Azərbaycan Respublikasında tikinti sahəsində
dövlət nəzarətinin gücləndirilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Son
zamanlar Azərbaycan Respublikasında, xüsusilə Bakı
şəhərində tikinti işləri geniş
vüsət almışdır. Əhalinin alıcılıq
qabiliyyətinin yüksəlməsi nəticəsində
tikinti sahəsinə yönələn investisiyaların
həcmi kəskin surətdə artmışdır. Belə
ki, ölkədə çoxmərtəbəli binaların
əksəriyyəti özəl sektor tərəfindən
inşa olunur. Bu da əhalinin mənzil təminatında və
yeni infrastruktur sahələrinin yaradılmasında
mühüm rol oynamaqla yanaşı, ciddi narahatlıq
doğuran problemlər yaratmışdır.
Bir
sıra hallarda tikinti şirkətləri tərəfindən
müəyyən olunmuş tələblərə və
təhlükəsizlik qaydalarına əməl olunmaması bu
tikintilərdə qəza halları, yanğınlar və
orada çalışan insanların tələfatı ilə
bağlı bədbəxt hadisələrlə
nəticələnir. Bununla yanaşı, həmin
təşkilatlar tərəfindən əmək
müqavilələrinin bağlanmaması
işçilərin əmək hüquqlarının
pozulmasına və vergidən yayınma hallarına
səbəb olur.
Eyni
zamanda, bəzi hallarda yerli icra və
özünüidarəetmə strukturlarının
nümayəndələri, dövlət məmurları
tərəfindən öz vəzifə səlahiyyətlərinin
aşması inşaat işləri üçün
nəzərdə tutulmayan, dövlət fondunda və ümumi
istifadədə olan ərazilərin tikinti üçün
ayrılmasına, şəhərsalma
sənədlərinə riayət edilməməsinə,
ekoloji və sanitar normalarının tələblərinin
pozulmasına şərait yaratmışdır.
Tikinti
üçün torpaq sahələri ayrılarkən
mühəndis-axtarış işlərinin lazımi
səviyyədə aparılmaması, tikinti işlərinin
mövcud kommunikasiya xətlərinin təhlükəsizlik
zolaqlarında həyata keçirilməsi, layihələndirmə
sənədlərinin düzgün hazırlanmaması,
tikintidə keyfiyyətsiz, standartlara cavab verməyən
materiallardan istifadə olunması, tikinti norma və
qaydalarının kobud pozulması bu sahədə
dövlət nəzarətinin daha da gücləndirilməsini
tələb edir.
Göstərilənləri
nəzərə alaraq, Azərbaycan Respublikasında tikinti
fəaliyyətinin bütün mərhələlərində
dövlət nəzarətini gücləndirmək
məqsədi ilə qərara
alıram:
1.
Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyinə tapşırılsın ki:
-
tikinti fəaliyyətinin bütün
mərhələlərində dövlət nəzarətini
təmin etsin;
-
respublika ərazisində tikintisi aparılan bütün ictimai
və çoxmənzilli yaşayış binaları
üzrə qısa müddət ərzində araşdırma
aparıb qüvvədə olan tikinti norma və qaydalarına
əməl olunmadan aparılan tikinti işlərinin bu
çatışmazlıqlar tam aradan qaldırılana
qədər mövcud qaydalara uyğun
dayandırılmasını təmin etsin;
-
inşası 2001-ci ildən sonra başlanmış və
nazirliyin ekspertizasından keçməmiş bütün
ictimai və çoxmənzilli yaşayış
binalarının qısa müddət ərzində
müayinəsini və dövlət ekspertizasından
keçirilməsini təmin etsin;
-
tikintisi başa çatmış, lakin Dövlət Qəbul Komissiyası
tərəfindən istismara qəbul edilməmiş
binaların müayinəsini təmin edib müvafiq
rəylər hazırlasın;
-
aidiyyəti dövlət orqanları ilə birlikdə
respublikanın şəhər və rayonlarında aparılan
tikinti işlərinin qüvvədə olan
şəhərsalma, ekoloji və sanitar normalarına
uyğunluğuna nəzarəti gücləndirsin, bu
sahədə yol verilən pozuntuların
qarşısının alınması və
çatışmazlıqların aradan qaldırılması
üçün zəruri tədbirlər görsün;
-
aidiyyəti dövlət orqanları ilə birlikdə
tikintidə standartlara uyğun, keyfiyyətli tikinti
materiallarından istifadə edilməsi üçün
əlavə tədbirlər görsün;
-
aparılan müayinələr zamanı qanun pozuntuları
aşkar olunduğu hallarda müvafiq tədbirlərin
görülməsi üçün materialların hüquq
mühafizə və məhkəmə orqanlarına
göndərilməsini təmin etsin;
-
tikinti sahəsində dövlət nəzarət mexanizminin
təkmilləşdirilməsi üzrə təkliflərini
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
təqdim etsin.
2.
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi aidiyyəti dövlət
orqanları ilə birlikdə tikinti sahəsində
işçilərin əmək şəraitinin və iş
yerlərinin əməyin mühafizəsi və
təhlükəsizliyi qaydalarına uyğun olmasına,
işçilərin fərdi mühafizə vasitələri
və xüsusi geyim ilə işəgötürənlər
tərəfindən təmin edilməsinə və
əmək münasibətlərinin əmək
müqaviləsi əsasında tənzimlənməsinə
nəzarəti gücləndirsin.
3.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi bir ay
müddətində tikinti şirkətləri
(kooperativləri) tərəfindən vergidən yayınma
hallarının qarşısının alınması
məqsədilə qanunvericiliyə dəyişikliklərin
edilməsinə dair təkliflərini Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4.
Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinə
tapşırılsın ki, bir ay müddətində
şəhərsalma fəaliyyətini tənzimləyən
norma və qaydaların təkmilləşdirilməsi və
şəhərsalma-memarlıq nəzarətinin həyata
keçirilməsi sahəsində təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim etsin.
5.
Nəzərə alınsın ki, torpaq sahələrinin
ayrılması və tikintiyə icazə verilməsi
zamanı ekoloji və sanitar normalara, mövcud kommunikasiya
xətlərinin təhlükəsizlik zolaqları, ərazilərin
zonalaşdırılması, tikintinin növü və
miqyası ilə bağlı müfəssəl qaydalara və
yaşayış məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas
şərtlərinə, o cümlədən binalar
arasında məsafələrin gözlənilməsi barədə
mövcud texniki normativlərə və müvafiq
ərazilərin şəhərsalma sənədlərinə
əməl edilməməsinə görə yerli icra
hakimiyyəti orqanlarının vəzifəli
şəxsləri məsuliyyət daşıyırlar. [1]
6.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
-
tikinti sahəsinə dair dövlət standartlarına
yenidən baxılmasını təmin etsin və həmin
standartların müasir tələblərə uyğunlaşdırılaraq
təkmilləşdirilməsinə dair təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
-
tikintisi başa çatmış obyektlərin istismara
qəbul qaydaları layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
-
aidiyyəti dövlət orqanları ilə birlikdə tikinti
sahəsində dövlət nəzarət mexanizminin
təkmilləşdirilməsi, o cümlədən tikinti
və tikintidə təhlükəsizlik qaydalarının
pozulmasına görə məsuliyyətin
sərtləşdirilməsinə dair təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
-
bu Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
7.
Bu Fərman imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 avqust 2007-ci
il
¹
624
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
29
sentyabr 2015-ci il tarixli 637 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti, 30 sentyabr 2015-ci il, ¹ 211, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 9, maddə
1024)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29
sentyabr 2015-ci il tarixli 637
nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 sentyabr
2015-ci il, ¹ 211, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹ 9, maddə 1024) ilə 5-ci
hissəsində “zolaqları,”
sözündən sonra “ərazilərin
zonalaşdırılması, tikintinin növü və
miqyası ilə bağlı müfəssəl qaydalara və
yaşayış məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas
şərtlərinə, o cümlədən”
sözləri əlavə edilmişdir.