Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur). [1]

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

on gün müddətində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddini və Nazirliyin 2003-cü il üçün xərclər smetasını təsdiq etsin;

bir ay müddətində normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə birlikdə özəlləşdirilməsi məqsədəuyğun hesab olunan nəqliyyat-yol kompleksi müəssisə və təşkilatlarının siyahısını hazırlayıb 3 ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının "Azəravtonəqliyyat" Dövlət Konserni və "Azəravtoyol" Dövlət Şirkəti ləğv edilsin və onların tərkibində olan müəssisələr, təşkilatlar və digər obyektlər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyinə verilsin.

4. "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli fərmanının 1-ci bəndindən "formalaşdırılanadək" müvəqqəti olaraq Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi" sözləri çıxarılsın.

5. Dəniz gəmiçiliyi sahəsində aparılan siyasətin, habelə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq dəniz təşkilatları ilə əməkdaşlığın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq dəniz konvensiyalarının icrasına nəzarətin həyata keçirilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın.

6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu fərmanın 5-ci bəndinə müvafiq olaraq dəniz gəmiçiliyi sahəsində aparılan siyasətin, habelə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq dəniz təşkilatları ilə əməkdaşlığın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq dəniz konvensiyalarının icrasına nəzarətin həyata keçirilməsi səlahiyyətlərinin Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılması barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatına müvafiq bildiriş göndərsin.[2]

7. Dəniz gəmiçiliyi sahəsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin müvəqqəti olaraq Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiciliyinə verilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 2001-ci il 21 aprel tarixli 697 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilsin.

8. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi:

bu fərmanın 3-cü bəndində göstərilən Konsern və Şirkətin ləğvi ilə bağlı həmin sahələrin fəaliyyətini təmin etmək məqsədilə müvafiq hüquqi şəxslər yaratsın;

bu fərmandan irəli gələn məsələləri həll etsin.

9. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 iyun 2003-cü il

880

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumİ müddəalar

 

1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 5 avqust tarixli 743 nömrəli Fərmanı ilə yaradılmışdır.

2. Nazirlik dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində (bundan sonra - nəqliyyat-yol kompleksi) vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanıdır.

3. Nəqliyyat-yol kompleksi - dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları təsərrüfatı sahələrinə daxil olan müəssisələrdən, daşıma və nəqliyyat-ekspedisiya fəaliyyətləri, yolların və onların tikililərinin layihələndirilməsi, tikintisi, təmiri və saxlanılmasını, gəmiçilik hidrotexniki qurğularına, su, hava, dəmir yolları və avtomobil yollarına texniki xidmət göstərilməsi, elmi-tədqiqatlar və kadr hazırlığının aparılması ilə əlaqədar işləri həyata keçirən, nəqliyyat vasitələrini və texniki avadanlıqları təmir edən, həmçinin nəqliyyat prosesi ilə bağlı digər işləri yerinə yetirən hüquqi şəxslərdən və fərdi sahibkarlardan ibarətdir.

4. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, həmçinin bu Əsasnaməni rəhbər tutur.

5. Nazirlik bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyaları yerinə yetirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.

6. Nazirliyin müstəqil balansı, bank idarələrində hesabları, üzərində Azərbaycan Respublikasının gerbi və özünün adı həkk olunmuş möhürü, müvafiq blank, ştamp və başqa rekvizitləri vardır.

7. Nazirliyin saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşir.

II. Nazİrlİyİn əsas vəzİfələrİ

8. Nazirliyin əsas vəzifələri aşağıdakılardır:

8.1. Azərbaycan Respublikasında nəqliyyat-yol kompleksinin inkişafı, yük və sərnişin daşımaları sahəsində vahid dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;

8.2. nəqliyyat-yol kompleksi müəssisələrinin etibarlı, səmərəli və fasiləsiz işləməsini təmin etmək üçün bu kompleksə daxil olan sahələrin fəaliyyətini əlaqələndirmək;

8.3. nəqliyyat-yol kompleksində vahid elmi-texniki siyasətin həyata keçirilməsini təmin etmək, onun öncül istiqamətlərini müəyyənləşdirmək;

8.4. nəqliyyat-yol kompleksinin inkişafına yönəldilmiş sahə və sahələrarası proqramlar hazırlamaq və onların yerinə yetirilməsini təmin etmək, nəqliyyat-yol kompleksinin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlamaq;

8.5. nəqliyyat-yol kompleksində dövlət əmlakının səmərəli istifadə olunmasına nəzarət etmək və bu sahədə dövlət maraqlarının qorunmasını təmin etmək;

8.6. Azərbaycan Respublikası ərazisindən keçən bütün nəqliyyat dəhlizlərinin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün tədbirlər görmək;

8.7. nəqliyyat-yol kompleksi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;

8.8. nəqliyyat-yol kompleksinə xarici sərmayənin cəlb edilməsini təmin edən tədbirlər həyata keçirmək;

8.8-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;[3]

8.8-2. Avtomobil yollarının vahid dövlət reyestrini aparmaq;[4]

8.9. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.

III. Nazİrlİyİn funksİyaları [5]

9. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

9.1. nəqliyyat-yol kompleksinin inkişafının əsas istiqamətlərini hazırlayır, onları aidiyyatı orqanlara təqdim edir;

9.2. nəqliyyat-yol kompleksi sahəsində dövlət proqramları hazırlayır və onların yerinə yetirilməsi üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;

9.3. nəqliyyat-yol kompleksi ilə bağlı qanunvericilik aktları layihələrinin hazırlanmasında iştirak edir;

9.4. nəqliyyat-yol kompleksində islahatların və struktur dəyişikliklərinin aparılması barədə təkliflər verir və bu sahədə aparılan işlərə rəhbərlik edir;

9.5. qanunvericiliyə uyğun olaraq nəqliyyat-yol kompleksində iqtisadi, maliyyə, investisiya, tarif və sosial siyasətin formalaşmasında və həyata keçirilməsində iştirak edir;

9.6. öz səlahiyyətləri daxilində nəqliyyat növləri və operatorlar arasında sağlam rəqabət mühitinin yaradılmasını təmin edir və sahələrarası münasibətləri tənzimləyir;

9.7. nəqliyyat-yol kompleksinin ayrı-ayrı sahələrinin inkişafı üçün tələb olunan investisiya proqramlarının hazırlanmasında iştirak edir;

9.8. nəqliyyat-yol kompleksinə investisiyaların cəlb edilməsi üçün əlverişli mühit yaradılması və onların səmərəli istifadə edilməsi məqsədilə müvafiq tədbirlər hazırlayıb həyata keçirir;

9.9. öz səlahiyyətləri daxilində nəqliyyat-yol kompleksi müəssisələrinin fəaliyyətini əlaqələndirir;

9.10. nəqliyyat-yol kompleksinə daxil olan sahələrin və müəssisələrin iqtisadi və maliyyə vəziyyətini təhlil edir, onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi barədə təkliflər verir;

9.11. nəqliyyat-yol kompleksinə daxil olan və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrdə dövlətin maraqlarını qanunvericiliyə uyğun olaraq təmsil edir və öz səlahiyyətləri daxilində onların fəaliyyətinə nəzarət edir;

9.12. Nazirliyin səlahiyyətlərinə aid olan məsələlər üzrə normativ hüquqi aktları və sahə standartlarını hazırlayıb təsdiq edir;

9.13. dövlət büdcəsi, kreditlər, qrantlar, texniki yardımlar və digər mənbələr hesabına həyata keçirilən investisiya layihələri üzrə müsabiqə sənədlərinin hazırlanmasını təşkil edir və qanunvericiliyə uyğun olaraq müsabiqələrin keçirilməsini təmin edir;

9.14. avtomobil yollarının inkişafı və istismarı ilə bağlı tədbirlər həyata keçirir;

9.15. nəqliyyat-yol kompleksində dövlət ehtiyacları üçün dövlət sifarişçisi funksiyasını həyata keçirir;

9.16. nəqliyyat qovşaqlarında nəqliyyat növlərinin qarşılıqlı fəaliyyətini əlaqələndirir, qarışıq daşımaların inkişafı üçün tədbirlər görür;

9.17. nəqliyyat-yol kompleksi sahələrinin və müəssisələrinin fəaliyyətinin tənzimləmə mexanizminin təkmilləşdirilməsində iştirak edir;

9.18. qanunvericiliyə uyğun olaraq qiymət və tarif siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edir, səlahiyyətləri daxilində nəqliyyat kompleksi üzrə razılaşdırılmış beynəlxalq tarif siyasəti aparır və daşımaların baza tariflərini müəyyən edir, beynəlxalq razılaşmalarda Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərə uyğun olaraq öz səlahiyyətləri daxilində daşımalarda güzəştlərin tətbiqini tənzimləyir;[6]

9.19. nəqliyyat-yol kompleksinin ahəngdar fəaliyyətinin təmin edilməsi üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;

9.20. nəqliyyat-yol kompleksinin inkişafı məsələləri ilə bağlı xarici ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq edir;

9.21. Azərbaycan Respublikasını nəqliyyat sahəsində beynəlxalq təşkilatlarda təmsil edir; [7]

9.22. beynəlxalq nəqliyyat konvensiyalarına və sazişlərinə qoşulmaq barədə təkliflər verir;

9.23. nəqliyyat-yol kompleksi sahəsində beynəlxalq sazişlər üzrə öhdəliklərin yerinə yetirilməsini təmin edən tədbirlər görür;

9.24. öz səlahiyyətləri daxilində nəqliyyat-yol kompleksinin inkişafı üzrə layihələr maliyyələşdirilməsinə texniki və maliyyə yardımının cəlb edilməsi üçün beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq edir;

9.25. öz səlahiyyətləri daxilində müvafiq dövlət orqanları ilə birlikdə nəqliyyat-yol kompleksində təbii inhisarçı təsərrüfat subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir;

9.26. nəqliyyat-yol kompleksinə daxil olan dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyaların işində iştirak edir;

9.27. nəqliyyat-yol kompleksinə aid müvafiq texnoloji, texniki, iqtisadi, maliyyə, sosial, ekoloji və digər məlumatların informasiya bazasını yaradır;

9.28. nəqliyyat-yol kompleksi üçün kadrların hazırlanması və əlavə təhsili sahəsində tədbirlər görür; [8]

9.29. öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə nəqliyyat-yol kompleksi işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılmasında və əmək mübahisələrinin həllində iştirak edir;

(çıxarılıb)

9.31. dəniz və çay gəmilərinin (iri və kiçik həcmli) qeydiyyatını aparır, onların saxlanılmasına və istifadəsinə dair texniki tələbləri və qaydaları təsdiq edir; [9]

9.32. nəqliyyat-yol kompleksinə daxil olan müəssisələr tərəfindən dövlət zəmanəti ilə alınmış kreditlərin məqsədyönlü istifadəsinə nəzarət edir və onların vaxtında qaytarılmasını təmin etmək məqsədilə digər mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq tədbirlər həyata keçirir;

9.33. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq beynəlxalq sazişlər üzrə danışıqlar aparır, onları müəyyən olunmuş qaydada imzalayır və təsdiq olunmuş sazişlərin icrasına nəzarət edir;

9.34. öz səlahiyyətləri daxilində avtomobil, dəmir yolu vağzallarında, hava limanlarında, yollarda, nəqliyyatın bütün növlərində qanunvericiliklə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə nəzarət edir;[10]

9.34-1. avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət edir;[11]

9.35. fövqəladə hallarda nəqliyyat-yol kompleksinə daxil olan müəssisə və təşkilatlarda səfərbərlik hazırlığı aparır, öz səlahiyyətləri daxilində müvafiq mülki müdafiə tədbirləri həyata keçirir;

9.36. müvafiq orqanlarla birlikdə fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılmasında iştirak edir;

9.37. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və digər məxfi informasiyaların qorunmasını təmin edir və ona riayət edilməsinə nəzarət edir;

9.38. ətraf mühitin qorunması ilə bağlı öz səlahiyyətləri daxilində müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir;

9.39. nəqliyyat-yol kompleksində dövlət əhəmiyyətli və xüsusi təyinatlı obyektlərin inşası zamanı, onların istismara qəbul olunması üçün işçi qrupları təşkil edir və dövlət komissiyalarının yaradılması barədə təklif verir;

9.40. nəqliyyat-yol kompleksinin idarə olunmasında müasir telekommunikasiya və informasiya vasitələrindən geniş istifadə edilməsini təmin edir;

9.41. səlahiyyətləri daxilində nəqliyyat-yol kompleksində fəaliyyət növlərinə lisenziya verilməsini həyata keçirir, lisenziya şərtlərinə əməl olunmasına nəzarət edir, onların ləğv edilməsi və ya dayandırılması barədə qanunvericiliyə uyğun qərarlar qəbul edir, habelə hüquqmüəyyənedici sənədlər verir;[12]

9.42. dəniz və hava limanlarının, yük terminallarının, avtomobil və dəmir yollarının və vağzallarının, nəqliyyat-yol kompleksinin dövlət əhəmiyyətli digər obyektlərinin tikintisi barədə təkliflər verir, bu işlərin aparılmasını əlaqələndirir;

9.43. nəqliyyat-yol kompleksi obyektlərinin inşası, yenidən qurulması və texniki baxımdan müasirləşdirilməsinin texniki-iqtisadi göstəriciləri və layihə-smeta sənədlərinin ekspertizasının keçirilməsini təmin edir;

9.44. səlahiyyətləri çərçivəsində əməyin mühafizəsi haqqında qaydalar və əmək şəraitinin yaxşılaşdırılması üzrə məqsədli proqramlar hazırlayır və onlara əməl olunmasına nəzarət edir;

9.44-1. dəmir yolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət edir;[13]

9.45. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə həvalə olunmuş digər funksiyaları həyata keçirir.

IV. Nazİrlİyİn hüquqları

10. Nazirlik öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

10.1. öz səlahiyyətlərinə aid olan məsələlərin həll edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarından və digər təşkilatlardan zəruri sənədlər, statistik məlumatlar və sair materiallar tələb etmək və onlara zəruri sənədləri və materialları müəyyən olunmuş qaydada vermək;

10.2. Nazirliyin səlahiyyətlərinə aid olan məsələlər üzrə qəbul olunmuş normativ hüquqi aktların və sahə standartlarının icrasına nəzarət etmək;

10.3. nəqliyyat-yol kompleksinin fəaliyyətinin ümumi qaydalarını müəyyən edən müvafiq qanunvericilik aktlarının layihələrini hazırlamaq, zəruri hallarda qəbul edilmiş qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə təkliflər vermək;

10.4. müəyyən olunmuş qaydalar əsasında mülki hava gəmiləri ekipajları, beynəlxalq daşımalarla məşğul olan avtomobil sürücüləri üçün pasport və viza məsələlərini təşkil etmək;

(çıxarılıb)

10.6. xarici dövlətlərdə nümayəndəliklərin açılması və beynəlxalq təşkilatlarda təmsilçilərin təyin edilməsi məsələlərini qanunvericiliyə uyğun olaraq həll etmək;

10.7. Azərbaycan Respublikasının nəqliyyat sahəsində tərəfdar çıxdığı beynəlxalq konvensiyaların (sazişlərin, müqavilələrin) icrasına nəzarət etmək;

(çıxarılıb) [14]

10.9. beynəlxalq daşımalar üçün dəmir yolunun, avtomobil keçidlərinin, hava və dəniz limanlarının açılması (bağlanması) barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müəyyən olunmuş qaydada təqdim etmək;

10.10. nəqliyyat-yol kompleksinin təhlükəsizlik sahələrində və zolaqlarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada razılıq vermək;

10.11. öz səlahiyyətləri daxilində hüquqi və fiziki şəxslərin istifadəsində olan mülki hava gəmilərinin uçuşunun, dəmir yolu qatarlarının hərəkətinin təhlükəsizliyinin təmin edilməsini yoxlamaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görmək; [15]

10.12. öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün subyektlərin nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə dair normativ hüquqi aktlar, istifadəsinə dair texniki tələblər, qaydalar və təlimatlar təsdiq etmək və onların icrasına nəzarət etmək;

10.13. təbii fəlakətlər və fövqəladə hallar zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi Baş İdarəsi ilə birgə dövlət əhəmiyyətli və ümumi istifadədə olan avtomobil yollarında hərəkətin müvəqqəti dayandırılması barədə qərar qəbul etmək;

10.14. öz səlahiyyətləri daxilində fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün nəqliyyat-yol kompleksinin mütəxəssislərini cəlb etməklə işçi qrupu və komissiyalar yaratmaq;

10.15. nəqliyyat-yol kompleksinin inkişafı ilə bağlı konfranslar, müşavirələr və seminarlar keçirmək, sərgilər təşkil etmək;

10.16. səlahiyyətlərinə aid olan məsələlərin həlli üçün müqavilə əsasında elmi təşkilatları, şirkətləri, mütəxəssisləri, o cümlədən xarici mütəxəssisləri cəlb etmək;

10.17. səlahiyyətlərinə aid olan məsələlər üzrə beynəlxalq tədbirlərdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasını təmsil etmək, xarici dövlətlərlə saziş və müqavilələrin hazırlanmasında iştirak etmək və müəyyən edilmiş qaydada onları imzalamaq;

10.18. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada təhlükəli və iriqabaritli ağır yüklərin Azərbaycan Respublikasının ərazisindən daşınmasına icazə vermək (yaxud qadağan etmək);

10.19. qanunvericiliyə uyğun fəaliyyət növlərinə lisenziyalar vermək, onları ləğv etmək yaxud fəaliyyətini dayandırmaq;

10.20. nəqliyyat-yol kompleksinin dövlət mülkiyyətində olan müəssisə və obyektlərinin səhmdar cəmiyyətlərinə çevrilməsi və özəlləşdirilməsi layihələrinə dair təkliflər vermək və bu prosesdə iştirak etmək;

10.21. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat-yol kompleksinə daxil olan müəssisələrdən onların iqtisadi və maliyyə vəziyyəti barədə müəyyən olunmuş qaydada hesabatlar tələb etmək, onları təhlil etmək və səlahiyyətləri daxilində dövlət müəssisələri üzrə müvafiq tədbirlər görmək;[16]

10.22. dövlət büdcəsindən maliyyələşdirilən elmi tədqiqat, təcrübə-konstruktor, layihə və mühəndis-axtarış işlərinin istiqamətlərini müəyyən etmək;

10.23. öz vəzifələrini həyata keçirmək məqsədilə qanunvericiliyə uyğun olaraq hüququ şəxs statuslu qurumlar yaratmaq, onları ləğv etmək və yenidən təşkil etmək;

10.24. qanunvericiliklə müəyyən edilmiş qaydada dövrü mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və məcmuələr buraxmaq;

10.25. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat-yol kompleksinə daxil olan dövlət müəssisələrinin rəhbərlərinin təyinatı ilə bağlı rəy bildirmək;

10.26. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat-yol kompleksinin dövlət müəssisə və təşkilatlarının əsas vəsaitlərinin balansdan balansa verilməsinə dair rəy vermək;

10.27. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Nazİrlİyİn İşİnİn təşkİlİ

11. Nazirliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən nazir rəhbərlik edir.

12. Nazir ona tapşırılmış sahənin fəaliyyətinə rəhbərliyi həyata keçirir və nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

12-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. [17]

13. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən iki müavini vardır.

14. Nəqliyyat naziri:

14.1. Nazirliyin işini təşkil edir və ona rəhbərlik edir;

14.2. Nazirliyin səlahiyyətlərinə daxil olan məsələlər üzrə qanunvericilik aktlarının layihələrini və ya onlara edilən dəyişiklikləri müəyyən edilmiş qaydada baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

14.3. müəyyən olunmuş qaydada xarici dövlətlərin, xarici və beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqlar aparır, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq nəqliyyat-yol kompleksinə aid beynəlxalq müqavilələri imzalayır;

14.4. müavinlərinin, nazirliyin mərkəzi aparatının struktur bölmələri rəhbərlərinin səlahiyyətlərini və məsuliyyətlərini müəyyən edir;

14.5. əməyin ödənilməsi fondu və işçilərin sayı üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hədd daxilində Nazirliyin mərkəzi aparatının və tabeliyində olan büdcədən maliyyələşən təşkilatlarının strukturunu və ştat cədvəlini təsdiq edir;

14.6. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;[18]

14.7. Nazirliyin mərkəzi aparatının işçilərini və qurumlarının rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür; [19]

14.8. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat-yol kompleksinə daxil olan dövlət müəssisələrinin rəhbərlərinin təyinatı barədə rəy verir;

14.9. Nazirliyin mərkəzi aparatı və nəqliyyat-yol kompleksi müəssisələri üçün icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

14.10. öz səlahiyyətləri daxilində normativ aktlar təsdiq edir və onların icrası vəziyyətini yoxlayır;

14.11. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

15. Nazirlikdə nazirdən (kollegiyanın sədri), nazir müavinlərindən, Nazirliyin mərkəzi aparatının struktur bölmələrinin rəhbərlərindən, nəqliyyat-yol kompleksinə daxil olan sahələrin rəhbərlərindən və mütəxəssislərdən ibarət Kollegiya yaradılır.[20]

16. Kollegiyanın sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.

17. Kollegiyanın iclaslarında nəqliyyat-yol kompleksinin inkişafı məsələləri müzakirə edilir, dövlət proqramlarının icrası ilə bağlı ayrı-ayrı sahə və dövlət müəssisələri rəhbərlərinin hesabatı dinlənilir və müvafiq qərarlar qəbul edilir.

18. Kollegiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır.

19. Kollegiyanın qərarları adi səs çoxluğu ilə qəbul olunur, protokollarla rəsmiləşdirilir və nazirin müvafiq əmrləri və sərəncamları ilə həyata keçirilir.

20. Kollegiyanın qərarının qəbul edilməsində Kollegiyanın sədri ilə üzvləri arasında fikir ayrılığı olduqda sədr öz qərarlarını həyata keçirir və yaranan fikir ayrılığı barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.

21. Nazirliyin tərkibində nəqliyyat-yol kompleksinin işinin səmərəli təşkil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarının və təsərrüfat subyektlərinin rəhbər işçilərindən ibarət Nəqliyyat Əlaqələndirmə Şurası yaradılır və onun Əsasnaməsi Nazirliyin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

22. Nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin tərkibində müvafiq icra hakimiyyəti orqanlarının rəhbər işçilərindən ibarət Nəqliyyatda Hərəkətin Təhlükəsizliyi Komissiyası yaradılır.

23. Nazirliyin tərkibində nəqliyyat-yol kompleksinin işinin təkmilləşdirilməsi ilə bağlı elmi-texniki şura, ekspert komissiyası və digər komissiyalar yaradıla bilər.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 noyabr 2006-cı il tarixli 483 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 945)

2.       14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 6, maddə 601)

3.       6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan qəzeti, 9 avqust 2008-ci il 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 8, maddə 719)

4.       11 noyabr 2008-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 19 noyabr 2008-ci il, 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 11, maddə 969)

5.       11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 21 noyabr 2008-ci il, 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 11, maddə 970)

6.       9 fevral 2009-cu il tarixli 51 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 02, maddə 64)

7.       21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 27 dekabr 2009-cu il, 289)

8.       15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 18 fevral 2011-ci il, 38, Azərbaycan qəzeti, 20 fevral 2011-ci il, 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 02, maddə 85)

  1. 20 oktyabr 2014-cü il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 21 oktyabr 2014-cü il, 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1186)
  2. 22 dekabr 2014-cü il tarixli 424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 1 yanvar 2015-ci il, 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 12, maddə 1578)
  3. 17 mart 2016-cı il tarixli 847 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 17 mart 2016-cı il, 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 468)
  4. 6 aprel 2016-cı il tarixli 855 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 7 aprel 2016-cı il, 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 4, maddə 660)
  5. 25 yanvar 2017-ci il tarixli 1212 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 29 yanvar 2017-ci il, 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1 , maddə 59)
  6. 12 yanvar 2018-ci il tarixli 1785 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 13 yanvar 2018-ci il, 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 41)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 12 yanvar 2018-ci il tarixli 1785 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 13 yanvar 2018-ci il, 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 41) ilə 1-ci hissə ləğv edilmişdir.

 

[2] 29 noyabr 2006-cı il tarixli 483 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 945) ilə 5-ci və 6-cı bəndləri çıxarılmışdır.

 

[3] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 27 dekabr 2009-cu il, 289) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə 8.8-1-ci bənd əlavə edilmişdir.

 

[4] 20 oktyabr 2014-cü il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 21 oktyabr 2014-cü il, 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1186) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə 8.8-2-ci bənd əlavə edilmişdir.

 

[5] 11 noyabr 2008-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 19 noyabr 2008-ci il, 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 11, maddə 969) ilə Əsasnamənin 9.34-cü bəndindən hava limanlarında, sözləri, 10.4-cü bəndindən mülki hava gəmiləri ekipajları, sözləri, 10.11-ci bəndindən mülki hava gəmilərinin uçuşunun, sözləri çıxarılmışdır.

 

[6] 14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 6, maddə 601) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin 9.18-ci bəndindən daşımaların baza tariflərini müəyyən edir, sözləri çıxarılmışdır.

 

[7] 29 noyabr 2006-cı il tarixli 483 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 945) ilə 9.21-ci bəndindən müəyyən edilmiş qaydada BMT-nin Beynəlxalq Dəniz Təşkilatı və digər dəniz təşkilatları ilə əməkdaşlıq edir, sözləri çıxarılmışdır.

 

[8] 21 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 18 fevral 2011-ci il, 38, Azərbaycan qəzeti, 20 fevral 2011-ci il, 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 02, maddə 85) ilə 9.28-ci bəndində ixtisasının artırılması sözləri əlavə təhsili sözləri ilə əvəz edilmişdir.

 

[9] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan qəzeti, 9 avqust 2008-ci il 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 8, maddə 719) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin 9.31-ci bəndi çıxarılmışdır.

 

[10] 17 mart 2016-cı il tarixli 847 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 17 mart 2016-cı il, 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 468) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin 9.34-cü bənddən , dəmir yolu sözləri çıxarılmışdır.

 

[11] 22 dekabr 2014-cü il tarixli 424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 1 yanvar 2015-ci il, 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 12, maddə 1578) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə yeni məzmunda 9.34-1-ci yarımbənd əlavə edilmişdir.

 

17 mart 2016-cı il tarixli 847 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 17 mart 2016-cı il, 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 468) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin 9.34-1-ci bənddən və dəmiryolu sözləri çıxarılmışdır.

 

6 aprel 2016-cı il tarixli 855 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 7 aprel 2016-cı il, 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 4, maddə 660) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin 9.34-1-ci bəndi ləğv edilmişdir.

 

[12] 9 fevral 2009-cu il tarixli 51 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 02, maddə 64) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin 9.41-ci bəndində qərarlar qəbul edir sözlərindən sonra ,habelə hüquqmüəyyənedici sənədlər verir sözləri əlavə edilmişdir.

 

[13] 25 yanvar 2017-ci il tarixli 1212 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 29 yanvar 2017-ci il, 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1 , maddə 59) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə yeni məzmunda 9.44-1-ci bənd əlavə edilmişdir.

 

[14] 29 noyabr 2006-cı il tarixli 483 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 945) ilə 9.30-cu, 10.5-ci və 10.8-ci bəndləri çıxarılmışdır.

Əvvəlki redaksiyalarda deyilirdi:

9.30. Azərbaycan Respublikasının Dəniz Administrasiyasını, dəniz registrini və nəqliyyat müfəttişliyini yaradır, Azərbaycan Respublikasında Beynəlxalq dəniz registirlərinin fəaliyyət göstərməsinə razılıq verir;

10.5. dəniz gəmiləri ekipajlarına dənizçi kitabçasının verilməsi qaydalarını müəyyənləşdirmək və onun qüvvədə olma müddətini müəyyən etmək;

10.8. Azərbaycan Respublikasının Dəniz Administrasiyasını, dəniz reqistrini və nəqliyyat müfəttişliyini yaratmaq, onların fəaliyyətinə nəzarət etmək;

 

[15] 29 noyabr 2006-cı il tarixli 483 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 945) ilə 9.34-cü və 10.4-cü bəndlərindən və dəniz sözləri, 10.11-ci bəndindən dəniz gəmilərinin, sözləri çıxarılmışdır.

17 mart 2016-cı il tarixli 847 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 17 mart 2016-cı il, 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 468) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin 10.11-ci bənd ləğv edilmişdır.

 

[16] 17 mart 2016-cı il tarixli 847 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 17 mart 2016-cı il, 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 468) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin 10.21-ci, 10.25-ci, 10.26-cı və 14.8-ci bəndlərin əvvəlinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, sözləri əlavə edilmişdir.

 

[17] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 21 noyabr 2008-ci il, 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 11, maddə 970) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə yeni məzmunda 12-1-ci bənd əlavə edilmişdir.

 

[18] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 21 noyabr 2008-ci il, 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 11, maddə 970) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə 14.6-cı bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

14.6. Nazirliyin mərkəzi aparatının struktur bölmələrinin və onun tərəfindən yaradılan hüquqi şəxs statuslu qurumların əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

 

21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 27 dekabr 2009-cu il, 289) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin 14.6-cı bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

14.6. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Nazirliyin mərkəzi aparatının struktur bölmələrinin və qurumlarının əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

 

[19] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 21 noyabr 2008-ci il, 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 11, maddə 970) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə 14.7-ci bənddə Nazirlik tərəfindən yaradılan hüquqi şəxs statuslu qurumların sözləri qurumlarının sözü ilə əvəz edilmişdir.

 

[20] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 27 dekabr 2009-cu il, 289) ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin 14.4-cü, 14.5-ci, 14.7-ci, 14.9-cu və 15-ci bəndlərdən mərkəzi sözü çıxarılmışdır.