Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm   İnstitutunun və Mingəçevir Turizm Kollecinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli 972 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 1.6-cı bəndinə əsasən turizm sektorunda kadr çatışmazlığının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ləğv olunmuş Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin bazasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutu və Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir şöbəsinin bazasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevir Turizm Kolleci yaradılsın.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Turizm İnstitutunun və Mingəçevir Turizm Kollecinin nizamnamələrinin, xərclər smetalarının və ştat cədvəllərinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilməsini, İnstitutun və Kollecin saxlanılması üçün tələb olunan xərclərin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Təhsil xərcləri” bölməsi üzrə nəzərdə tutulmuş müvafiq xərc yarımmaddələri dairəsində maliyyələşdirilməsini təmin etsin.

3. “Bakı Bədən Tərbiyəsi Texnikumunun adının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 25 mart tarixli 47 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

                

 

Bakı şəhəri, 13 fevral 2006-cı il                                       

             № 45