"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasında mülki aviasiyanın daha da inkişaf etdirilməsi, bu sahədə işin səmərəliliyinin artırılması, həmçinin aviasiya xidmətlərinin və uçuş təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Hava Yolları" Dövlət Konserninin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti yaradılsın.

2. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) səhmləri dövlətə məxsus olduğu üçün dövlətin adından müəyyən səlahiyyətlərin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.1.1. Cəmiyyətin Nizamnaməsi və strukturunun təsdiq edilməsi;

2.2. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasına:

2.2.1. Cəmiyyətin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi;

2.2.2. Cəmiyyətin mülki aviasiyanın inkişafına dair təkliflərinə baxılması;

2.2.3. Cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının qəbul edilməsi;

2.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;

2.3. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə:

2.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsinə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi;

2.3.2. qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi.

3. Müəyyən edilsin ki, Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

4.1. Cəmiyyətin Nizamnaməsi və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

4.2. qüvvədə olan qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirsinlər.

6. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 aprel 2008-ci il

                                 № 2761