Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılsın.

2. "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu, xərclər smetası və işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təşkili üçün müvafiq binanın ayrılması və maddi-texniki təminatı ilə bağlı məsələləri həll etsin;

3.3. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti fəaliyyətə başlayanadək "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"də göstərilən vəzifələrin icrası müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən davam etdirilir.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 19 mart 2007-ci il

№ 560

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

   Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə

       TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında

 

ƏS AS NAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Dövlət Miqrasiya Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Dövlət Miqrasiya Xidməti öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur.

5. Dövlət Miqrasiya Xidməti müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, rəsmi emblemə, müvafiq ştamplara və blanklara malikdir.

6. Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.

7. Dövlət Miqrasiya Xidməti Bakı şəhərində yerləşir.

 

II. DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

 8. Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

8.1. miqrasiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirir;

8.2. öz səlahiyyətləri daxilində miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsini həyata keçirir;

8.3. miqrasiya prosesləri üzərində dövlət nəzarətini həyata keçirir;

8.4. immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin edir, emiqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak edir;

8.5. aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

8.6. Azərbaycan Respublikasının vətəndaşlığı və siyasi sığınacaq verilməsi məsələlərinə baxılmasında iştirak edir;

8.7. qaçqınlar (sığınacaq axtaranlar) haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin edir;

8.8. miqrasiya sahəsində vahid uçot sisteminin tətbiqini təmin edir və monitorinq həyata keçirir;

8.9. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;

8.10. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN VƏZİFƏLƏRİ

 

9. Dövlət Miqrasiya Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

9.1. miqrasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini işləyib hazırlamaq, aidiyyəti dövlət orqanlarının iştirakı ilə onların həyata keçirilməsini təmin etmək;

9.2. immiqrasiya, emiqrasiya və daxili miqrasiya proseslərini təhlil etmək, proqnozlaşdırmaq və onların tənzimlənməsi üzrə tədbirlər görmək, təkliflər hazırlamaq;

9.3. miqrasiya sahəsində monitorinq həyata keçirmək və nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görmək;

9.4. miqrasiya sahəsində öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək;

9.5. miqrasiyanın idarə edilməsi sahəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək;

9.6. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunvericiliklə müəyyən edilmiş müddətdən artıq Azərbaycan Respublikasına gəlməsini istəyən şəxslərin dəvətlərinin qeydiyyatını aparmaq; qanunvericiliklə müəyyən edilmiş əsaslar olduqda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma və viza müddətlərinin uzadılması məsələlərini həll etmək;

9.7. qanunvericiliklə müəyyən edilmiş qaydada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusu vermək;

9.8. qanunvericiliklə müəyyən edilmiş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin immiqrant statusundan məhrum edilməsi ilə bağlı müvafiq tədbirlər görmək;

9.9. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında müəyyən edilmiş müvəqqəti olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına riayət etmələri üzərində öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək;

9.10. xarici əmək miqrasiyası proseslərinin tənzimlənməsi üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;

9.11. immiqrasiya kvotasına dair, o cümlədən əcnəbi əmək qüvvəsinin ölkə ərazisinə cəlb edilməsi üzrə aidiyyəti dövlət orqanları ilə birlikdə təkliflər hazırlamaq;

9.12. əməkçi miqrantların çalışdığı iş yerlərində yoxlamalar aparmaq, onların müvafiq statusa və fərdi icazələrə malik olmalarını araşdırmaq;

9.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydaları ilə bağlı hüquqi informasiya ilə təmin edilməsi üçün tədbirlər görmək;

9.14. öz səlahiyyətləri daxilində miqrantların sosial müdafiəsi üçün zəruri şərait yaratmaq, onların yerli şəraitə uyğunlaşdırılması üçün tədbirlər görmək, hüquqlarını müdafiə etmək;

9.15. xarici ölkələrə müvəqqəti və ya daimi köçən Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatını aparmaq, onların hüquq və mənafelərinin təmin edilməsi üzrə aidiyyəti dövlət orqanları ilə birlikdə xarici dövlətlərin müvafiq orqanları ilə əməkdaşlıq etmək, xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının dəstəklənməsinə yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

9.16. miqrasiya sahəsində qanunvericiliyin pozulması hallarını araşdırmaq, onlar barədə məlumatları "Giriş-çıxış" Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminə (AMAS-a) ötürmək və aidiyyəti dövlət orqanları ilə birlikdə qanunsuz miqrantların müəyyən edilməsi üçün tədbirlər görmək;

9.17. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və ölkədən çıxarılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinin müəyyən müddətə qadağan edilməsi barədə qərar qəbul etmək, onun icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarına göndərmək, icrasına nəzarət etmək;

9.18. Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, xitam və bərpa məsələlərinə dair vəsatətləri qəbul etmək; həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

9.19. qanunvericiliklə müəyyən edilmiş qaydada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verilməsi məsələsinin həllində iştirak etmək;

9.20. qanunvericiliklə müəyyən edilmiş qaydada qaçqın (sığınacaq axtaran) statusunu və bu statusu təsdiq edən sənədi vermək; sığınacaq axtaran şəxsləri qəbul etmək və müvəqqəti yerləşdirmək, onların qeydiyyatını aparmaq;

qaçqın statusundan məhrum edilməsi ilə bağlı müvafiq tədbirlər görmək;

qaçqınların repatriasiya məsələlərində iştirak etmək;

9.21. Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə aid olan işlərlə bağlı mərkəzləşdirilmiş uçot sistemlərini təşkil etmək, o cümlədən miqrasiya sahəsində vahid informasiya sistemini yaratmaq və tətbiq etmək, onun AMAS-a və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə inteqrasiyasını təmin etmək;

9.22. miqrasiya sahəsinə aid statistik hesabatları aparmaq;

9.23. miqrasiya sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etmək, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinin icrasını təmin etmək;

9.24. readmissiya haqqında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanmasında iştirak etmək;

9.25. beynəlxalq təcrübə nəzərə alınmaqla, Dövlət Miqrasiya Xidmətinin sistemində elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

9.26. Dövlət Miqrasiya Xidmətinə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

9.27. Dövlət Miqrasiya Xidmətinin sistemində maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək, onların istifadəsinə nəzarət etmək, struktur bölmələrinin fəaliyyətinin səmərəliliyinin artırılması ilə əlaqədar müvafiq tədbirlər görmək;

9.28. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;

9.29. öz səlahiyyətləri daxilində miqrasiya sahəsinə aid arxiv sənədlərinin müəyyən olunmuş qaydada saxlanılması və mühafizəsini təmin etmək;

9.30. Dövlət Miqrasiya Xidmətinin sistemində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi işini təşkil etmək;

9.31. miqrasiyanın idarə edilməsi sahəsində kadr hazırlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların fəaliyyətini və əməkdaşların peşə hazırlığını mütəmadi yoxlamaq və zəruri tədbirlər görmək, Dövlət Miqrasiya Xidməti işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək, onları müvafiq kurs və treninqlərə cəlb və ezam etmək;

9.32. Dövlət Miqrasiya Xidməti strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

9.33. Dövlət Miqrasiya Xidməti sistemi işçilərinin əmək funksiyalarını icra etmələrinə nəzarəti həyata keçirmək;

9.34. Azərbaycan Respublikası vətəndaşlarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təklif, ərizə və şikayətlərinə baxılmasını və onların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən internet saytı vasitəsilə cavab vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək;

9.35. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN HÜQUQLARI

 

10. Dövlət Miqrasiya Xidməti öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

10.1. miqrasiya sahəsində dövlət proqramlarının və qanunvericilik aktlarının layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

10.2. miqrasiya sahəsində dövlət siyasətinin və idarəetmənin həyata keçirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidməti mərkəzi aparatının, tabeliyində olan regional və digər qurumların fəaliyyətinə dair icrası məcburi olan qərarlar, əmrlər, sərəncamlar vermək, qaydalar, təlimatlar və əsasnamələr qəbul etmək;

10.3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma, müvəqqəti və ya daimi yaşama, habelə Azərbaycan Respublikasının vətəndaşlığı və siyasi sığınacaq verilməsi məsələlərinə dair vəsatətləri ilə əlaqədar təqdim edilən sənədləri və faktları araşdırmaq, zəruri hallarda müvafiq dövlət orqanlarından əlavə məlumatlar tələb etmək;

10.4. əməkçi miqrantlara ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin və Azərbaycan Respublikası vətəndaşlarının xaricdə işə düzəldilmələrində vasitəçilik fəaliyyətinə lisenziyaların verilməsi üçün rəy vermək;

10.5. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma və yaşama qaydaları ilə bağlı məlumatların verilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində miqrasiya servislərini yaratmaq;

10.6. xarici ölkələrə köçən Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatını aparmaq məqsədilə aidiyyəti dövlət orqanlarından müvafiq məlumatlar tələb etmək;

10.7. miqrasiya sahəsində tədqiqatlar, təhlillər, ümumiləşdirmələr aparmaq, analitik və metodiki materiallar hazırlamaq, təkliflər vermək;

10.8. aidiyyəti dövlət orqanları ilə birlikdə immiqrant statusunu almaq, habelə Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmaq istəyən şəxslər üçün Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin öyrənilməsi üzrə tədris kurslarının təşkilində iştirak etmək;

10.9. miqrantların yerli şəraitə uyğunlaşdırılması işinə qeyri-hökumət təşkilatlarını cəlb etmək;

10.10. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması barədə qərarların icrasına dair aidiyyəti dövlət orqanlarından məlumat almaq;

10.11. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin immiqrant və qaçqın statuslarından məhrum edilməsi və Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması barədə məhkəməyə müraciət etmək;

10.12. miqrasiya sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təkliflər vermək;

10.13. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

10.14. miqrasiyanın idarə edilməsi sahəsində mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;

10.15. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

10.16. Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək;

10.17. öz səlahiyyətləri daxilində miqrasiya sahəsi üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

10.18. qanunvericiliklə müəyyən edilmiş qaydada mətbu nəşrlər təsis etməklə xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;

10.19. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

10.20. Dövlət Miqrasiya Xidmətinin ehtiyacları üçün əsaslı tikinti aparılması, bina və tikililərin yenidən qurulması və təmiri ilə bağlı işlər görmək;

10.21. Dövlət Miqrasiya Xidməti işçilərinin əmək şəraitinin, maddi təminatının və sosial-məişət xidmətinin yaxşılaşdırılması barədə təkliflər vermək;

10.22. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

11. Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatı və onun tabeliyində olan regional və digər qurumları Dövlət Miqrasiya Xidmətinin vahid sistemini təşkil edir.

Dövlət Miqrasiya Xidməti həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.

12. Dövlət Miqrasiya Xidmətinin strukturu və işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

13. Dövlət Miqrasiya Xidmətinin sistemində qulluq keçmə qaydaları və şərtləri dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

14. Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi (bundan sonra - Dövlət Miqrasiya Xidmətinin rəisi) rəhbərlik edir. Dövlət Miqrasiya Xidmətinin rəisi Dövlət Miqrasiya Xidmətinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

15. Dövlət Miqrasiya Xidməti rəisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri vardır. Dövlət Miqrasiya Xidməti rəisinin müavinləri onlara Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

16. Dövlət Miqrasiya Xidmətinin rəisi :

16.1. Dövlət Miqrasiya Xidmətinin işini təşkil edir və ona rəhbərlik edir;

16.2. müavinləri arasında vəzifə bölgüsünü aparır, onların, habelə Dövlət Miqrasiya Xidmətinin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, istehsalattəsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

16.3. Dövlət Miqrasiya Xidmətinin struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, onların fəaliyyətinə nəzarəti təşkil edir və işinin əlaqələndirilməsini təmin edir;

16.4. müəyyən edilmiş struktur, əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatının və tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

16.5. Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatının işçilərini, tabeliyində olan regional və digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

16.6. miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı təklifləri, qanun və digər normativ hüquqi aktların layihələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

16.7. Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatının, tabeliyində olan regional və digər qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, normativ hüquqi aktları imzalayır (təsdiq edir), onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

16.8. Dövlət Miqrasiya Xidmətinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

16.9. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumları ilə münasibətlərdə Dövlət Miqrasiya Xidmətini təmsil edir, verilmiş səlahiyyətlər daxilində xarici ölkələrin müvafiq dövlət orqanları ilə və beynəlxalq təşkilatlarla danışıqlar aparır, beynəlxalq, dövlətlərarası və hökumətlərarası danışıqlarda iştirak edir, müəyyən edilmiş qaydada beynəlxalq sənədləri imzalayır;

16.10. Dövlət Miqrasiya Xidməti işçilərinin ümumi say tərkibi və strukturu barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

16.11. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;

16.12. müəyyən edilmiş əməkhaqqı və işçilərin say həddi daxilində müəyyən olunmuş qaydada tabeliyində olan qurumların yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə müvafiq qərarlar qəbul edir;

16.13. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

17. Dövlət Miqrasiya Xidmətində Dövlət Miqrasiya Xidmətinin rəisindən (kollegiyanın sədri), onun müavinlərindən və Dövlət Miqrasiya Xidmətinin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Kollegiyanın tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

18. Kollegiyanın iclaslarında Dövlət Miqrasiya Xidməti fəaliyyətinin əsas istiqamətləri, icra intizamının vəziyyəti, kadr məsələləri, normativ hüquqi aktların layihələri müzakirə edilir, digər mühüm məsələlərə baxılır və müvafiq qərarlar qəbul edilir.

19. Dövlət Miqrasiya Xidməti kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Dövlət Miqrasiya Xidməti kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

Dövlət Miqrasiya Xidməti kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

20. Dövlət Miqrasiya Xidməti kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və bir qayda olaraq Dövlət Miqrasiya Xidməti rəisinin əmrləri ilə həyata keçirilir.

21. Kollegiyanın iclasları Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən mütəmadi olaraq çağırılır.

22. Kollegiyanın iş qaydasını Dövlət Miqrasiya Xidmətinin rəisi müəyyənləşdirir.

23. Dövlət Miqrasiya Xidməti kollegiyasının üzvləri və Dövlət Miqrasiya Xidmətinin rəisi arasında fikir ayrılığı yarandığı hallarda, Dövlət Miqrasiya Xidmətinin rəisi bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verərək öz qərarını həyata keçirir.

24. Zəruri hallarda Dövlət Miqrasiya Xidməti kollegiyasının iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər dəvət edilə bilərlər.