Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 737; 2003-cü il, 1, maddə 1; 2006-cı il, 3, maddə 225) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin 4-cü bəndində:

1.1.               v və q yarımbəndləri aşağıdakı redaksiyada verilsin:

v) qiymətli metallar istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium, rodium və rutenium);

q) qiymətli daşlar işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər.;

1.2. altıncı abzas çıxarılsın.

2. 4-cü maddənin 2-ci bəndi çıxarılsın.

3. 8-ci maddədə 3-cü bəndin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatların aparılması ilə bağlı münasibətlər Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir..

II. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 4, II kitab, maddə 251, 12, maddə 835; 2001-ci il, 1, maddə 24, 7, maddə 455; 2002-ci il, 1, maddə 9, 5, maddələr 236, 248, 258, 6, maddə 326, 8, maddə 465; 2003-cü il, 6, maddələr 276, 279, 8, maddələr 424, 425, 12, I kitab, maddə 676; 2004-cü il, 1, maddə 10, 4, maddə 200, 5, maddə 321, 8, maddə 598, 10, maddə 762, 11, maddə 900; 2005-ci il, 1, maddə 3, 6, maddə 462, 7, maddə 575, 10, maddə 904, 11, maddə 994; 2006-cı il, 2, maddələr 71, 72, 75, 5, maddə 390, 12, maddələr 1008, 1020, 1028; Azərbaycan Respublikasının 2006-cı il 19 dekabr tarixli 200-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:

1. 177-ci maddənin Qeyd hissəsinin 3-cü bəndində habelə sözündən sonra 213-3, rəqəmi əlavə edilsin.

2. Məcəlləyə aşağıdakı məzmunda 213-2-ci və 213-3-cü maddələr əlavə edilsin:

Maddə 213-2. Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma

Qiymətli metallar və qiymətli daşlar hasil, istehsal etmiş subyektlər tərəfindən yerin təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta uyğun affinaj edilmiş qiymətli metallar, habelə rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə satılarkən, onları ilkin olaraq dövlətə satmaqdan yayınma, əgər bu əməl xeyli miqdarda törədilibsə-

şərti maliyyə vahidi məbləğinin min mislindən beş min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: bu maddədə xeyli miqdar dedikdə, şərti maliyyə vahidinin yeddi min mislindən artıq olan məbləğ başa düşülür.

Maddə 213-3. Dövlət əyar damğalarını saxtalaşdırma

213-3.1. Qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar damğalarını saxtalaşdırma-

şərti maliyyə vahidi məbləğinin min mislindən beş min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213-3.2. Eyni əməllər bir il ərzində təkrar törədildikdə-

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır..

III. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, I kitab, maddə 584; 2001-ci il, 1, maddə 24, 3, maddə 139, 7, maddə 455, 11, maddələr 680, 698, 12, maddə 731; 2002-ci il, 1, maddə 9, 4, I kitab, maddə 165, 5, maddələr 234, 237, 239, 6, maddə 326, 8, maddə 463, 12, maddə 692; 2003-cü il, 1, maddələr 3, 13, 23, 4, maddələr 177, 178, 5, maddə 228, 6, maddələr 257, 276, 279, 8, maddələr 407, 425, 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, 1, maddələr 6, 7, 10, 13, 4, maddələr 200, 201, 204, 5, maddələr 313, 314, 317, 321, 6, maddə 397, 8, maddələr 596, 597, 10, maddələr 762, 779, 11, maddə 900, 12, maddə 973; 2005-ci il, 1, maddələr 5, 6, 2, maddə 61, 4, maddələr 272, 273, 275, 278, 6, maddələr 462, 466, 7, maddə 576, 8, maddələr 691, 692, 10, maddələr 875, 877, 904, 11, maddələr 993, 994, 995, 12, maddələr 1083, 1085; 2006-cı il, 2, maddələr 64, 68, 3, maddələr 219, 220, 223, 225, 5, maddə 385, 6, maddə 478, 11, maddələr 923, 924, 932, 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, 1, maddələr 3, 4; Azərbaycan Respublikasının 2007-cı il 1 fevral tarixli 236-IIIQD nömrəli, 27 fevral tarixli 251-IIIQD nömrəli və 6 mart tarixli 260-IIIQD nömrəli Qanunları) aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. 238-ci maddə aşağıdakı redaksiyada verilsin:

Maddə 238. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulması

238.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi qaydalarının pozulmasına görə-

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

238.2. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulmasına görə-

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış
mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir..

2. Məcəlləyə aşağıdakı məzmunda 238-1-ci maddə əlavə edilsin:

Maddə 238-1. Üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışı

Üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatının satışına görə-

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir..

IV. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 7, maddə 444; 2006-cı il, 12, maddə 1029) 147-ci maddəsində qiymətli metalların və onlardan hazırlanmış məmulatların, daş-qaşın sözləri qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların sözləri ilə əvəz edilsin.

V. Məhkəmə qərarlarının icrası haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 3, maddə 114; 2003-cü il, 6, maddə 277; 2004-cü il, 8, maddə 598, 11, maddə 901, 12, maddə 973; Azərbaycan Respublikasının 2006-cı il 26 dekabr tarixli 219-IIIQD nömrəli Qanunu) 50.7-ci maddəsinin birinci hissəsində qızıldan, gümüşdən, platindən və platin qrupundan olan metallardan, qiymətli daşlardan və mirvaridən hazırlanmış zərgərlik və digər məişət məmulatları, habelə belə məmulat qırıntıları sözləri qiymətli metallar və qiymətli daşlar, onlardan hazırlanmış məmulatlar, habelə onların qırıntıları və tullantıları sözləri ilə əvəz edilsin.

VI. Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 2, maddə 55; 2006-cı il, 2, maddə 73) 9-cu bəndi aşağıdakı redaksiyada verilsin:

9. Azərbaycan Respublikasının qızıl ehtiyatı və əyar damğası..

VII. Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 2, maddə 56; 2005-ci il, 4, maddə 273; 2006-cı il, 2, maddə 73) 5-ci bəndində Qızılın sözü Qiymətli daşların hasilatı, qızılın sözləri ilə əvəz edilsin.

VIII. Yanğından icbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3, maddə 124; 2005-ci il, 8, maddə 692) 3.3.3-cü maddəsində bütün növ qızıl, gümüş və digər nəcib metallar (avadanlığın tərkib hissəsi olan nəcib metallardan başqa), onlardan hazırlanmış zinət əşyaları, qiymətli daşlar sözləri qiymətli metallar, qiymətli daşlar və onlardan hazırlanmış məmulatlar sözləri ilə əvəz edilsin.

IX. Banklar haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3 , maddə 130; 2005-ci il, 4, maddə 276) 32.1.6-cı maddəsində daş-qaşların sözü qiymətli daşların sözləri ilə əvəz edilsin.

X. Azərbaycan Respublikasının Milli Bankı haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 12, maddə 984) 42.2.1-ci maddəsində qiymətli daş-qaşlar sözləri, 54.1.1-ci maddəsində daş-qaşları sözü ismin müvafiq hallarında qiymətli daşlar sözləri ilə əvəz edilsin.

XI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2007-ci il

320-IIIQD