“Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi , hesabat dövrləri və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aidiyyəti orqanlarla razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi , hesabat dövrləri və dərc edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 27 may 2010-cu il

   ¹ 97

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi , hesabat dövrləri və dərc edilməsi

 

QAYDALARI[2]

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi , hesabat dövrləri və dərc edilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar kredit təşkilatları, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatlarına (bundan sonra — kommersiya təşkilatları) şamil edilir. [3]

1.3. İctimai əhəmiyyətli qurumlar illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edirlər.

1.4. Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər.

 

2. İllik maliyyə hesabatlarının tərkibi[4]

 

2.1. Kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibi aşağıdakılardan ibarətdir:

2.1.1. maliyyə vəziyyəti haqqında hesabat;

2.1.2. mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat;

2.1.3. kapitalda dəyişikliklər haqqında hesabat;

2.1.4. pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

2.1.5. əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər.

 

3. İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi qaydası

 

3.1. Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

3.2. Kommersiya təşkilatı illik maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas cəmiyyətə, bunlar olmadıqda isə təsisçiyə (təsisçilərə) təqdim edir.

3.3. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən kommersiya təşkilatı həmin hesabatları tabe olduğu yuxarı təşkilata və təsisçiyə (təsisçilərə) təqdim edir.

3.4. Kommersiya təşkilatının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin, sığorta şirkətlərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin məlumatları isə Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.[5]

3.5. Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda və qaydada auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər.[6]

3.6. Bu Qaydaların 3.5-ci bəndində göstərilən müraciəti alan kommersiya təşkilatları maliyyə hesabatlarını aşağıdakı müddətlərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər:[7]

3.6.1. müraciət təşkilatlara hesabatın təqdim edilmə dövründən əvvəl daxil olmuşdursa, hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq, sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq;

3.6.2. müraciət təşkilatlara hesabatın təqdim edilmə dövründən sonra daxil olmuşdursa, 30 gün müddətində.

3.7. Bu Qaydaların 3.5-ci bəndində göstərilən mühasibat uçotu subyektləri tərəfindən maliyyə hesabatlarının və müvafiq sənədlərin təqdim olunması zamanı mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulması halları aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalarına uyğun olaraq cərimələr tətbiq edilir.

 

4. İllik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları üçün hesabat dövrü

 

4.1. İllik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:

4.1.1. kommersiya təşkilatları üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla;

4.1.2. il ərzində oktyabr ayının 1-dək yeni yaradılan kommersiya təşkilatları üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən, dekabr ayının 31-i də daxil olmaqla;

4.1.3. oktyabr ayının 1-dən sonra yeni yaradılmış kommersiya təşkilatları üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən, növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla.

 

5. İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi

 

5.1. İctimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:[8]

5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması; [9]

5.1.2. qurumun illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə mətbu orqanda dərc olunması. [10]

5.2. Maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.[11]

5.3. Bu Qaydaların 5.1-ci bəndində göstərilmiş qurumlar törəmə cəmiyyət olduqda və qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət maliyyə hesabatlarını bu Qaydaların 5.1.1-ci yarımbəndinin tələblərinə uyğun olaraq dərc etdirdikdə, qurum maliyyə hesabatlarını dərc etdirməmək hüququna malikdir.[12]

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 sentyabr 2012-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 09, maddə 917)

2.       24 may 2016-cı il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 may 2016-cı il, ¹ 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 960)

3.       1 avqust 2016-cı il tarixli 287 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 avqust 2016-cı il, ¹ 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1427)

4.       21 oktyabr 2016-cı il tarixli 417 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2016-cı il, ¹ 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10, maddə 1734)

5.       3 fevral 2017-ci il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 fevral 2017-ci il, ¹ 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 2, maddə 281)

6.       22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, ¹ 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹9, maddə 1938)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 sentyabr 2012-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 09, maddə 917) ilə adından və 1-ci hissədən “, hesabat dövrləri” sözləri çıxarılmışdır.

 

[2] 6 sentyabr 2012-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 09, maddə 917) ilə adından və 1.1-ci bənddən “, hesabat dövrləri” sözləri çıxarılmışdır.

 

[3] 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, ¹ 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹9, maddə 1938) ilə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 1.2-ci bəndə “kredit təşkilatları” sözlərindən sonra “, mikro” sözü əlavə edilmişdir.

 

[4] 21 oktyabr 2016-cı il tarixli 417 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2016-cı il, ¹ 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10, maddə 1734) ilə “2. İllik maliyyə hesabatlarının tərkibi” hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibi aşağıdakılardan ibarətdir:

- mühasibat balansı;

- mənfəət və zərər haqqında hesabat;

- kapitalda dəyişikliklər haqqında hesabat;

- pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

- uçot siyasəti və izahlı qeydlər.

 

[5] 6 sentyabr 2012-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 09, maddə 917) ilə 3.4-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.4. Kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliyin pozulması halları aşkar edildikdə, onların tabe olduqları yuxarı təşkilat və təsisçi (təsisçilər) tərəfindən bu təşkilat üzrə qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərin görülməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilir.

 

24 may 2016-cı il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 may 2016-cı il, ¹ 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 960) ilə 3.4-cü bəndə “Kommersiya təşkilatının” sözlərindən sonra “(investisiya fondları və onların idarəçiləri istisna olmaqla)” sözləri, “Nazirliyinə” sözündən sonra “, investisiya fondlarının və onların idarəçilərinin məlumatları isə Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri əlavə edilmişdir.

3 fevral 2017-ci il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 fevral 2017-ci il, ¹ 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 2, maddə 281) ilə“Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.4-cü və 5.2-ci bəndlərinə ismin müvafiq hallarında “sığorta şirkətləri” sözlərindən sonra ismin müvafiq hallarında “, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər” sözləri əlavə edilmişdir.

 

[6] 6 sentyabr 2012-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 09, maddə 917) ilə 3.5-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.5 Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının ölkə ərazisində tətbiqi ilə bağlı nəzarəti həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təbii inhisar fəaliyyəti subyektlərinə və dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaitləri ayrılan kommersiya təşkilatlarına, habelə bu Qaydaların 1.2-ci bəndinə uyğun olaraq, digər kommersiya təşkilatlarına illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə müraciət edilir.

 

[7] 6 sentyabr 2012-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 09, maddə 917) ilə 3.6-cı, 3.7-ci bəndlər və 4-cü hissə çıxarılmışdır.

 

[8] 6 sentyabr 2012-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 09, maddə 917) ilə 5-ci hissənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə təşkilatın internet səhifəsi olduqda, həmin internet səhifəsində yerləşdirir və mətbu orqanda dərc etdirir.

 

22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, ¹ 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹9, maddə 1938) ilə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 5.1-ci bəndə “hazırlayan” sözündən sonra “kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri əlavə edilsin; edilmişdir.

 

[9] 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, ¹ 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹9, maddə 1938) ilə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 5.1.1-ci yarımbəndindən “qanunla müəyyən edilmiş hallarda” sözləri çıxarılmışdır və həmin yarımbəndə “səhifəsində” sözündən sonra “və ya mətbu orqanda” sözləri əlavə edilmişdir.

 

[10] 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, ¹ 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹9, maddə 1938) ilə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 5.1.2-ci yarımbənd ləğv edilmişdir.

 

[11] 24 may 2016-cı il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 may 2016-cı il, ¹ 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 960) ilə 5.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.2. Maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının siyahısını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ildə bir dəfə mart ayının 31-dək Maliyyə Nazirliyinə təqdim edir.

1 avqust 2016-cı il tarixli 287 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 avqust 2016-cı il, ¹ 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1427) ilə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.4-cü və 5.2-ci bəndlərinə “idarəçiləri” sözündən sonra “, sığorta şirkətləri” sözləri, “idarəçilərinin” sözündən sonra isə “, sığorta şirkətlərinin” sözləri əlavə edilmişdir.

 

22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, ¹ 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹9, maddə 1938) ilə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 5.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ildə bir dəfə mart ayının 31-dək maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin, sığorta şirkətlərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin siyahısını isə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir.

[12] 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, ¹ 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹9, maddə 1938) ilə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”na yeni məzmunda 5.3-cü bənd əlavə edilmişdir.