“Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanının 1-ci bəndinin 1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkoloji xəstələr barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 165 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Bakı şəhəri, 9 fevral 2006-cı il                                        Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

               ą 39

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

                                                                                                                2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə

                                                                                                           TƏSDİQ EDİLMİŞDİR

 

Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi

QAYDASI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1. Bu Qayda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanına əsasən hazırlanmışdır və narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasını və şərtlərini, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasını müəyyən edir.

2. Müalicə-profilaktika müəssisələrində narkotik dərman preparatları yalnız müalicə həkimləri tərəfindən xəstəlik tarixində preparatın adı, dozası, miqdarı, təyin olunma tarixi və vaxtı göstərilməklə təyin edilir.

3. Narkotik dərman preparatlarının inyeksiya olunma əməliyyatı anestezist və palata tibb bacıları tərəfindən həkimin (həkim-anestezioloqun) və ya onların saxlanılması və uçotu üçün məsul olan tibb bacısının iştirakı ilə yerinə yetirilir. Bu barədə xəstəlik tarixi vərəqində müvafiq qeydiyyat aparılır.

4. Axşam və gecə növbələri zamanı təxirəsalınmaz tibbi yardım göstərmək məqsədilə narkotik dərman preparatları növbətçi həkim tərəfindən təyin edilir və təyinat onun iştirakı ilə növbətçi tibb bacısı tərəfindən yerinə yetirilir.  Bu barədə xəstəlik tarixində müvafiq qaydada qeydiyyat aparılır.

5. Anestezioloji-reanimatoloji xidmətdə hemodinamikaya, tənəffüsə daimi nəzarət və onların korreksiya olunması mümkün olan hallarda narkotik dərman preparatlarından narkozaparma və ya narkotik yuxu vəziyyəti yaratmaq məqsədilə istifadə edildikdə, preparatların dozası fərdi qaydada müəyyən edilir və bu halda onların işlədilən miqdarı farmakopiya ilə müəyyən edilmiş birdəfəlik və sutkalıq dozadan artıq ola bilər.

6. Hemodinamikaya və tənəffüsə daimi nəzarətin və onların korreksiyasının (idarə olunan hipo və hipertoniya, süni tənəffüs) mümkün olmadığı bütün hallarda narkotik dərman preparatlarının farmakopiya ilə müəyyən edilmiş birdəfəlik və sutkalıq dozadan artıq miqdarda işlədilməsi yolverilməzdir.

7. Stasionarı olmayan müalicə-profilaktika müəssisələrində (poliklinikalar, təcili yardım stansiyaları) narkotik dərman preparatları xüsusi hallarda (təxirəsalınmaz tibbi yardım göstərilməsinə ehtiyac olduqda) müalicə həkimləri tərəfindən təyin edilir və təyinat onların iştirakı ilə tibb bacıları tərəfindən yerinə yetirilir. Daimi ağrı sindromundan əziyyət çəkən xəstəyə (onkoloji xəstəliklərin son mərhələlərində, fontom sindromu zamanı və digər hallarda) adi ağrıkəsici preparatların təsiri olmadıqda, narkotik dərman preparatları müəyyən edilmiş resept blankları vasitəsilə təyin edilə bilər və xəstə ev şəraitində həmin dərman preparatlarını qəbul edə bilər.

8. Narkotik dərman preparatlarından müəyyən müddət istifadə etdikdən sonra gözlənilən nəticə əldə edilmədikdə (xəstədə ağrı sindromunu aradan götürmək mümkün olmadıqda), təyin edilmiş doza müalicə həkimi və şöbə müdiri tərəfindən tibbi sənədlərdə müvafiq əsaslandırılmış qeydlər aparılmaqla, 2-3 dəfə artırıla bilər.

9. Müstəsna hallarda narkotik dərman preparatlarını uzun müddət qəbul edən xəstələr (4-cü mərhələdə olan onkoloji xəstələr, kəskin fontom ağrıları) narkotik vasitələrə qarşı vərdiş hallarının meydana gəlməsi ilə əlaqədar dozanın artırılmasına ehtiyac duyurlar. Bu zaman həkim-məsləhət komissiyası tərəfindən xəstə tam müayinədən keçirilir, narkotik dərman preparatının dozasının artırılmasına həqiqətən ehtiyac olduğu müəyyənləşdirilir və preparatın dozasının tələb olunan miqdara qədər artırılması barədə tibbi sənədlərdə müvafiq qeydiyyat aparılır. Həkim-məsləhət komissiyası tərəfindən narkotik maddələrin də xəstə tərəfindən qəbul edildiyinə mütəmadi nəzarət həyata keçirilir.

10. Tibbi məqsədlərlə fiziki şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin buraxılması belə fəaliyyət növünə lisenziyası (xüsusi razılığı) olan apteklər və müalicə-profilaktika müəssisələri tərəfindən həyata keçirilir.

11. Narkotik dərman preparatları tibbi məqsədlərlə aşağıdakı hallarda istifadə edilir:

adi ağrıkəsici dərman preparatının təsirinin az olduğu və tam olmadığı hallarda güclü ağrı sindromunu aradan qaldırmaq məqsədilə;

cərrahi əməliyyatlardan əvvəl premidikasiya məqsədilə;

cərrahi əməliyyatlar vaxtı anesteziyanın komponenti kimi;

cərrahi əməliyyatlardan sonra ağrısızlaşdırmaq məqsədilə;

anafilaktik reaksiyaları aradan qaldırmaq məqsədilə;

narkomanlıq xəstəliyinə düçar olmuş xəstələrin müalicəsində terapevtik vasitə kimi ancaq dövlət narkoloji-tibb müəssisələrində;

eksperimental tədqiqatlar zamanı hər hansı bir patologiyanın modelləşdirilməsi, təcrübələrin həyata keçirilməsi məqsədilə.

12. Psixotrop maddələrdən tibbi məqsədlərlə mərkəzi sinir sisteminin, şüurun müxtəlif formalı və gedişli funksional, üzvi dəyişiklikləri müşahidə edilən hallarda profilaktik, müalicəvi vasitə kimi istifadə olunur.

 

II. NARKOMANLIQ XƏSTƏLİYİNƏ DÜÇAR OLAN ŞƏXSLƏR BARƏSİNDƏ TİBBİ TƏDBİRLƏRİN TƏTBİQ EDİLMƏSİ

 

1. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi

1.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə könüllü və məcburi müalicə tətbiq edilir.

1.2. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır.

1.3. Azadlıqdan məhrumetmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər cəza çəkdikləri müddət ərzində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müalicə olunurlar.

1.4. Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər ixtisaslaşdırılmış tibb müəssisəsində stasionar və ya ambulator müalicə olunurlar.

 

2. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin göstərilməsinin ümumi şərtləri

 

2.1. Cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilə bilər.

2.2. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqi aşağıdakı şərtlər əsasında həyata keçirilir:

2.2.1. məcburi müalicə yalnız narkomanlıq xəstəliyinə düçar olmuş xəstə hesab edilən şəxsə tətbiq edilə bilər;

2.2.2. məcburi müalicə yalnız məhkəmənin qərarı əsasında tətbiq edilə bilər;

2.2.3. məcburi tədbirlərin tətbiqi zamanı istifadə olunan tibbi üsullar könüllü müalicəyə müraciət etmiş xəstələrə tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin son nailiyyətlərinə əsaslanır;

2.2.4. narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində tibbi məqsədlərlə istifadə olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan və nəzarət edilən psixotrop maddələrin yalnız dövlət narkoloji-tibb müəssisələrində tətbiqinə icazə verilir;

2.2.5. məcburi müalicənin tətbiqi zamanı ailə üzvlərinin məsələyə münasibəti öyrənilməlidir;

2.2.6. məcburi müalicənin tətbiqi zamanı narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə qanunsuz təsirin göstərilməsi ehtimalı istisna olunmalıdır;

2.2.7. məcburi müalicə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir;

2.2.8. narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində tibbi məqsədlərlə istifadə olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan və nəzarət edilən psixotrop maddələrin tətbiqinə yalnız dövlət narkoloji- tibb müəssisələrində icazə verilir;

2.2.9. məcburi müalicənin tətbiqinə yalnız həkim-məsləhət komissiyasının rəyi əsasında narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində onlardan psixi və (və ya) fiziki asılılıq vəziyyətinə düşən, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan və barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkolojitibb müəssisəsi tərəfindən “narkomanlıq” diaqnozu təyin edilmiş şəxs üzərində yol verilir;

2.2.10. məcburi müalicənin tətbiqi zamanı narkomanlıq xəstəliyinə düçar olmuş şəxsin cəmiyyətdən təcrid olunması istisna edilməli, onun ailə üzvləri, qohumları, yaxın adamları ilə ünsiyyətinə, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, maneçilik törədilməməlidir.

2.3. Bu Qaydalara müvafiq tətbiq edilən məcburi müalicə cəza xarakteri daşımır və yalnız narkomanlıq xəstəliyinə düçar olmuş şəxsin səhhətinin yaxşılaşmasına, həmin xəstəliyin doğurduğu digər fəsadların qarşısının alınmasına, narkomanlıq xəstəliyinə düçar olmuş xəstələrin normal həyat tərzinə qaytarılmasına və onların ətrafındakı şəxslərin hüquqlarının qorunmasına, habelə digər şəxslərin hüquqlarının pozulması hallarına yol verilməməsinə yönəldilir.

2.4. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə məcburi müalicə tətbiq edilməsinə dair məhkəmənin qərarı həkim-məsləhət komissiyasının tibbi yoxlama rəyi əsasında çıxarılır.

2.5. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə məcburi müalicə altı aydan iki ilədək müddətə tətbiq edilir.

 

3. Məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər

 

Məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş aşağıdakı şəxslərə tətbiq oluna bilməz:

3.1. 18 yaşına çatmamış narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə;

3.2. əlillərə;

3.3. hamilə qadınlara və südəmər uşaqları olan analara;

3.4. könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə;

3.5. psixi xəstələrə;

3.6. səhhəti narkoloji-tibb müəssisəsində qalmalarını istisna edən xəstələrə;

3.7. 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara;

3.8. siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq

edilmiş xəstəlikləri olan şəxslərə.

 

4. Məcburi müalicə tətbiq edilmiş narkomanlıq xəstəliyinə düçar olmuş şəxsin şəraitinin dəyişdirilməsi

 

4.1. Məcburi müalicə tətbiq edilmiş narkomanlıq xəstəliyinə düçar olmuş şəxsin məhkəmənin qərarı ilə müəyyən edilmiş müalicə müddətinin dəyişdirilməsinə zərurət yarandıqda, onun müalicə olunduğu narkoloji (ixtisaslaşdırılmış) tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi əsasında narkoloji tibb müəssisəsinin müdiriyyəti həmin müddətin dəyişdirilməsi haqqında təqdimatla məhkəməyə müraciət edir. Təqdimatda məhkəmənin qərarı ilə müəyyən edilmiş müalicə müddətinin dəyişdirilməsinə səbəb olan hallar şərh edilməli və tətbiq edilməsi təklif olunan müddətin zəruriliyi əsaslandırılmalıdır.

4.2. Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilə bilərlər:

4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda;

4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda.

4.3. Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər mütəmadi olaraq müalicə rejimini pozduqda və bununla əlaqədar həyata keçirilən müalicə tədbirləri müsbət nəticə vermədikdə, narkoloji-tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və tibbi rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yerli məhkəmənin qərarı əsasında belə şəxslərin məcburi müalicə müddəti uzadıla bilər.