“Dövlət qeydiyyatına alınmışdır”

Azərbaycan Respublikası

Ədliyyə Nazirinin

28 oktyabr 2005-ci il tarixli,

21-T nömrəli əmri ilə

təsdiq edilmişdir

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Qeydiyyat № 3202

21 noyabr 2005-ci il

Nazir __________ Fikrət Məmmədov

 

 

Notariat fəaliyyətinin yoxlanılması

 

QAYDALARI[1]

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar dövlət və xüsusi notariusların, eləcə də Dövlət notariat arxivi müdirinin (onu əvəz edən vəzifəli şəxsin) notariat hərəkətlərinin aparılması sahəsində fəaliyyətinin təsadüfi seçmə üsulu qaydasında yoxlanılmasının təşkili və həyata keçirilməsi üsullarmı müəyyən edir.[2]

1.2. Yoxlama zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın, “Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında Təlimat”ın, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin kollegiya qərarları, əmr və göstərişləri rəhbər tutulur.

1.3. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər bir notariusun və arxiv müdirinin notariat fəaliyyəti iki ildə bir dəfədən az olmayaraq yoxlanılır.

1.4. Notariat fəaliyyətinin yoxlanılması plan üzrə və plandan kənar aparılır:

1.4.1. Notariat fəaliyyətinin plan üzrə yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi rəisinin, Naxçıvan Muxtar Respublikası ərazisində isə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilən yoxlama planına uyğun şəkildə aparılır.

1.4.2. Notariat fəaliyyətinin plandan kənar yoxlanılması, fiziki və hüquqi şəxslərin şikayətləri, kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar, dövlət orqanlarının müraciətləri əsasında, habelə notariat fəaliyyətini davam etdirmək istəyən notariusun şəhadətnaməsinin müddətinin uzadılması üçün onun fəaliyyətinin qiymətləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası ərazisində isə müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi rəhbərliyinin, Qeydiyyat və notariat baş idarəsi rəisinin tapşırığı əsasında aparılır.[3]

1.4.3. Notariat fəaliyyəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumu tərəfindən yoxlamanın keçirilməsi təşkil olunur.[4]

1.5. Yoxlamanın aparılması üçün yoxlama heyəti yaradılır. Yoxlama heyətinin tərkibində aşağıdakı şəxslərin iştirakına yol verilmir:

- Bu heyətin tərkibində olan şəxs yoxlanılan notariusun yaxın qohumu olduqda;

- Yoxlamanın əhatə etdiyi dövr ərzində əvvəllər həmin notariat ofisində işləmiş şəxs olduqda.

1.6.          Plan üzrə yoxlama keçirilməzdən əvvəl yoxlama heyəti notariusun fəaliyyəti ilə bağlı daxil olmuş şikayətləri, ərizələri, müraciətləri, statistik məlumatları, əvvəlki yoxlamanın materiallarını öyrənir.

1.7. Notarius yoxlama aparan səlahiyyətli şəxslərə notariat fəaliyyətinə aid bütün məlumat və sənədləri təqdim etməyə borcludur.

1.8. Yoxlama aparan səlahiyyətli şəxslər yoxlama zamanı əldə edilmiş məlumatları yaymamalıdırlar.

1.9. Yoxlama notariusun iş fəaliyyəti dayandırılmadan aparılır.

1.10. Yoxlamanın müddəti işin həcmindən asılı olaraq 7 (yeddi) iş günündən artıq olmamalıdır. Zərurət yarandıqda həmin müddət artırıla bilər.

1.11. Şikayətlər üzrə aparılan yoxlamalar zamanı notariat ofisində quraşdırılmış müşahidə kameralarında saxlanılan məlumatlardan (görüntü və səs yazıları) istifadə edilir.[5]

 

2. Yoxlamanın aparılması

 

2.1. Yoxlama zamanı aşağıdakılar araşdırılmalıdır:

2.1.1. Notariat fəaliyyətinin aparılmasında qüvvədə olan qanunvericiliyin düzgün tətbiqi vəziyyəti;

2.1.2. Notariat ofisində əhaliyə göstərilən hüquqi xidmət işinin təşkili, notarius və işçiləri tərəfindən əmək və icra intizamına riayət edilməsi, habelə notariat hərəkətlərinə dair əyani vəsaitlərin olması (əməliyyatların növü, telefon vasitəsilə məlumat almaq və elektron poçt vasitəsi ilə müraciət etmək imkanı), elektron xidmət köşklərindən istifadə və bu köşklərin vətəndaşların rahat istifadə edə biləcəyi sahədə yerləşdirilməsi;[6]

2.1.3. Qüvvədə olan normativ hüquqi aktların, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, o cümlədən Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin kollegiya qərarlarının, əmr və göstərişlərinin notarius və notariat ofisinin işçiləri tərəfindən öyrənilməsi və icra olunması vəziyyəti;[7]

2.1.4. Fiziki və hüquqi şəxslərin, habelə dövlət və bələdiyyə orqanlarının müraciətlərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə baxılması (notariat ofisinin həmin dövrdəki fəaliyyəti ilə bağlı daxil olmuş ərizə və şikayətlərin sayı, verilən cavabların əsaslığı və dolğunluğu);[8]

2.1.5. Notariat hərəkətləri sirrinin saxlanılmasına riayət edilməsi (vətəndaşların qəbulu, sənədlərin tərtibatı, layihələrin hazırlanması, arxivləşmənin aparılması zamanı);

2.1.6. Vətəndaşların qəbulu işinin təşkili (növbəliyə riayət edilməsi, istiqamətləndirici işarələrin və yazıların, habelə şikayət etmək üçün “Qaynar xətt”ə dair əyani vəsaitlərin olması);

2.1.7. Yoxlanılan dövrə aid aparılmış notariat hərəkətlərinə görə statistik məlumatların “Elektron notariat” informasiya sisteminə daxil edilmiş məlumatlarla uyğunluğunun yoxlanılması;[9]

2.1.8. Əvvəlki yoxlama ilə aşkara çıxarılmış nöqsanların təhlili və aradan qaldırılması üçün görülmüş tədbirlər;

2.1.9. Notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən dövlət rüsumu və haqqın alınması, o cümlədən ödənişdən azadolmaların əsaslılığı, xüsusi notariusların notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında haqqın və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş xidmətlərə görə haqqın alınmasına, eləcə də notariuslar tərəfindən əqdlərin, etibarnamələrin və sənədlərdəki imzaların həqiqiliyinin real vaxt rejimində videoyazı vasitəsilə rəsmiləşdirilməsinə görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində haqqın tutulmasına dair ödəniş sənədlərinin olması;[10]

2.1.10. Notariat hərəkətlərinin rəsmiləşdirilməsindən imtina edilməsi barədə çıxarılan qərarların əsaslığı, həmin qərarlardan verilmiş şikayətlər və onların məhkəmələr tərəfindən təmin olunması;

2.1.11. Məhkəmə tərəfindən ləğv edilmiş notariat hərəkətləri və onların səbəbləri (müvafiq qərarları çıxarmış məhkəmələrin adı, qərarın tarixi, nömrəsi);[11]

2.1.12. Xüsusi notariusun Ədliyyə Nazirliyi ilə razılaşdırılmış yerdə fəaliyyət göstərməsi, notariat ofisinin yerləşdiyi yerin notariat fəaliyyətinin aparılması tələblərinə cavab verməsi, o cümlədən, notariat ofisinin adım və iş rejimini əks etdirən lövhənin olması, arxiv sənədlərinin saxlanılması və qorunması üçün şəraitin olması;[12]

2.1.13. Xüsusi notarius tərəfindən aylıq gəlirinin “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 1 faizinin zəmanət kassasına, üzvlük haqqının Notariat Palatasına ödənilməsi, xüsusi notariusun bağladığı sığorta müqaviləsinin qüvvədə olması, xüsusi notariuslar tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi orqanına bəyannamənin verilməsi (hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq);[13]

2.1.14. Xüsusi notariusun iş rejimi, xüsusi notariat ofisinin ştat cədvəli və xüsusi notarius tərəfindən işə qəbul olunan namizədlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılması;

2.1.15. Notariat hərəkətlərinin aparılması üçün müəyyən edilən, dövlət gerbinin təsviri əks olunmuş blankların, notariusun sənədlərinin, şəxsi gerbli möhürünün, elektron imzasının və müvafiq ştamplarının saxlanılması vəziyyəti;[14]

2.1.16. Notariat ofisinin maddi-texnik təchizatı (kompüterin, ksero surət aparatının, faksın, seyfin, dəmir və yanmayan şkafların, digər avadanlıqların, telefon əlaqəsinin, modemin, optik xətlərin olması və s.);[15]

2.1.17. Notariat ofisində kargüzarlıq işlərinin vəziyyəti;

2.1.18. Notariat hərəkətlərinin (vərəsəlik şəhadətnamələrinin, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələrin, ər-arvadın ümumi daşınmaz əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi, mirasın qorunması üçün tədbirlərin görülməsi, icra qeydlərinin aparılması və dəniz protestinin tərtib edilməsi) aparılmasında ərazi prinsiplərinə riayət edilməsi;[16]

2.1.19. Yanğından mühafizə üzrə görülən tədbirlər;[17]

2.1.20. Dövlət rüsumunun və ya haqqın, habelə xidmətə görə haqqın dərəcələri barədə məlumatların lövhə şəklində asılması;[18]

2.1.21. Notariat kontorunda namizədin notarius yanında təcrübə keçməsi vəziyyəti.[19]

2.1.22. Notariat ofisində quraşdırılmış müşahidə kameralarının işlək vəziyyətdə olması, notarius və notariat ofisinin işçiləri tərəfindən vətəndaşların qəbul edildiyi müşahidə zonalarının tam əhatə olunması imkanının yaradılması;[20]

2.1.23. Xüsusi notarius tərəfindən notariat hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində həm notariat ofisində, həm də ofisdən kənar aparılması, eləcə də notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində notariat hərəkətlərinin aparılmasına görə hər bir notariusun özü tərəfindən müəyyən edilən haqqın ödənilməsi ilə bağlı sənəd;

2.1.24. Notariat hərəkətləri üzrə sənədlərin mətninin “Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında Təlimat”da müəyyən edilmiş qaydada hazırlanması.[21]

 

3. Bəzi notariat hərəkətlərinin yoxlanılmasının xüsusiyyətləri

 

3.1. Əmlakla əlaqədar əqdlər üzrə:

3.1.1. Müqavilənin məzmununda zəruri şərtlərin olması, notarius tərəfindən müqaviləni imza edən şəxslərin səlahiyyətlərinin müəyyən edilməsi;

3.1.2. Həmin hərəkətlərin aparılması üçün təqdim olunan sənədlərin dolğunluğu (sənədlərin aidiyyəti qurumların səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilməsi, sənəddə əks olunan məlumatın əqdin rəsmiləşdirilməsi üçün zəruri olması) və təqdim olunan arayışlarda göstərilən müddəti;[22]

3.1.3. Müqaviləyə əlavə edilmiş sənədlər;

3.1.4. Tarix və mədəniyyət abidələri, habelə paylı mülkiyyətdə olan əmlak satılarkən və ya dəyişdirilərkən, qanunla nəzərdə tutulan hallarda satın almaqda üstünlük hüququna dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218-ci və 660-cı maddələrinin tələblərinə riayət edilməsi və yetkinlik yaşına çatmayanların mülkiyyət hüquqlarının qorunması.

Ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlaka sərəncam verilməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci və 223.2-ci maddələrinə uyğun olaraq (bütün mülkiyyətçilərin razılığı ilə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılmasından sonra hər bir mülkiyyətçi tərəfindən) həyata keçirilməsi;[23]

3.1.5. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilmiş müqavilə bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının alınması;[24]

3.1.6. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən notariusların notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiq edilməsi;

3.1.7. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsasən kağız daşıyıcıda təqdim olunan ərizələr və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi;

3.1.8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi arasında real vaxt rejimində qarşılıqlı şəkildə hüquqların dövlət qeydiyyatına dair çıxarışın, habelə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışların əldə edilməsi, notariat qaydasında təsdiq olunması və notariuslar tərəfindən təsdiq edilən müqavilələrin, eləcə də digər məlumatların ötürülməsi qaydalarına riayət olunması vəziyyəti;

3.1.9. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi üzrə müqavilələrin təsdiq edilməsi zamanı yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən fiziki, hüquqi, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən ödəmə mənbəyindən sadələşdirilmiş verginin tutulması və tətbiq olunan azadolmalara dair sənədlər;

3.1.10. Notarius tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilənin təsdiqi zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sadələşdirilmiş verginin hesablanaraq dövlət büdcəsinə ödənilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannamənin vergi orqanına göndərilməsi;

3.1.11. Əqdlərin “Elektron notariat” informasiya sistemi vasitəsi ilə hazırlanması, üzərində mühafizə elementləri olan barkod (01.06.2015-ci il tarixdən başlayaraq aparılan notariat hərəkətləri üzrə) və QR-kodların əks etdirilməsi (01.08.2018-ci il tarixdən başlayaraq aparılan notariat hərəkətləri üzrə);

3.1.12. Əqdlərin təsdiq edilməsindən əvvəl “Elektron notariat” informasiya sistemi vasitəsilə aşağıdakı məlumatların yoxlanılması işi:

- digər notariat ofislərində eyni tərəflər arasında eyni predmet üzrə əqdlərin layihələrinin hazırlanıb-hazırlanmaması;

- rəsmiləşdirilməsi tələb olunan əmlaka dair digər notariat ofislərində əqdlərin təsdiqi və ya ləğv edilməsi;

- müqavilələrin bağlanılmasına əvvəlcədən verilmiş (ər-arvadın və ya yaşayış yeri üzrə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin) razılığın təsdiqi və ya razılıqdan imtina edilib-edilməməsi;

- vərəsəlik işinin açılıb-açılmaması;

- mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilib-verilməməsi.

3.2. Etibarnamələr üzrə:

3.2.1. Etibarnamənin təsdiqi zamanı verilmiş hüquqların qanunvericiliyin tələblərinə uyğunluğu;

3.2.2. Etibar edilmişi başqasına etibaretmə qaydasında təsdiq edilmiş etibarnamə üzrə artıq hüquqların etibar edilib-edilməməsi və onun müddətinin əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq olub-olmaması;

3.2.3. Etibarnamənin ləğv edilməsi zamanı bu barədə notariat qaydasında təsdiq edilmiş müvafiq ərizənin alınması;[25]

3.2.4. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin təsdiq edilməsindən əvvəl əsas etibarnamənin qüvvədə olub-olmamasının “Elektron notariat” informasiya sistemi vasitəsilə yoxlanılması (iş prosesində);

3.2.5. Başqa notariat ofisində təsdiq edilmiş etibarnamələrə xitam verilməsi və bu barədə ərizənin “Elektron notariat” informasiya sistemi vasitəsi ilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsi.[26]

3.3. Vəsiyyətnamələr üzrə:

3.3.1.         Vəsiyyətnamənin vəsiyyət edən və ya notarius tərəfindən qanunvericiliyə uyğun tərtib edilməsi;

3.3.2.  Vəsiyyətnaməni vəsiyyət edənin şəxsən imzalaması və ya onun xahişi ilə başqa şəxs tərəfindən imzalamasının səbəbinin vəsiyyətnamədə və reyestrdə göstərilməsi;

3.3.3.         Vəsiyyətnamənin ləğv edilməsi zamanı bu barədə müvafiq ərizənin, eləcə də əvvəlki vəsiyyətnaməni ləğv edən və ya dəyişdirən yeni vəsiyyətnamənin alınması.

3.3.4.  Vəsiyyətnamənin əlifba kitabı üzrə üzləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar.

3.4. Vərəsəlik işləri üzrə:

3.4.1. Mirasın qəbulu, mirasdan imtina edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizədə imzanın həqiqiliyinin notariat qaydasında təsdiq edilməsi, daxil olan sənədlərin qeydi kitabına salınması və vərəsəlik işinin açılması. Bu ərizələrdə uçot nömrəsi və tarixinin qeyd edilməsi (vərəsəlik işlərinin uçotu kitabında mirasın qəbul edilməsi, mirasdan imtina haqqında ərizələr qeydə alınır və miras qoyanın adına vərəsəlik işi açılır);

3.4.2. Mirasın açılmasına, mirasın açıldığı yerə, mirasın qəbul edilməsinə, vərəsəliyə çağırılmanın əsaslarına və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlaka dair sənədlərin (mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir) olması.

Mirasın qəbulu, mirasın qəbulundan imtina barədə ərizələr notariat qaydasında təsdiq olunarkən qanunvericiliklə müəyyən olunmuş müddətlərə riayət olunması. Mirasın qəbul edilməsini müəyyən edən sənədlərin alınması;

3.4.3. Vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilərkən mirasda məcburi payı olan şəxslərə məcburi pay hüququna dair şəhadətnamənin verilməsi;[27]

3.4.4. Miras əmlakın olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər və onların əldə olunması barədə notariusun müvafiq sorğuları;

3.4.5. Notarius tərəfindən miras əmlakın qorunması ilə bağlı əmlakın siyahıya alınması, əmlak idarəçisinin təyin edilməsi, mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görülməsi.[28]

3.5. Ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üzrə:

3.5.1. Əmlakın ər-arvada məxsusluğu və birgə nikah dövründə əldə edilməsi əsasları barədə müvafiq sənədlərin olması (nikahdan əvvəl, bağışlama və ya digər əvəzsiz əqdlər üzrə, habelə vərəsəlik qaydasında əldə edilmiş əmlak istisna olmaqla);

3.5.2. Sağ qalmış ərə-arvada birgə nikah dövründə əldə edilmiş əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin ərizə əsasında verilməsi;[29]

3.5.3. Şəhadətnamənin ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilməsi.[30]

3.6. Öhdəliyin icra predmetinin saxlanmağa, pul məbləğinin, qiymətli kağızların və vəsiyyətnamələrin rəsmən depozitə qəbul edilməsi üzrə:

3.6.1. Depozitə qəbul edilən pul məbləğləri və qiymətli kağızlar barədə ödəniş qəbzlərinin olması;

3.6.2. Notarius tərəfindən pul məbləğlərinin və qiymətli kağızların daxil olması haqqında kreditorun məlumatlandırılması;

3.6.3. Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsinin və qaytarılmasının notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməsi (pul məbləğinin notariusun depozit hesabına qoyulması ilə bağlı müvafiq sənədlərin notariat işində olmasının yoxlanılması).[31]

3.7. İcra qeydləri üzrə:

3.7.1. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı;

3.7.2. İcra qeydinin müddətinin müəyyənləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar.

3.8. Veksellərə protestlərin tərtibi üzrə:

3.8.1.         Veksellərin növü üzrə veksellərə protestlərin notarius tərəfindən verilməsi;

3.8.2.         Notarius tərəfindən növ üzrə veksellərə protestlərin qanunvericiliyə uyğunluğu, o cümlədən, rekvizitlərin mövcudluğu;

3.8.3.         Veksellərə protestlərin verilməsi müddətinin qanunvericiliyə uyğunluğu, veksellərin müvafiq şəxs tərəfindən təqdim olunması, notarius tərəfindən veksellərə protestlərin verilməsi və müvafiq şəxsə təqdim olunması;

3.8.4.         Veksellərin akseptlərinin reyestr üzrə və ya notariusda saxlanılan sənədlərin surətləri üzrə yoxlanılması və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar.

3.9. Dəniz protestlərinin tərtibi üzrə:

3.9.1. Dəniz protesti haqqında ərizənin olub-olmaması;

3.9.2. Həmin ərizəni verən şəxsin onu imzalamağa səlahiyyətli olması;

3.9.3. Gəmi jurnalının çıxarışım sənədlərə əlavə edilməsi;

3.9.4. Dəniz protestinin notariusa təqdim edilmə müddətinin gözlənilməsi;

3.9.5. Notarius tərəfindən dəniz protesti haqqında aktın tərtib edilməsi.

3.10. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - PL/TMM qanunu) tələblərinə nəzarətin həyata keçirilməsi üzrə aşağıdakılar müəyyən edilməlidir:[32]

3.10.1. Daşınmaz əmlakın alqı-satqısı, müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması, müştərinin bank və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar, hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlə pul vəsaitlərinin toplanmasının təşkil olunması, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar notariat hərəkətləri aparılarkən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin həyata keçirilməsi ilə bağlı görülən işlərlə əlaqədar:

3.10.1.1. müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi, verifikasiyası:

- təqdim edilmiş fiziki şəxsin şəxsiyyətini, hüquqi şəxsin hüquq qabiliyyətini və nümayəndənin səlahiyyətini təsdiq edən sənəd və məlumatların araşdırılması və həqiqiliyinin müəyyən edilməsi;

- əldə olunmuş eyniləşdirmə məlumatlarının verifikasiyası - informasiya sistemləri vasitəsilə üzləşdirilməsi, yoxlanılması və təsdiq edilməsi (fiziki şəxsin doğum tarixinin, yaşayış yerinin, hüquqi şəxsin dövlət reyestrinə daxil edilən məlumatların dəqiqləşdirilməsi və s.);

3.10.1.2. yüksək riskli əməliyyatlara dair görülən əlavə eyniləşdirmə tədbirləri:

- hesabların və işgüzar əlaqələrin yoxlanılması və ya digər üsullarla əməliyyatların həyata keçirilməsi məqsədinin və əməliyyatın mahiyyətinin aydınlaşdırılması;

- hüquqi şəxs olan müştərinin səhmdarlarının və onların iştirak paylarının öyrənilməsi;

- digər etibarlı mənbələr vasitəsilə müştəri, benefisiar mülkiyyətçi və əgər mümkündürsə, pul vəsaitlərinin və ya digər əmlakın mənbəyi barədə daha dəqiq məlumatların əldə edilməsi və üzləşdirilməsi ilə bağlı görülən işlər;

3.10.1.3. əməliyyatın tərəflərini eyniləşdirmək mümkün olmadıqda və ya müştəri və ya benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının verilməsindən imtina edildikdə, habelə müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim olunmuş eyniləşdimə məlumatlarının doğru olmadığı aşkarlandıqda, notariat hərəkətləri aparılmadan maliyyə monitorinqi orqanına bu barədə məlumat verilməsi;

3.10.1.4. PL/TMM qanununun 7-ci maddəsində müəyyən edilmiş halların aşkar edilməsi:

- notariat hərəkətinin aparılması ilə əlaqəsi olmayan şəxsin ödəniş etməsi və ya alqı-satqı məbləğinin üçüncü şəxsin hesabına daxil edilməsi barədə xahişlər;

- müqavilə predmeti olan əmlakın qiymətinin faktiki bazar qiymətindən əhəmiyyətli dərəcədə fərqlənməsi (daha az və ya çox) (əmlakın açıq hərracdan satılması halı istisna olmaqla);

- satılmış əmlakın qısa müddətdə əvvəlkindən əhəmiyyətli dərəcədə fərqlənən qiymət üzrə yenidən birbaşa və ya dolayı yolla satıcıya keçməsi;

- şəxsin öz adından fəaliyyət göstərməsinin şübhə doğurması, eləcə də müştərinin notariusa pulların yuyulması ilə bağlı hər hansı təkliflə müraciət etməsi;

- xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla bağlı əməliyyatların olması;

- cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin, eləcə də terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində müraciətin olması;

3.10.1.5. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin vətəndaşları tərəfindən və ya onlar barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı pul köçürmələri üzrə əməliyyatların təyinatının, mahiyyətinin aydınlaşdırılması;

3.10.1.6. eyniləşdirmə və verifikasiya zamanı əldə olunmuş sənədlərin daxil olan sənədlərin qeydə alınması kitabında qeyd edilməsi, habelə bununla bağlı digər sənədlərin nomenklatura uyğun olaraq yerləşdirilməsi, məlumat daşıyıcılarında və ya elektron formada saxlanılması;

3.10.1.7. eyniləşdirmə və verifikasiya zamanı əldə olunmuş sənədlərin (fiziki şəxsin şəxsiyyətini və səlahiyyətini müəyyən edən sənədin, hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında sənədin, daşınmaz əmlakın hüquqmüəyyənedici sənədinin), pul vəsaitləri və ya digər əməliyyatlara dair sənədlərin, habelə əməliyyatın növündən asılı olaraq təqdim olunmuş digər eyniləşdirmə sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətinin azı beş il saxlanılması;

3.10.1.8. PL/TMM qanununda nəzərdə tutulmuş hallarda və qaydada məlumatların maliyyə monitorinqi orqanına ötürülməsi.

 

4. Notariat fəaliyyəti üzrə kargüzarlığın yoxlanılmasının xüsusiyyətləri

 

4.1. Yoxlama zamanı aşağıdakılar araşdırılmalıdır:

4.1.1. Notariat işlərinin notariat ofisində qanunvericilikdə nəzərdə tutulmuş qaydada nomenklaturaya uyğun olaraq tərtib edilməsi.

4.1.2. Kargüzarlığın dövlət dilində və latın qrafikası ilə aparılması, həmçinin bu zaman texniki vasitələrdən istifadə edilməsi.

4.1.3. Nomenklatura uyğun olaraq notariat ofisində aşağıda qeyd edilən işlərin (arayışlar, sənədlər və sair) olması, o cümlədən:[33]

- statistik hesabatlar;

- notariusun fəaliyyətinin yoxlanılması nəticələri barədə arayışlar və aktlar;

- notariat ofisinin işçilərinə dair əmrlər və digər sənədlər;

- Ədliyyə Nazirliyi, idarə, müəssisə və vətəndaşlarla yazışmalar;

- Dövlət notariat arxivinə təhvil verilmiş sənədlərin siyahıları və qəbul-təhvil aktları;

- daxil olan sənədlərin qeydə alınması kitabı;

- göndərilən sənədlərin qeydə alınması kitabı;

- iş vaxtında ofisdən kənar notariat hərəkətlərinin aparılmasının, habelə xüsusi notarius tərəfindən iş vaxtından sonra, istirahət və ya bayram günlərində ofisdən kənar notariat hərəkətlərinin aparılmasının uçotu kitabları;

- notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə çıxarılmış qərarlar;

- notariat hərəkətlərinin notariat reyestrlərində qeyd edilməsi, həmin reyestrlərdə müvafiq nömrənin verilməsi, qaralamaların və düzəlişlərin olub-olmaması;

- təsdiq qeydlərinin formalarına riayət edilməsi;

- vərəsəlik işlərinin uçotu kitabları;

- vərəsəlik işlərinin əlifba kitabları;

- vəsiyyətnamələrin əlifba kitabları;

- miras əmlakın qorunması üçün tədbirlər görülməsinə dair məlumatların uçotu kitabı və sair.

4.1.4. Notariat ofisində saxlanılma müddəti bitmiş notariat işlərinin Dövlət notariat arxivinə təhvil verilməsi üçün nəzərdə tutulmuş müvafiq sənədlərin hazırlanması vəziyyəti.

 

5. Yoxlamanın nəticələri

 

5.1. Notariusun fəaliyyəti yoxlanılarkən aş-kara çıxarılan nöqsanların aradan qaldırılmasında notariusa metodik köməklik göstərilir.

5.2. Notariat ofisinin fəaliyyətinin yoxlanılması başa çatdıqda yoxlamam aparan heyət tərəfindən yoxlamanın nəticəsi haqqında iki nüsxədən ibarət akt tərtib edilir.

- Arayışda bu Qaydaların 2-ci bölməsində göstərilənlərdən əlavə aşağıdakılar da öz əksini tapmalıdır:

5.2.1.  Yoxlamanın aparılması üçün əsas;

5.2.2.         Yoxlama aparan heyət üzvlərinin vəzifəsi, soyadı, adı, atasının adı;

5.2.3.         Yoxlamanın əhatə etdiyi dövr;

5.2.4. Fəaliyyəti yoxlanılan notariat ofisi barədə məlumat:[34]

- notariat ofisinin adı və ünvanı;

- notariusun soyadı, adı, atasının adı, şəhadətnaməsinin nömrəsi;

- notariat ofisində işləyən işçilərin soyadı, adı, atasının adı, təhsili, iş stajı, notariusla işçi arasında əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi (əmək müqaviləsinin bağlanması);

5.2.5. Yoxlama dövrü ərzində notariat hərəkətlərinin aparılmasına dair statistik cədvəl;

5.2.6. Sonuncu yoxlama ilə aşkar edilmiş nöqsanlar və görülmüş tədbirlər barədə qısa məlumat;

5.2.7.         Yoxlama ilə aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün yerində görülmüş tədbirlər;

5.2.8.         Yoxlama aparan şəxsin notariat ofisinin fəaliyyətinə dair rəyi.

5.2-1. Notariusun şəhadətnaməsinin müddətinin uzadılması ilə əlaqədar keçirilən yoxlamanın nəticələri üzrə tərtib edilmiş aktda onun beş il ərzindəki fəaliyyəti əhatə edilir.[35]

5.3.       Notarius aktla tanış olmalı və onu imzalamalı, aktda göstərilənlərə münasibətini bildirməli, yol verilmiş qüsurlara dair yazılı izahat etməlidir. Notarius tərəfindən aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda müvafiq qeyd olmalıdır.

5.4.       Notariat ofisinin fəaliyyətinin yoxlanılmasına dair aktın birinci nüsxəsi Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir, ikinci nüsxəsi isə yoxlanılan notariat ofisində saxlanılır.

5.5.       Yoxlamanın nəticələri Qeydiyyat və notariat baş idarəsinin rəisinə (müavininə) məruzə edilir, yoxlama aparan şəxsin və fəaliyyəti yoxlanılan notariusun iştirakı ilə Qeydiyyat və notariat baş idarəsi rəisinin və ya onun müavininin yanında müzakirə olunur. Zəruri hallarda yoxlamanın nəticələri Ədliyyə Nazirliyinin rəhbərliyinə məruzə edilir, notariusun intizam məsuliyyətinə cəlb olunması və ya notariat hərəkətlərinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasına görə notariusa yazılı və ya şifahi xəbərdarlıq edilməsi məsələlərinə baxılır.[36]

- Naxçıvan Muxtar Respublikasında yoxlamanın nəticələri Naxçıvan Muxtar Respublikası Ədliy Nazirliyinin rəhbərliyinə məruzə edilir və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi qaydada müzakirə olunur.

Notariusun şəhadətnaməsinin müddətinin uzadılması ilə əlaqədar keçirilən yoxlamanın nəticələri onun fəaliyyəti qiymətləndirilərkən nəzərə alınır.[37]

5.6. Müzakirədən sonra yoxlama materialları saxlanılması üçün Qeydiyyat və notariat baş idarəsinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə təhvil verilir və Ədliyyə Nazirliyinin arxivinə təhvil verilənədək orada saxlanılır.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 iyun 2007-ci il tarixli 3331 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, № 5-6)

2.       8 aprel 2010-cu il tarixli 3-T (Qeydiyyat № 3700) nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2010-cu il, № 3-4-5)

3.       28 dekabr 2010-cu il tarixli 23-T (Qeydiyyat № 4095) nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2011-ci il, № 01)

4.       28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 20 iyun 2007-ci il tarixli 3331 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, № 5-6) ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın mətnində “Ədliyyə Nazirliyi yanında Notariat və VVA idarəsi” sözləri “Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi” sözləri ilə, “Notariat və VVA idarəsi” sözləri ismin müvafiq hallarında “Qeydiyyat və notariat baş idarəsi” sözləri ilə əvəz edilmişdir və 5.6-cı bəndindən isə “ümumi şöbəsinə” sözləri çıxarılmışdır.

28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nda mətn üzrə ismin müvafiq hallarında “kontoru” sözü ismin müvafiq hallarında “ofisi” sözü ilə əvəz edilmişdir.

 

[2] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 1.1-ci bəndində “Bu Qaydalar” sözlərindən sonra “dövlət və xüsusi” sözləri əlavə edilmişdir, “(onu əvəz edən vəzifəli şəxsin)” sözləri çıxarılmışdır, “fəaliyyətinin” sözündən sonra “təsadüfi seçmə üsulu qaydasında” sözləri əlavə edilmişdir.

 

[3] 28 dekabr 2010-cu il tarixli 23-T (Qeydiyyat № 4095) nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2011-ci il, № 01) ilə 1.4.2-ci bənddə “müraciətləri əsasında” sözlərindən sonra “, habelə notariat fəaliyyətini davam etdirmək istəyən notariusun şəhadətnaməsinin müddətinin uzadılması üçün onun fəaliyyətinin qiymətləndirilməsi ilə əlaqədar” sözləri əlavə edilmişdir.

 

[4] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 1.4.3-cü yarımbəndində “Notariat fəaliyyəti” sözləri çıxarılmışdır, “Ədliyyə Nazirliyi tərəfindən yoxlanılır” sözləri “Ədliyyə Nazirliyinin notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumu tərəfindən yoxlamanın keçirilməsi təşkil olunur” sözləri ilə əvəz edilmişdir.

 

[5] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”na yeni məzmunda 1.11-ci bənd əlavə edilmişdir.

 

[6] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 2.1.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1.2. Notariat kontorunda əhaliyə göstərilən hüquqi xidmət işinin təşkili, əmək və icra intizamına riayət edilməsi, habelə notariat kontorunun əyani vəsaitlərlə təchiz edilməsi;

 

[7] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 2.1.3-cü yarımbəndində “əməkdaşlar” sözü “notarius və notariat ofisinin işçiləri” sözləri ilə əvəz edilmişdir.

 

[8] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 2.1.4-cü yarımbəndində “Vətəndaşların” sözü “Fiziki və hüquqi şəxslərin, habelə dövlət və bələdiyyə orqanlarının” sözləri ilə əvəz edilmişdir.

 

[9] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 2.1.5-2.1.7-ci yarımbəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1.5. Notariat hərəkətləri sirrinin saxlanılmasına riayət edilməsi;

2.1.6. Vətəndaşların qəbulu işinin təşkili;

2.1.7. Aparılmış notariat hərəkətlərinə görə statistik hesabatların bütün göstəriciləri üzrə düzgünlüyü;

 

[10] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 2.1.9-cu yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1.9. Notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun alınması, habelə dövlət rüsumunun ödənilməsinə dair qəbzlərin olması və dövlət rüsumundan azadolmaların əsaslılığı;

 

[11] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 2.1.11-ci yarımbəndində “onların səbəbləri” sözlərindən sonra “(müvafiq qərarları çıxarmış məhkəmələrin adı, qərarın tarixi, nömrəsi)” sözləri əlavə edilmişdir.

 

[12] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 2.1.12-ci yarımbəndində “mühafizəsi” sözü “qorunması” sözü ilə əvəz edilmişdir.

 

[13] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 2.1.13-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1.13. Xüsusi notarius tərəfindən aylıq gəlirinin qanunvericiliklə müəyyən olunmuş miqdarının zəmanət kassasına ödənilməsi;

 

[14] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 2.1.15-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1.15. Notariusun blanklarının, sənədlərinin şəxsi gerbli möhürünün və müvafiq ştamplarının saxlanılması vəziyyəti;

 

[15] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 2.1.16-cı yarımbəndində “kseroksun” sözü “ksero surət aparatının” sözləri ilə əvəz edilmişdir, “modemin” sözündən sonra “, optik xətlərin” sözləri əlavə edilmişdir.

 

[16] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 2.1.18-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1.18. Notariat hərəkətlərinin aparılmasında ərazi prinsiplərinə riayət edilməsi;

 

[17] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 2.1.19-cu yarımbəndi ləğv edilmişdir.

 

[18] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 2.1.20-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1.20. Ayrı-ayrı notariat hərəkətləri üzrə ərizə, müqavilə və sair sənədlərin nümunələri, habelə dövlət rüsumunun dərəcələri barədə məlumatların lövhə şəklində asılması;

 

[19] 8 aprel 2010-cu il tarixli 3-T (Qeydiyyat № 3700) nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2010-cu il, № 3-4-5) ilə 2.1.21-ci bənd çıxarılmışdır.

 

[20] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 2.1.22-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1.22. Qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlər.

 

[21] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”na yeni məzmunda 2.1.23-cü və 2.1.24-cü yarımbəndlər əlavə edilmişdir.

 

[22] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 3.1.2-ci yarımbəndində “sənədlərin dolğunluğu” sözlərindən sonra “(sənədlərin aidiyyəti qurumların səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilməsi, sənəddə əks olunan məlumatın əqdin rəsmiləşdirilməsi üçün zəruri olması)” sözləri əlavə edilmişdir.

 

[23] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 3.1.4-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.1.4. Birgə və paylı mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi zamanı üstünlük hüququna riayət edilməsi, azyaşlıların mülkiyyət hüquqlarının qorunması və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar.

 

[24] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”na yeni məzmunda 3.1.5-3.1.12-ci yarımbəndlər əlavə edilmişdir.

 

[25] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 3.2.3-cü yarımbəndində “bu barədə” sözlərindən sonra “notariat qaydasında təsdiq edilmiş” sözləri əlavə edilmişdir və həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir.

 

[26] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”na yeni məzmunda 3.2.4-cü və 3.2.5-ci yarımbəndlər əlavə edilmişdir.

 

[27] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 3.4.1-3.4.3-cü yarımbəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.4.1. Mirasın qəbul edilməsi haqqında ərizənin uçota alınması və vərəsəlik işinin tərtib olunması;

3.4.2. Mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlərə riayət olunması, mirasın faktiki idarə edilməsi ilə əlaqədar müvafiq sənədlərin olması, mirasın açılması ilə bağlı notariusa məlum olan vərəsələrin məlumatlandırılması, mirasın olduğu yerdə olmayan vərəsələrin axtarılması;

3.4.3. Miras əmlaka məcburi paya dair hüququ olan şəxslərə mirasdan pay hüququnun verilməsi;

 

[28] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 3.4.5-ci yarımbəndində “qorunması,” sözü “qorunması ilə bağlı” sözləri ilə, “vərəsələrin dairəsinin müəyyənləşdirilməsi və s” sözləri “mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görülməsi” sözləri ilə əvəz edilmişdir.

 

[29] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 3.5.1-ci və 3.5.2-ci yarımbəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.5.1. Əmlakın ər-arvada məxsusluğu barədə müvafiq sənədlərin olması;

3.5.2. Ərə-arvada və sağ qalmış ərə-arvada birgə nikah dövründə əldə edilmiş əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar.

 

[30] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”na yeni məzmunda 3.5.3-cü yarımbənd əlavə edilmişdir.

 

[31] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 3.6.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.6.3. Depozit məbləğlərinin uçotunun aparılması.

 

[32] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”na yeni məzmunda 3.10-cu bənd əlavə edilmişdir.

 

[33] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 4.1.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.1.3. Nomenklaturaya uyğun olaraq notariat kontorunda aşağıda qeyd edilən işlərin (arayışlar, sənədlər və sair) olması, o cümlədən:

-   Statistik hesabatlar;

-   Notariusun fəaliyyətinin yoxlanılması nəticələri barədə arayışlar və aktlar;

-   Şəxsi heyətə dair əmrlər və digər sənədlər;

-   Ədliyyə Nazirliyi, İdarə, müəssisə və vətəndaşlarla yazışmalar;

-   Dövlət notariat arxivinə təhvil verilmiş sənədlərin siyahıları və qəbul-təhvil aktları;

-   Daxil olan korrespondensiyanın qeydə alınması jurnalları;

-   Göndərilən korrespondensiyanın qeydə alınması jurnalları;

-   Notariat kontorundan kənarda aparılmış notariat hərəkətlərinin uçot jurnalları;

-   Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə çıxarılmış qərarlar;

-   Notariat hərəkətlərinin notariat reyestrlərində qeyd edilməsi, həmin reyestrlərdə müvafiq nömrənin verilməsi, qaralamaların və düzəlişlərin olub-olmaması;

-   Təsdiq qeydlərinin formalarına riayət edilməsi;

-   Vərəsəlik işlərinin uçotu kitabları;

-   Vərəsəlik işlərinin əlifba kitabları;

-   Vəsiyyətnamələrin əlifba kitabları;

- Miras əmlakın qorunması üçün tədbirlər görülməsinə dair məlumatların uçotu kitabları və sair;

 

[34] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 5.2.4-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.2.4. Fəaliyyəti yoxlanılan notariat kontoru barədə məlumat (adı, ünvanı, əməkdaşları və sair);

 

[35] 28 dekabr 2010-cu il tarixli 23-T (Qeydiyyat № 4095) nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2011-ci il, № 01) ilə 5.2-1-ci bənd əlavə edilmişdir.

 

[36] 28 iyun 2019-cu il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nın 5.5-ci bəndinin birinci abzasının ikinci cümləsində “dövlət notariusunun” sözləri “notariusun” sözü ilə, “xüsusi notariusa” sözləri “notariusa” sözü ilə, “məsələsinə” sözü “məsələlərinə” sözü ilə əvəz edilmişdir.

 

[37] 28 dekabr 2010-cu il tarixli 23-T (Qeydiyyat № 4095) nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2011-ci il, № 01) ilə 5.5-ci bəndə ikinci hissə əlavə edilmişdir.