Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyət qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1. Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyət qaydası haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 sentyabr 2007-ci il

626

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 17 sentyabr tarixli 626 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyət qaydası haqqında

 

Ə S A S N A M Ə

 

I. Ümumi müddəalar

 

1. Bu Əsasnamə Terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinə əsasən zəruri hallarda müvəqqəti əsaslarla yaradılan Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının (bundan sonra - Qərargah) fəaliyyət qaydasını müəyyən edir.

2. Qərargah Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə terror əleyhinə əməliyyatların həyata keçirildiyi müddətə əməliyyatlara vahid rəhbərliyin təmin edilməsi məqsədilə terrorçuluğa qarşı mübarizədə iştirak edən dövlət orqanlarının vəzifəli şəxslərindən ibarət tərkibdə yaradılır.

3. Qərargah öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

4. Qərargahın fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

4.1. qanunçuluq;

4.2. terror fəaliyyəti nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü;

4.3. terror əleyhinə aparılan əməliyyatlara cəlb olunmuş qüvvələrin idarə edilməsində təkbaşçılıq;

4.4. terrorçuluğa qarşı mübarizədə iştirak edən dövlət orqanları ilə qarşılıqlı əlaqənin təmin olunması;

4.5. terrorçuluğa qarşı mübarizə zamanı aşkar və gizli metodların əlaqələndirilməsi;

4.6. terror əleyhinə aparılan əməliyyatların həyata keçirilməsində iştirak edən şəxsi heyətin, o cümlədən bu məqsədlə istifadə edilən texniki üsulların və taktikanın elan edilməsində minimal aşkarlıq.

 

II. Qərargahın fəaliyyətinə rəhbərlik

 

5. Qərargahın fəaliyyətinə rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin və azad edilən Qərargah rəhbəri həyata keçirir.

6. Qərargahın rəhbəri:

6.1. Qərargahın fəaliyyətini təşkil edir və ona ümumi rəhbərliyi həyata keçirir;

6.2. Qərargahın tərkibinə daxil olan vəzifəli şəxslərin səlahiyyətli bölgüsünü aparır;

6.3. terror əleyhinə aparılan əməliyyat zonasının sərhədlərini müəyyən etməklə, bu əməliyyatın keçirilməsinə cəlb olunmuş qüvvə və vasitələr, silah, xüsusi texnika, qoruyucu ləvazimat və avadanlıqlara tələbatın müəyyənləşdirilməsi və təyinatı üzrə istifadəsi barədə qərar qəbul edir;

6.4. zərurət yarandıqda qanunvericiliklə müəyyən edilmiş qaydada terror əleyhinə aparılan əməliyyat zonasında fövqəladə vəziyyətin tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırır;

6.5. terror əleyhinə əməliyyatın keçirilməsi üçün mövcud qüvvə və vasitələrdən istifadə etməklə əməliyyat qruplarının təşkil olunması barədə müvafiq tapşırıqlar verir və onların fəaliyyətinə bilavasitə rəhbərliyi həyata keçirir;

6.6. terror aktının zərərsizləşdirilməsinə və keçirilmiş əməliyyatın nəticələrinə görə şəxsi məsuliyyət daşıyır;

6.7. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir.

7. Terror əleyhinə aparılan əməliyyatlara cəlb olunmuş hərbi qulluqçular, hüquq mühafizə orqanlarının əməkdaşları və digər şəxslər əməliyyatın keçirilməsi zamanı Qərargahın rəhbərinə tabe olurlar.

8. Qərargahın rəhbəri görülmüş tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinə məruzə edir və onun göstərişlərini yerinə yetirir.

9. Azərbaycan Respublikasının Prezidentindən başqa heç kəs Qərargahın rəhbərinin fəaliyyətinə müdaxilə elə bilməz və onun verdiyi qərarları ləğv edə bilməz.

10. Terror əleyhinə əməliyyat başlandığı andan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin terrorçuluğa qarşı mübarizə üzrə müvafiq qurumu birbaşa Qərargah rəhbərinin sərəncamına keçir və onun verdiyi tapşırıqları həyata keçirir. [1]

 

III. Qərargahın fəaliyyətini təmin edən əməliyyat qrupları

 

11. Əməliyyatın keçirilməsi üçün Qərargahın rəhbərinin tapşırığı əsasında dövlət orqanları, habelə mülkiyyət formasından asılı olmayaraq digər təşkilatların nümayəndələrindən ibarət təcrid, mühasirə, zəbt, snayperlər, istehkamçı, cinayətkar hərəkətləri qeydə alan, filtrasiya-yoxlama, təhlil, elçilər, rabitəni təmin edən, kütləvi informasiya vasitələri ilə əlaqə, ehtiyat, kəşfiyyat, axtarış, təqib, inzibati, efirə nəzarət, kinoloji, qəza-xilasetmə, tibbi yardım və digər əməliyyat qrupları yaradıla bilər.

12. Yaradılmış hər bir əməliyyat qrupunun tərkibi və rəhbəri, habelə qrupun vəzifələri Qərargahın rəhbəri tərəfindən müəyyən edilir.

13. Əməliyyat qruplarının rəhbərləri şəxsi heyətin siyahısını tutmalı, qarşıya qoyulmuş məsələnin həlli üçün hər bir qrup üzvünün funksional vəzifəsini təyin etməlidir. Əməliyyat qruplarının rəhbərləri qrupa verilmiş tapşırıqların yerinə yetirilməsinə görə Qərargah rəhbəri qarşısında cavabdehdir.

 

IV. Terror əleyhinə aparılan əməliyyatın başa çatması

 

14. Terror aktının qarşısı alındıqda və terror əleyhinə aparılan əməliyyat zonasında olan insanların həyatına və sağlamlığına qorxu yaradan təhlükə ləğv edildikdə terror əleyhinə aparılan əməliyyat başa çatmış hesab edilir.[2]

15. Qərargahın rəhbəri terror əleyhinə əməliyyatın nəticələri, dəymiş fiziki və maddi ziyanın ilkin həcmi, itkilər barədə hesabat hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə məruzə edir.

16. Qərargah terror əleyhinə aparılan əməliyyatlar başa çatdıqdan sonra buraxılır.

17. Terror əleyhinə əməliyyatın keçirilməsində mövcud olmuş nöqsanlar barədə Qərargahın rəhbəri müşavilə keçirir və onların aradan qaldırılması üçün müvafiq orqanlara, müəssisə və təşkilatlara öz tövsiyələrini göndərir.

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 23 iyun 2016-cı il tarixli 975 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 24 iyun 2016-cı il, 135)
  2. 3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 5 mart 2017-ci il, 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 353)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 5 mart 2017-ci il, 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 353) ilə Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyət qaydası haqqında Əsasnamənin 10-cu hissəsində Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzi sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin terrorçuluğa qarşı mübarizə üzrə müvafiq qurumu sözləri ilə əvəz  edilmişdir.

 

[2] 23 iyun 2016-cı il tarixli 975 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 24 iyun 2016-cı il, 135) ilə Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyət qaydası haqqında Əsasnamənin 6.6-cı bəndində terror aksiyasının sözləri terror aktının sözləri ilə, 14-cü hissəsində isə Terror aksiyasının sözləri Terror aktının sözləri ilə əvəz edilmişdir.