Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra ətraf mühitin mühafizəsi sahəsində bir çox beynəlxalq konvensiyalara və sazişlərə qoşulmuş, bununla bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atmışdır. Son illər bu sahədə beynəlxalq təşkilatlarla əlaqələr genişlənmiş, birgə layihələr hazırlanaraq həyata keçirilmiş, ekoloji tarazlığın təmin edilməsinə, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına yönəldilmiş bir sıra dövlət proqramlarının icrasına başlanılmış, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan flora və faunanın qorunub saxlanılması məqsədilə milli parklar, dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqları yaradılmışdır. Bununla yanaşı, beynəlxalq konvensiyalardan və sazişlərdən irəli gələn öhdəliklərin tam həcmdə yerinə yetirilməsini təmin etmək üçün müvafiq dövlət orqanlarının səylərinin artırılması və bu sahədə işlərin daha da gücləndirilməsi zərurəti var.

Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlərin həllini sürətləndirmək məqsədilə qərara alıram:

1. “Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən tədbirlərin həyata keçirilməsi üçün lazım olan maliyyə vəsaitini iki ay müddətində müəyyənləşdirib təsdiq etsin.

3. Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən tədbirlərin yerinə yetirilməsi üçün zəruri işlər görsünlər.

4. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 mart 2006-cı il

       ¹ 1396

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 30 mart tarixli 1396 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə

 

T Ə D B İ R L Ə R

 

1.Beynəlxalq konvensiya və sazişlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin mövcud vəziyyəti

 

“Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 161 nömrəli Fərmanın 4-cü bəndinin doqquzuncu abzasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin mövcud vəziyyəti araşdırılmış və bu istiqamətdə həyata keçirilməsi tələb olunan tədbirlərə dair təkliflər hazırlanmışdır.

Bu günədək Azərbaycan Respublikası ətraf mühitin mühafizəsi sahəsində 15 beynəlxalq konvensiyanı ratifikasiya etmişdir. Həmin sənədlərdən irəli gələn öhdəliklər üzrə görülmüş işlər əsasən aşağıdakılardan ibarətdir:

1. BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasını Azərbaycan Respublikası 1995-ci ildə ratifikasiya etmişdir.

1997-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılmışdır. Konvensiyanın milli əlaqələndiricisi təyin edilmiş və əlaqədar təşkilatların ekspertlərindən ibarət işçi qrupu yaradılmışdır.

Konvensiyadan irəli gələn öhdəlik və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Qlobal Ekologiya Fondu (QEF) və BMT-nin İnkişaf Proqramının maliyyə yardımı ilə “Azərbaycan Respublikasının Birinci Milli Məlumatları” hazırlanmış və Konvensiyanın Katibliyinə təqdim edilmişdir.

“Birinci Milli Məlumatlar” layihəsinin birinci fazasında iqlim dəyişmələrinin təsirinin minimuma endirilməsi üçün müvafiq tədbirlər planı hazırlanmış, ikinci fazada isə iqtisadiyyatın prioritet sahələrində istilik effekti yaradan qaz tullantılarının azaldılması üçün ekoloji cəhətdən təmiz texnologiyalara dair tələbatlar qiymətləndirilmiş və həmin texnologiyaların tətbiqinə dair təkliflər hazırlanmışdır.

Hazırda “Azərbaycan Respublikasının İkinci Milli Məlumatları” hazırlanır.Bu mərhələdə əsas diqqət insan sağlamlığı, ekosistemlərə təsir, təmiz inkişaf mexanizmi üzrə layihələrin seçilməsinə yönəldiləcəkdir.

Konvensiyanın Kioto Protokolunu Azərbaycan Respublikası 2000-ci ildə ratifikasiya etmişdir. Azərbaycan Respublikası Kioto Protokolu üzrə konkret olaraq kəmiyyət öhdəlikləri götürməmişdir və yalnız həmin Protokolun Təmiz İnkişaf Mexanizmində iştirak edir. Bu məqsədlə konkret pilot layihələrinin həyata keçirilməsi üçün Kanada, Danimarka, Fransa, Yaponiya kimi inkişaf etmiş ölkələrlə müvafiq danışıqlar aparılır. 2004-cü ildə Kioto Protokolunun həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında Anlaşma Memorandumu imzalanmışdır.

Fransa Hökuməti ilə karbonun udulmasına dair meşə sahələrinin genişləndirilməsi layihələrinin həyata keçirilməsi məqsədilə ilkin texniki-iqtisadi qiymətləndirmə hesabatı hazırlanmışdır.

Hazırda Avropa İttifaqının TACİS Proqramı çərçivəsində Cənubi Qafqaz ölkələrinə və Moldovaya texniki dəstək layihəsi və istilik effekti yaradan qazların kadastrına dair Qlobal Ekoloji Fondun yaradımı ilə Azərbaycanda regional layihə həyata keçirilir.

2. “Ozon qatının qorunması haqqında” Vyana Konvensiyasını, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”nu və Protokola aid olan müvafiq düzəlişləri Azərbaycan Respublikası 1996-cı ildə ratifikasiya etmişdir.

Ötən müddət ərzində ölkədə illik istifadə edilən ozonlaşdırıcı maddələrin (ODM) miqdarı müəyyənləşdirilmiş və həmin maddələrin istifadəsinin mərhələlər üzrə azaldılmasını nəzərdə tutan Azərbaycan Respublikasının Ozon Strategiyası hazırlanmışdır. Strategiyaya uyğun olaraq Azərbaycanda ODM-in istifadəsinin mərhələlər üzrə azaldılması qrafiki tərtib edilərək Konvensiyanın Katibliyinə göndərilmişdir.

Protokol üzrə götürülmüş öhdəliklərə görə artıq ölkədə xlorflüorkarbon tərkibli ODM-in istifadəsi və onların idxalı dayandırılmalıdır. Hazırda bu istiqamətdə və ümumiyyətlə ODM-in idxal və ixracının tənzimlənməsi üzrə müvafiq tədbirlər görülür.

Azərbaycanda Qlobal Ekologiya Fondunun maliyyə yardımı ilə ODM-dən istifadə edən müəssisələrdə (Bakı “Çinar Soyuducuları” və Sumqayıt kompressor zavodlarında) rekonstruksiya işləri aparılmış və həmin müəssisələrdə ozondağıdıcı sayılmayan alternativ maddələrdən istifadə etmək nəzərdə tutulmuşdur.

3. “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Konvensiyanı Azərbaycan Respublikası 2002-ci ildə ratifikasiya etmişdir.Konvensiyanın Milli Əlaqələndiricisi təyin olunmuş və bu sahədə işlərin aparılması üçün işçi qrupu yaradılmışdır. Azərbaycan Respublikası üzrə atmosfer havasına atılan tullantılar barədə 2002-ci il üzrə məlumatların Konvensiyanın Katibliyinə verilməsi təmin olunmuş və sonrakı illər üzrə belə məlumatların hazırlanması davam etdirilir.

Konvensiyanın “Ağır metallar”, “Davamlı üzvi çirkləndiricilər” və “Turşululuğun azaldılması, evtrofikasiya və yerin ozon qatının bərpası” Protokollarını ratifikasiyaya hazırlamaq üzrə işçi qrupu tərəfindən müvafiq tədbirlər görülür.

4. “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Konvensiya Azərbaycan Respublikası tərəfindən 2004-cü ildə ratifikasiya edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Konvensiya üzrə səlahiyyətli orqan təyin edilmişdir.

Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə kömək məqsədilə Almaniyanın Təbiəti və Ətraf Mühiti Mühafizə, Nüvə Reaktorlarının Təhlükəsizliyi üzrə Federal Nazirliyinin maliyyə dəstəyi ilə “Kür çayı hövzəsində qəza vəziyyətinin xəbərdarlıq edilməsi üçün tədbirlərin hazırlanması və tətbiq edilməsi” layihəsi həyata keçirilir. Layihəyə əsasən Cənubi Qafqaz dövlətlərində Kür çayı hövzəsində qəza vəziyyətinin xəbərdarlıq edilməsi məntəqələrinin yaradılması və müvafiq avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulmuşdur.

5. BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasına Azərbaycan Respublikası 2001-ci ildə qoşulmuşdur.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bazel Konvensiyası üzrə səlahiyyətli orqan təyin edilmişdir.

“Təhlükəli tullantıların pasportlaşdırılması” Qaydası və “Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası” təsdiq edilmişdir.

Həmçinin təhlükəli tullantıların basdırılması üçün beynəlxalq standartlara uyğun poliqon inşa edilmiş və 2004-cü ildən təhlükəli tullantıların saxlanması üzrə Milli Mərkəz fəaliyyətə başlamışdır.

6. BMT-nin Ciddi quraqlıq və yaxud səhralaşma baş verən ölkələrdə, xüsusilə Afrikada səhralaşma ilə mübarizə üzrə Konvensiyasını Azərbaycan Respublikası 1998-ci ildə ratifikasiya etmişdir.

Ötən müddətdə Konvensiyanın Azərbaycanda həyata keçirilməsi haqqında Milli Məruzə hazırlanmış, Milli Fəaliyyət Planının hazırlanması üçün məlumatlar təhlil edilmiş, ölkənin müxtəlif bölgələrində Konvensiyanın məqsədləri mövzusunda seminarlar keçirilmiş və digər işlər görülmüşdür. Hazırda səhralaşma problemləri ilə əlaqədar Meşələrin Bərpası Proqramının əməli həyata keçirilməsinə başlanmış, proqram üzrə ildə 3,9 min ha meşə əkini və 5,9 min ha təbii bərpaya kömək tədbirləri nəzərdə tutulmuşdur. 2004-cü ildə “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Texnogen təsirlər nəticəsində çirklənmiş torpaqların reabilitasiyası və rekultivasiyası üzrə də bir sıra layihələr həyata keçirilir.

Konvensiyanın yerinə yetirilməsi üzrə aidiyyəti nazirliklərin və idarələrin, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət Koordinasiya Şurası yaradılmışdır.

7. “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası Azərbaycan Respublikası tərəfindən 2003-cü ildə ratifikasiya olunmuşdur.Konvensiya üzrə səlahiyyətli orqan kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilmişdir. Nazirlikdə Konvensiya ilə bağlı geniş məlumatlar toplanmış, aidiyyəti təşkilatların mütəxəssislərindən ibarət işçi qrup yaradılmış və müvafiq təkliflər planı hazırlanmışdır.

Konvensiyanın qüvvəyə minməsi ilə əlaqədar 2004-cü ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif nazirliklərin, idarələrin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə “Pestisidlər, ətraf mühit və əhalinin sağlamlığı” mövzusunda geniş toplantı keçirilmişdir. İşçi qrupun üzvləri tərəfindən ölkənin regionlarında keçirilən görüşlərdə davamlı üzvi çirkləndiricilər barədə məlumatlar verilmiş və bu maddələrin ətraf mühit və sosial sahə üçün təhlükəsi barədə maarifləndirmə işləri aparılmışdır.

2005-ci ilin iyul ayından etibarən Qlobal Ekoloji Fondun və BMT-nin Sənaye İnkişafı Təşkilatının dəstəyi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Fəaliyyət Planının hazırlanması prosesinə başlanılmışdır.

8. BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyasını Azərbaycan Respublikası 2000-ci ildə ratifikasiya etmişdir. Eyni zamanda, 22 oktyabr 2002-ci ildə Azərbaycan Respublikası Konvensiyanın “Su və Sağlamlıq” Protokoluna qoşulmuşdur. Protokol 2005-ci ildən hüquqi qüvvəyə minmişdir.

Konvensiya çərçivəsində 2002-2003-cü illərdə TACİS Proqramının xətti ilə maliyyələşdirilən “Çayların birgə idarə olunması” layihəsi yerinə yetirilmişdir. Layihənin əsas məqsədi transsərhəd çirklənmələr sahəsində müşahidələr aparmaq, onları qiymətləndirmək və daim nəzarətdə saxlamaq, çirklənmənin aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməkdir. Layihənin yerinə yetirilməsi zamanı 4 transsərhəd çayın, o cümlədən Kür çayının monitorinqi aparılmışdır.

Konvensiya çərçivəsində, eyni zamanda beynəlxalq göllərin monitorinqi və qiymətləndirilməsi üzrə pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda Candar gölü beynəlxalq təşkilatlar tərəfindən tərtib olunmuş 15 prioritet gölün siyahısına daxil edilmişdir.

Transsərhəd çaylarda çirklənmənin monitorinqinin müntəzəm olaraq aparılması üçün Qazax və Beyləqan rayonlarının ərazisində müasir tələblərə cavab verən analitik tədqiqat laboratoriyaları yaradılmış və müvafiq avadanlıqla təmin olunmuşdur.

9. “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyaya (MARPOL) Azərbaycan Respublikası 2004- cü ildə qoşulmuşdur (5 əlavəsi ilə birlikdə).

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən həyata keçirilən Xəzər dənizinin mühafizəsi, o cümlədən dənizin gəmilər vasitəsilə çirklənməsinin qarşısının alınması istiqamətində fəaliyyəti sözügedən Konvensiyanın tələblərinə uyğun aparılır.

10. BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyası Azərbaycan Respublikası tərəfindən 2000-ci ildə ratifikasiya olunmuşdur.

Azərbaycan Respublikasının ərazisində bütün vacib ekosistemlərin, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan flora və fauna növlərinin qorunub saxlanılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, son iki il ərzində Azərbaycan Respublikasında 6 Milli Park (Ordubad, Şirvan, Ağ göl, Hirkan, Altıağac, Abşeron milli parkları), 2 dövlət təbiət qoruğu (Şahbuz, Eldar şamı) və Qax Hirkan və Arazboyu dövlət təbiət yasaqlıqları yaradılmış, 5 dövlət təbiət qoruğunun (Türyançay, Pirqulu, İlisu, İsmayıllı, Qarayazı) ərazisi genişləndirilmişdir.

Hazırda xüsusi mühafizə olunan təbiət əraziləri 604,5 min hektarı əhatə edir ki, bu da ölkə ərazisinin 7 faizini təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikasında bioloji müxtəlifliklə bağlı BMT-nin İnkişaf Proqramı, Qlobal Ekoloji Fond, Almaniyanın İnkişaf Bankı (KfW) və digər beynəlxalq təşkilatlarla birgə müxtəlif layihələr hazırlanır və həyata keçirilir.

11. YUNESKO-nun “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Beynəlxalq Konvensiyası (Ramsar Konvensiyası) və ona əlavə edilmiş dəyişikliklər haqqında Protokol və düzəlişlər Azərbaycan Respublikası tərəfindən 2000-ci ildə ratifikasiya olunmuşdur. Konvensiya üzrə işçi qrupu yaradılmışdır.

 Ramsar Siyahısına daxil edilmiş Qızılağac Dövlət Təbiət Qoruğu və Ağ göl Milli Parkının İnformasiya sənədləri 2004-cü ildə yeniləşdirilərək Konvensiyanın Katibliyinə göndərilmişdir. Ağ göl Dövlət Təbiət Qoruğunun bazasında 17 924 ha sahədə Ağ göl Milli Parkı yaradılmış, xüsusi mühafizə olunan təbiət ərazisi statusu qazanmış ətraf ərazilərdə ümumilikdə biomüxtəlifliyin qorunması təmin edilmişdir.

12. “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya (CİTES Konvensiyası) Azərbaycan Respublikası tərəfindən 1998-ci ildə ratifikasiya olunmuşdur.

1999-cu ildə CİTES üzrə İnzibati Orqan kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi təyin edilmişdir. Ötən müddət ərzində İnzibati Orqan tərəfindən idxal və ixrac əməliyyatlarını tənzimləyən 110 icazə sertifikatı verilmişdir. CİTES Katibliyi tərəfindən tələb olunan hesabatlar mütəmadi olaraq tərtib edilmiş və qarşı tərəfə çatdırılmışdır. CİTES Katibliyi ilə İnzibati Orqan arasında məlumat mübadiləsi təşkil edilmişdir. Onun tövsiyəsi əsasında Xəzəryanı ölkələr arasında ilk dəfə olaraq Azərbaycan Respublikasında “Nərəcinsli balıq ehtiyatlarının istifadəsinin və dövriyyəsinin tənzimlənməsi Qaydaları” hazırlanmışdır.

13. YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasını Azərbaycan Respublikası 1998-ci ildə ratifikasiya etmişdir.

Azərbaycan Respublikasının ərazisində yerləşən 4 təbii abidə (Hirkan Dövlət Qoruğu, “Bakı mərtəbəsi” dağı, Lökbatan palçıq vulkanı və Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığı) YUNESKO-nun Ümumdünya Mədəni və Təbii İrs Fondunun siyahısına daxil edilmək üçün təqdim olunmuşdur.

Hirkan Dövlət Qoruğunun daha əhəmiyyətli olduğunu nəzərə alaraq, onun layihə-smeta sənədləri hazırlanıb Ümumdünya İrs Mərkəzinə göndərilmişdi. Lakin Hirkan Dövlət Qoruğunun ərazisi 2906 ha olmaqla nadir Hirkan meşələrini tam əhatə etmədiyindən 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 21435,0 ha ərazidə Hirkan Milli Parkı və 2005-ci ildə 2252 ha ərazidə Hirkan Dövlət Təbiət Yasaqlığı yaradılmış və beləliklə, nominasiya üçün yuxarıda qeyd olunan ərazi Hirkan Meşələri adını almışdır.

14. BMT-nin “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, qərar qəbul edilməsində ictimaiyyətin iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” Orxus Konvensiyasını Azərbaycan Respublikası 1999-cu ildə ratifikasiya etmişdir.

Konvensiyanın müddəalarının yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakıdakı nümayəndəliyinin yardımı ilə Ətraf Mühitə dair İctimai Məlumat Mərkəzi (Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi) yaradılmışdır.

Lazımi texniki imkanlara malik olan Mərkəz ətraf mühitə dair informasiyadan istifadə və qərar qəbul edilməsində ictimaiyyətin iştirakının təmin edilməsi, ətraf mühit məsələlərində şəffaf ictimai mühitin yaradılması və uğurlu idarəçiliyin bərqərar edilməsinə yardım məqsədi daşıyır. Bu baxımdan qeyri-hökumət təşkilatlarının, dövlət orqanlarının, beynəlxalq təşkilatların nümayəndələri və ətraf mühit məsələləri ilə maraqlanan hər bir şəxs Mərkəzin fəaliyyətindən maneəsiz istifadə etmək imkanına malikdir.

15. “Sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Konvensiya (Espo Konvensiyası) Azərbaycan Respublikası tərəfindən 1999-cu ildə ratifikasiya edilmişdir.

Konvensiya üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün işçi qrupu təşkil olunmuşdur. İşçi qrupu tərəfindən ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı bir sıra təlimatların layihələri hazırlanmışdır.

Hesabat dövründə dövlət ekspertizasına təqdim olunan irimiqyaslı layihələr (bp tərəfindən işlənilən Azəri-Çıraq-Günəşli yatağının Faza-3 mərhələsi, Lukoyl şirkətinin D 222 kontrakt sahəsi, Ekson-Mobil şirkətinin Zəfər-Məşəl kontrakt sahəsi) haqqında geniş məlumat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və sifarişçinin elektron səhifələrində yerləşdirilmiş, Orxus mərkəzində, kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2004-cü ildə ətraf mühit ilə bağlı 20-dən çox normativ hüquqi akt beynəlxalq tələblərə uyğun hazırlanaraq müvafiq orqanlarla razılaşdırılmışdır.

 

II. Beynəlxalq konvensiya və sazişlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər

 

Tədbirlər

İcraçılar

İcra müddəti

BMT-nin “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyası

İqlim dəyişmələrinin təsirinin qiymətləndirilməsi və gözlənilən itkilərin minimuma endirilməsi üçün adaptasiya tədbirlərini özündə ehtiva edən Milli İqlim Proqramının hazırlanması

ETSN,İİN, AMEA, TN, KTN, FHN

2006-cı il

Qərar qəbul edən şəxslər üçün iqlim dəyişmələrinin mövcud və gözlənilən təsiri, bu sahədə yeniləşən tədqiqatların nəticələri haqqında məlumat kitabçalarının hazırlanması

ETSN, İİN, AMEA, TN, KTN

2006-2007-ci illər

Gözlənilən təsirlərin miqyası və onun fəsadlarının qiymətləndirilməsi məqsədilə daha həssas sahələr üzrə elmi tədqiqat işlərinin aparılması

ETSN, AMEA, SN, KTN, FHN

2006-2007-ci illər

“Ozon qatının qorunması haqqında” Vyana Konvensiyası

Ozondağıdıcı maddələrin əvəzedicilərindən istifadə olunması məqsədilə müəssisələrdə rekonstruksiya işlərinin aparılması

İİN, SEN, müvafiq müəssisələr, ETSN

2006-2010-cu illər

Monreal protokolunun Pekin düzəlişinin ratifikasiya olunmaq üçün hazırlanması

ETSN, XİN

2006-2007-ci illər

“Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Konvensiya

Konvensiyanın 9 protokolunun ratifikasiya olunmaq üçün hazırlanması

ETSN, XİN

2006-2007-ci illər

Atmosfer havasının monitorinq sisteminin təkmilləşdirilməsi məqsədilə müvafiq cihazlarla təchiz olunmuş müşahidə məntəqələrinin yaradılması

ETSN, DƏİEDK

2006-2008-ci illər

“Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Konvensiya

Sənaye qəzaları zamanı xəbərdarlıq və qarşılıqlı yardım məqsədləri üçün müvafiq avadanlıqlarla təmin olunmuş daimi fəaliyyət göstərən rabitə məntəqəsinin yaradılması

FHN, ETSN, DƏİEDK

2006-cı il

 

Sənaye qəzaları haqqında xəbərdarlığın alınması və ötürülməsi məqsədilə ölkə ərazisində səmərəli xəbərdarlıq sistemlərinin yaradılması

FHN, ETSN, DƏİEDK

2006-2008-ci illər

BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası

İstehsal proseslərində və xidmət sahələrində əmələ gələn təhlükəli tullantıların inventarlaşdırılması

ETSN

2006-2008-ci illər

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun Bazel Konvensiyasının tələblərinə uyğunlaşdırılması

ETSN, İİN, SEN

2006-cı il

 

Təhlükəli tullantı istehsalçılarının qeydiyyatı və təhlükəli tullantıların saxlanılması qaydalarının layihələrinin hazırlanması

ETSN, İİN, SEN

2006-cı il

 

BMT-nin Ciddi quraqlıq və yaxud səhralaşma baş verən ölkələrdə, xüsusilə Afrikada səhralaşma ilə mübarizə üzrə Konvensiyası

“Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram” və “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi

ETSN, İİN, KTN, DTXK, AMEA

2006-2010-cu illər

BMT-nin İnkişaf Proqramı xətti ilə həyata keçirilən “Torpaqların davamlı idarə edilməsi üçün imkanların yaradılması” layihəsinin yerinə yetirilməsi

ETSN, DTXK, KTN, AMEA

2006-2008-ci illər

Abşeron yarımadasında texnogen təsirlər nəticəsində pozulmuş torpaq sahələrinin reabilitasiyası

ETSN, SEN, YİHO, bələdiyyələr

2006-2010-cu illər

“Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası

Qobustan ərazisində xüsusi poliqonda mövcud olan davamlı üzvi çirkləndirici siyahısına daxil olan pestisid qalıqlarının yenidən inventarlaşdırılması, çeşidlənməsi, quyuların bərpası və sahənin mübarizəsinin təmin edilməsi

ETSN, KTN, SN, YİHO

2006-2007-ci illər

BMT-nin Sənayenin İnkişafı Təşkilatı xətti ilə həyata keçirilən “Milli Fəaliyyət Planı” layihəsinin yerinə yetirilməsi

ETSN, KTN, SN

2006-2007-ci illər

BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyası

Su obyektlərinin, xüsusilə Kür çayının çirklənməsinin qarşısını almaq məqsədilə mövcud təmizləyici qurğuların bərpa edilməsi və yenilərinin tikintisi üzrə təkliflərinin hazırlanması

İİN, “AMST” ASC, “Azersu” ASC, YİHO

2006-cı il

 

Transsərhəd çayların monitorinq sisteminin təkmilləşdirilməsi məqsədilə müvafiq cihazlarla təchiz olunmuş laboratoriyaların yaradılması

ETSN, İİN, DƏİEDK

2006-2008-ci illər

“Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Konvensiya

Xəzər dənizinin həssas ərazilərinin xüsusi rayon elan edilərək Konvensiyanın 1-ci qoşmasına daxil edilməsi istiqamətində tədbirlərin görülməsi

ETSN, DDA

2006-2007-ci illər

BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyası

Bioloji müxtəliflik sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması

ETSN, ƏN

2006-2008-ci illər

Xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin genişləndirilməsi

ETSN

2006-2008-ci illər

Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan flora və fauna növlərinin bərpası, artırılması və onların keçmiş areallarına köçürülməsi

ETSN, AMEA

2006-2009-ci illər

YUNESKO-nun “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Beynəlxalq Konvensiyası

Ramsar Siyahısına yeni su-bataqlıq ərazilərinin daxil edilməsi istiqamətində işlərin aparılması

ETSN, AMEA, KTN

2006-2007-ci illər

Su-bataqlıq ərazilərində monitorinqin aparılması məqsədilə maddi-texniki bazanın gücləndirilməsi

ETSN, KTN

2006-2008-ci illər

Su-bataqlıq ərazilərində ornitoloji və elmi-kütləvi tədbirlərin həyata keçirilməsi

ETSN, AMEA, KTN

2006-2007-ci illər

“Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya (CİTES Konvensiyası)

Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə işlərin aparılması

ETSN, ƏN

2006-2008-ci illər

Sahələrarası əlaqələndirmənin gücləndirilməsi

ETSN, DGK, AMEA

2006-2007-ci illər

YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyası

Azərbaycan Respublikasında mövcud olan nadir təbiət abidələrinin YUNESKO-nun Ümumdünya mədəni və təbii irs Fondunun siyahısına salınması istiqamətində tədbirlərin həyata keçirilməsi

ETSN, XİN, MTN, AMEA

2006-2007-ci illər

Hirkan Milli Parkında təbiət muzeyinin yaradılması

ETSN, AMEA, MTN

2006-2007-ci illər

BMT-nin “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, qərar qəbul edilməsində ictimaiyyətin iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında Orxus Konvensiyası

Konvensiyanın müddəalarının ölkə ərazisində icrasını təmin etmək məqsədilə müxtəlif regionlarda Orxus İctimai Ekoloji İnformasiya Mərkəzlərinin təşkil edilməsi

ETSN, İİN, DƏİEDK, TN

2006-2008-ci illər

Əhalinin Konvensiya barədə məlumatlandırılması məqsədilə ölkənin müxtəlif bölgələrində dövlət orqanları və ictimaiyyət üçün iclasların, seminarların və digər tədbirlərin keçirilməsi

ETSN, TN

2006-2008-ci illər

“Sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Konvensiya (Espo Konvensiyası)

Konvensiya üzrə milli qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması işlərinin davam etdirilməsi

ETSN, XİN, ƏN

2006-2008-ci illər

 

İxtisarlar:

ETSN - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İİN - Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası

TN - Azərbaycan Respublikasının Təhsil Nazirliyi

KTN - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

ƏN - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

FHN - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

SN - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

SEN - Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi

XİN - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

MTN - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

DGK - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

DƏİEDK - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

DTXK - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

DDA - Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası

YİHO - Yerli icra hakimiyyəti orqanları

“AMST” ASC - “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti