Ekoloji təhsil və maarifləndirilməsi üzrə Sahələrarası Komissiya yaradılması və Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 yanvar tarixli 847 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Əhalinin ekoloji təhsil və maarifləndirilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi üçün aşağıdakı tərkibdə Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiya yaradılsın (əlavə olunur).

2. "Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiya haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini   A.Rasİzadə

 

Bakı şəhəri, 22 sentyabr 2003-cü il

     № 120

 

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 22 sentyabr tarixli 120 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiyanın

 

TƏRKİBİ

 

1. İsa Əliyev

-

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq, elm, informasiya və təbliğat idarəsinin rəisi, komissiyanın sədri

2. Füzuli Əhmədov

-

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji tərbiyə və Təcrübəçilik mərkəzinin direktoru, komissiya sədrinin müavini

Komissiyanın üzvləri:

3. Cəmaləddin Quliyev

-

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri[1]

4. Mirzə Kərimov

-

Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasının müdiri

5. Şamil Hüseynov 

-

Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının eksperti

6. Tahirə Əliyeva

-

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəni-maarif idarəsinin baş mütəxəssisi

7. Vüqar Qəhrəmanov

-

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri[2]

8. Akif Əhmədov

-

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi

9. Akif Qurbanov

-

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin müxbiri

10. Bəxtiyar Təhməzov

-

"Azərbaycan ekologiya və ətraf mühitə nəzarət mərkəzi" ictimai birliyinin sədri

11. Rasim Əliyev

-

Azərbaycan Respublikası Azərbaycan Respublikası Energetika Nazirliyinin ekoloji problemlər üzrə eksperti[3]

 

 


 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2003-cü il 22 sentyabr  tarixli 120 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiya haqqında

ƏSASNAMƏ

I. Ümumİ müddəalar

1.1. Bu Əsasnamə "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 yanvar tarixli 847 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiyanın (bundan sonra - komissiya) fəaliyyətini tənzimləyir.

1.2. Komissiya əhalinin ekoloji təhsili və maarifləndirilməsi istiqamətində dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən fəaliyyətləri əlaqələndirən məşvərətçi orqandır və öz işini, kollegiallıq və aşkarlıq prinsipləri əsasında qəbul etdiyi qərarlara uyğun qurur. Komissiyanın qərarları tövsiyə xarakteri daşıyır.

1.3. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu, təhsil və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyi, digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.

II. Komİssİyanın məqsədİ və vəzİfələrİ

2.1. Komissiyanın məqsədi və vəzifələri aşağıdakılardır:

2.1.1. Azərbaycan Respublikası əhalisinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində dövlət siyasətinin və strategiyasının həyata keçirilməsi istiqamətində dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətini əlaqələndirmək;

2.1.2. əhalinin ekoloji biliklərə yiyələnməsi üçün hər kəsə bərabər şəraitin yaradılmasında, ekoloji təhsilin və maarifləndirmə prosesinin fasiləsizliyinin və aşkarlığının təmin olunmasında sahələrarası fəaliyyətin həyata keçirilməsini təmin etmək;

2.1.3. ekoloji təhsil üzrə dövlət təhsil standartlarının işlənməsinə dair tövsiyələr hazırlamaq;

2.1.4. Azərbaycan Respublikasında ekoloji təhsilin və maarifləndirmənin inkişafı istiqamətində təkliflər hazırlamaq.

III. Komİssİyanın funksİyaları

3.1. Komissiya öz məqsəd və vəzifələrinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

3.1.1. ekoloji təhsil və maarifləndirmə sahəsində məsləhət şuraları tərəfindən təqdim olunmuş təkliflər nəzərə alınmaqla, ekoloji təhsil, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri üzrə hüquqi və fiziki şəxslərin məlumatlandırılması məqsədi ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini əlaqələndirir;

3.1.2. ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarına dair təkliflər hazırlayır;

3.1.3. ekoloji təhsil və maarifləndirmə məsələlərinin müvafiq dövlət proqramlarına daxil edilməsinə dair təkliflər verir;

3.1.4. təhsil və ekoloji təhsil proqramlarının uyğunluğunu təmin etmək üçün dövlət ekspertizasının aparılmasında iştirak edir;

3.1.5. istehsalat və digər fəaliyyət sahələrinin mütəxəssislərinin ekoloji cəhətdən hazırlığının yüksəldilməsi, ekoloji təhsilin və maarifləndirmənin vəziyyətinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi istiqamətində müvafiq təkliflər hazırlayır;

3.1.6. əhalinin ekoloji təhsili və maarifləndirilməsi məqsədi ilə ətraf mühitin və təbii resursların vəziyyəti, onların bərpası, sağlamlaşdırılması və mühafizəsinə dair konfrans, seminar, simpozium, dəyirmi masa və digər kütləvi-mədəni tədbirlər təşkil edir;

3.1.7. ekoloji təhsil və maarifləndirmə sahəsində mütəxəssis kadrların peşə hazırlığını yüksəltmək məqsədi ilə məktəbəqədər, məktəb, orta ixtisas və ali təhsilin bütün mərhələlərində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması işinin həyata keçirilməsinə, ekoloji təhsilin ardıcıllığının və fasiləsizliyinin təmin olunmasına dair proqramlar tərtib edir;

3.1.8. təhsil müəssisələrində ekologiyanın əsaslarının tədris olunması məqsədi ilə tədris proqramlarının tərtib olunmasına və dərsliklərin hazırlanmasına dair təkliflər verir;

3.1.9. əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində görülən işlər barədə müvafiq qaydada hesabatlar hazırlayır;

3.1.10. qanunvericiliklə müəyyən olunmuş qaydada ekoloji təhsili və maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə edir və bu istiqamətdə müvafiq təbliğat işlərinin aparılmasına dair tövsiyələr hazırlayır.

IV. Komİssİyanın fəalİyyətİnİn təşkİlİ

4.1. Komissiyanın Əsasnaməsi və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Komissiyanın tərkibində dəyişikliklər, komissiya sədrinin təqdimatı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.

4.2. Komissiyanın tərkibinə ətraf mühitin mühafizəsi, qanunvericilik, elm, təhsil, mədəniyyət, kütləvi informasiya vasitələri, səhiyyə, hüquq mühafizə və digər dövlət orqanlarının, habelə bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil ola bilərlər.

4.3. Komissiyanın tərkibi, onun sədri də daxil olmaqla 11 üzvdən ibarətdir.

4.4. Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab edilir.

4.5. Komissiyanın iclasları bir qayda olaraq ildə iki dəfədən az olmayaraq keçirilir. Əlavə iclaslar komissiya sədrinin və yaxud üzvlərinin üçdə birinin tələbi ilə çağırıla bilər.

4.6. Komissiyanın qərarları onun iclaslarında sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, sədrin səsi həlledici hesab edilir.

4.7. Komissiyanın iclaslarında və onun cari işində dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların aidiyyəti üzrə mütəxəssisləri də iştirak edə bilərlər.

4.8. Komissiyanın iclasları komissiya sədrinin və katibinin imzaladığı protokolla rəsmiləşdirilir.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647)

2.       24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69)

3.       5 iyun 2014-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2014-cü il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 736)

4.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

5.       14 mart 2019-cu il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 iyun 2014-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2014-cü il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 736) ilə "Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiyanın Tərkibi”nin "Komissiyanın üzvləri” hissəsində “Rüstəm Mahmudov - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət və proqnozlaşdırma departamentinin aparıcı mütəxəssisi" sözləri “Cəmaləddin Quliyev - Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi müdirinin müavini” sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiyanın Tərkibi”nin “Komissiyanın üzvləri” bölməsində “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi müdirinin müavini” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri” sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 mart 2019-cu il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62) ilə “Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiyanın Tərkibi”nin “Komissiyanın üzvləri” bölməsində “Tamilla Mehdiyeva - Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi – Bakı şəhər İqtisadiyyat Komitəsinin əsaslı tikinti və təmir şöbəsinin rəisi” sözləri “Vüqar Qəhrəmanov - Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri” sözləri ilə əvəz edilmişdir.

 

[3] 22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647) ilə “Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiyanın Tərkibi”nin 11-ci bəndində “Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

 

24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69) ilə “Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiyanın Tərkibi”nin “Komissiyanın üzvləri” hissəsində “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir.