“Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanının 1-ci bəndinin 1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkoloji xəstələr barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 165 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 9 fevral 2006-cı il

    ¹ 39

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi

 

QAYDASI

 

I. Ümumi müddəalar

 

1. Bu Qayda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanına əsasən hazırlanmışdır və narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasını və şərtlərini, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasını müəyyən edir.

2. Müalicə-profilaktika müəssisələrində narkotik dərman preparatları yalnız müalicə həkimləri tərəfindən xəstəlik tarixində preparatın adı, dozası, miqdarı, təyin olunma tarixi və vaxtı göstərilməklə təyin edilir.

3. Narkotik dərman preparatlarının inyeksiya olunma əməliyyatı anestezist və palata tibb bacıları tərəfindən həkimin (həkim-anestezioloqun) və ya onların saxlanılması və uçotu üçün məsul olan tibb bacısının iştirakı ilə yerinə yetirilir. Bu barədə xəstəlik tarixi vərəqində müvafiq qeydiyyat aparılır.

4. Axşam və gecə növbələri zamanı təxirəsalınmaz tibbi yardım göstərmək məqsədilə narkotik dərman preparatları növbətçi həkim tərəfindən təyin edilir və təyinat onun iştirakı ilə növbətçi tibb bacısı tərəfindən yerinə yetirilir. Bu barədə xəstəlik tarixində müvafiq qaydada qeydiyyat aparılır.

5. Anestezioloji-reanimatoloji xidmətdə hemodinamikaya, tənəffüsə daimi nəzarət və onların korreksiya olunması mümkün olan hallarda narkotik dərman preparatlarından narkozaparma və ya narkotik yuxu vəziyyəti yaratmaq məqsədilə istifadə edildikdə, preparatların dozası fərdi qaydada müəyyən edilir və bu halda onların işlədilən miqdarı farmakopiya ilə müəyyən edilmiş birdəfəlik və sutkalıq dozadan artıq ola bilər.

6. Hemodinamikaya və tənəffüsə daimi nəzarətin və onların korreksiyasının (idarə olunan hipo və hipertoniya, süni tənəffüs) mümkün olmadığı bütün hallarda narkotik dərman preparatlarının farmakopiya ilə müəyyən edilmiş birdəfəlik və sutkalıq dozadan artıq miqdarda işlədilməsi yolverilməzdir.

7. Stasionarı olmayan müalicə-profilaktika müəssisələrində (poliklinikalar, təcili yardım stansiyaları) narkotik dərman preparatları xüsusi hallarda (təxirəsalınmaz tibbi yardım göstərilməsinə ehtiyac olduqda) müalicə həkimləri tərəfindən təyin edilir və təyinat onların iştirakı ilə tibb bacıları tərəfindən yerinə yetirilir. Daimi ağrı sindromundan əziyyət çəkən xəstəyə (onkoloji xəstəliklərin son mərhələlərində, fontom sindromu zamanı və digər hallarda) adi ağrıkəsici preparatların təsiri olmadıqda, narkotik dərman preparatları müəyyən edilmiş resept blankları vasitəsilə təyin edilə bilər və xəstə ev şəraitində həmin dərman preparatlarını qəbul edə bilər.

8. Narkotik dərman preparatlarından müəyyən müddət istifadə etdikdən sonra gözlənilən nəticə əldə edilmədikdə (xəstədə ağrı sindromunu aradan götürmək mümkün olmadıqda), təyin edilmiş doza müalicə həkimi və şöbə müdiri tərəfindən tibbi sənədlərdə müvafiq əsaslandırılmış qeydlər aparılmaqla, 2-3 dəfə artırıla bilər.

9. Müstəsna hallarda narkotik dərman preparatlarını uzun müddət qəbul edən xəstələr (4-cü mərhələdə olan onkoloji xəstələr, kəskin fontom ağrıları) narkotik vasitələrə qarşı vərdiş hallarının meydana gəlməsi ilə əlaqədar dozanın artırılmasına ehtiyac duyurlar. Bu zaman həkim-məsləhət komissiyası tərəfindən xəstə tam müayinədən keçirilir, narkotik dərman preparatının dozasının artırılmasına həqiqətən ehtiyac olduğu müəyyənləşdirilir və preparatın dozasının tələb olunan miqdara qədər artırılması barədə tibbi sənədlərdə müvafiq qeydiyyat aparılır. Həkim-məsləhət komissiyası tərəfindən narkotik vasitələrin də xəstə tərəfindən qəbul edildiyinə mütəmadi nəzarət həyata keçirilir.[1]

10. Tibbi məqsədlərlə fiziki şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin buraxılması belə fəaliyyət növünə lisenziyası (xüsusi razılığı) olan apteklər və müalicə-profilaktika müəssisələri tərəfindən həyata keçirilir. [2]

11. Narkotik dərman preparatları tibbi məqsədlərlə aşağıdakı hallarda istifadə edilir:

adi ağrıkəsici dərman preparatının təsirinin az olduğu və tam olmadığı hallarda güclü ağrı sindromunu aradan qaldırmaq məqsədilə;

cərrahi əməliyyatlardan əvvəl premidikasiya məqsədilə;

cərrahi əməliyyatlar vaxtı anesteziyanın komponenti kimi;

cərrahi əməliyyatlardan sonra ağrısızlaşdırmaq məqsədilə;

anafilaktik reaksiyaları aradan qaldırmaq məqsədilə;

narkomanlıq xəstəliyinə düçar olmuş xəstələrin müalicəsində terapevtik vasitə kimi ancaq dövlət narkoloji-tibb müəssisələrində;

eksperimental tədqiqatlar zamanı hər hansı bir patologiyanın modelləşdirilməsi, təcrübələrin həyata keçirilməsi məqsədilə.

12. Psixotrop maddələrdən tibbi məqsədlərlə mərkəzi sinir sisteminin, şüurun müxtəlif formalı və gedişli funksional, üzvi dəyişiklikləri müşahidə edilən hallarda profilaktik, müalicəvi vasitə kimi istifadə olunur.

 

II. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi

 

1. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi

1.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə könüllü və məcburi müalicə tətbiq edilir.

1.2. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır.

1.3. Azadlıqdan məhrumetmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər cəza çəkdikləri müddət ərzində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müalicə olunurlar.

1.4. Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər ixtisaslaşdırılmış tibb müəssisəsində stasionar və ya ambulator müalicə olunurlar.

1.4-1. Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulan barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər ixtisaslaşdırılmış tibb müəssisələrində stasionar müalicə olunurlar.[3]

1.5. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən məcburi müalicə təyin edilir.[4]

 

2. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin göstərilməsinin ümumi şərtləri

 

2.1. Cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilir.[5]

2.2. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqi aşağıdakı şərtlər əsasında həyata keçirilir:

2.2.1. məcburi müalicə yalnız narkomanlıq xəstəliyinə düçar olmuş xəstə hesab edilən şəxsə tətbiq edilir;

2.2.2. məcburi müalicə yalnız məhkəmənin qərarı əsasında tətbiq edilir;

2.2.3. məcburi tədbirlərin tətbiqi zamanı istifadə olunan tibbi üsullar könüllü müalicəyə müraciət etmiş xəstələrə tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin son nailiyyətlərinə əsaslanır;

2.2.4. narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində tibbi məqsədlərlə istifadə olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan və nəzarət edilən psixotrop maddələrin yalnız dövlət narkoloji-tibb müəssisələrində tətbiqinə icazə verilir;

2.2.5. məcburi müalicənin tətbiqi zamanı ailə üzvlərinin məsələyə münasibəti öyrənilməlidir;

2.2.6. məcburi müalicənin tətbiqi zamanı narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə qanunsuz təsirin göstərilməsi ehtimalı istisna olunmalıdır;

2.2.7. məcburi müalicə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir;

2.2.8. narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində tibbi məqsədlərlə istifadə olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan və nəzarət edilən psixotrop maddələrin tətbiqinə yalnız dövlət narkoloji- tibb müəssisələrində icazə verilir; [6]

2.2.9. məcburi müalicənin tətbiqinə yalnız həkim-məsləhət komissiyasının rəyi əsasında narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində onlardan psixi və (və ya) fiziki asılılıq vəziyyətinə düşən, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan və barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkolojitibb müəssisəsi tərəfindən “narkomanlıq” diaqnozu təyin edilmiş şəxs üzərində yol verilir;

2.2.10. məcburi müalicənin tətbiqi zamanı narkomanlıq xəstəliyinə düçar olmuş şəxsin cəmiyyətdən təcrid olunması istisna edilməli, onun ailə üzvləri, qohumları, yaxın adamları ilə ünsiyyətinə, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, maneçilik törədilməməlidir.

2.3. Bu Qaydalara müvafiq tətbiq edilən məcburi müalicə cəza və ya inzibati tənbeh xarakteri daşımır və yalnız narkomanlıq xəstəliyinə düçar olmuş şəxsin səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşmasına, həmin xəstəliyin doğurduğu digər fəsadların qarşısının alınmasına, narkomanlıq xəstəliyinə düçar olmuş xəstələrin normal həyat tərzinə qaytarılmasına və onların ətrafındakı şəxslərin hüquqlarının qorunmasına, habelə digər şəxslərin hüquqlarının pozulması hallarına yol verilməməsinə yönəldilir.[7]

2.4. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə məcburi müalicə tətbiq edilməsinə dair məhkəmənin qərarı həkim-məsləhət komissiyasının tibbi yoxlama rəyi əsasında çıxarılır.

2.5. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə məcburi müalicə altı aydan iki ilədək müddətə tətbiq edilir.

 

3. Məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər

 

Məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş aşağıdakı şəxslərə tətbiq oluna bilməz:

3.1. 18 yaşına çatmamış narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə;

3.2. əlilliyi olan şəxslərə;[8]

3.3. hamilə qadınlara və südəmər uşaqları olan analara;

3.4. könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə;

3.5. psixi xəstələrə;

3.6. səhhəti narkoloji-tibb müəssisəsində qalmalarını istisna edən xəstələrə;

3.7. 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara;

3.8. siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq

edilmiş xəstəlikləri olan şəxslərə.

 

4. Məcburi müalicə tətbiq edilmiş narkomanlıq xəstəliyinə düçar olmuş şəxsin şəraitinin dəyişdirilməsi

 

4.1. Məcburi müalicə tətbiq edilmiş narkomanlıq xəstəliyinə düçar olmuş şəxsin məhkəmənin qərarı ilə müəyyən edilmiş müalicə müddətinin dəyişdirilməsinə zərurət yarandıqda, onun müalicə olunduğu narkoloji (ixtisaslaşdırılmış) tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi əsasında narkoloji tibb müəssisəsinin müdiriyyəti həmin müddətin dəyişdirilməsi haqqında təqdimatla məhkəməyə müraciət edir. Təqdimatda məhkəmənin qərarı ilə müəyyən edilmiş müalicə müddətinin dəyişdirilməsinə səbəb olan hallar şərh edilməli və tətbiq edilməsi təklif olunan müddətin zəruriliyi əsaslandırılmalıdır.

4.2. Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər:

4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda;

4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda.

4.3. Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər mütəmadi olaraq müalicə rejimini pozduqda və bununla əlaqədar həyata keçirilən müalicə tədbirləri müsbət nəticə vermədikdə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin qərarı əsasında belə şəxslərin məcburi müalicə müddəti uzadıla bilər. [9]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 fevral 2008-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 123)

2.       22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 130)

3.       26 fevral 2015-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 mart 2015-ci il, ¹ 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə 242)

4.       16 fevral 2016-cı il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 mart 2015-ci il, ¹ 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 588)

5.       22 fevral 2016-cı il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 mart 2016-cı il, ¹ 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 601)

6.       23 fevral 2016-cı il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 mart 2016-cı il, ¹ 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 606)

7.       6 oktyabr 2016-cı il tarixli 399 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, ¹ 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10, maddə 1717)

8.       19 yanvar 2018-ci il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2018-ci il, ¹ 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə 134)

9.       7 mart 2019-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə 515)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 13 fevral 2008-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 123) ilə “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 9-cu bəndində “narkotik maddələrin” sözləri “narkotik vasitələrin” sözləri ilə əvəz edilmişdir.

 

[2] 6 oktyabr 2016-cı il tarixli 399 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, ¹ 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10, maddə 1717) ilə “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 10-cu hissəsindən “(xüsusi razılığı)” sözləri çıxarılmışdır.

 

[3] 19 yanvar 2018-ci il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2018-ci il, ¹ 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə 134) ilə “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın “II. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” bölməsinə yeni məzmunda 1.4-1-ci bənd əlavə edilmişdir.

 

[4] 16 fevral 2016-cı il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 mart 2015-ci il, ¹ 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 588) ilə “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın “II.Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” bölməsinə yeni məzmunda 1.5-ci bənd əlavə edilmişdir.

 

[5] 26 fevral 2015-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 mart 2015-ci il, ¹ 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə 242) ilə “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın II bölməsinin 2.1-ci bəndində, 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində “edilə bilər” sözləri “edilir” sözü ilə, 4.2-ci bəndində isə “edilə bilərlər” sözləri “edilirlər” sözü ilə əvəz edilmişdir.

 

16 fevral 2016-cı il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 mart 2015-ci il, ¹ 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 588) ilə “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın “II.Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” bölməsinin 2.1-ci bəndə “Cinayət” sözündən sonra “və ya inzibati həbs nəzərdə tutan inzibati xəta” sözləri əlavə edilsin və həmin bənddə “qanunvericiliyinə” sözü “Mülki Prosessual Məcəlləsinə” sözləri ilə əvəz edilmişdir.

 

[6] 22 fevral 2016-cı il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 mart 2016-cı il, ¹ 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 601) ilə “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın “II. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” bölməsinin 2.2.8-ci yarımbəndi ləğv edilmişdir.

 

[7] 16 fevral 2016-cı il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 mart 2015-ci il, ¹ 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 588) ilə “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın “II.Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” bölməsinin 2.3-cü bəndə “cəza” sözündən sonra “və ya inzibati tənbeh” sözləri əlavə edilmişdir.

23 fevral 2016-cı il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 mart 2016-cı il, ¹ 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 606) ilə “II. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” bölməsinin 2.3-cü bəndinə “səhhətinin” sözündən sonra “və psixoloji vəziyyətinin” sözləri əlavə edilmişdir.

 

[8] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 130) ilə 3.2-ci bəndində «əlillərə» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilmişdir.

 

7 mart 2019-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə 515) ilə “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın “II. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” bölməsinin 3.2-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada

3.2. əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara;

 

[9] 16 fevral 2016-cı il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 mart 2015-ci il, ¹ 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 588) ilə “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın “II.Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” bölməsinin 4.3-cü bənddə “narkoloji-tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və tibbi rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yerli” sözləri “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq” sözləri ilə əvəz edilmişdir.