların yerə düşmək təhlükəsi yarandıqda;

qanunvericiliklə nəzərdə tutulan digər hallarda.

8. Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkilərində qulluq, sanitariya, yenidənəkmə məqsədilə xüsusi təyinatlı və başqa qırmaların aparılması, avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında meşəsalma, habelə ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

9. Şəhər və digər yaşayış məntəqələrindəki ağac və kol bitkilərində qulluq, sanitariya, yenidənəkmə məqsədilə xüsusi təyinatlı və başqa qırmalar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmaqla yerli icra hakimiyyəti (şəhər rayonları istisna olmaqla) və özünüidarəetmə (bələdiyyə) orqanları tərəfindən aparılır.

10. Təbiət abidəsi elan edilən ağac-kol bitkilərinin və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin qorunub mühafizə olunması mövcud qanunvericilikdə müəyyən edilmiş qaydada aparılır.

11. Bu Qaydaların pozulmasına görə fiziki və hüquqi şəxslər qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar və meşə fonduna, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətinə daxil olmayan torpaq sahələrində bitən ağac-kol bitkilərinin qanunsuz kəsilməsi, boy artımının dayandırılması dərəcəsinə qədər zədələnməsi və yaşıllıqların məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 27 dekabr tarixli 636 nömrəli qərarı ilə təsdiq edilmiş nırx dəyərləri ilə hesablanır.