Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərən fiziki və hüquqi şəxslərin auditin subyekti qarşısında peşə məsuliyyətinin icbari sığortası sahəsində münasibətləri tənzimləyir, onun təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

 

Maddə 1. Əsas anlayışlar

 

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1. auditor - qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərən fiziki və ya hüquqi şəxs;

1.2. auditin subyekti - auditin aparılması barədə auditorla müqavilə bağlamış fiziki və ya hüquqi şəxs;

1.3. auditorun peşə məsuliyyətinin icbari sığortasının obyekti - auditorun göstərdiyi xidmət nəticəsində auditin subyektinə dəyən zərərə görə məsuliyyəti;

1.4. auditorun peşə məsuliyyəti – auditor xidməti nəticəsində auditin subyektinə vurulan zərərin ödənilməsi barədə auditorun öhdəliyi;

1.5. sığortaçı - yalnız sığorta və təkrar sığorta fəaliyyətini göstərmək məqsədi ilə yaradılmış və qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) almış hüquqi şəxs;

1.6. sığortalı - qanunvericiliklə müəyyən edilmiş qaydada auditor xidməti ilə məşğul olan, öz peşə məsuliyyətini sığorta etdirmək üçün sığortaçı ilə müqavilə bağlayan fiziki və ya hüquqi şəxs;

1.7. sığorta hadisəsi - auditorun peşə məsuliyyətinin icbari sığortası müqaviləsində sığortalıya sığorta ödənişinin həyata keçirilməsi üçün əsas olan hal;

1.8. sığorta haqqı - auditorun peşə məsuliyyətinin icbari sığortası müqaviləsinə (bundan sonra sığorta müqaviləsi) uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləği;

1.9. sığorta məbləği - auditor xidməti nəticəsində auditin subyektinə vurulan zərərin ödənilməsi üzrə sığortaçının məsuliyyətinin son həddi;

1.10. sığorta ödənişi - sığorta hadisəsi baş verdiyi halda sığortaçının sığorta məbləği həddində sığortalıya ödəməli olduğu pul məbləği.

 

Maddə 2. Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında qanunvericilik

 

2.1. Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir. [2]

2.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

2.3. Ələt azad iqtisadi zonasında auditorun peşə məsuliyyətinin icbari sığortası sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[3]

 

Maddə 3. Auditorun peşə məsuliyyətini yaradan sığorta hadisəsi halları

 

3.1. Auditorun peşə məsuliyyətini yaradan sığorta hadisəsi halları aşağıdakılardır:

3.1.1. auditor xidməti sahəsində qəbul edilmiş normativ hüquqi aktların, standartların, qaydaların tələblərinin pozulması;

3.1.2. mühasibat (maliyyə) və vergi hesabatlarında təhrif olunmuş məlumatların və səhvlərin aşkar edilməməsi;

3.1.3. aşkar edilən səhv və təhriflərin aradan qaldırılması üçün düzgün tövsiyələrin verilməməsi;

3.1.4. işlərin keyfiyyətsiz görülməsi və (və ya) yerinə yetirilməsi müddətinə riayət edilməməsi;

3.1.5. məxfilik prinsipinin pozulması.

 

Maddə 4. Auditorun peşə məsuliyyətindən azad edilməsi

 

4.1. Aşağıdakı hallarda zərərin vurulması sığorta hadisəsi hesab edilmir:

4.1.1. zərər auditin subyekti ilə auditor arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifələrin auditin subyekti tərəfindən yerinə yetirilməməsi nəticəsində baş verdikdə;

4.1.2. müvafiq dövlət orqanlarından və digər əlaqəli tərəflərdən alınmış məlumatlar auditorun səhv rəy verməsinə səbəb olduqda.

 

Maddə 5. Sığortaçının hüquq və vəzifələri

 

5.1. Sığortaçının hüquqları aşağıdakılardır:

5.1.1. sığortalı ilə birlikdə auditorun peşə məsuliyyətinin sığorta riskini qiymətləndirmək və ya bu işi müstəqil peşəkar qiymətləndiriciyə həvalə etmək;

5.1.2. auditor xidməti nəticəsində auditin subyektinə dəymiş zərərin sığortalı tərəfindən ödənilməsi ilə bağlı mübahisənin həllində iştirak etmək;

5.1.3. sığorta hadisəsi nəticəsində dəyən zərərin məbləğini müəyyən etmək, bunun üçün sığortalıdan məlumat almaq, zərərin qiymətləndirilməsi məqsədi ilə sığorta hadisəsi baş vermiş və ya baş verməsi ehtimal edilən obyektə daxil olmaq, hadisəni təsdiq edən sənədləri almaq və müvafiq sahələr üzrə ekspertlər dəvət etmək;

5.1.4. sığorta müqaviləsi bağlandıqdan sonra sığorta riskinin artmasına səbəb olan hallar yarandıqda, sığortalıdan müqavilə şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqlarının qanunla nəzərdə tutulmuş qaydada artırılmasını tələb etmək;

5.1.5. bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş hallarda peşə məsuliyyətinin icbari sığortası üzrə ödənişi verməkdən imtina etmək.

5.2. Sığortaçının vəzifələri aşağıdakılardır:

5.2.1. sığortalıdan sığorta haqqını almaq və ona sığorta şəhadətnaməsini vermək;

5.2.2. sığorta hadisəsinin baş verməsi riskinin azaldılması istiqamətində əhəmiyyətli tədbirlər görüldükdə, sığortalının tələbi ilə sığorta müqaviləsində müvafiq dəyişikliklər etmək və ya yeni sığorta müqaviləsi bağlamaq;

5.2.3. sığorta hadisəsi baş verdikdə sığorta ödənişini həyata keçirmək;

5.2.4. sığortalıya bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş güzəştləri vermək;

5.2.5. sığortalı və auditin subyekti ilə bağlı məxfi məlumatı yaymamaq;

5.2.6. sığortalının qanuni mənafelərini müdafiə etmək;

5.2.7. sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.[4]

5.3. Sığorta müqaviləsində tərəflərin razılığına əsasən qanunvericiliyə uyğun olaraq sığortaçının digər hüquq və vəzifələri də nəzərdə tutula bilər.

 

Maddə 6. Sığortalının hüquq və vəzifələri

 

6.1. Sığortalının hüquqları aşağıdakılardır:

6.1.1. sığortaçını müstəqil seçmək;

6.1.2. bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək;

6.1.3. sığorta müqaviləsinin şərtlərinin izahını sığortaçıdan tələb etmək;

6.1.4. sığorta hadisəsi baş verdikdə sığorta ödənişini tələb etmək;

6.2. Sığortalının vəzifələri aşağıdakılardır:

6.2.1. sığortaçı ilə sığorta müqaviləsi bağlamaq;

6.2.2. sığorta müqaviləsi ilə müəyyən edilmiş müddətdə, məbləğdə və qaydada sığorta haqqını ödəmək;

6.2.3. digər sığorta müqavilələri (şərikli sığorta) barədə sığortaçıya məlumat vermək;

6.2.4. ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək;

6.2.5. sığorta müqaviləsinin şərtlərini pozmamaq;

6.2.6. sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində müəyyən edilmiş müddətdə və qaydada sığortaçıya məlumat vermək;

6.2.7. auditor xidməti nəticəsində auditin subyektinə dəyən zərərin ödənilməsi ilə bağlı mübahisənin həllində sığortaçının iştirak etməsinə şərait yaratmaq;

6.2.8. sığortaçının rəsmi razılığı olmadan üçüncü şəxslərin tələblərini tənzimləmək barədə hər hansı birbaşa və ya dolayı öhdəliklər götürməmək.

6.3. Sığorta müqaviləsində tərəflərin razılığına əsasən qanunvericiliyə uyğun olaraq sığortalının digər hüquq və vəzifələr də nəzərdə tutula bilər.

 

Maddə 7. Sığorta müqaviləsi və şəhadətnaməsi

 

7.1. Sığorta müqaviləsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində vurulmuş zərərə görə auditin subyektinin irəli sürdüyü iddia üzrə sığorta ödənişini həyata keçirmək, sığortalı isə müəyyən olunan müddətlərdə sığorta haqqını ödəmək öhdəliyini götürür.

7.2. Sığorta müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) almış sığortaçı ilə bağlanılmalıdır.

7.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqı ödənildiyi andan qüvvəyə minmiş hesab edilir.

7.4. Sığorta müqaviləsi ən azı bir il müddətinə bağlanır.

7.5. Sığorta müqaviləsinin bağlanılmasını təsdiq edən sənəd sığorta şəhadətnaməsidir. Sığorta şəhadətnaməsi sığorta haqqı ödənilən gün verilir.

7.6. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

7.6.1. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam yerinə yetirdikdə;

7.6.2. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilmiş müddətdə və məbləğdə ödəmədikdə;

7.6.3. sığortaçı qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edildikdə;

7.6.4. sığorta müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

7.6.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

 

Maddə 8. Sığorta məbləği, sığorta ödənişi və sığorta haqqının müəyyən edilməsi

 

8.1. Sığorta məbləği auditorun peşə məsuliyyətinin sığorta riskinin qiymətləndirilməsi əsasında sığorta müqaviləsi ilə müəyyən edilir.

8.2. Sığorta məbləği sığorta müddətində baş verən sığorta hadisəsi zamanı sığorta ödənişlərinin həyata keçirilməsi üçün müəyyən edilir.

8.3. Sığorta riskinin müəyyən edilməsi və sığorta məbləğinin hesablanması aşağıdakı meyarlara əsaslanır:

8.3.1. sığortalının və onun əməkdaşlarının əvvəllər yol verdikləri səhvlərə və nöqsanlarına görə aldıqları cəzalar;

8.3.2. əvvəlki illərdə auditin subyektinə verilən sığorta ödənişi və onun mahiyyəti barədə məlumat;

8.3.3. sığortalının maddi - texniki bazası (o cümlədən auditor xidməti üçün kompüter proqramları);

8.3.4. sığortalının normativ hüquqi bazası;

8.3.5. auditor xidmətinin növü və dəyəri;

8.3.6. auditor xidmətinin həcmi və yerinə yetirilmə müddəti.

8.4. Sığorta ödənişi faktiki dəyən zərər məbləğində həyata keçirilir və sığortaçının məsuliyyətinin son həddindən artıq ola bilməz.

8.5. Sığorta ödənişinin məbləği bu Qanunun 9-cu maddəsində göstərilən sənədlərin (zərurət olduqda ekspert rəyinin) əsasında vəsatət qaldıranla birlikdə sığortaçı tərəfindən müəyyən edilir.

8.6. Sığortalının eyni risklərə dair qüvvədə olan bir neçə sığorta müqaviləsi olduqda, zərər sığortaçılar tərəfindən proporsional qaydada ödənilir.

8.7. Auditin subyekti qarşısında məsuliyyətin sığortası üzrə sığorta ödənişi verildikdən sonra sığorta məbləği ödəniş məbləği miqdarında azaldılır və bu barədə sığorta müqaviləsində müvafiq qeydlər edilir. Sığortalının arzusu ilə qalmış sığorta müddətinə əlavə sığorta haqqı ödəmək yolu ilə sığorta məbləği yenidən əvvəlki məbləğdə bərpa edilə bilər.

8.8. Sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verərsə, müəyyən edilmiş müddətdə auditin subyekti sığortalı, o isə sığortaçı qarşısında zərərin ödənilməsi barədə iddia qaldıra bilər.

8.9. Sığorta haqqının miqdarı sığorta məbləği nəzərə alınmaqla, sığorta məbləğinin 5%-dən artıq olmamaq şərti ilə müəyyən edilir və birdəfəlik qaydada tam məbləğdə ödənilir. Baza sığorta tarifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sığortaçı daxil olan sığorta haqlarının 10 faizi miqdarında işlərin aparılması xərclərinə ayırmalardan və maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlardan sonra qalan məbləğdən sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada sığorta ehtiyatları formalaşdırır.[5]

8.10. Auditorun peşə məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği aşağıda göstərilən miqdardan az olmamalıdır:

8.10.1. auditor fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün - 1000 manat;

8.10.2. auditor fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün - 3000 manat.

 

Maddə 9. Sığorta məbləğinin alınması üçün müraciət qaydaları

 

9.1. Sığorta hadisəsi hallarında auditin subyekti sığorta məbləğinin alınması üçün sığortalıya müraciət edir. Sığortalı zərərin baş verməsini etiraf etdikdə sığorta müqaviləsində sığorta ödənişinin alınması üçün müraciət müddətləri nəzərə alınmaqla bu barədə auditin subyektinə yazılı məlumat verir və aşağıdakı sənədləri sığortaçıya təqdim edir:

9.1.1. sığorta subyektinin rekvizitləri, sığorta hadisəsinin səbəbləri, zərərin məbləği və nəticəsi göstərilməklə ərizə;

9.1.2. sığorta müqaviləsinin və sığorta şəhadətnaməsinin surəti;

9.1.3. hadisə ilə bağlı sığortalıya qarşı irəli sürülən tələblər barədə sənədlər;

9.1.4. auditin subyektinə dəyən zərərin məbləği və zərərlə əlaqədar auditin subyektinin birbaşa xərclərini təsdiq edən sənədlər;

9.2. Sığortaçı aldığı sənədlərin siyahısı və onların alınma tarixi barədə sığortalıya sənəd verməlidir.

9.3. Sığortaçı bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş sənədləri aldıqdan sonra 10 gün ərzində sığorta ödənişini həyata keçirməlidir.

9.3-1. Sığortaçı sığorta ödənişini bu Qanunun 9.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.[6]

9.4. Sığortalı müvafiq məlumatı bu Qanunun 9.1-ci maddəsində göstərilən müddətdə auditin subyektinə təqdim etmədikdə, auditin subyekti sığorta məbləğinin alınması üçün məhkəməyə müraciət edə bilər.

 

Maddə 10. Zərərin ödənilməsi

 

10.1. Sığortaçı sığorta məbləğini sığortalının müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında auditin subyektinə ödəyir.

10.2. Sığorta hadisəsi ilə əlaqədar itirilən gəlir bu Qanuna görə sığortaçı tərəfindən ödənilmir.

 

Maddə 11. Sığorta ödənişi verməkdən imtina edilməsi üçün əsaslar

 

11.1. Sığortaçı aşağıdakı hallarda sığorta ödənişini həyata keçirməkdən imtina edə bilər:

11.1.1. sığortalı sığorta haqqını ödəmədikdə;

11.1.2. auditin subyekti özünün qəsdən edilmiş hərəkəti nəticəsində zərər çəkdikdə (sığorta hadisəsinin baş verməsində təqsiri sübut olunarsa);

11.1.3. qanunvericiliklə digər əsaslar müəyyən edildikdə.

11.2. Sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə qərar auditin subyektinə imtinanın səbəbləri göstərilməklə rəsmi qaydada verilir.

 

Maddə 12. Sığortalıya güzəştlərin verilməsi

 

12.1. Sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığorta hadisəsi baş vermədikdə, sığorta haqqının 10%-i sığortalıya qaytarılır.

12.2. Bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş sığorta güzəştini sığortaçı müvafiq sənədləri aldığı vaxtdan 10 gün ərzində ödəyir.

12.3. Bu Qanunla tənzimlənən icbari sığorta haqqının gəlirə aid edilməsi və gəlirdən çıxılması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir.

 

Maddə 13. Sığorta ehtiyatları

 

Sığortalılar qarşısında öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün sığortaçı daxil olan sığorta haqları hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada sığorta ehtiyatları yaradır.

 

Maddə 14. Qanunun pozulmasına görə məsuliyyət

 

Sığorta müqaviləsi bağlamış tərəflər bu Qanunun pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 15. Mübahisələrin həlli

 

Bu Qanuna əsasən bağlanan sığorta müqaviləsindən irəli gələn mübahisələr üzrə tərəflər arasında qarşılıqlı razılıq əldə edilmədikdə, həmin mübahisələr məhkəmə qaydasında həll edilir.

 

Maddə 16. Qanunun qüvvəyə minməsi

 

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 may 2007-ci il

№ 333-IIIQ

 

 

 


QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960)

2.       24 fevral 2015-ci il tarixli 1209-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 08 aprel 2015-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 350)

3.       4 mart 2016-cı il tarixli 152-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 418)

4.       28 dekabr 2018-ci il tarixli 1414-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



[1] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə adında, preambulasında, 1.3-cü, 1.4-cü, 1.6-cı, 1.7-ci, 1.8-ci maddələrdə, 2-ci maddənin adında, 2.1-ci maddədə, 3-cü maddənin adında, 3.1-ci maddədə, 4-cü maddənin adında, 5.1.1-ci, 5.1.5-ci, 8.1-ci və 8.10-cu maddələrdə ismin müvafiq hallarında "mülki məsuliyyət" sözləri ismin müvafiq hallarında "peşə məsuliyyəti" sözləri ilə əvəz edilmişdir.

 

[2] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 2.1-ci maddədə "Sığorta haqqında" sözləri "Sığorta fəaliyyəti haqqında" sözləri ilə əvəz edilmişdir.

 

24 fevral 2015-ci il tarixli 1209-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 08 aprel 2015-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 350) ilə 2.1-ci maddədə “Sığorta fəaliyyəti haqqında”,” sözlərindən sonra “İcbari sığortalar haqqında”,” sözləri əlavə edilmişdir.

 

[3] 28 dekabr 2018-ci il tarixli 1414-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25) ilə yeni məzmunda 2.3-cü maddə əlavə edilmişdir.

 

[4] 24 fevral 2015-ci il tarixli 1209-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 08 aprel 2015-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 350) ilə 5.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 5.2.7-ci maddə əlavə edilmişdir.

 

[5] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 8.9-cu maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

4 mart 2016-cı il tarixli 152-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 418) ilə 8.9-cu maddəsinin üçüncü cümləsində “0,3 faizi miqdarında sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsinə məcburi ayırmalardan” sözləri “maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlardan” sözləri ilə əvəz edilmişdir.

 

[6] 24 fevral 2015-ci il tarixli 1209-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 08 aprel 2015-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 350) ilə yeni məzmunda 9.3-1-ci maddə əlavə edilmişdir.