Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Son zamanlar Azərbaycan Respublikasında, xüsusilə Bakı şəhərində tikinti işləri geniş vüsət almışdır. Əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi nəticəsində tikinti sahəsinə yönələn investisiyaların həcmi kəskin surətdə artmışdır. Belə ki, ölkədə çoxmərtəbəli binaların əksəriyyəti özəl sektor tərəfindən inşa olunur. Bu da əhalinin mənzil təminatında və yeni infrastruktur sahələrinin yaradılmasında mühüm rol oynamaqla yanaşı, ciddi narahatlıq doğuran problemlər yaratmışdır.

 Bir sıra hallarda tikinti şirkətləri tərəfindən müəyyən olunmuş tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmaması bu tikintilərdə qəza halları, yanğınlar və orada çalışan insanların tələfatı ilə bağlı bədbəxt hadisələrlə nəticələnir. Bununla yanaşı, həmin təşkilatlar tərəfindən əmək müqavilələrinin bağlanmaması işçilərin əmək hüquqlarının pozulmasına və vergidən yayınma hallarına səbəb olur.

 Eyni zamanda, bəzi hallarda yerli icra və özünüidarəetmə strukturlarının nümayəndələri, dövlət məmurları tərəfindən öz vəzifə səlahiyyətlərinin aşması inşaat işləri üçün nəzərdə tutulmayan, dövlət fondunda və ümumi istifadədə olan ərazilərin tikinti üçün ayrılmasına, şəhərsalma sənədlərinə riayət edilməməsinə, ekoloji və sanitar normalarının tələblərinin pozulmasına şərait yaratmışdır.

 Tikinti üçün torpaq sahələri ayrılarkən mühəndis-axtarış işlərinin lazımi səviyyədə aparılmaması, tikinti işlərinin mövcud kommunikasiya xətlərinin təhlükəsizlik zolaqlarında həyata keçirilməsi, layihələndirmə sənədlərinin düzgün hazırlanmaması, tikintidə keyfiyyətsiz, standartlara cavab verməyən materiallardan istifadə olunması, tikinti norma və qaydalarının kobud pozulması bu sahədə dövlət nəzarətinin daha da gücləndirilməsini tələb edir.

 Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasında tikinti fəaliyyətinin bütün mərhələlərində dövlət nəzarətini gücləndirmək məqsədi ilə qərara alıram:

 1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki:

 - tikinti fəaliyyətinin bütün mərhələlərində dövlət nəzarətini təmin etsin;

 - respublika ərazisində tikintisi aparılan bütün ictimai və çoxmənzilli yaşayış binaları üzrə qısa müddət ərzində araşdırma aparıb qüvvədə olan tikinti norma və qaydalarına əməl olunmadan aparılan tikinti işlərinin bu çatışmazlıqlar tam aradan qaldırılana qədər mövcud qaydalara uyğun dayandırılmasını təmin etsin;

 - inşası 2001-ci ildən sonra başlanmış və nazirliyin ekspertizasından keçməmiş bütün ictimai və çoxmənzilli yaşayış binalarının qısa müddət ərzində müayinəsini və dövlət ekspertizasından keçirilməsini təmin etsin;

 - tikintisi başa çatmış, lakin Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməmiş binaların müayinəsini təmin edib müvafiq rəylər hazırlasın;

 - aidiyyəti dövlət orqanları ilə birlikdə respublikanın şəhər və rayonlarında aparılan tikinti işlərinin qüvvədə olan şəhərsalma, ekoloji və sanitar normalarına uyğunluğuna nəzarəti gücləndirsin, bu sahədə yol verilən pozuntuların qarşısının alınması və çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görsün;

 - aidiyyəti dövlət orqanları ilə birlikdə tikintidə standartlara uyğun, keyfiyyətli tikinti materiallarından istifadə edilməsi üçün əlavə tədbirlər görsün;

 - aparılan müayinələr zamanı qanun pozuntuları aşkar olunduğu hallarda müvafiq tədbirlərin görülməsi üçün materialların hüquq mühafizə və məhkəmə orqanlarına göndərilməsini təmin etsin;

 - tikinti sahəsində dövlət nəzarət mexanizminin təkmilləşdirilməsi üzrə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

 2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə tikinti sahəsində işçilərin əmək şəraitinin və iş yerlərinin əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına uyğun olmasına, işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyim ilə işəgötürənlər tərəfindən təmin edilməsinə və əmək münasibətlərinin əmək müqaviləsi əsasında tənzimlənməsinə nəzarəti gücləndirsin.

 3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bir ay müddətində tikinti şirkətləri (kooperativləri) tərəfindən vergidən yayınma hallarının qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

 4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılsın ki, bir ay müddətində şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi və şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi sahəsində təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

 5. Nəzərə alınsın ki, torpaq sahələrinin ayrılması və tikintiyə icazə verilməsi zamanı ekoloji və sanitar normalara, mövcud kommunikasiya xətlərinin təhlükəsizlik zolaqları, binalar arasında məsafələrin gözlənilməsi barədə mövcud texniki normativlərə və müvafiq ərazilərin şəhərsalma sənədlərinə əməl edilməməsinə görə yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri məsuliyyət daşıyırlar.

 6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

 - tikinti sahəsinə dair dövlət standartlarına yenidən baxılmasını təmin etsin və həmin standartların müasir tələblərə uyğunlaşdırılaraq təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 - tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 - aidiyyəti dövlət orqanları ilə birlikdə tikinti sahəsində dövlət nəzarət mexanizminin təkmilləşdirilməsi, o cümlədən tikinti və tikintidə təhlükəsizlik qaydalarının pozulmasına görə məsuliyyətin sərtləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 - bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 7. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 avqust 2007-ci il

№ 624