Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində qəbul olunmuş dövlət proqramlarının icrası ilə bağlı son illər həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələrində sahibkarlığın inkişafı geniş vüsət almış və dövlətin iqtisadi qüdrətinin möhkəmləndirilməsində özəl bölmənin rolu xeyli artmışdır. Hazırda ümumi daxili məhsulun istehsalında bu bölmənin xüsusi çəkisi 80 faizə yaxınlaşsa da, hələlik dövlət mülkiyyətində milyardlarla manat dəyərində əmlakı olan çoxlu sayda müəssisə və obyekt fəaliyyət göstərir. Müşahidələr göstərir ki, bir sıra hallarda dövlət müəssisələrinin idarə edilməsində nöqsanlara yol verilir və onların sərəncamında olan dövlət əmlakından səmərəli istifadə təmin edilmir. Belə ki, bəzi müəssisələrdə dövlət əmlakının qeydiyyatdan yayındırılması, borcların yaranması və həmin borclara görə onların müflisləşmə təhlükəsi ilə üzləşməsi, müəssisələrin yerləşdiyi torpaq sahələrinin təyinatının əsassız dəyişdirilməsi kimi hallara rast gəlinir. Belə səbəblər üzündən ayrı-ayrı müəssisələr yararsız hala düşərək fəaliyyətlərini dayandırır, onların yüksək ixtisaslı fəhlə və mütəxəssisləri iş yerlərindən məhrum olurlar.

Müasir şəraitdə dövlət müəssisələrinin idarə edilməsi və dövlət əmlakından istifadə mexanizmlərini təkmilləşdirmək, bu sahədə dövlət nəzarətini gücləndirmək və şəffaflığı artırmaq, dövlət müəssisə və təşkilatlarında restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin sürətləndirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı» təsdiq edilsin (əlavə olunur—Əlavə I).

2. «Özəlləşdirilən və idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur—Əlavə II).

3. «Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası Qaydaları» təsdiq edilsin (əlavə olunur—Əlavə III).

4. «Səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur—Əlavə IV).

5. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə» əlavə və dəyişikliklər edilməklə yeni redaksiyada təsdiq edilsin (əlavə olunur—Əlavə V).

6. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi:

6.1. «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı»nda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsinin, müəssisə və təşkilatların vəsaitlərinin, qrantların və digər maliyyə yardımlarının cəlb edilməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirsin;

6.2. Dövlət Proqramının icrası ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

6.3. özəlləşdirilən dövlət müəssisələrinin borclarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada tənzimlənməsi məqsədilə səmərəli tədbirlərin görülməsini təmin etsin;

6.4. dövlət müəssisələri və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyinin qorunması üçün zəruri tədbirlər həyata keçirsin.

7. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə tapşırılsın:

7.1. sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasını təmin etsinlər;

7.2. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verməsinlər və bu sahədə mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbir görsünlər;

7.3. balanslarında olan əmlak və onun barəsində bağlanılmış əqdlər barədə məlumatların Dövlət Əmlakının Registrinə daxil edilməsi üçün vaxtında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim olunmasını təmin etsinlər;

7.4. dövlət əmlakından səmərəli istifadənin təmin edilməsi, o cümlədən icarə müqaviləsi olmadan dövlət əmlakının üçüncü şəxslərin istifadəsinə verilməsinə və istifadəsi mümkün olan əmlakın balansdan silinməsinə yol verilməməsi üçün zəruri tədbirlər görsünlər;

7.5. borclara görə dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin əmlakının siyahıya alınması, hərraclarda satışı və qiymətləndirilməsi hallarında dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadəsini, dövlətin mənafeyinin qorunmasını və sui-istifadə hallarının qarşısının alınmasını təmin etsinlər.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

8.1. özəlləşdirilən dövlət əmlakının və torpaq sahələrinin qiymətləndirilməsi, habelə daşınmaz dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğinin müəyyən edilməsi barədə mövcud normativ hüquqi aktlara müvafiq dəyişikliklər etsin;

8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.3. dövlət müəssisə və təşkilatlarının balansında olan əmlakın qorunub saxlanılması və səmərəli istifadəsinin təmin edilməsi ilə bağlı həmin müəssisə və təşkilatların vəzifəli şəxslərinin hüquqi məsuliyyətinin gücləndirilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.4. bu fərmanın 1-ci bəndi ilə təsdiq olunan «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı»nın 9.2-ci bəndində göstərilən xüsusi hesabatın formasını və orada göstərilməli olan məlumatların siyahısını təsdiq etsin;

8.5. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin mərkəzi aparatının və onun ərazi bölmələrinin fəaliyyətinin səmərəli təşkili məqsədi ilə işçilərin say həddinin artırılması və maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı məsələləri həll etsin;

8.6. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə» (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844; 2001-ci il, № 7, maddə 470, № 10, maddə 640; 2002-ci il, № 12, maddə 725; 2003-cü il, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004-cü il, № 9, maddə 678; 2005-ci il, № 5, maddə 400; 2006-cı il, № 7, maddə 590) qüvvədən düşmüş hesab edilsin.

10. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Bakı şəhəri, 6 iyun 2007-ci il

№ 586

 

Əlavə I
Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 6 iyun tarixli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında dövlət əmlakının

idarə edilməsinin təkmilləşdirilməsi üzrə

 

DÖVLƏT PROQRAMI

 

Giriş

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində əldə edilmiş ictimai-siyasi sabitlik zəminində 1996-cı ildən etibarən Azərbaycan Respublikasında ardıcıl iqtisadi islahatlar həyata keçirilməyə başlanmış, iqtisadiyyatın dövlətsizləşdirilməsi və idarəetmə sistemində köklü dəyişikliklərin aparılması istiqamətində mühüm işlər görülmüşdür. Aparılan islahatlar iqtisadiyyatın idarə edilməsi sahəsində dövlətin inzibati müdaxiləsinin aradan qaldırılmasına, mülkiyyət üzərində inhisarçılığın və dövlətin təsərrüfatçılıq funksiyalarının məhdudlaşdırılmasına, sahibkarlığın və azad iqtisadi fəaliyyətin bərqərar olmasına, dövlətin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət etmişdir. Görülmüş işlər nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə dünya ölkələri arasında qabaqcıl yer tutur. Ölkədə azad bazar iqtisadiyyatı və sosial ədalət prinsiplərinə söykənən möhkəm təməlli iqtisadi sistem formalaşır.

Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatların gedişində dövlət əmlakının idarə edilməsinin yeni sisteminin formalaşdırılması sahəsində də müəyyən irəliləyişlərə nail olunmuşdur. Dövlət əmlakının idarə edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi funksiyalarını yerinə yetirən icra hakimiyyəti orqanlarının strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Ötən dövrdə dövlət əmlakının idarə edilməsi üzrə dövlət siyasətinin mühüm struktur elementi kimi əmlakın istifadə edilməsi və ona sərəncam verilməsi ilə bağlı institusional dəyişikliklərin həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir.

Eyni zamanda, ölkədə əldə edilmiş yüksək iqtisadi artım şəraitində dövlət əmlakının idarə edilməsinin daha da təkmilləşdirilməsinə ehtiyac vardır. Mövcud idarəetmə mexanizmləri bəzi hallarda dövlət əmlakından səmərəli istifadəni və onun idarə edilməsi ilə bağlı əsaslandırılmış çevik qərarların qəbulunu təmin etmir. Dövlət müəssisə və şirkətlərində institusional yeniləşmələrin sürətləndirilməsinə, bu sahəyə potensial investorların daha geniş cəlb edilməsinə, institusional dəyişikliklərin gedişində şəffaflığın təmin olunmasına ehtiyac yaranır.

Qeyd edilənlərlə əlaqədar hazırkı şəraitdə dövlət əmlakının idarə edilməsi ilə bağlı məsələlərin həllinə yeni yanaşmaların tətbiq edilməsi, bu sahədə mövcud mexanizmlərin təkmilləşdirilməsi zərurəti yaranmışdır. Bu baxımdan, Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə dövlət əmlakının idarə edilməsi sahəsində əldə edilmiş təcrübəyə uyğun olaraq hazırlanmış «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı» (bundan sonra—Dövlət Proqramı) dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

 

I. ÜMUMİ HİSSƏ

 

1. Dövlət Proqramının məqsədi və əsas vəzifələri

 

Dövlət Proqramının məqsədi dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılması, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi yolu ilə dövlət müəssisələrinin rəqabət qabiliyyətini yüksəltməkdən və bütövlükdə iqtisadiyyatın daha dinamik inkişafına nail olmaqdan ibarətdir.

Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:

dövlət əmlakının idarəedilməsi sahəsində mükəmməl tənzimləmə mexanizmi yaratmaq;

dövlət müəsissə və təşkilatlarının istifadəsində olan əmlakın qorunub saxlanmasını və səmərəli istifadəsini təmin etmək;

təsərrüfat cəmiyyətlərində dövlətə məxsus səhmlərin (payların) idarə edilməsinin səmərəliliyini artırmaq;

dövlət əmlakının idarəetməyə verilməsi mexanizmini təkmilləşdirmək;

investisiyaların cəlb edilməsi yolu ilə dövlət müəssisələrinin inkişafına nail olmaq, onların özəlləşdirməqabağı sağlamlaşdırılmasını təmin etmək.

 

 

 

 

2. Dövlət Proqramının əsas istiqamətləri

 

Müəyyən olunmuş əsas vəzifələrə uyğun olaraq Dövlət Proqramında dövlət əmlakının idarə edilməsinin aşağıdakı istiqamətlərdə təkmilləşdirilməsi nəzərdə tutulur:

dövlət əmlakının idarə edilməsinin normativ hüquqi bazasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən uçot və qeydiyyat sisteminin yaradılması;

təsərrüfat cəmiyyətlərində dövlətə məxsus payların və səhmlərin idarə edilməsinin təkmilləşdirilməsi;

dövlət əmlakından istifadə edilməsinə nəzarət mexanizminin təkmilləşdirilməsi;

dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin restrukturizasiyası, sağlamlaşdırılması və özəlləşdirməyə hazırlanması;

dövlət müəssisələrinin özəlləşdirmədən sonra inkişafına nəzarət mexanizminin formalaşdırılması.

 

3. Dövlət Proqramının tətbiqindən gözlənilən nəticələr

 

Dövlət Proqramının icrasından aşağıdakı nəticələr gözlənilir:

dövlət əmlakının idarə edilməsinin səmərəli mexanizmlərinin formalaşdırılması;

dövlət əmlakının istifadəsindən dövlət büdcəsinə daxil olan vəsaitin həcminin artması;

dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, ondan səmərəli istifadə edilməsinə mükəmməl nəzarətin təmin edilməsi;

özəlləşdirilən dövlət müəssisələrinə cəlb edilən investisiyaların həcminin artması.

 

4. Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı

 

4.1. Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə həyata keçirilməli olan konkret tədbirlərin siyahısı, onların icra müddəti və icrası üçün məsul orqanlar Dövlət Proqramının ayrılmaz hissəsi olan Tədbirlər Planında göstərilir.

4.2. Dövlət Proqramında, o cümlədən Tədbirlər Planında nəzərdə tutulan normativ hüquqi aktlar qəbul edilənədək və digər tədbirlər yerinə yetirilənədək dövlət əmlakının idarə edilməsi Dövlət Proqramında və hazırda qüvvədə olan qanunvericilik aktlarında müəyyən olunmuş qaydada həyata keçirilir.

 

5. Dövlət əmlakı və onun idarə edilməsinin əsasları

 

5.1. Dövlət Proqramının məqsədləri üçün dövlət əmlakı dedikdə, Azərbaycan Respublikasının mülkiyyətində olan daşınmaz və daşınar əşyalar, qiymətli kağızlar, habelə onlar üzərində əmlak və əşya hüquqları nəzərdə tutulur.

5.2. Dövlət əmlakının idarə edilməsi dövlət mülkiyyətində olan əmlak və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlətin adından həyata keçirilməsi, dövlət müəssisə və obyektlərinin, dövlət əmlakı əsasında fəaliyyət göstərən təsərrüfat cəmiyyətlərinin fəaliyyətinin dövlət siyasətinə uyğun olaraq tənzimlənməsi deməkdir.

5.3. Dövlət əmlakının idarə edilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının adından dövlət əmlakı üzərində sərəncam verilməsini həyata keçirən, dövlət müəssisələrinin əmlakına dair dövlətin adından mülkiyyətçi hüquqlarını təmsil edən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, öz səlahiyyətləri çərçivəsində digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, tabeliyində dövlət müəssisə və obyektləri olan idarəetmə orqanları iştirak edirlər.

5.4. Dövlət əmlakı Azərbaycan Respublikasının dövlət orqanlarına və dövlət büdcəsindən maliyyələşən qeyri-kommersiya təşkilatlarına onların vəzifə və funksiyalarının icrası, habelə dövlət müəssisələrinə onların təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən edilmiş qaydada istifadəyə verilir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət büdcəsindən maliyyələşən təşkilatlara təhkim edilmiş dövlət əmlakı onlar tərəfindən kommersiya məqsədləri üçün istifadə edilmir.

5.5. Kommersiya fəaliyyəti göstərən dövlət müəssisələrinə verilmiş əmlak onlar tərəfindən yalnız müəssisələrin nizamnamə məqsədlərinə uyğun olaraq istifadə edilir.

5.6. Dövlət əmlakı üzərində mülkiyyət hüquqlarının dəyişdirilməsi dövlət əmlakının özəlləşdirilməsini və bələdiyyə mülkiyyətinə verilməsini tənzimləyən qanunvericilik aktlarına uyğun həyata keçirilir, dövlət əmlakına sahiblik və istifadə hüquqlarının verilməsi, dövlət əmlakının balansdan silinməsi Dövlət Proqramına və müvafiq qanunvericiliyə uyğun aparılır.

5.7. Dövlət əmlakının idarə edilməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

dövlət əmlakının idarə edilməsində səmərəliliyin təmin edilməsi, dövlət mənafelərinin qorunması;

dövlət əmlakının idarə edilməsi prosesində müntəzəm hesabat və nəzarət sisteminin tətbiq edilməsi;

dövlət əmlakı haqqında vahid məlumat bazasının yaradılması;

idarəetmənin aşkarlıq və şəffaflıq şəraitində həyata keçirilməsi, onun üzərində dövlət və ictimai nəzarətin təmin edilməsi;

dövlət əmlakının idarə edilməsində qanunçuluğa riayət edilməsi;

idarəetmə prosesinə peşəkar kadrların cəlb olunması;

dövlət əmlakının idarə edilməsi prosesində müasir idarəçilik üsullarından və mütərəqqi maliyyə mexanizmlərindən istifadə edilməsi.

5.8. Dövlət əmlakının idarə edilməsi aşağıdakı yollarla və üsullarla həyata keçirilir:

dövlət müəssisələrinin yaradılması, idarəetmə orqanlarının formalaşdırılması;

dövlət müəssisələrinin və digər hüquqi şəxslərin nizamnamə kapitalına daxil olan dövlət əmlakından səmərəli istifadəyə nəzarət edilməsi;

dövlət əmlakına dair bağlanılmış əqdlərin qeydiyyata alınması və qanunvericiliklə müəyyən edilmiş hallarda onların bağlanılmasına razılıq verilməsi;

dövlət müəssisələrinə qanunvericiliklə müəyyən edilmiş hallarda onların fəaliyyətinin tənzimlənməsi üçün icrası məcburi olan göstərişlərin verilməsi;

təsərrüfat cəmiyyətlərində və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə dövlətə məxsus səhmlərin (payların) üzərində sərəncam verilməsi;

təsərrüfat cəmiyyətlərində və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin idarə edilməsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada iştirak edilməsi;

dövlət müəssisələrinin, onların əmlakının, habelə dövlətə məxsus səhmlərin (payların) idarəetməyə verilməsi.

5.9. Dövlət mülkiyyətində olan əsas vəsaitlərin qeyri-dövlət hüquqi şəxslərə və fiziki şəxslərə verilməsi Azərbaycan Respublikasının dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

 

 

 

 

II. XÜSUSİ HİSSƏ

 

6. Dövlət hakimiyyəti orqanlarının və büdcədən maliyyələşən dövlət təşkilatlarının istifadəsində olan dövlət əmlakının idarə edilməsi

 

6.1. Dövlət əmlakı Azərbaycan Respublikasının dövlət orqanlarına və dövlət büdcəsindən maliyyələşən təşkilatlara onların hüquq, vəzifə və funksiyalarının icrası məqsədi ilə verilir.

6.2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, büdcədən maliyyələşən digər dövlət təşkilatlarının rəhbərləri istifadədə olan dövlət əmlakının qorunub saxlanılmasına, həmin əmlakdan yalnız qanunvericiliklə müəyyən edilmiş vəzifə, funksiya və hüquqların həyata keçirilməsi məqsədi ilə istifadə edilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

6.3. Dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən təşkilatların qanunvericiliklə nəzərdə tutulmuş fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan qeyri-yaşayış sahələri ilə təmin olunması zamanı inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçuları, habelə digər əsas və texniki işçi heyətinin ştat vahidi üçün normalar əsas götürülür və müvafiq texniki, köməkçi və digər əlavə qeyri-yaşayış sahələrinin ölçülərinin müəyyən edilməsi həmin təşkilatların profili və fəaliyyət istiqamətləri nəzərə alınmaqla həyata keçirilir.

6.4. Dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən təşkilatların, dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin fəaliyyəti üçün lazım olmayan və yararsız olan əmlakın onların müraciətləri əsasında sərəncama götürülməsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən, qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş normativlər əsasında daşınmaz dövlət əmlakı obyektlərinin dövlət orqanlarına, müəssisə və təşkilatlarına verilməsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

6.5. Dövlət mülkiyyətində olan əsas vəsaitlərin, o cümlədən binaların və qeyri-yaşayış sahələrinin büdcədən maliyyələşən dövlət orqanları arasında bir-birinə verilməsi, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçirilir.

6.6. Dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli əsas vəsaitlərin digər dövlət orqanlarına və təşkilatlarına verilməsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları əsasında aparılır.

Dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli əsas vəsaitlərin meyar göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

6.7. Dövlət mülkiyyətində olan hüquqi şəxslərə məxsus əsas vəsaitlərin dövlət ehtiyacları üçün verilməsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçirilir.

6.8. Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən məsələnin zəruriliyi və məqsədəuyğunluğu göstərilməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir. Qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciətə baxıldıqdan və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin yazılı rəyi alındıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul edir.

6.9. Eyni mərkəzi və ya yerli icra hakimiyyəti orqanı, habelə dövlət təşkilatları daxilində əsas vəsaitlərin bir struktur bölməsindən digərinə verilməsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin yazılı razılığı alındıqdan sonra həmin mərkəzi və ya yerli icra hakimiyyəti orqanının, dövlət təşkilatının qərarı əsasında həyata keçirilir.

6.10. Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin, ləğv olunmuş dövlət orqanlarının istifadəsində olmuş əmlakın digər dövlət orqanına verilməsi qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir.

6.11. Tikintisi başa çatdırılmamış obyektlərin verilməsi layihə-smeta və texniki-normativ sənədlərinin, habelə dövlət tərəfindən tikinti üçün ayrılmış fondlara dair sənədlərin obyektləri təhvil verən tərəfindən obyektləri qəbul edən tərəfə təqdim edilməsi ilə həyata keçirilir.

6.12. Dövlət əmlakının Registrindən çıxarış olmadan müəssisə və təşkilatların tabeliyindən asılı olmayaraq dövlət mülkiyyətində olan daşınmaz əmlakın verilməsinə yol verilmir.

6.13. Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi müvafiq qaydada təhvil-təslim aktlarının tərtib edilməsi, bu barədə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə məlumat verilməsi və dövlət əmlakının Registrində müvafiq qeydiyyatın aparılması ilə başa çatmış hesab olunur.

 

7. Dövlət müəssisələrinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin (payların) idarə edilməsi

 

7.1. Dövlət Proqramının məqsədləri üçün dövlət müəssisəsi dedikdə, tamamilə dövlət mülkiyyətində olan, səhmlərinin (paylarının) və ya əmlakının 2/3 hissəsindən çoxu birbaşa və dolayısı dövlətə məxsus olan hüquqi şəxslər başa düşülür.

7.2. Dövlət müəssisələri, bir qayda olaraq, açıq və qapalı səhmdar cəmiyyətləri, habelə məhdud məsuliyyətli cəmiyyətlər formasında təsis olunur.

7.3. Azərbaycan Respublikası adından dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (səhmdarı, payçısı) kimi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi çıxış edir. Digər icra hakimiyyəti orqanları dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin idarə olunmasında Dövlət Proqramında nəzərdə tutulmuş şərtlərlə və qaydada iştirak edirlər.

7.4. Dövlət Proqramı qüvvəyə minənədək fəaliyyət göstərən dövlət müəssisələrinin təşkilati-hüquqi formasının qanunvericiliyə uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təkliflər irəli sürülür.

7.5. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyə əsasən özəlləşdirilməsi qadağan olunmuş əmlak, müəssisə və obyektlər dövlət mülkiyyətində saxlanılır. Bununla yanaşı aşağıda göstərilən istiqamətlər üzrə dövlət müəssisələri yaradıla bilər:

özəlləşdirilməsi qadağan olunan sahələr, dövlət təhlükəsizliyinin təmin edilməsi, bu məqsədlə məhsulların (işlərin, xidmətlərin) istehsalı;

hərbi, müdafiə sənayesi, təhlükəsizlik, fövqəladə hallar və bu qəbildən olan sahələrə xidmət göstərilməsi;

dövlət təhlükəsizliyi ilə bağlı olan sahələrdə elmi və elmi-texniki fəaliyyətin həyata keçirilməsi;

mülki dövriyyəsi qadağan olunan, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılan) əşyaların istehsalı;

zəruri hallarda dövlət sirri haqqında qanunvericilikdən irəli gələn tədbirlərin həyata keçirilməsi;

sosial əhəmiyyət kəsb edən, dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin əhaliyə güzəştli qiymətlərlə təqdim edilməsi sahəsində fəaliyyət göstərilməsi;

qanunvericiliklə nəzərdə tutulduğu hallarda və qaydada ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün dövlət ehtiyatlarının yaradılması;

qanunvericiliklə dövlət mülkiyyətində saxlanması məqsədəuyğun sayılan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər;

təbii inhisar sahələrində fəaliyyət göstərilməsi;

dövlətin sosial-iqtisadi proqramlarından irəli gələn məsələlərin həyata keçirilməsi;

qanunvericiliklə nəzərdə tutulmuş digər hallar.

7.6. Dövlət əmlakının özəlləşdirilməsinin aparıldığı sahələrdə fəaliyyət göstərəcək yeni dövlət müəssisələrinin yaradılmasına Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan müstəsna hallar istisna olmaqla, yol verilmir.

7.7. Dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin yaradılması, yenidən təşkili, təşkilati-hüquqi formasının və adının dəyişdirilməsi, nizamnaməsində hər hansı dəyişikliklərin edilməsi, hüquqi şəxsin nizamnamə kapitalında dövlətə məxsus payın həcminin dəyişdirilməsi zamanı, qanunvericiliyin bu barədə qərar qəbul etməyə imkan verdiyi halda dövlət qeydiyyatı və digər dövlət qurumlarına müraciətlər Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

7.8. Öz vəzifə və funksiyalarına müvafiq olaraq yeni dövlət müəssisəsi və ya nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxs təsis edilməsi və ya Dövlət Proqramının 7.7-ci bəndində göstərilən digər tədbirlərin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edən icra hakimiyyəti orqanları bu barədə əsaslandırılmış təkliflə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər.

Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi bu bənddə göstərilən təklifi aldıqdan sonra 15 gün ərzində 7.7-ci bənddə göstərilən müraciətləri etməli, bu müraciətləri məqsədəuyğun hesab etmədiyi halda isə bunun səbəbləri və əsasları göstərilməklə təşəbbüslə çıxış etmiş icra hakimiyyəti orqanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir. Bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti məsələ ilə bağlı qərar qəbul etməklə aşağı icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər verə bilər.

7.9. Dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (payçısı, səhmdarı) kimi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi aşağıdakı məsələləri həll edir:

7.9.1. öz idarəçiliyində olan dövlət müəssisələri və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslər barədə:

7.9.1.1. dövlət müəssisəsi olan hüquqi şəxsin səhmdarlarının (payçılarının) ümumi yığıncağının səlahiyyətlərinə aid olan bütün məsələlər üzrə qərarlar qəbul edir;

7.9.1.2. hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) üzrə həmin payların (səhmlərin) imkan verdiyi dərəcədə qanunvericiliyə uyğun olaraq hüquqi şəxslərin idarə edilməsi üzrə qərarlar qəbul edir;

7.9.2. digər icra hakimiyyəti orqanlarının idarəçiliyində olan dövlət müəssisələri barəsində həmin orqanların təklifləri əsasında:

7.9.2.1. hüquqi şəxsin nizamnaməsini, nizamnamə kapitalının həcmini və onlara edilən dəyişiklikləri təsdiq edir;

7.9.2.2. hüquqi şəxsin filial və nümayəndəliklərinin açılması, yenidən təşkili və ləğvi barədə qərarlar qəbul edir;

7.9.3. digər icra hakimiyyəti orqanlarının idarəçiliyində olan hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) üzrə həmin payların (səhmlərin) imkan verdiyi dərəcədə və idarəçiliyi həyata keçirən orqanın təklifləri əsasında Dövlət Proqramının 7.9.2-ci bəndində göstərilən məsələlər barəsində qanunvericiliyə uyğun olaraq qərarlar qəbul edir.

7.10. Dövlət müəssisələrinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçiliyini həyata keçirən icra hakimiyyəti orqanları aşağıdakı məsələləri həll edir:

7.10.1. Dövlət Proqramının 7.9.2-ci və 7.9.3-cü bəndlərində nəzərdə tutulmuş məsələlər üzrə təkliflər verir;

7.10.2. dövlət müəssisələrinin idarə edilməsi barədə:

7.10.2.1. idarəetmə orqanlarının üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir, müvafiq hallarda onlarla əmək müqavilələri bağlayır, onların səlahiyyətlərini müəyyən edir;

7.10.2.2. illik hesabatlarını, mənfəətin (zərərin) bölgüsünü təsdiq edir;

7.10.2.3. inkişaf istiqamətlərini və əməkhaqqı sistemini müəyyən edir, strukturunu təsdiq edir;

7.10.3. hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) üzrə həmin payların (səhmlərin) imkan verdiyi dərəcədə qanunvericiliyə uyğun olaraq Dövlət Proqramının 7.10.2-ci bəndində göstərilən məsələlər barəsində qərarlar qəbul edir.

7.11. Dövlət müəssisələrinin tabeliyinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçilik funksiyalarının dəyişdirilməsi, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunan qərar əsasında həyata keçirilir.

7.12. Dövlət müəssisələrinin tabeliyinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçilik funksiyalarının dəyişdirilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən məsələnin zəruriliyi və məqsədəuyğunluğu göstərilməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir. Qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciətə baxıldıqdan və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin yazılı rəyi alındıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul edir.

7.13. Dövlət müəssisələrinin tabeliyinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçilik funksiyalarının dəyişdirilməsi, işçilərin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafeləri qorunmaqla, hüquqi şəxslərin bütün digər hüquq və öhdəlikləri tam həcmdə saxlanılmaqla həyata keçirilir.

7.14. Dövlət müəssisələrinin tabeliyinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçilik funksiyalarının dəyişdirilməsi müvafiq qaydada təhvil-təslim aktlarının tərtib edilməsi, bu barədə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə məlumat verilməsi və dövlət əmlakının Registrində müvafiq qeydiyyatın aparılması ilə başa çatmış hesab olunur.

7.15. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisəsinin əmlakı (naturada və ya pul şəklində) üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilən yüklülüklər müəyyən edilə bilməz.

7.16. Fəaliyyət məqsədlərinə nail olmağa təminat verən dərəcədə istifadəsində olan daşınmaz və daşınar əmlak üzərində dövlət müəssisəsinin sərəncam hüququ onun nizamnaməsində müəyyən edilmiş həddən artıq olmamalıdır.

7.17. Dövlət mülkiyyətində olan hüquqi şəxslərin əsas vəsaitlərinin bir-birinə verilməsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin razılığı alınmaqla, Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

8. Daşınmaz dövlət əmlakının idarə edilməsinin xüsusiyyətləri

 

8.1. Daşınmaz dövlət əmlakı obyektlərinin mülki dövriyyəyə cəlb edilməsinə və öz təyinatına uyğun olaraq səmərəli istifadəsinə nail olmaq məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi:

daşınmaz dövlət əmlakının müntəzəm inventarlaşdırılmasını təşkil edir, qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət əmlakının Registrini aparır;

qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz dövlət əmlakı obyektlərini fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verir;

ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsinə yönəldilmiş kreditlərin təminatı kimi daşınmaz dövlət əmlakından istifadə olunması məsələlərinə baxır;

müəyyən edilmiş normativlər əsasında daşınmaz dövlət əmlakı obyektlərinin dövlət orqanlarının, müəssisə və təşkilatlarının balansına verilməsi, istifadə hüququ ilə təhkim olunması (icarəyə verilməsi) barədə təkliflər verir;

dövlət mülkiyyətində olan hüquqi şəxslərə məxsus əsas vəsaitlərin dövlət ehtiyacları üçün verilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimat verir;

mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, tabeliyində dövlət müəssisə və obyektləri olan idarəetmə orqanlarının, dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin fəaliyyəti üçün lazım olmayan və yararsız olan əmlakın onların müraciətləri əsasında sərəncama götürülməsi və səmərəli istifadə olunması istiqamətində tədbirlər görür;

daşınmaz dövlət əmlakının texniki pasportlarını tərtib edir.

 

          9. Dövlət müəssisələrinin fəaliyyətinə və dövlət əmlakından səmərəli istifadə edilməsinə nəzarət

 

9.1. Dövlət müəssisələrinin fəaliyyətinə birbaşa nəzarət onların idarəçiliyini həyata keçirən icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

9.2. Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Nəzarətin həyata keçirilməsi məqsədi ilə dövlət müəssisələri və dövlət orqanları Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə hər il aprelin 1-dək əvvəlki il üçün xüsusi hesabat təqdim edir.

Xüsusi hesabatın forması və orada göstərilməli olan məlumatların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.

9.3. Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanmasına və ondan səmərəli istifadə olunmasına nəzarət məqsədi ilə hesabatlarda göstərilən məlumatların araşdırılması üçün ehtiyac olduqda, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi həmin müəssisələrdə monitorinqlər keçirir və onların nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, habelə zəruri hallarda müvafiq dövlət orqanlarına məlumat verir.

 

10. Dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması, dövlət əmlakının müqavilə əsasında idarəetməyə verilməsi və özəlləşdirməyə hazırlanması

 

10.1. Dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması

10.1.1. Dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması onların fəaliyyətinin bərpası, yenidən qurulması, özəlləşdirməyə hazırlanması, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, müasir texnologiyaların və investisiyaların cəlb edilməsi məqsədi ilə istehsal, texnoloji, təşkilati, idarəetmə və maliyyə sahələrində aparılan dəstəklənmə tədbirlərini nəzərdə tutur.

10.1.2. Dövlət müəssisələrinin iqtisadiyyatda rolu nəzərə alınmaqla, onların restrukturizasiyası və sağlamlaşdırılması barədə qərarlar müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilir və dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması müəssisə və təsərrüfat cəmiyyətləri, habelə idarəetmə orqanları tərəfindən hazırlanmış planlar əsasında həyata keçirilir.

10.1.3. Müəssisənin restrukturizasiyası və sağlamlaşdırılması planında müəssisənin bazardakı mövcud vəziyyəti, bazarın təhlili, yerinə yetirilməsi nəzərdə tutulan tədbirlərin məqsəd və vəzifələri, iş yerlərinin dinamikası, dövlətin, müəssisənin və işçilərin mənafeyi baxımından iqtisadi və sosial nəticələrin proqnozu, investisiya qoyuluşları, planın maliyyələşdirilməsi, müddətlər və digər məsələlər əks etdirilməlidir.

10.1.4. Dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin restrukturizasiyası və sağlamlaşdırılması ilə bağlı tədbirlər dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən qanunvericiliklə müəyyən edilmiş ayırmalar, müəssisələrin vəsaiti, beynəlxalq qurumların və xarici donor təşkilatların qrantı hesabına həyata keçirilir.

10.2. Dövlət əmlakının müqavilə əsasında idarəetməyə verilməsi

10.2.1. Dövlət əmlakının səmərəli istifadəsinin təmin edilməsi, dövlət büdcəsinin gəlirlərinin artırılması və ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədi ilə dövlət müəssisələri və dövlət əmlakı müqavilə əsasında idarəetməyə verilə bilər.

10.2.2. Dövlət müəssisələri və dövlət əmlakı, habelə hüquqi şəxslərin nizamnamə kapitalında olan dövlətin payı (səhmləri) müsabiqə yolu ilə idaretməyə verilir.

10.2.3 Dövlət əmlakının müqavilə əsasında idarəetməyə verilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

10.3. Dövlət əmlakının özəlləşdirməyə hazırlanması

10.3.1. Dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirməyə hazırlanması aşağıdakı qaydada həyata keçirilir:

müəssisələrin ölkə iqtisadiyyatındakı rolu və əhəmiyyəti nəzərə alınmaqla təsnifatlaşdırılır və özəlləşdirilməsi perspektivləri araşdırılır;

inventarlaşdırma və monitorinq aparılması yolu ilə müəssisələrin aktivləri və öhdəlikləri müəyyən edilir;

müəssisələrin maliyyə və təsərrüfat göstəricilərindən asılı olaraq idarəetmə üsulları seçilir;

dövlətin mənafeləri üçün əhəmiyyət kəsb etməyən, ziyanla işləyən və özəlləşdirmə perspektivləri olmayan müəssisələr zəruri hallarda qanunvericilikdə müəyyən edilmiş qaydada ləğv edilir;

zəruri hallarda özəlləşdirilməsi nəzərdə tutulan müəssisələrin restrukturizasiyası, sağlamlaşdırılması proqramları hazırlanır və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilərək həyata keçirilir.

10.3.2. Dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsinin üsulları qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.

 

 


11. Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı

 

Sıra №-si

Tədbirin adı

Tədbirin məqsədi

İcraçılar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

5

1. NORMATİV HÜQUQİ BAZANIN TƏKMİLLƏŞDİRİLMƏSİ

1.1.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dövlət müəssisələrinin yaradılması və fəaliyyətini tənzimləyən müddəalarla əlaqədar əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsinin hazırlanması

Dövlət əmlakının səmərəli idarə edilməsinin və dövlət əmlakı əsasında yaradılan müəssisələrin fəaliyyətinin tənzimlənməsi

Ədliyyə Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2007

1.2.

Dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanması

Dövlət əmlakının səmərəli istifadə etmə və sərəncam vermə mexanizmlərinin formalaşdırılması üçün hüquqi əsasların yaradılması

Ədliyyə Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2007

1.3.

Dövlət əmlakının Registrinin aparılmasına dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi barədə müvafiq təkliflərin hazırlanması

Dövlət əmlakı barədə dəqiq qeydiyyat məlumatlarının əldə edilməsinin operativliyinin və səmərəliliyinin artırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi

2007

1.4.

Dövlət əmlakının etibarlı idarəetməyə verilməsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması

Dövlət əmlakının idarə edilməsinin hüquqi formalarının genişləndirilməsi

Ədliyyə Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2007

1.5.

Dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən təşkilatların istifadəsinə verilən qeyri-yaşayış sahələrinin normativlərinin müəyyən edilməsi barədə təkliflərin hazırlanması

Daşınmaz əmlakdan istifadənin səmərəliliyinin artırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2007

1

2

3

4

5

1.6.

Dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli əsas vəsaitlərin kəmiyyət və keyfiyyətcə xarakterizə edən meyar göstəricilərinin müəyyən edilməsi barədə təkliflərin hazırlanması

Dövlət əmlakının verilməsi qaydalarının təkmilləşdirilməsi və istifadənin səmərəliliyinin artırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2007

2. DÖVLƏT ƏMLAKININ UÇOTU VƏ QEYDİYYATI SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

2.1.

Dövlət əmlakının inventarlaşdırılması və dəqiqləşdirilmiş məlumatların Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edilməsi

Dövlət əmlakının qorunub saxlanması vəziyyətinin öyrənilməsi və müvafiq informasiya bazasının formalaşdırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, müvafiq dövlət orqanları, müəssisə, idarə və təşkilatlar

Hər il martın 30-dək

2.2.

Dövlət müəssisə və təşkilatları, nizamnamə kapitalında dövlətin payı və dövlətə məxsus səhm zərfləri olan təsərrüfat cəmiyyətləri haqqında sistemləşdirilmiş məlumat bankının yaradılması

Dövlət əmlakının vəziyyətinə nəzarət və onun istifadəsi üzrə əsaslandırılmış qərarların qəbuluna şərait yaradılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, müvafiq dövlət orqanları

2007

2.3.

Dövlət Əmlakının Registri məlumatlarının toplanması, işlənməsi və sistemləşdirilməsi ilə əlaqədar işlərin sürətləndirilməsi və səmərəliliyin artırılması

Dövlət əmlakı qeydiyyatının əhatəliliyi və sistemliyinin təmin edilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, müvafiq dövlət orqanları, müəssisə, idarə və təşkilatlar

mütəmadi

2.4.

Hüquqi şəxslərin nizamnamə kapitalında dövlət paylarının inventarlaşdırılması

Təsərrüfat cəmiyyətlərində dövlətin payı barədə informasiya bankının yaradılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, müvafiq dövlət orqanları

2007

2.5.

Dövlət idarə və təşkilatlarının istifadəsində olan daşınmaz əmlak obyektlərinin uçotunun və hesabatının təqdim edilməsi qaydalarının təkmilləşdirilməsi

Daşınmaz əmlak obyektləri barədə informasiya təminatının yaxşılaşdırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi

 

2007

1

2

3

4

5

2.6.

Xarici ölkələrdə Azərbaycan Respublikasına məxsus daşınmaz əmlakın tərkibi və vəziyyətinin monitorinqinin həyata keçirilməsi

Xaricdə olan dövlət əmlakından istifadəyə nəzarətin həyata keçirilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi

2007

2.7.

Dövlət əmlakının idarə edilməsinin Milli Avtomatlaşdırılmış Əmlak İnformasiya Sisteminin təkmilləşdirilməsi

Dövlət əmlakının idarə edilməsinin müasir informasiya texnologiyalarından istifadə etməklə çevik və səmərəli sisteminin qurulması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007-2008

2.8.

Dövlət müəssisə və təşkilatlarının əmlakının və istifadəsində olan torpaq sahələrinin texniki inventarlaşdırılmasının həyata keçirilməsi, texniki pasport və planlarının tərtib olunması

Dövlət əmlakının qorunub saxlanılmasının səmərəliliyinin artırılması, müvafiq informasiya bazasının formalaşdırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi

2007-2008

3. DÖVLƏT MÜƏSSİSƏ VƏ TƏŞKİLATLARI TƏRƏFINDƏN DÖVLƏT ƏMLAKINDAN SƏMƏRƏLİ İSTİFADƏ EDİLMƏSİNƏ NƏZARƏTİN GÜCLƏNDİRİLMƏSİ

3.1.

Dövlət müəssisə və təşkilatlarında əmlakın mövcud vəziyyətinin və ondan istifadənin səmərəliliyinin araşdırılması məqsədi ilə monitorinqlərin keçirilməsi

Dövlət əmlakının qorunub saxlanılması və istifadəsinin vəziyyəti barədə dolğun informasiya əldə edilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007-2010

3.2.

Dövlət müəssisə və təşkilatlarının nizamnamələrinin (əsasnamələrinin) razılaşdırılması prosedurlarının təkmilləşdirilməsi

Dövlət müəssisələrinin istifadəsində olan əmlakın səmərəli istifadəsi və qorunub saxlanılması üçün normativ əsasların formalaşdırılması

 

 

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi

2007

1

2

3

4

5

3.3.

Dövlət Proqramı qüvvəyə minənədək fəaliyyət göstərən dövlət müəssisələrinin təşkilati-hüquqi formasının qanunvericiliyə uyğunlaşdırılması barədə təkliflər hazırlanması

Dövlət müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi və fəaliyyətinin qanunvericiliyə uyğunlaşdırılması

dövlət müəssisələri və onların idarəetmə orqanları, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi

2007-2008

3.4.

Dövlət müəssisələrinin rəhbərlərinin təyin edilməsi qaydalarının hazırlanması

Dövlət əmlakının səmərəli istifadə edilməsi üçün təminatların formalaşdırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi

2007

3.5.

Dövlət müəssisə və təşkilatlarının maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarının təkmilləşdirilməsi

Dövlət əmlakının idarə edilməsinin informasiya bazasının təkmilləşdirilməsinə və əmlakının qorunmasına təminat yaradılması

Maliyyə Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi

2007

3.6.

Dövlət müəssisələri və dövlət orqanları tərəfindən hesabat ili üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim olunan xüsusi hesabatın formasının və orada göstərilməli olan məlumatların siyahısının müəyyən edilməsinə dair təkliflərin hazırlanması

Dövlət müəssisələrinin fəaliyyətinə və dövlət əmlakının qorunub saxlanılmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarətin həyata keçirilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi

2007

3.7.

Dövlət müəssisə və təşkilatları tərəfindən daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinə dair müraciətlərə baxılması və razılıq verilməsi qaydalarının hazırlanması

Dövlət əmlakından istifadəyə nəzarətin normativ bazasının formalaşdırılması

 

 

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi

2007

1

2

3

4

5

3.8.

Daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsi vəziyyətinin araşdırılması və onun nəticələri üzrə zəruri tədbirlərin həyata keçirilməsi

Dövlət əmlakından istifadəyə nəzarətin təmin edilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007-2010

3.9.

Dövlət əmlakının və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitin) girov (ipoteka) qoyulmasına nəzarətin həyata keçirilməsi

Dövlət əmlakının qorunub saxlanılmasına nəzarətin yaxşılaşdırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi

2007

3.10.

Dövlət əmlakının sığortalanması vəziyyətinin təhlili və onun təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması

Dövlətin əmlak mənafelərinin qorunmasının yaxşılaşdırılması

Maliyyə Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi

2007-2008

3.11.

Dövlət müəssisə və təşkilatlarının, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin balansında olan əmlakın qorunub saxlanılması və səmərəli istifadə edilməsinə nəzarətin həyata keçirilməsi qaydalarının hazırlanması

Dövlət əmlakının qorunub saxlanılmasına və istifadə edilməsinə monitorinq sisteminin yaradılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi

2007

4. DAŞINMAZ DÖVLƏT ƏMLAKININ İCARƏYƏ VƏ İSTİFADƏYƏ VERİLMƏSİ MEXANİZMLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

4.1.

Dövlət müəssisələrinin və özəlləşdirilən müəssisələrin yerləşdiyi dövlət torpaq sahələri haqqında məlumat bankının yaradılması

Torpaq sahələrinin idarə edilməsinin informasiya bazasının formalaşdırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007

4.2.

Dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət mexanizmlərinin yaradılması

Torpaq sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007

4.3.

Daşınmaz dövlət əmlakının icarəyə verilməsinin monitorinqi, əmlakın icarəyə verilməsi praktikasının təhlili və müvafiq təkliflərin hazırlanması

Daşınmaz dövlət əmlakının istifadəsinə nəzarətin gücləndirilməsi və icarəyə verilməsi qaydalarının təkmilləşdirilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007

1

2

3

4

5

4.4.

Daşınmaz dövlət əmlakının obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi qaydalarının tətbiq edilməsi

Dövlət əmlakına sərəncam verilməsində şəffaflığın təmin edilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007

4.5.

Daşınmaz dövlət əmlakının istifadə təyinatının dəyişdirilməsinə dair müraciətlərə baxılması və razılıq verilməsi qaydalarının hazırlanması

Daşınmaz dövlət əmlakından istifadəyə nəzarətin təmin edilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi

2007

4.6.

Başa çatdırılmamış tikinti obyektlərinin təyinatının saxlanması hallarında investorlara güzəştli şərtlərin tətbiq edilməsi qaydalarının hazırlanması

Özəlləşdirmənin gedişinin sürətləndirilməsi və istifadəsiz qalan əmlakın təsərrüfat dövriyyəsinə cəlb edilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2007

4.7.

Dövlət müəssisələrinin və dövlət əmlakının idarə edilməsi sahəsində idarəetmə kadrlarının, menecerlərin hazırlanması məqsədi ilə dövlət orqanlarının, müəssisə və təşkilatların işçiləri üçün seminar və treninqlərin təşkili

Dövlət əmlakının idarə edilməsinin kadr təminatının yaxşılaşdırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007 — 2010

5. TƏSƏRRÜFAT CƏMİYYƏTLƏRİNDƏ DÖVLƏTƏ MƏXSUS PAYLARIN VƏ SƏHM ZƏRFLƏRİNİN İDARƏ EDİLMƏSİNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI

5.1.

Dövlətə məxsus səhm zərfi olan açıq səhmdar cəmiyyətinin idarəetmə orqanlarında dövlətin nümayəndələrinin təyin edilməsi və fəaliyyət qaydalarının təkmilləşdirilməsi

Dövlətə məxsus səhm zərflərinin idarə edilməsinin təşkilinin yaxşılaşdırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2007

5.2.

Dövlətə məxsus səhm zərflərinin müqavilə əsasında idarəetməyə verilməsi məqsədəuyğun sayılan səhmdar cəmiyyətlərinin müəyyən edilməsi

Ayrı-ayrı səhmdar cəmiyyətlərində dövlətə məxsus səhm zərflərinin idarə edilməsinin səmərəliliyinin yüksəldilməsi

 

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007 — 2010

1

2

3

4

5

5.3.

Müəssisələrin yeni mülkiyyətçilər tərəfindən investisiya qoyuluşlarını stimullaşdırmaq məqsədi ilə orta və iri dövlət müəssisələrinin çevrilməsi əsasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi üsullarının təkmilləşdirilməsi

Səhmdar cəmiyyətlərinin özəlləşdirmədən sonra fəaliyyətinin canlandırılmasına kömək göstərilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007 — 2008

5.4.

Dövlətə məxsus səhm zərflərinə olan potensial tələbi aşkara çıxarmaq üçün marketinq tədqiqatlarının həyata keçirilməsi

Özəlləşdirməyə investorların cəlb edilməsi imkanlarının müəyyən edilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007 — 2010

5.5.

Dövlətə məxsus səhmlərə (paylara) görə dividendlərin hesablanması və ödənilməsinə nəzarətin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması

Dövlətə məxsus səhm zərfindən səmərəli istifadənin stimullaşdırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi

2007

5.6.

Dövlətə məxsus səhm zərfinin idarə edilməsi üzrə treninqlərin təşkili

Dövlət əmlakının idarə edilməsinin kadr təminatının yaxşılaşdırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007 — 2010

6. DÖVLƏT MÜƏSSİSƏLƏRİNDƏ İNSTİTUSİONAL DƏYİŞİKLİKLƏRİN SÜRƏTLƏNDİRİLMƏSİ

6.1.

Müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyasına dövlət köməyi mexanizminin hazırlanması

Müəssisələrin özəlləşdirməqabağı hazırlığına dövlət köməyinin qanunvericilik bazasının inkişaf etdirilməsi

 

 

 

 

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2007

1

2

3

4

5

6.2.

Sağlamlaşdırılma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi üçün müəssisələrin siyahılarının hazırlanması

Müəssisələrin özəlləşdirməqabağı hazırlığının həyata keçirilməsi və özəlləşdirmənin səmərəli gedişinə təminat yaradılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007 — 2010

6.3.

Müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası proqramlarının hazırlanması və razılaşdırılması

Müəssisələrin özəlləşdirməqabağı hazırlığının təşkili

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007 — 2010

6.4.

Qaz təchizatı sistemində restrukturizasiyanın həyata keçirilməsi, qazpaylayıcı şəbəkələrin idarəetməyə verilməsi barədə təkliflərin hazırlanması

Qaz təchizatı sistemində dövlət əmlakından istifadənin səmərəsinin yüksəldilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi, «Azəriqaz» QSC

2007 — 2008

6.5.

Su təchizatı sistemində restrukturizasiyanın həyata keçirilməsi barədə təkliflərin hazırlanması

Su təchizatı sistemində dövlət əmlakından istifadənin səmərəsinin yüksəldilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, «Azərsu» SC

2007 — 2008

6.6.

İstilik təchizatı sisteminin restrukturizasiyasının həyata keçirilməsi barədə təkliflərin hazırlanması

İstilik təchizatı sistemində dövlət əmlakından istifadənin səmərəsinin yüksəldilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, «Azəristiliktəchizat» SC

2007 — 2008

6.7.

Mənzil-kommunal təsərrüfatı sistemində restrukturizasiyanın həyata keçirilməsi barədə təkliflərin hazırlanması

Mənzil-kommunal təsərrüfatı sektorunda idarəetmənin səmərəliliyinin yüksəldilməsi və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması

İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti

2007 — 2008

1

2

3

4

5

6.8.

Özəlləşdirmədən sonra müəssisələrə məsləhət xidmətlərinin təşkili və kadr hazırlığı sahəsində kömək tədbirlərinin həyata keçirilməsi

Özəlləşdirilmiş müəssisələrin səmərəli fəaliyyətinin təmin edilməsinə kömək göstərilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2007 — 2010

6.9.

Dövlət müəssisələrinin özəlləşdirilməsinə əlavə investisiyaların cəlb edilməsinə dair təkliflər zərfinin hazırlanması

Özəlləşdirməyə cəlb edilən investisiyaların həcminin artırılması üçün əlverişli şərait və stimul yaradılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007

6.10.

Özəlləşdirmə prosesinə qiymətləndiricilərin, hüquqi və maliyyə məsləhətçilərinin cəlb edilməsi

Özəlləşdirmənin səmərəli həyata keçirilməsinə və şəffaflığının təmin edilməsinə şərait yaradılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007 — 2010

6.11.

Dövlət əmlakının idarə edilməsi sahəsində təcrübə və informasiya mübadiləsi üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması

İqtisadiyyatın dövlət sektorunda idarəetmənin və əmlakdan istifadənin səmərəliliyin artırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi

mütəmadi

6.12.

Dövlət əmlakının özəlləşdirilməsi haqqında informasiyaların dolğunluq və etibarlılıq səviyyəsinin yüksəldilməsi

Özəlləşdirmədə şəffaflığın yüksəldilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007 — 2010

7. MÜƏSSİSƏLƏRİN ÖZƏLLƏŞDİRMƏDƏN SONRAKI İNKİŞAFINA NƏZARƏT MEXANİZMİNİN FORMALAŞDIRILMASI

7.1.

Dövlət əmlakının satışı və uzunmüddətli idarəetməyə verilməsi üzrə müqavilə şərtlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi

Öhdəliklərin yerinə yetirilməsinə dövlət nəzarəti şərtlərinin müqavilədə əks etdirilməsi

 

 

 

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

mütəmadi

1

2

3

4

5

7.2.

Dövlət əmlakının özəlləşdirilməsi və uzunmüddətli idarəetməyə götürülməsi ilə bağlı qəbul edilmiş investisiya qoyuluşları və sosial məsələlər üzrə öhdəliklərə əməl edilməsi monitorinqinin aparılması

Müəssisələrin özəlləşdirmədən sonrakı inkişafına nəzarətin həyata keçirilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2007 — 2010

7.3.

Dövlət əmlakının özəlləşdirilməsi və uzunmüddətli idarəetməyə götürülməsi ilə bağlı qəbul edilmiş investisiya qoyuluşları və sosial məsələlər üzrə öhdəliklərə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müqavilə əsasında auditorların və mütəxəssislərin cəlb edilməsinin təşkili

Özəlləşdirmədən sonra müəssisələrin inkişafına nəzarətin səmərəli təşkili

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Auditorlar Palatası

2007 — 2010

7.4.

Özəlləşdirmədən sonra müəssisələrin inkişafını və fəaliyyət istiqamətlərini əks etdirən kataloqların hazırlanması

Müəssisələrin özəlləşdirmədən sonrakı inkişafı barədə ictimaiyyətə məlumatların çatdırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, özəlləşdirilmiş müəssisələr

2007 — 2010


Əlavə II

Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 6 iyun tarixli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Özəlləşdirilən və idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi

 

QAYDALARI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Torpaq Məcəlləsinə, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na, «Azərbaycan Respublikasında dövlət müəssisələrinin idarə olunmasının və dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 453 nömrəli Fərmanına və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən və idarəetməyə verilən müəssisələrin yeni mülkiyyətçiləri (idarəetməyə götürən) tərəfindən bağlanmış müqavilələrdə nəzərdə tutulmuş öhdəlik və şərtlərin, o cümlədən investisiya qoyuluşu, sosial, iqtisadi və digər tələblərin yerinə yetirilməsi üzərində nəzarət mexanizmini müəyyən edir.

1.2. Bu Qaydaların 1.1-ci bəndində göstərilən nəzarəti təmin edən dövlət orqanının funksiyalarını Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (bundan sonra—dövlət orqanı) həyata keçirir.

 

2. DÖVLƏT ORQANI TƏRƏFINDƏN HƏYATA KEÇİRİLƏN NƏZARƏTİN FORMALARI

 

2.1. Bu Qaydalara uyğun olaraq dövlət orqanı tərəfindən nəzarət aşağıdakı formalarda həyata keçirilir:

2.1.1. dövlət müəssisələrinin özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair müqavilələrdə investisiya qoyuluşu, sosial, iqtisadi və digər tələblərin müəyyən edilməsi və onların yerinə yetirilməsinə dair hesabatların alınması;

2.1.2. dövlət müəssisələrinin qanunvericiliklə və müqavilələrlə müəyyən olunmuş qaydada özəlləşdirmədən sonrakı fəaliyyətinin monitorinqinin aparılması;

2.1.3. dövlət müəssisələrinin, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrindən təyinatı üzrə istifadə olunması vəziyyətinin monitorinqinin aparılması, torpaq sahələrinin başqa fiziki və hüquqi şəxslərin icarəsinə və istifadəsinə verilməsinə, təyinatının dəyişdirilməsinə, həmin torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına razılıq verilməsi;

2.1.4. Dövlət mülkiyyətində olan torpaqlarda, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlak, özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakı, özəlləşdirilən əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakı üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması barədə şəhadətnamələrin verilməsi.

 

3. DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN ÖZƏLLƏŞDİRİLMƏSİNƏ VƏ İDARƏETMƏYƏ VERİLMƏSİNƏ DAİR MÜQAVİLƏLƏRDƏ İNVESTİSİYA QOYULUŞU, SOSİAL, İQTİSADI VƏ DİGƏR TƏLƏBLƏRİN MÜƏYYƏN EDİLMƏSİ VƏ ONLARIN YERİNƏ YETİRİLMƏSİNƏ DAİR HESABATLARIN TƏLƏB EDİLMƏSİ

 

3.1. Dövlət müəssisələri fərdi layihələr üzrə və ya müsabiqə vasitəsilə özəlləşdirildikdə və idarəetməyə verildikdə, alqı-satqı və idarəetmə müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə dövlət orqanı tərəfindən alıcının (investorun) və idarəetməyə götürənin hesabatları tələb edilir.

3.1.1. Hesabat aşağıdakıları əhatə etməlidir:

investisiya proqramının mərhələlər üzrə yerinə yetirilməsinin vəziyyətini;

hesabat dövründə hər bir texnoloji sahə üzrə həyata keçirilmiş mənbəyi göstərilməklə, faktiki investisiya və çəkilən bütün xərclərin təyinatı, vaxtı və məbləğini;

istehsal olunan məhsulun çeşidi və müəssisənin iştirakçısı olduğu bazarlarda struktur dəyişikliklərini;

müəssisənin rəqabət qabiliyyətinin və istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə tədbirləri;

istehsal prosesində yeni texnologiyalardan və ixtiralardan istifadəni;

təsdiq edilmiş iqtisadi və maliyyə göstəricilərinə nail olunmasını;

əməkhaqqı və ona bərabər tutulan borcların ödənilməsi vəziyyətini;

müəssisədə iş yerlərinin açılmasının vəziyyətini;

müəssisənin fəaliyyət rejimi və maliyyə vəziyyəti üçün təhlükə yarada bilən halları;

müəssisənin torpaq sahəsindən təyinatı üzrə istifadənin vəziyyətini;

ekoloji və sosial tələblərin yerinə yetirilməsinin vəziyyətini.

3.1.2. Hesabata hər bir istiqamət üzrə həyata keçirilmiş faktiki investisiya və çəkilən bütün xərcləri açıqlayan sənədlərin surəti və müəssisənin müstəqil auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları əlavə olunmalıdır.

3.1.3. Alqı-satqı və ya idarəetmə müqaviləsində müəyyən edilmiş qaydada müəssisənin fəaliyyətinin, müqavilədən irəli gələn öhdəliklərin və investisiya proqramının icrası vəziyyətinin araşdırılması məqsədilə dövlət orqanı tərəfindən auditor, mütəxəssis və müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri cəlb olunmaqla, monitorinq aparıla bilər.

3.1.4. Monitorinq zamanı, o cümlədən müəssisənin balansında olan daşınmaz əmlakın, torpaq sahələrinin öz təyinatına uyğun və səmərəli istifadəsi, əməyin mühafizəsi və ekoloji normaların tələblərinə riayət edilməsi araşdırıla bilər.

3.2. Dövlət müəssisələri digər üsullarla özəlləşdirilərkən, qanunvericilikdə nəzərdə tutulmuş hallarda alqı-satqı müqaviləsində müəssisənin profilinin müəyyən müddətə saxlanılması, istifadəsində olan torpaq sahəsinin təyinatının dəyişdirilməməsi, ödənişlərin mərhələlər üzrə aparılması və sair bu kimi şərtlər nəzərdə tutulur.

3.3. Müqavilə öhdəliklərinə əməl edilməməsi qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətin yaranmasına və müqavilənin ləğvinə səbəb ola bilər.

 

 

 

 

4. DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN ÖZƏLLƏŞDİRMƏDƏN SONRAKI FƏALİYYƏTİNİN MONİTORİNQİNİN APARILMASI

 

4.1. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi nəticəsində yaradılan və səhmləri özəlləşdirilmiş səhmdar cəmiyyətlərində aparılan monitorinqin məqsədi müəssisələrə perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində və investisiyaların cəlb edilməsində kömək göstərmək, müəssisələrin yeni sahibləri tərəfindən investisiya qoyuluşları üzərində dövlət nəzarətini təmin etməkdən, özəlləşdirilən müəssisə və obyektlərin yenidən təşkilinin və ləğvinin qanunvericiliyə uyğun olub-olmamasının təhlilindən ibarətdir.

4.2. Özəlləşdirmə prosesində yaradılan və səhmləri özəlləşdirilmiş səhmdar cəmiyyətlərinin fəaliyyət növü və istehsal etdiyi məhsul, nizamnamə kapitalı, səhmdarlarının say tərkibi və onların dislokasiyası üzrə qruplaşdırılaraq, dövlət orqanı tərəfindən aparılan müvafiq informasiya sisteminə daxil edilir.

4.3. Ölkə iqtisadiyyatının, habelə əmtəə bazarlarının ümumi inkişaf meylləri nəzərə alınmaqla, müəssisələrin fəaliyyəti təhlil edilir.

4.4. Təhlilin nəticəsindən asılı olaraq, monitorinqin hansı məsələlər üzrə keçirilməsi müəyyən edilir.

4.5. Monitorinqin məqsədindən asılı olmayaraq, aşağıdakı məsələlərin araşdırılması məcburidir:

müəssisəyə investisiya qoyuluşunun perspektivləri;

faktiki qoyulmuş investisiyaların və çəkilən bütün xərclərin təyinatı, vaxtı və məbləği;

istehsal olunan məhsulun çeşidi və müəssisənin iştirakçısı olduğu bazarlarda struktur dəyişiklikləri;

müəssisənin rəqabət qabiliyyətinin və istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin görülməsi;

istehsal prosesində yeni texnologiyalardan və ixtiralardan istifadə olunması;

müəssisənin fəaliyyət rejimi və maliyyə vəziyyəti üçün təhlükə yarada bilən halların mövcudluğu;

səhmdarların sayı və say tərkibində olan dəyişikliklər;

icarəsində olan torpaq sahələrinin təyinatı üzrə istifadəsi və icarə müqaviləsinin şərtlərinə əməl olunması.

4.6. Monitorinqin nəticələrinə görə müəssisənin inkişaf istiqamətlərinə dair tövsiyələr verilə bilər, müəssisənin fəaliyyətinin dəstəklənməsi və yeni investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər görülə bilər, kadrların peşə səviyyəsinin yüksəldilməsi və yeni kadrların hazırlanmasında köməklik edilə bilər.

4.7. Monitorinq zamanı qanun pozuntuları aşkar edildikdə, nəzarət orqanı tərəfindən aidiyyəti orqanlar qarşısında məsələlər qaldırılır.

 

5. TORPAQ SAHƏLƏRİNDƏN İSTİFADƏNİN VƏZİYYƏTİ ÜZRƏ MONİTORİNQİN APARILMASI

 

5.1. Özəlləşdirilən müəssisələrin mülkiyyətçiləri tərəfindən investisiya qoyuluşunun obyekti və ya investisiyaların cəlb edilməsi üzrə vasitə kimi dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrindən öz təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə dövlət orqanı tərəfindən həmin torpaq sahələrinin monitorinqi aparılır.

5.2. Aparılan monitorinqlər aşağıdakı məsələləri əhatə etməlidir:

torpaq sahəsindən istifadənin hüquqi əsaslarının araşdırılması;

istifadədə olan torpaq sahəsinin hüdudları, təyinatı və dəyəri;

torpaq sahəsi üzərində olan məhdudiyyətlər və servitutların araşdırılması;

torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlak və infrastruktur obyektlərinin vəziyyəti;

torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılma vəziyyəti;

torpaq sahələrinin başqa hüquqi və fiziki şəxslərə verilməsi, habelə əsassız istifadə hallarının araşdırılması;

torpağa investisiyaların qoyuluşu, habelə investisiyaların cəlb edilməsi məqsədi ilə torpağın təminat vasitəsi kimi istifadə olunması vəziyyətinin araşdırılması;

icarə müqaviləsinin şərtlərinə riayət edilməsi və icarə haqlarının (torpaq vergisinin) ödənilməsi vəziyyətinin araşdırılması.

5.3. Monitorinqin nəticələrinə görə torpaq sahəsindən səmərəli istifadə edilməsinə dair göstərişlər (tövsiyələr) verilə bilər, torpaq sahəsindən investisiyaların cəlb edilməsi məqsədilə istifadəsi ilə bağlı layihələrin, biznes-planların hazırlanmasında və həyata keçirilməsində köməklik göstərilə bilər, eyni zamanda, qanun pozuntuları müəyyən edildikdə, onların aradan qaldırılması tələb olunur, qısa müddət ərzində qanun pozuntuları aradan qaldırılmazsa, qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

5.4. Dövlət müəssisələrinin, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin başqa fiziki və hüquqi şəxslərin icarəsinə və istifadəsinə verilməsinə, təyinatının dəyişdirilməsinə, həmin torpaq sahələrində tikinti və yenidənqurma işlərinin aparılmasına razılıq alınması üçün dövlət orqanına aşağıdakı sənədlər təqdim olunmalıdır:

torpaq sahəsindən imtinanın, onun təyinatının dəyişdirilməsinin, tikinti və yenidənqurma işlərinin aparılmasının zəruriliyini əsaslandırmaqla ərizə;

torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.);

fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti;

hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti.

5.5. Təqdim olunan sənədlərə dövlət orqanı tərəfindən 10 (on) gün müddətində baxılır, zəruri hallarda yerlərdə araşdırmalar aparılır, habelə müvafiq icra hakimiyyəti orqanlarına sorğular verilir.

5.6. Araşdırmaların nəticələrinə görə ərizəçilərə razılıq və ya imtina barədə rəsmi cavab verilir.

 

6. MÜLKİYYƏT HÜQUQLARININ RƏSMİLƏŞDİRİLMƏSİ VƏ DÖVLƏT QEYDİYYATINA ALINMASI MƏQSƏDİLƏ DÖVLƏT ORQANI TƏRƏFINDƏN ŞƏHADƏTNAMƏLƏRİN VERİLMƏSİ

 

6.1. Mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə almaq üçün dövlət orqanına aşağıdakı sənədlər təqdim edilməlidir:

6.1.1. Dövlət torpaqlarında, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş (və ya qanuni yolla əldə edilmiş) müəssisə və obyektlərə dair:

ərizə;

fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti;

hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti;

torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.);

obyektin inşaat pasportu;

obyektin layihə sənədləri;

obyektin istismara qəbul aktı;

dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.

6.1.2. Dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlaka dair:

ərizə;

fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti;

hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti;

əmlakın dövlət müəssisəsinin balansında olduğunu təsdiq edən sənədlər;

əmlakın verilməsini əsaslandıran sənədlər (müvafiq razılıq, əmr, alqı-satqı müqaviləsi, qiymətləndirmə və təhvil-təslim aktları);

verilən əmlakın dəyərinin ödəniş sənədləri;

dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.

6.1.3. Özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakına dair:

ərizə;

fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti;

hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti;

əmlakın səhmdar cəmiyyətinə (müəssisəyə) məxsus olduğunu təsdiq edən sənədlər (emissiya prospektindən və əsas vəsaitlərin siyahısından çıxarış, mülkiyyət şəhadətnaməsi və s.);

əmlakın özgəninkiləşdirilməsinə icazə sənədi (ali idarəetmə orqanlarının qərarları);

səhmlərin və əmlakın yüklülüyünə dair arayış (reyestrdən çıxarış);

alqı-satqı müqaviləsi və ödəniş sənədləri;

dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.

6.1.4. Özəlləşdirilən əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakına dair:

ərizə;

fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti;

hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti;

dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.

ləğvetmə sənədləri (ləğvetmə qərarı, əmlakın təsisçilər (iştirakçılar) arasında bölüşdürülməsinə dair sənədlər, hüquqi şəxsin dövlət qeydiyyatının ləğv edilməsini təsdiq edən sənəd).

6.2. Təqdim olunan sənədlər nəzarət orqanı tərəfindən araşdırılaraq, 10 gün müddətində ərizəçilərə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilir və ya rəsmi cavabla şəhadətnamənin verilməsindən imtina edilir.

6.3. Dövlət orqanı tərəfindən verilən şəhadətnamələr qanunvericilikdə müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində hüquqi və fiziki şəxslərin mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması üçün əsasdır.

 

 

 

 

 

Əlavə III

Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 6 iyun tarixli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət müəssisələrinin özəlləşdirməqabağı

sağlamlaşdırılması və restrukturizasiyası

 

QAYDALARI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na, «Azərbaycan Respublikasında dövlət müəssisələrinin idarə olunmasının və dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 453 nömrəli Fərmanına və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirlərinin həyata keçirilməsini, bu barədə təkliflərin hazırlanması və qəbul edilmiş qərarların icrası qaydalarını tənzimləyir.

1.2. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası—müəssisələrin fəaliyyətinin tam və ya qismən bərpası, yenidən qurulması, özəlləşdirməyə hazırlanması, iş yerlərinin açılması, müasir texnologiyaların və investisiyaların cəlb edilməsi, maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə əsaslı şəkildə dəyişdirilməni və təkmilləşdirilməni əhatə edən təşkilati idarəetmə, istehsal, texnoloji, struktur, hüquqi və maliyyə tədbirləri kompleksidir.

 

2. DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN ÖZƏLLƏŞDİRMƏQABAĞI SAĞLAMLAŞDIRILMASI VƏ RESTRUKTURIZASIYASI TƏDBİRLƏRİNİN TƏTBİQİNİN MƏQSƏDLƏRİ VƏ ONLARIN TƏTBİQ EDİLMƏSİ ÜÇÜN ƏSAS MEYARLAR

 

2.1. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirlərinin həyata keçirilməsinin məqsədləri aşağıdakılardır:

dövlət müəssisələrinin özəlləşdirilməyə hazırlanması və özəlləşdirmənin sürətləndirilməsi;

özəlləşdirməyə açılmış müəssisələrin investorlar üçün cəlbediciliyinin artırılması;

özəlləşdirməyə açılmış müəssisələrin dəyərinin yüksəldilməsi;

istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılması;

müəssisələrə müasir texnologiyaların tətbiqinin genişləndirilməsi;

sağlamlaşdırma tədbirləri nəticəsində dövlət əmlakının idarə olunmasından büdcəyə daxilolmaların həcminin artırılması;

müəssisələrin fəaliyyətinin dirçəldilməsi nəticəsində iş yerlərinin açılması və əhalinin məşğulluq səviyyəsinin artırılması.

2.2. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirləri aşağıdakı formalarda həyata keçirilə bilər:

müəssisənin əmlak kompleksinin strukturunun dəyişdirilməsi, o cümlədən strukturların bölünməsi, birləşdirilməsi və digər səmərəli formada yenidən təşkili;

əsaslandırılmış layihələr əsasında müəssisədə hər hansı məhsulun (işin və xidmətin) istehsalının maliyyə cəhətdən dəstəklənməsi və ya müəssisəyə digər məqsədli maliyyə yardımlarının göstərilməsi;

müəssisənin texnoloji cəhətdən yenidən qurulması və avadanlıqların modernləşdirilməsi;

müəssisənin fəaliyyət profilinin dəyişdirilməsi və ya genişləndirilməsi;

müəssisənin borclarının restrukturizasiyası və silinməsinə (və ya dondurulmasına) dair təkliflərin verilməsi;

müəssisənin idarəetmə strukturunun yeniləşdirilməsi və ya idarəetməyə kənar idarəçinin cəlb olunması.

2.3. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirlərinin tətbiq edilməsi üçün müəssisələrin müəyyən edilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınır:

ölkə iqtisadiyyatında mühüm əhəmiyyət kəsb etməsi;

regional inkişaf üçün əhəmiyyətli rol oynaması və əlverişli mövqe tutması;

istehsal edilən məhsulun ixracyönümlü olması;

yerli xammalın emalının həyata keçirilməsi;

yerli xammaldan istifadə edilməsi əsasında idxalı əvəz edən məhsulların istehsalı;

sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi nəticəsində yeni iş yerlərinin açılması;

layihə üzrə tələb olunan investisiya qoyuluşu həcminin nisbətən az, səmərəlilik səviyyəsinin isə yüksək olması;

həyata keçirilən tədbirlərin ekoloji problemlərin və sosialyönümlü məsələlərin həllinə əhəmiyyətli təsir edə bilməsi;

özəlləşdirmə perspektivi az olan müəssisələrin özəlləşdirmə prosesinə cəlb olunması.

2.4. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirlərinin maliyyələşdirilməsi aşağıdakı mənbələr hesabına həyata keçirilir:

dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olan vəsaitlərdən qanunvericiliklə müəyyən edilmiş ayırmalar;

müəssisələrin xüsusi vəsaitləri;

beynəlxalq qurumların və xarici donor təşkilatların qrantları;

digər qanuni mənbələr.

 

3. DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN ÖZƏLLƏŞDİRMƏQABAĞI SAĞLAMLAŞDIRILMASI VƏ RESTRUKTURIZASIYASI TƏDBİRLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ BARƏDƏ TƏKLİFLƏRİN HAZIRLANMASI VƏ QƏRARLARIN QƏBULU

 

3.1. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirlərinin həyata keçirilməsi barədə təkliflər və təkliflərin həyata keçirilməsi barədə proqramlar (layihələr) müəssisələr tərəfindən hazırlanaraq Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edilir.

3.2. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirlərinin tətbiqinin məqsədəuyğun olduğu müəssisələr üzrə həmin tədbirlərin daha əlverişli formasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 1 (bir) ay müddətində müəssisələrin təqdim etdikləri layihələrinin, müəssisələrin iqtisadi göstəricilərinin və maliyyə-təsərrüfat fəaliyyətinin təhlili aparılır. Bu məqsədlə maliyyə məsləhətçiləri, auditor, ekspertlər və digər mütəxəssislər cəlb oluna bilər.

3.3. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi:

a) özəlləşdirməyə açılmış müəssisənin əmlak kompleksinin strukturunun dəyişdirilməsi nəzərdə tutulduğu halda, həmin müəssisənin restrukturizasiya planını;

b) müəssisələrin texnoloji cəhətdən yenidən qurulması nəzərdə tutulduğu halda, bu tədbirlərin həyata keçirilməsi üzrə biznes-planı;

c) müəssisənin borclarının restrukturizasiyası nəzərdə tutulduğu halda, müvafiq restrukturizasiya sxemini;

d) müəssisəyə maliyyə yardımının göstərilməsi nəzərdə tutulduğu halda, müvafiq biznes-plana uyğun olaraq həmin yardımın həcminin və istiqamətlərinin əsaslandırılmasını özündə əks etdirən proqramları təsdiq edir.

3.4. Bu Əsasnamə ilə müəyyən edilmiş meyarlar əsasında Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəssisədə restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilir.

Mövcud qanunvericiliyə əsasən restrukturizasiya və sağlamlaşdırma tədbiri barədə qərar qəbul etmək Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olmadıqda və bu barədə təkliflər daxil olduqda, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi müvafiq təkliflərini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

3.5. Müəssisənin sağlamlaşdırılması və restrukturizasiyası üzrə təsdiq olunmuş proqramlarda (layihələrdə) nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bölgü əsasında Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən zəruri sənədlər əlavə edilməklə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təqdim olunmuş sənədlər əsasında restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin maliyyələşdirilməsi üçün dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olan vəsaitdən qanunvericiliyə uyğun olaraq maliyyə ayrılmasını təmin edir.

3.6. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ayrılmış maliyyə vəsaitinin müəssisənin bu məqsəd üçün açılmış xüsusi bank hesabına köçürülməsini təmin edir.

3.7. Dövlət müəssisələrinin təklifləri əsasında Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilməsi barədə qərar qəbul olunmuş restrukturizasiya və sağlamlaşdırma tədbirləri başqa mənbələr hesabına maliyyələşdirildikdə, vəsait müəssisənin bu məqsəd üçün açılmış xüsusi bank hesabına köçürülür.

3.8. Təsdiq olunmuş sağlamlaşdırma və restrukturizasiya proqramında (layihədə) nəzərdə tutulmuş tədbirlərin vaxtında və nəzərdə tutulmuş ardıcıllıqla icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ayrılmış maliyyə vəsaitinin müəssisələrin hesabına hissə-hissə köçürülməsini, səmərəli istifadə olunmadıqda, onun dayandırılmasını həyata keçirə bilər.

3.9. Müəssisə tərəfindən təqdim edilmiş restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə edilən təkliflər məqsədəuyğun hesab edilmədikdə, bu barədə 1 (bir) ay müddətində müəssisəyə əsaslandırılmış məlumat verilir.

 

 

4. DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN ÖZƏLLƏŞDİRMƏQABAĞI SAĞLAMLAŞDIRILMASI VƏ RESTRUKTURİZASİYASI BARƏDƏ TƏDBİRLƏRIN İCRASİ

 

4.1. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası barədə tədbirlər qanunvericiliyə uyğun olaraq müvafiq proqramlar və ya biznes-planlar əsasında həyata keçirilir.

4.2. Sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsinə, bu məqsədlə ayrılmış vəsaitin xərclənməsinə, sifarişlərin formalaşdırılmasına və yerləşdirilməsinə, icraçılarla müqavilələrin bağlanılmasına, yerinə yetirilən işlərin qəbuluna qanunvericilikdə nəzərdə tutulan qaydada nəzarət Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

4.3. Vəsait ayrılan müəssisələr Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş formalarda və müddətlərdə hesabat təqdim etməlidirlər.

4.4. Dövlət müəssisələrində özəlləşdirməqabağı restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi ilə bağlı hesabatlar müvafiq qanunvericiliyə uyğun qaydada hazırlanır və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edilir.

4.5. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən özəlləşdirməqabağı sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi vəziyyətinin araşdırılması ilə bağlı dövlət müəssisələrində araşdırmalar və monitorinqlər həyata keçirilə bilər.

4.6. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi dövlət müəssisələrində özəlləşdirməqabağı sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim edir.

4.7. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirlərinin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsi təmin edildikdə, həmin vəsait məqsədli maliyyə yardımı hesab edilir və onların geri qaytarılması tələb olunmur. Lakin bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan məqsədlərə nail olunmadığı təqdirdə, büdcədən ayrılmış vəsaitin geri qaytarılması üçün müvafiq tədbirlər görülür. Digər mənbələrdən maliyyələşdirmə hallarında vəsaitlərin qaytarılıb-qaytarılmaması qarşılıqlı razılaşma əsasında həll olunur.

4.8. Ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsinə, hesabatların təqdim edilməsinə və vəsait ayrılarkən bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan məqsədlərə nail olunmasına görə müəssisələr və onların rəhbərliyi məsuliyyət daşıyırlar.

 

 

 

 

 

 

Əlavə IV
Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 6 iyun tarixli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi

 

QAYDALARI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na, «Azərbaycan Respublikasında dövlət müəssisələrinin idarə olunmasının və dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli, 453 nömrəli Fərmanına və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin müqavilə əsasında idarəetməyə verilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara uyğun olaraq idarəetmə—səhmdar cəmiyyətlərinin dövlət mülkiyyətində olan səhmlərinin daha səmərəli idarə olunması, müəssisənin investorlar üçün cəlbediciliyinin artırılması, səhmlər üzrə dövlət büdcəsinə daha çox dividendlərin daxil olması və müasir korporativ idarəetmə üsullarının tətbiqi məqsədilə səhmlərin müəyyən müddətə dövlətin iqtisadi maraqlarına müvafiq şəkildə müsabiqə əsasında seçilmiş hüquqi və fiziki şəxslər tərəfindən idarə edilməsi üzrə fəaliyyətdir.

1.3. Səhmdar cəmiyyətlərinin ilkin dövrdə dövlətin mülkiyyətində saxlanılan səhmlərinin 100 faizi, səhmlərin nəzarət zərfi (51 faiz) və ya məhdudlaşdırıcı hissəsi (25,5 faiz), habelə özəlləşdirilməsi tam başa çatmamış səhmdar cəmiyyətlərin satılmayan səhmləri bu Qaydalara müvafiq olaraq idarəetməyə verilə bilər.

1.4. Səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhmlərinin idarəetməyə verilməsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

1.5. Səhmləri idarəedən qismində Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Qaydalara uyğun olaraq səhmləri müqavilə əsasında idarəetməyə götürmək niyyətində olan və idarəetməyə verənin irəli sürdüyü şərtlərə uyğun olaraq fəaliyyət proqramı (biznes-plan) təqdim edən hüquqi və fiziki şəxslər çıxış edə bilər.

1.6. Səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhmləri bütövlükdə və ya onların bir hissəsi idarəetməyə verilə bilər. Bir səhmdar cəmiyyətinin ayrı-ayrı səhm zərfləri (hissələri) bir neçə şəxsə idarəetməyə verilə bilər.

1.7. İdarəetməyə verən səhmlərin idarəetməyə verilməsi ilə əlaqədar maliyyə məsləhətçilərini cəlb edə bilər.

 

2. SƏHMLƏRİN İDARƏETMƏYƏ VERİLMƏSİ HAQQINDA QƏRAR QƏBUL EDİLMƏSİ

 

2.1. «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»«nın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən müəssisələrin çevrilməsi nəticəsində yaradılmış səhmdar cəmiyyətlərinin, o cümlədən ilkin dövrdə səhmlərinin 100 faizi, səhmlərin nəzarət zərfi (51 faiz) və ya məhdudlaşdırıcı hissəsi (25,5 faiz) dövlətin mülkiyyətində saxlanılan səhmdar cəmiyyətlərinin səhmlərinin idarəetməyə verilməsi barədə qərarlar müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilir.

2.2. Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılmış səhmdar cəmiyyətlərinin özəlləşdirmə planında (emissiya prospektində) satışı nəzərdə tutulmuş, lakin özəlləşdirilməyə çıxarıldıqdan sonra azı 1(bir) il müddətində satılmamış səhmlərin idarəetməyə verilməsi barədə qərarlar, iqtisadi cəhətdən məqsədəuyğunluğu nəzərə alınmaqla, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilir.

2.3. Səhmdar cəmiyyətlərində səhmlər üzrə dövlət büdcəsinə daxil olan dividendlərin həcminin az olması, səhmlərin özəlləşdirməyə çıxarıldıqdan sonra azı 1 (bir) il müddətində satılmaması, səhmdar cəmiyyətinin maliyyə vəziyyətinin pisləşməsi, istehsal (xidmət) prosesində kəmiyyət və keyfiyyət göstəricilərinin aşağı düşməsi, korporativ idarəetmənin təşkili və həyata keçirilməsində problemlərin mövcudluğu, sahibkarların təşəbbüsü və qanunvericiliklə nəzərdə tutulmuş digər hallar səhmlərin idarəetməyə verilməsi haqqında qərarların qəbulu üçün əsas ola bilər.

 

3. SƏHMLƏRİN İDARƏETMƏYƏ VERİLMƏSİNİN MƏQSƏD VƏ ŞƏRTLƏRİ

 

3.1. Səhmlərin idarəetməyə verilməsi aşağıdakı məqsədlərlə həyata keçirilə bilər:

səhmdar cəmiyyətinin fəaliyyətinin sağlamlaşdırılması;

səhmdar cəmiyyətinin özəlləşdirməyə hazırlanması;

səhmdar cəmiyyətinin menecmentinin yüksəldilməsi;

istehsal olunan məhsulların (göstərilən xidmətlərin) çeşidinin və rəqabət qabiliyyətinin artırılması;

səhmdar cəmiyyətinə investisiyaların cəlb edilməsi;

səhmdar cəmiyyətinin borclarının azaldılması;

ödəmə qabiliyyəti aşağı olan səhmdar cəmiyyətlərinin müflisləşməsinin qarşısının alınması;

dividendlər hesabına dövlət büdcəsinə gəlirlərin artırılması;

iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması;

əmək kollektivi üzvlərinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması;

ekoloji problemlərin həlli.

3.2. Səhmlərin idarəetməyə verilməsi aşağıdakı tələblərə riayət edilməklə həyata keçirilir:

idarəetməyə verilən səhmlər üzrə mülkiyyət hüququnun keçməməsi;

səhmlərin idarəedənə girov və digər yüklülüklərdən azad şəkildə verilməsi;

müqavilənin qüvvədə olduğu müddət ərzində idarəetməyə verən tərəfindən səhmlərin digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmasına və ya hər hansı şəkildə yüklülüyünə gətirib çıxaran əqdlərin bağlanmasına yol verilməməsi;

müqavilənin qüvvədə olduğu müddətdə idarəedən tərəfindən bütün hüquq və vəzifələrin öz adından yerinə yetirildiyinə, lakin bunu idarəedən qismində çıxış edərək həyata keçirdiyinə istinad etməsi;

fəaliyyət proqramının (biznes-planın) gerçəkləşdirilməsi məqsədilə idarəetməyə verənin qanunvericiliklə müəyyən edilmiş qaydada sağlamlaşdırma üçün nəzərdə tutulmuş vəsait və dividendlərdən, eləcə də digər qanuni mənbələr hesabına (kredit və qrantlar, məqsədli maliyyə yardımları, bank kreditləri və s.) maliyyə dəstəyi göstərmək hüququnun olması.

3.3. Səhmlər idarəetməyə verildiyi müddətdə səhmdar cəmiyyətinin ümumi yığıncaqlarında və digər idarəetmə orqanlarında aşağıdakı məsələlər üzrə yalnız idarəetməyə verənin yazılı rəyi əsasında idarəedən öz münasibətini bildirməlidir:

səhmdar cəmiyyətinin ləğvi və yenidən təşkili;

səhmdar cəmiyyətinin nizamnaməsinin və nizamnamə kapitalının dəyişdirilməsi;

törəmə təsərrüfat cəmiyyətlərinin yaradılması və səhmdar cəmiyyətinin digər hüquqi şəxslərin nizamnamə kapitalında iştirakı;

səhmlərin əlavə emissiyası və ya yerləşdirilmiş səhmlərin geri alınması;

qanunvericiliklə müəyyən olunan və müqavilə ilə nəzərdə tutulmuş digər məsələlər.

3.4. Digər məsələlərin müzakirəsi zamanı idarəedən iclaslarda rəy bildirilməkdə və səsvermədə sərbəstdir.

3.5. Müddətinə görə səhmlərin idarəetməyə verilməsi aşağıdakı üç formada həyata keçirilə bilər:

qısamüddətli—5 ilədək;

ortamüddətli—5 ildən 10 ilədək

uzunmüddətli—10 ildən çox.

Hər konkret hal üçün idarəetmənin hansı formasının tətbiq olunması səhmdar cəmiyyətinin mövcud durumu, idarəetməyə verilən səhmlərin nominal dəyəri, səhmlərə görə ödənilən dividendlərin məbləği, ehtimal olunan investisiyaların həcmi, investisiyaların özünüödəmə müddəti və digər amillər nəzərə alınmaqla, müsabiqə komissiyası tərəfindən müəyyən edilir. İdarəetmənin konkret müddəti isə potensial iddiaçıların təkliflərinə əsasən qarşılıqlı razılaşma yolu ilə idarəetməyə verənlə idarəedən arasında imzalanan müqavilədə öz əksini tapır.

3.6. Səhmlərin idarəetməyə verilməsi zamanı digər məqsədlərlə yanaşı, prioritet məqsəd kimi menecmentin yaxşılaşdırılması qarşıya qoyulduqda, səhmlər qısamüddətli idarəetməyə, səhmdar cəmiyyətinə investisiyaların cəlb edilməsi qarşıya qoyulduqda isə, səhmlər orta və uzunmüddətli idarəetməyə verilir.

3.7. Müqavilədə digər hal nəzərdə tutulmadıqda, idarəetməyə verilmiş səhmlərə görə əldə edilmiş mənfəət (idarəedənin mükafatı çıxılmaqla) dövlət büdcəsinə köçürülür.

3.8. İdarəetmə ilə əlaqədar idarəedənin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim etməli olduğu hesabatlara dair tələblər müqavilə ilə müəyyən edilir.

3.9. İdarəedənin mükafatının məbləği və ödənilməsi qaydası müqavilədə öz əksini tapır. Müqavilənin şərtlərindən asılı olaraq, idarəedənin mükafatı dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olan vəsaitlərdən qanunvericiliklə müəyyən edilmiş ayırmaların sağlamlaşdırma tədbirləri üçün qanunvericiliklə müəyyən edilmiş qaydada nəzərdə tutulan hissəsi hesabına və ya dövlətə çatan dividendlərin müqavilə ilə müəyyən olunan (50 faizdən çox olmayan) hissəsinin idarəetməyə verənin sərəncamında qalması yolu ilə ödənilir.

3.10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və müqavilədə nəzərdə tutulmuş qaydada idarəetməyə verənin və ya idarəedənin təşəbbüsü ilə idarəetmə müqaviləsinə vaxtından əvvəl xitam verilə bilər. Bu zaman yarana biləcək mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həll edilir.

 

4. SƏHMLƏRİN İDARƏETMƏYƏ VERİLMƏSİ İLƏ BAĞLI MÜSABİQƏNİN TƏŞKİLİ

 

4.1. Səhmlərin idarəetməyə verilməsi idarəetməyə verən tərəfindən açıq müsabiqə əsasında həyata keçirilir.

4.2. Müsabiqənin keçirilməsi məqsədilə idarəetməyə verən tərəfindən üzvlərinin sayı 7 (yeddi) nəfərdən ibarət müsabiqə komissiyası (bundan sonra - komissiya) yaradılır. Komissiyanın tərkibinə hər birindən 1 (bir) nəfər olmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və aidiyyəti icra hakimiyyəti orqanının nümayəndələri daxil edilir. Qalan üzvlər idarəetməyə verən tərəfindən müəyyən edilir və komissiyanın sədri idarəetməyə verən tərəfindən, onu komissiyada təmsil edən üzvlərdən təyin olunur.

Göstərilən orqanlar Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin müraciəti əsasında öz nümayəndələrini müsabiqə komissiyasının tərkibinə daxil etmək üçün təqdim edirlər.

4.3. Müsabiqənin keçirilməsi ilə əlaqədar idarəetməyə verən:

iddiaçılardan müsabiqədə iştirak etmək üçün ərizə və bu Qaydalarda göstərilən sənədləri qəbul edir, hər bir ərizəyə nömrə, verilmə tarixi və vaxtını qoymaqla (gün, ay, il, saat), müvafiq kitabda onların qeydiyyatını aparır;

iddiaçılardan daxil olmuş ərizələri və onlara əlavə edilmiş sənədləri ərizələrin qəbulu müddəti başa çatdıqdan sonra komissiyaya təqdim edir;

müsabiqənin nəticələri haqqında komissiyanın protokolunu təsdiq edir;

müsabiqənin nəticələri haqqında məlumatı kütləvi informasiya vasitələrində dərc etdirir;

müsabiqənin qalibi ilə idarəetməyə dair müqavilə bağlayır;

müsabiqənin qalibi tərəfindən idarəetmə müqaviləsinin şərtlərinə riayət edilməsinə nəzarəti həyata keçirir.

4.4. Müsabiqənin keçirilməsinə dair məlumat müsabiqənin keçirilməsi günündən azı 30 (otuz) gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilir.

4.5. Məlumat aşağıdakıları əhatə etməlidir:

səhmləri idarəetməyə verilən səhmdar cəmiyyətinin adı, hüquqi ünvanı və ya yerləşdiyi ünvan;

müsabiqənin vaxtı, yeri və forması, predmeti və keçirilmə qaydası;

səhmlərin növü, nominalı, ümumi dəyər;

müsabiqə iştirakçıları qarşısında irəli sürülən şərtlər;

iddiaçılardan ərizə və sifarişlərin qəbulunun başlanması və qurtarması müddəti (gün və saat), qəbul yerinin ünvanı;

iddiaçılar tərəfindən müsabiqədə iştirak üçün tələb olunan sənədlərin siyahısı və onların tərtibatı üçün müəyyən edilmiş tələblər;

komissiya tərəfindən müsabiqə qalibinin müəyyən edilməsi tarixi, vaxtı, ünvanı;

müsabiqənin qalibi ilə müqavilənin bağlanılması müddəti.

4.6. Komissiya aşağıdakı tədbirləri həyata keçirir:

idarəetmə barədə qəbul edilmiş qərara uyğun olaraq müsabiqənin şərtlər toplusunu hazırlayıb təsdiq edir;

iddiaçılardan qəbul edilmiş ərizələri və onlara əlavə olunmuş sənədləri araşdırır və onların qanunvericiliyə uyğun olmasını müəyyən edir;

iddiaçıların müsabiqədə iştirak etməsi və ya müsabiqəyə buraxılmaması barədə qərar qəbul edir və bu barədə iddiaçılara bildiriş göndərir;

müsabiqə iştirakçılarının təkliflərini təhlil edir və müsabiqənin qalibini müəyyən edir;

zəruri hallarda ekspertlər cəlb edir.

4.7. Komissiyanın iclasında üzvlərinin azı 2/3 hissəsi iştirak etdikdə, komissiya səlahiyyətli hesab olunur.

4.8. Komissiyanın qərarları iclasda iştirak edən üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir. Komissiyanın hər bir üzvü bir səsə malikdir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici hesab olunur.

4.9. Müsabiqə qalibini müəyyən etmək üçün komissiya tərəfindən qiymətləndirmə meyarları və müvafiq bal sistemi hazırlanır.

4.10. İdarəetməyə verilən səhmlərin həcmi səhmdar cəmiyyətinin səhmlərinin ümumi sayının 51 faizindən çox olduqda, komissiyanın qərarı ilə iddiaçılar qarşısında birbaşa investisiya qoyuluşuna dair tələb irəli sürülə bilər.

Komissiya tərəfindən belə tələb qoyulmadıqda, iddiaçı öz təşəbbüsü ilə səhmdar cəmiyyətinə investisiya qoyuluşuna dair təklif irəli sürə bilər və bu zaman investisiyaların qaytarılması mexanizmi və yeni yaradılmış aktivlərin mənsubluğu müqavilə ilə razılaşdırılır.

4.11. Meyarlar hazırlanarkən komissiya aşağıdakıları mütləq nəzərə almalı və müsabiqə zamanı qiymətləndirməlidir:

iddiaçının təqdim etdiyi fəaliyyət proqramı;

dividendin minimal və maksimal məbləği;

idarəetməyə götürənin mükafatının minimal və maksimal hədləri;

iddiaçının mövcud fəaliyyəti və peşəkarlığı;

qoyulacaq investisiyaların həcmi (nəzərdə tutulduqda).

 

5. MÜSABİQƏNİN KEÇİRİLMƏSİ

 

5.1. Qanunvericiliyə əsasən müsabiqədə iştirak etmək üçün müəyyən olunmuş qaydada müvafiq sənədləri təqdim edən, nizamnamə kapitalında dövlətin payı 20%-dən çox olmayan hüquqi şəxslər və fiziki şəxslər iştirak edə bilərlər.

5.2. Müsabiqədə iştirak etmək üçün iddiaçılar müsabiqə komissiyası tərəfindən müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidirlər:

idarəetməyə verən tərəfindən müəyyən edilmiş formada ərizə (açıq zərfdə);

hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notarius tərəfindən təsdiq edilmiş surəti, fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti (açıq zərfdə);

zəruri hallarda komissiya tərəfindən müəyyən edilmiş formada zəmanət məktubu (qapalı zərfdə);

səhmlərin idarə edilməsi ilə bağlı fəaliyyət proqramı (qapalı zərfdə);

idarəetmə ilə bağlı illik mükafatın məbləğinə dair yazılı təkliflər (qapalı zərfdə).

Açıq zərflərdə təqdim olunmalı sənədlərin nümunəvi formaları idarəetməyə verən tərəfindən təsdiq olunur.

Zəmanət məktubu banklardan və nüfuzlu və yüksək reytinqə malik olan müəssisələrdən alına bilər.

5.3. İddiaçılar aşağıdakı hallarda müsabiqəyə buraxılmırlar:

iddiaçı qanunvericiliyə müvafiq olaraq iştirakçı kimi tanınmadıqda;

iddiaçının nümayəndəsinin səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmadıqda;

müsabiqədə iştirak üçün ərizə və digər sənədlər məlumatda göstərilən müddət bitdikdən sonra verildikdə;

formal tələblərdan sui-istifadə halları istisna olmaqla, müəyyən edilmiş sənədlər tam həcmdə və ya lazımi qaydada tərtib edilmədikdə;

müqavilədə nəzərdə tutulan öhdəliklərin təminatı kimi, komissiyanın müəyyən etdiyi müvafiq zəmanət təqdim olunmadıqda.

5.4. İddiaçı idarəetməyə verənə yazılı bildiriş verməklə, ərizələrin qəbul müddəti bitənədək ərizəsini geri götürə bilər. Bu halda, ərizənin geri götürülməsi idarəetməyə verən tərəfindən qeydə alınmalıdır.

5.5. İdarəetməyə verən komissiyanın iclasında baxılanadək iddiaçılar tərəfindən təqdim olunmuş ərizə və təkliflərin məxfiliyini təmin edir.

5.6. Komissiya tərəfindən ərizələrin qəbulu protokolu imzalandığı andan iddiaçı müsabiqənin iştirakçısı hesab olunur.

5.7. Komissiya tərəfindən müsabiqədə iştiraka buraxılmamış iddiaçılara ərizələrin qəbulu haqqında protokol imzalandığı gündən ən geci 3 (üç) gün müddətində iştirakının rədd edilməsi səbəbləri göstərilməklə, müvafiq bildiriş göndərilir.

5.8. Müsabiqə aşağıdakı hallarda baş tutmamış hesab edilir:

müsabiqədə iştirak etmək üçün ərizə verilmədikdə;

iddiaçıların heç biri iştirakçı kimi tanınmadıqda;

iddiaçı bir şəxs (hüquqi və ya fiziki şəxs) olduqda;

qalib müəyyən edilmədikdə;

müsabiqənin qalibi bu Qaydalarla müəyyən edilmiş müddətdə idarəetmə müqaviləsini imzalamadıqda.

5.9. Müsabiqə aşağıdakı qaydada və ardıcıllıqla keçirilir:

müsabiqə iştirakçıları tərəfindən təqdim edilən qapalı zərflər açılmamışdan əvvəl komissiya onların bütövlüyünü yoxlayır və bu barədə müsabiqənin nəticələri haqqında protokolda qeyd edilir;

müəyyən edilmiş gün və vaxtda komissiya daxil olmuş sifarişlərdən ibarət zərfləri onların idarəetməyə verənə təqdim olunması ardıcıllığı ilə açır;

komissiya müsabiqə iştirakçılarının təkliflərinə qəbul edilmiş təcrübəyə və işgüzar adətlərə istinad etməklə, müsabiqənin müəyyən edilmiş şərtlərini və qalibi müəyyən etmək meyarlarını rəhbər tutaraq baxır.

5.10. Müsabiqənin iştirakçıları tərəfindən Azərbaycan dilində təqdim edilmiş təkliflər iştirakçıların özləri və ya onların nümayəndələri tərəfindən imzalanmalı, təkliflərdə göstərilmiş məbləğlər rəqəm və sözlə göstərilməlidir. Sözlə rəqəm arasında fərq aşkar edildikdə, komissiya sözlə ifadə olunmuş yazı variantını əsas götürür.

5.11. Müsabiqənin nəticələri haqqında komissiyanın protokolu 3 (üç) nüsxədə tərtib olunur, komissiyanın sədri, komissiyanın iclasında iştirak edən üzvləri və müsabiqənin qalibi tərəfindən imzalanır və həmin gün təsdiq olunmaq üçün idarəetməyə verənə təqdim edilir.

5.12. Protokol idarəetməyə verən tərəfindən 5 (beş) gün müddətində təsdiq edilir. İdarəetməyə verən tərəfindən təsdiq olunduğu gündən protokol qalibin idarəetmə müqaviləsi bağlamaq hüququnu təsdiq edən sənəd hesab edilir.

5.13. Müsabiqənin qalibi müsabiqənin nəticələri haqqında protokol idarəetməyə verən tərəfindən təsdiq edildiyi gündən 30 (otuz) gün müddətində idarəetmə müqaviləsini imzalamalıdır. Həmin müddət ərzində müsabiqənin qalibi müqaviləni imzalamaqdan imtina edərsə və ya müəyyən edilmiş müvafiq şərtləri yerinə yetirməzsə, müsabiqənin nəticələri ləğv edilir.

 

6. MÜQAVİLƏNİN RƏSMİLƏŞDİRİLMƏSİ VƏ İCRASINA NƏZARƏT

 

6.1. Digər hal müəyyən edilmədikdə, Azərbaycan Respublikası Prezidentinin qərarı ilə idarəetməyə verilən səhmlərlə bağlı müqavilələr idarəetməyə verən tərəfindən imzalandıqdan sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

İdaretməyə verənin qərarı ilə idarəetməyə verilən səhmlərlə bağlı müqavilələr idarəetməyə verən tərəfindən imzalanır və həmin gündən qüvvəyə minir.

6.2. İdarəetmə prosesində şəffaflığın təmin edilməsi məqsədilə idarəedən qanunvericilikdə, habelə müqavilədə nəzərdə tutulan məlumatları müəyyən edilmiş müddətdə və qaydada kütləvi informasiya vasitələrində dərc etdirməlidir.

6.3. Müqavilədə aşağıdakı müddəalar əks etdirilməlidir:

səhmlərin idarəetməyə verilməsi qaydası və müddəti;

tərəflərin öhdəlikləri və məsuliyyəti;

müqavilə öhdəliklərinin yaranması və başaçatma müddəti;

idarəedən tərəfindən təklif olunan fəaliyyət proqramının icrası mexanizmi;

idarəedən tərəfindən idarəetməyə verənə təqdim olunmalı hesabatların təqdim edilmə qaydası və müddətləri;

müqavilənin vaxtında və vaxtından əvvəl ləğv edilməsi nəticəsində qarşılıqlı hesablaşmaların aparılması şərtləri;

müqavilənin müddətinin uzadılması qaydası;

səhmləri idarəetməyə verilmiş səhmdar cəmiyyətinin ümumi yığıncaqlarının və idarəetmə orqanlarının iclaslarının keçirilməsi qaydası;

idarəetmə müddətində səhmlərin özəlləşdirilməsi haqqında qərar qəbul edildikdə, idarəedənlə idarəetməyə verənin münasibətlərinin tənzimlənməsi qaydası;

digər məsələlər.

6.4. İdarəetməyə verən müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət edir və bununla bağlı idarəedəndən hesabatlar tələb etmək, monitorinq keçirmək və sənədli təftiş aparmaq hüquqlarına malikdir. Zərurətdən asılı olaraq, idarəetməyə verən bu məqsədlə müstəqil auditor və ekspertlər cəlb edə bilər.

6.5. İdarəedən rübdə 1 (bir) dəfə və hər ilin sonunda səhmlərin idarə olunmasına dair idarəetməyə verənin müəyyən etdiyi formada idarəetməyə verənə hesabat təqdim etməlidir. Hesabatın forması, təqdim edilməli məlumat və sənədlər, habelə hesabatların ümumi dövriliyi müqavilədə nəzərdə tutulur.

6.6. İdarəedən tərəfindən müqavilə şərtlərinə əməl olunmaması və ya lazımınca icra edilməməsi müqavilənin müəyyən edilmiş qaydada ləğv edilməsi və vurulmuş zərərin, o cümlədən itirilmiş faydanın ödənilməsinin tələb edilməsi üçün əsasdır. Müqavilə şərtlərini pozduğu üçün idarəetməyə verənə dəyən zərərə görə idarəedən tam maddi məsuliyyət daşıyır.

 

 

 

 

Əlavə V
Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 6 iyun tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 

Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında

 

ƏSASNAMƏ

 

1. Bu Əsasnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında», «Mühasibat uçotu haqqında», «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunlarına, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

2. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi prosesində müəssisə və obyektlərin start (satış) qiymətini və ya dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalını hesablamaq məqsədilə onların əmlakının, habelə birgə müəssisələrin nizamnamə kapitalındakı dövlət paylarının qiymətləndirilməsi qaydalarını müəyyən edir.

3. Dövlət müəssisələrinin (obyektlərinin) və birgə müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının özəlləşdirilməsi zamanı əmlakın real qiymətləndirilməsini həyata keçirmək məqsədilə bu Əsasnaməyə uyğun olaraq qiymətləndiricilər və maliyyə məsləhətçiləri cəlb edilə bilər.

4. Özəlləşdirilən müəssisə və obyektin start (satış) qiyməti və ya dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətinin nizamnamə kapitalı, onun balans aktivlərinin ümumi dəyəri ilə balans öhdəliklərinin ümumi dəyərinin fərqinə bu Əsasnamə ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə müəyyən edilir.

Birgə müəssisələrin nizamnamə kapitalındakı dövlət paylarının inventarizasiya olunaraq qiymətləndirilməsi nizamnamə kapitalında iştirak payına uyğun olaraq və müəssisə tərəfindən təqdim olunmuş son balansın məlumatları əsasında aparılır. Birgə müəssisənin qiymətləndirilməsini həyata keçirmək məqsədilə qiymətləndiricilər və maliyyə məsləhətçiləri cəlb edildiyi hallarda, qiymətləndirmə müəssisənin kommersiya fəaliyyətinin gəlirliliyi, o cümlədən gözlənilən gəlirlərin proqnozu (diskontlaşdırılmış həcmi), fəaliyyət göstərdiyi sektordakı xüsusi çəkisi, müəssisənin bazardakı mövqeyi və digər bu kimi amillər nəzərə alınmaqla həyata keçirilir.

5. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı təqdim edilmiş son balansın məlumatları əsasında aşağıdakı qayda ilə müəyyən edilir:

 

Nk = (Ad—Öd) x Ma x Xə X Gə x Zə

Kiçik dövlət müəssisəsinin start (satış) qiyməti təqdim edilmiş son balansın məlumatları əsasında aşağıdakı qayda ilə müəyyən edilir:

 

Kq = (Ad—Öd) x Ma x Gə x Yə

 

Dövlət müəssisəsinin hüquqi şəxs olmayan struktur bölməsi (filial, istehsal sahəsi, sex və s.) ayrıca özəlləşdirildikdə, onun start (satış) qiyməti və ya nizamnamə kapitalı özəlləşdirmə anına tərtib olunmuş bölünmə balansının (bölünmə aktının) məlumatları əsasında aşağıdakı qayda ilə müəyyən edilir:

 

Sq = (Ad—Öd) x Ma x Yə

 

İcarəyə verilmiş və ya istifadəsiz olan daşınmaz dövlət əmlakının start (satış) qiyməti aşağıdakı qayda ilə müəyyən edilir:

 

İq = İd x Yə

 

burada:

Nk—səhmdar cəmiyyətinin nizamnamə kapitalı;

Kq—kiçik dövlət müəssisəsinin start (satış) qiyməti;

Sq—dövlət müəssisəsinin hüquqi şəxs olmayan struktur bölməsinin start (satış) qiyməti;

İq—icarəyə verilmiş və ya istifadəsiz olan daşınmaz dövlət əmlakının start (satış) qiyməti;

Ad—müəssisənin balans aktivlərinin ümumi dəyəri;

Öd—müəssisənin balans öhdəliklərinin ümumi dəyəri;

Ma—müəssisənin maliyyə asılılığı əmsalı;

Xə—müəssisənin yerli xammalla təchiz olunma əmsalı;

Gə—müəssisənin gəlirlilik əmsalı;

Zə—müəssisənin zona əmsalı;

Yə—müəssisənin (obyektin) yerləşmə əmsalı;

İd—icarəyə verilmiş və ya istifadəsiz olan daşınmaz dövlət əmlakının müəssisənin mühasibat uçotu məlumatlarına və ya bu Əsasnamənin 28-ci bəndinə əsasən hesablanmış qalıq dəyəridir.

Dövlət müəssisəsinin balansında olan daşınar əmlak (əsas vəsaitlər) ayrıca qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirildikdə, onun start (satış) qiyməti müəssisənin məlumatları əsasında həmin daşınar əmlakın (əsas vəsaitlərin) qalıq dəyəri kimi müəyyən edilir.

Müəssisənin maliyyə asılılığı əmsalı qiymətləndirmə anına onun maliyyə vəziyyətini xarakterizə edir və təqdim edilmiş son balansın məlumatları üzrə kreditor borclarının (bank kreditləri, kreditorlarla hesablaşmalar və sair kreditorlar) onun qiymətləndirilən aktivlərinin dəyərinə (özəlləşdirilən müəssisənin əmlakının tərkibindən çıxarılan əmlakın dəyəri nəzərə alınmamaqla) olan nisbəti əsasında müəyyən edilir. Müəssisənin maliyyə asılılığı əmsalı müəyyən edilərkən qanunvericiliyə əsasən silinməsi nəzərdə tutulan borclar nəzərə alınmır. Lakin həmin borcların uçotdan silinməsi müvafiq qaydada rəsmiləşdirilənədək müəssisənin balansında qeyd olunur.

Müəssisənin yerli xammalla təchiz olunma əmsalı onun yerli xammaldan (və ya idxal olunan xammaldan) asılılığını xarakterizə edir və istifadə olunan yerli xammal növlərinin (xammal, yarımfabrikat, komplektləşdirici məmulat və s.) ümumilikdə istifadə olunan xammal növlərinə olan nisbəti kimi müəyyən edilir.

Müəssisənin gəlirlilik əmsalı onun fəaliyyətinin rentabellik səviyyəsini xarakterizə edir və müəssisənin balans mənfəətinin onun qiymətləndirilən əsas vəsaitlərinin dəyərinə olan nisbəti kimi müəyyən edilir.

Müəssisənin zona əmsalı və müəssisənin (obyektin) yerləşmə əmsalı müəssisə və obyektin yerləşdiyi əraziyə görə şərti müəyyən olunmuş əmsallardır.

6. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) qiymətləndirilən əmlakının tərkibinə onun əsas vəsaitləri və sair dövriyyədənkənar aktivləri, ehtiyat və məsrəfləri, pul və sair maliyyə vəsaitləri, digər maddi və qeyri-maddi aktivləri daxildir.

7. Əsas vəsaitlərə və sair dövriyyədənkənar aktivlərə aşağıdakılar daxildir:

a) binalar, qurğular, ötürücü qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, iş alətləri, istehsal və təsərrüfat inventarları, iş heyvanları, məhsuldar heyvanlar, çoxillik əkmələr, digər növ əsas vəsaitlər, torpaqların yaxşılaşdırılmasına (meliorasiya, qurudulma, irriqasiya və s. işlər), habelə başqa işlərə qoyulan kapital qoyuluşları və başqa əmək vasitələri;

b) balansda əks olunan qeyri-maddi aktivlər, torpaq, su və təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, əmlak hüquqları, patentlər, lisenziyalar, «nou-hau», proqram məhsulları, inhisar və imtiyaz (üstünlük) hüquqları (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla), təşkilati xərclər, ticarət markaları, əmtəə nişanları və digər qeyri-maddi aktivlər;

c) müəssisənin quraşdırılmamış avadanlıqları və başa çatdırılmamış əsaslı tikintisi;

ç) müəssisənin uzunmüddətli maliyyə qoyuluşları, o cümlədən digər müəssisələrin qiymətli kağızlarına (səhm, istiqraz və s.), dövlət və digər borclar üzrə faizli istiqrazlara, ölkə ərazisində yaradılmış digər müəssisələrin nizamnamə fondlarına, müəssisənin xaricdəki kapitalına və sair uzunmüddətli maliyyə qoyuluşları;

d) müəssisə balansının aktivindəki «Əsas vəsaitlər və sair dövriyyədənkənar aktivlər» bölməsinin digər maddələri.

8. Ehtiyatlar və məsrəflər istehsal ehtiyatları (xammal, yanacaq, ehtiyat hissələri, yarımfabrikat və komplektləşdirici məmulatlar, əsas və köməkçi materiallar, taralar və material ehtiyatları), az qiymətli və tez köhnələn əşyalar, bitməmiş istehsal, gələcək dövrün xərcləri, hazır məhsul, mallar və müəssisə balansının aktivindəki «Ehtiyatlar və məsrəflər» bölməsinin digər maddələrindən ibarətdir.

9. Pul vəsaitləri, hesablaşmalar və sair aktivlərə müəssisənin banklardakı hesablarında və kassasında olan pul vəsaitləri, yüklənmiş malların dəyəri, debitorlarla hesablaşmaları, qısamüddətli maliyyə qoyuluşları (bir ildən çox olmayan) və balansın aktivindəki «Pul vəsaitləri, hesablaşmalar və sair aktivlər» bölməsində əks etdirilən dövriyyə aktivlərindən ibarətdir.

10. Qiymətləndirilən əmlakın tərkibinə müəssisənin mühasibat uçotunda müxtəlif səbəblərdən əks etdirilməyən əmlak, müvəqqəti olaraq təmirdə və ehtiyatda olan əmlak, icarədə və ya müddətli istifadədə olan əmlak da daxil edilir.

11. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) yerləşdiyi torpaq sahəsi bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilən əmlakın tərkibinə daxil edilmir və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəyyən edilmiş qaydada ayrıca özəlləşdirilir. Özəlləşdirilən torpaq sahəsinin qiymətləndirilməsi müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.

12. Dövlət müəssisəsinin əmlakının icarəyə verilməsi yolu ilə yaradılmış icarə müəssisələrinin və icarəyə verilmiş əmlakın özəlləşdirilməsi zamanı qiymətləndirmə bu Əsasnaməyə uyğun olaraq aparılır.

İcarəçinin öz gəliri hesabına əldə etdiyi əmlakın tərkibi müvafiq sənədlər əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.

13. Müəssisənin balans öhdəliklərinə borc vəsaitləri və kreditlər, kreditorlarla hesablaşmalar, alıcı və sifarişçilərdən alınmış avanslar və sair cəlb edilmiş vəsaitlər daxildir.

Müəssisənin balans aktivlərindən çıxılan balans öhdəliklərinə gələcək dövrün gəlirləri, qarşıdakı xərclər və ödəmələr üzrə ehtiyatlar, şübhəli borclar üzrə ehtiyatlar, balansın hesablaşmalar və sair passivlər bölməsində əks etdirilən digər öhdəliklər də aiddir.

14. Özəlləşdirilən dövlət müəssisəsinin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı müəyyən edilərkən əmlakın tərkibindən bu Əsasnamənin 13-cü bəndində göstərilən balans öhdəlikləri ilə yanaşı, qüvvədə olan qanunvericiliyə əsasən, özəlləşdirilməsi qadağan olunmuş əmlakın, dövlət mülkiyyətində saxlanılan, habelə yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının və müvafiq təşkilatların balansına verilən sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərin, habelə müəssisənin əmlak kompleksinin tərkibindən çıxarılaraq ayrıca özəlləşdirilən əmlakın dəyəri də çıxılır.

15. Özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmlakının bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsi müəssisə rəhbərliyinin iştirakı ilə özəlləşdirmə komissiyası (kiçik müəssisələr istisna olmaqla) tərəfindən müəssisənin əmlakının inventarlaşdırılması əsasında həyata keçirilir.

Özəlləşdirmə prosesində kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmlakının bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsi müəssisə rəhbəri və baş mühasib tərəfindən müəssisənin (obyektin) əmlakının inventarlaşdırılması əsasında həyata keçirilir. Kiçik dövlət müəssisələri (obyektləri) özəlləşdirilərkən, bu Əsasnamə ilə özəlləşdirmə komissiyasının hüquqlarına aid edilən digər hüquqlar da göstərilən qaydada həyata keçirilir.

16. Əsas vəsaitlər onların balans dəyərindən qiymətləndirmə dövrünə amortizasiya normaları əsasında köhnəlmə məbləği çıxılmaqla müəyyən edilmiş qalıq dəyəri ilə qiymətləndirilir.

Əsas vəsaitlərin (daşınmaz və daşınar əmlakın) bu qayda ilə hesablanmış dəyəri qiymətləndirmə dövrünə eyni və ya analoji növlü əsas vəsaitlərin qiymətlərinə uyğun gəlmədikdə (az və ya çox olduqda), müəssisənin özəlləşdirmə komissiyası qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəssisənin əmlakının qiymətləndirilməsini təşkil edir. Bu halda, əsas vəsaitlərin dəyərini bazar prinsipləri əsasında müəyyən etmək məqsədilə aparılan qiymətləndirmə müəssisə rəhbərinin və ya özəlləşdirmə komissiyasının təşəbbüsü ilə qanunvericiliyə uyğun olaraq qiymətləndiricilər və maliyyə məsləhətçiləri tərəfindən həyata keçirilir.

Həmin məqsədlə müəssisə ilə qiymətləndiricilər arasında müqavilə bağlanılır. Qiymətləndiricilər (hüquqi və fiziki şəxslər) dövlət əmlakının düzgün qiymətləndirilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin əmlakı Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təkrar qiymətləndirildikdə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndiricilərlə (maliyyə məsləhətçiləri ilə) müqavilə bağlanılır. Bu halda qiymətləndiricilərə xidmət haqqı «müvəffəqiyyətə görə ödəniş» prinsipi əsasında dövlət əmlakının alıcısının vəsaiti hesabına və ya dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə qanunvericiliklə müəyyən edilmiş ayırmalar hesabına həyata keçirilir.

17. Əsas vəsaitlərin təkrar qiymətləndirilməsinə dair tərtib edilmiş sənədlər özəlləşdirmə komissiyası tərəfindən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edilir. Qiymətləndirmə sənədləri müəyyən olunmuş qaydada təsdiq edildikdən sonra qiymətləndirmənin nəticələri müəssisənin mühasibat və statistika uçotu və hesabatlarında düzəlişlər etmək üçün istifadə olunur.

18. Əsas vəsaitlərin balans dəyəri inventarlaşdırmanın nəticələri nəzərə alınmaqla mühasibat uçotu məlumatları (uçot kitabları, inventar kartları və s.) əsasında müəyyən edilir.

İnventarlaşdırma nəticəsində qalıq kimi aşkar edilmiş, lakin mühasibat uçotunda əks etdirilməyən əsas vəsaitlərin balans dəyəri bu Əsasnamənin 16-cı bəndinə uyğun olaraq qiymətləndirilir.

19. Normativ istismar müddəti bitmiş, lakin istifadəyə yararlı olan əsas vəsaitlərin və ya onların ayrı-ayrı hissələrinin (detallarının, qovşaqlarının və s.) gələcəkdə istifadə olunmaq dərəcəsi nəzərə alınmaqla qalıq bərpa dəyəri müəyyən edilir. İstifadəyə yararlı olan əsas vəsaitlərin qalıq bərpa dəyəri fiziki və mənəvi aşınma vəziyyəti nəzərə alınmaqla müəssisənin özəlləşdirmə komissiyası tərəfindən qiymətləndirilir.

20. Tikintisi başa çatdırılmamış obyektlərin və quraşdırılmamış avadanlıqların özəlləşdirmə dövründə dəyəri bu Əsasnamənin 16-cı bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilir. Özəlləşdirilməsi nəzərdə tutulan tikintisi başa çatdırılmamış perspektivsiz obyektlər özəlləşdirmə komissiyası və ya qiymətləndirici tərəfindən onların tikintisinə sərf olunmuş yararlı tikinti materiallarının (konstruksiyalarının) dəyəri nəzərə alınmaqla qiymətləndirilir. Bu zaman obyektin perspektivsizlik göstəricilərinin müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara uyğun aparılır.

21. Az qiymətli və tez köhnələn əşyaların dəyəri onların balans dəyərindən hesablanmış köhnəlmə çıxılmaqla müəyyən edilir.

22. Uzunmüddətli maliyyə qoyuluşları balans dəyəri üzrə qiymətləndirilir.

23. Qeyri-maddi aktivlər onların balans dəyərindən köhnəlmə məbləği çıxılmaqla qiymətləndirilir.

24. Ehtiyatlar və məsrəflər mövcud vəziyyətə olan balans dəyəri ilə qiymətləndirilir.

25. Pul vəsaitləri, hesablaşmalar və sair dövriyyə aktivləri balans dəyəri ilə qiymətləndirilir.

26. Müəssisənin valyuta hesablarında olan pul vəsaitləri, valyuta ilə ödənilməsi nəzərdə tutulan debitor borcları qiymətləndirmə tarixinə manatın Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilmiş məzənnə əsasında qiymətləndirilir.

27. Bu Əsasnaməyə uyğun olaraq müəssisənin hesablanmış ilkin qiymətinə tətbiq edilən əmsallar (bazar konyunkturu nəzərə alınmaqla) Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

28. Bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələrinin qalıq dəyəri aşağıdakı qaydada müəyyən edilir:

 

 

 

Qd = K x Sü x Bə x Hə x Mə x Aə

 

burada:

Qd—bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahəsinin qalıq dəyəri;

K—özəlləşdirmə zamanı 1 kv.m sahənin qəbul edilən normativ dəyəri;

Sü—qiymətləndirilən ümumi sahə;

Bə—bina əmsalı;

Hə—hündürlük əmsalı;

Mə—mərtəbəlilik əmsalı;

Aə—bina və tikilinin köhnəlmə əmsalıdır.

Bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahəsinin qalıq dəyərinin müəyyən edilməsi üçün tətbiq edilən əmsallar Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

29. Bina və tikililərin bir hissəsində yerləşən dövlət müəssisə və obyektlərinin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı müəyyən edilərkən onlara aid olan sahələrin (qeyri-yaşayış, istehsal və digər təyinatlı sahələrin) bu Əsasnamənin 28-ci bəndinə uyğun olaraq hesablanmış qalıq dəyəri qiymətləndirilən əsas vəsaitlərin ümumi dəyərinə daxil edilir.

30. Müəssisənin özəlləşdirmə komissiyası tərəfindən əsas vəsaitlərin, mal-material qiymətlilərinin, başa çatdırılmamış tikililərin, quraşdırılmamış avadanlıqların, uzunmüddətli maliyyə qoyuluşlarının, qeyri-maddi aktivlərin, ehtiyat və məsrəflərin, xarici valyutada pul vəsaitlərinin (debitor borclarının) qiymətləndirilməsi aktları Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin müəyyən etdiyi formalarda tərtib olunur.

31. Özəlləşdirilən dövlət müəssisəsinin özəlləşdirmə komissiyası tərəfindən təqdim olunmuş əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi aktları müəyyən edilmiş qaydada ekspertiza edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunur. Dövlət müəssisəsinin rəhbəri, baş mühasibi və özəlləşdirmə komissiyasının üzvləri Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edilən əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi aktlarının, habelə digər özəlləşdirmə sənədlərinin dürüstlüyü üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

32. Müəssisənin özəlləşdirmə sənədlərinə (özəlləşdirmə planına) qanunvericiliklə özəlləşdirilməsi qadağan olunmuş obyektlərin, müəssisənin balansında olan və özəlləşdirmədən sonra dövlət mülkiyyətində saxlanılan, yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının və müvafiq təşkilatların balansına verilən sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərin, habelə müəssisənin əmlak kompleksinin tərkibindən çıxarılaraq ayrıca özəlləşdirilən obyektlərin siyahısı əlavə edilir.

33. Dövlət müəssisəsinin (obyektinin) əmlakının qiymətləndirilməsi aktları təsdiq edildiyi gündən onun özəlləşdirilməsi barədə alqı-satqı müqaviləsi bağlananadək və ya səhmlərin nəzarət zərfi satılanadək əsas vəsaitlərin silinməsi və özgəninkiləşdirilməsi yalnız mövcud qanunvericiliyə uyğun Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin razılığı alınmaqla həyata keçirilə bilər.

34. Müəssisə rəhbərliyi əmlakın (səhmlərin və ya hissələrin) satışa çıxarıldığı tarixə müəssisənin (obyektin) start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı hesablanarkən qiymətləndirmə aktlarında göstərilmiş əmlakın tərkibində (dəyərində) baş vermiş dəyişikliklər barədə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə zəruri məlumatları (sənədləri) təqdim etməlidir. Əmlakın tərkibində (dəyərində) baş vermiş dəyişikliklərə dair müəssisə tərəfindən təqdim edilən sənədlərə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən baxılır və həmin dəyişikliklər nəzərə alınmaqla satışa çıxarılanadək müəssisənin start (satış) qiyməti və ya səhmdar cəmiyyətin nizamnamə kapitalı dəyişdirilir.

35. Bu Əsasnamənin tələblərinə riayət edilməsi Azərbaycan Respublikası ərazisində yerləşən bütün dövlət müəssisələri üçün məcburidir və həmin tələblərin pozulması özəlləşdirilən əmlakın qiymətləndirilməsinin etibarsız hesab edilməsi üçün əsasdır.