Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi Qaydasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN  RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 iyul tarixli 609 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 12 avqust 2008-ci il

185

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il  12 avqust tarixli 185 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi

 

Q A Y D A S I

 

1. Bu Qayda tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi mexanizmini tənzimləyir.

2.  Bu Qayda Azərbaycan Respublikasının ərazisində təbiətdən istifadə ilə bağlı hər hansı fəaliyyəti həyata keçirən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq,  hüquqi və fiziki şəxslərə ( bundan sonra - təbiətdən istifadəçi)  şamil edilir.

3. Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın tətbiqi tullantılarla əlaqədar iqtisadi stimullaşdırma formalarından və təbiətdən pullu istifadə istiqamətində idarəetmənin iqtisadi üsullarından biri olub, ətraf mühitin mühafizəsi  qanunvericiliyinin pozulmasına görə məsuliyyət prinsiplərini müəyyən edir.

4. Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqq (bundan sonra - tullantılara görə haqq) tullantıların həcmini (kütləsini), növünü və digər xüsusiyyətlərini (toksiklik sinfini) nəzərə alaraq, çirkləndirici tərəfindən ödənilir.

5. Tullantılara görə haqqın ödənilməsi təbiətdən istifadəçini ətraf  mühitin mühafizəsi tədbirlərini yerinə yetirməkdən, eləcə də ekoloji qanun pozmalarına görə cərimə sanksiyalarından və ətraf mühitin çirkləndirilməsi ilə əlaqədar təsərrüfata, vətəndaşların sağlamlığına və əmlakına vurulmuş ziyanın mövcud qanunvericilik əsasında ödənilməsi məsuliyyətindən azad etmir.

6.  Tullantılara görə haqqın miqdarı aşağıdakılara görə təyin edilir:

qanunvericiliklə müəyyən edilmiş limitlər (məhsul istehsalında xammal və materialların sərfi normaları əsasında müəyyənləşdirilmiş tullantı həcmi və ya kütləsi) həddində yerləşdirilən tullantının həcminə görə;

qanunvericiliklə müəyyən edilmiş limitdən artıq (məhsul istehsalı zamanı xammal və materialların sərfi normaları əsasında müəyyən edilmiş normadan artıq əmələ gələn, istifadə edilməmiş tullantıların yerləşdirilməsi, eləcə də texnoloji reqlamentlər və normativlər üzrə nəzərdə tutulmamış həcmdə məhsul istehsalı zamanı yaranan tullantıların həcmi və ya kütləsi) həcmdə yerləşdirilməsinə görə.

7. Tullantılara görə haqqın hesablanması və onun ödənilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib və təsdiq edilmiş təlimata uyğun aparılır. [1]

8. Tullantıların yığılması (toplanması) və yerləşdirilməsi təbiətdən istifadəçiyə məxsus ərazilərdə və ya ətraf mühitə neqativ təsir mənbəyinin yerləşdiyi sənaye zonası hüdudlarında aparılarsa,  tullantılara görə haqqın miqdarı hesablanarkən "0.3" əmsalı tətbiq edilir.

9. Məişət tullantıları poliqonlarının (zibilxanaların) ətraf mühitə təsiri nöqteyi-nəzərindən, onları istismar edən təşkilatlar təbiətdən istifadəçi hesab edilirlər, tullantılara görə haqqın ödənilməsi nöqteyi-nəzərindən isə onlar  təbiətdən istifadəçi sayılmır və bu haqqın ödənilməsindən  azaddırlar.

10.  Toksiki  tullantılar  zərərsizləşdirilmək,  basdırılmaq  və  saxlanılmaq üçün xüsusiləşdirilmiş poliqonlarda yerləşdirilərkən təbiətdən istifadəçidən tullantılara görə haqq tutulmur. Təbiətdən istifadəçi isə yerləşdirilən toksiki tullantıların ekoloji risklə əlaqədar müəyyən edilmiş qaydalar üzrə sığortasını təmin edir. 

11. Tullantıların limitdən artıq yerləşdirilməsinə görə haqqın məbləği limit həddində yerləşdirilən vahid həcmdə tullantı üçün müəyyənləşdirilmiş normativin 5 misli miqdarında qəbul edilir.

12. Qanunvericilikdə müəyyən olunmuş qaydada icazə alınmadan tullantılar bu məqsədlə ayrılmamış ərazilərdə və ya poliqonlarda, zibilxanalarda, tutumlarda, şlam-anbarlarda yerləşdirilərsə və ya tullantı emalı ilə məşğul olan müəssisələrə aparılarsa, tullantılara görə haqq 10 dəfə artırılır. 

13. Təbiətdən istifadəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılan müddətdə tullantılara görə haqqı  ödəmədiyi halda, hər gecikən gün üçün 0,1 faiz cərimə tutulur.

14. Bərk məişət tullantılarına görə haqq  emal sənayesinin qeyri-toksiki tullantılarının normativləri əsasında təyin olunur.

15. Təbiətdən istifadəçi tərəfindən təkrar emal edilən, yaxud başqa istehsalat sahələrində xammal kimi tətbiq edilən tullantılara görə haqq ödənilmir.

16. Regional və regionlararası çərçivədə həyata keçirilən təbiəti mühafizə tədbirlərində öz vəsaiti hesabına iştirak edən təbiətdən istifadəçinin ödədiyi tullantılara görə haqq bu tədbirlərə sərf etdiyi vəsait miqdarında azaldıla bilər.

17. Tullantılara görə haqqın  təbiətdən istifadəçinin fəaliyyət növündən asılı olaraq azaldılması və ya bu ödəmədən azad edilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201)
  2. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201) ilə Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi Qaydasının 7-ci hissəsində İqtisadi İnkişaf sözləri İqtisadiyyat və Sənaye sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955) ilə Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi Qaydasının 7-ci hissəsindən və Sənaye sözləri çıxarılmışdır.