Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasında əhalinin ekoloji tələblərə cavab verən keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Bu sahədə son illər görülən işlərə baxmayaraq, hələ də bir sıra rayonlarda əhalinin təmiz su ilə təminatında problemlərin mövcudluğu müşahidə olunur.

Qeyd olunanları nəzərə alaraq, Kür və Araz çaylarının sularından istifadə edən Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında, habelə Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarında əhalinin su təminatmı yaxşılaşdırmaq məqsədilə qərara alıram:

1. Kür və Araz çaylarının sularından istifadə edən 100 (yüz) yaşayış məntəqəsində 2007-2008-ci illərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, modul tipli sutəmizləyici qurğuların quraşdırılmasını və istifadəyə verilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki:

 

3.1. bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ayrılmasını təmin etsin;

3.2. bu layihənin həyata keçirilməsi üçün tələb olunan əlavə vəsaiti 2008-ci il dövlət büdcəsinin formalaşdırılması zamanı nəzərə alsın.

 

4. Quraşdırılmış sutəmizləyici qurğuların normal və fasiləsiz istismarını və onlara texniki xidmətin göstərilməsini təmin etmək məqsədilə həmin qurğular qanunvericiliyə uyğun olaraq müvafiq bələdiyyələrin istifadəsinə verilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 iyun 2007-ci il

2245