“Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli, 1012-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 14.5-ci maddəsində nəzərdə tutulmuş pambıq qəbulu qəbzinin forması və verilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini və 5.0.2-ci (pambıqçılığın klasterlər əsasında inkişafının təmin edilməsi üzrə), 5.0.5-ci, 5.0.7-ci maddələrində nəzərdə tutulmuş vəzifələri həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. öz səlahiyyətləri daxilində “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 5.0.1-ci (pambıqçılıq üzrə normativ hüquqi aktların qəbul edilməsi üzrə) və 5.0.2-ci (pambıqçılığın inkişafına dair dövlət proqramlarının təsdiq edilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 14.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 7.6-cı, 17.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 5.0.1-ci, 5.0.3-cü, 5.0.4-cü, 5.0.6-cı, 5.0.7-ci və 5.0.8-ci (pambıqçılıq sahəsində mütəxəssislərin hazırlanmasının, ixtisaslarının artırılmasının təşkil edilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;[1]

2.4. həmin Qanunun 5.0.2-ci (pambıqçılığın klasterlər əsasında inkişafının təmin edilməsi üzrə) və 5.0.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir;[2]

2.5. həmin Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini qanunvericiliklə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirlər;[3]

2.6. həmin Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyul 2010-cu il

                ¹ 293

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 mart 2011-ci il tarixli 390 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 mart 2011-ci il, ¹ 50; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə 171)

2.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, ¹ 101)

3.       31 oktyabr 2014-cü il tarixli 325 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 1 noyabr 2014-cü il, ¹ 238; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1210)

4.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, ¹ 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1384)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 mart 2011-ci il tarixli 390 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 mart 2011-ci il, ¹ 50; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə 171) ilə 2.3-cü bənddə “5.0.6-cı” sözlərindən sonra “, 5.0.7-ci” sözləri əlavə edilmişdir.

 

[2] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, ¹ 101) ilə 2.4-cü bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, ¹ 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1384) ilə 2.4-cü bənddən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[3] 3 mart 2011-ci il tarixli 390 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 mart 2011-ci il, ¹ 50; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə 171) ilə 2.4-cü bənd 2.6-cı bənd hesab edilmişdir və Fərmana yeni məzmunda 2.4-cü və 2.5-ci bəndlər əlavə edilmişdir.

31 oktyabr 2014-cü il tarixli 325 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 1 noyabr 2014-cü il, ¹ 238; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1210) ilə 2.5-ci bəndinə “Nazirliyi və” sözlərindən sonra “dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunması ilə bağlı” sözləri əlavə edilmişdir.