Qirməki və Qax təbiət abidələrinin təşkil edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Xüsusi mühafizə olunan ərazilərin və obyektlərin şəbəkəsinin genişləndirilməsini və ekoturizmin inkişaf etdirilməsini vacib hesab edərək, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Abşeron yarımadasının Qirməki vadisində məhsuldar qat çöküntülərinin neft-qazla zəngin olan horizontlarının sistemli şəkildə yer üzərinə çıxışına və Qax rayonunun Qum meşəliklərində Şirimnarın adlanan dərədəki bulaqların suyunun birləşməsindən gölməçə əmələ gətirmiş və su ehtiyatlarının artıq hissəsinin iki müxtəlif istiqamətdən aşağı axaraq nadir mamır örtüyü yaratmış şəlaləyə respublika əhəmiyyətli təbiət abidəsi statusu verilsin və həmin ərazilər müvafiq olaraq Qirməki təbiət abidəsi və Qax təbiət abidəsi adlandırılsın.

2. Qirməki təbiət abidəsinin və Qax təbiət abidəsinin yerləşdiyi ərazilərin təşkili və mühafizəsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları bu obyektlərin yerləşdiyi ərazilərin torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məqsədyönlü tədbirlər görsünlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

 

 

Bakı şəhəri, 5 avqust 2006-cı il

№ 190