Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə, Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları və Dövlət Ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 173 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə, Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları və Dövlət ekoloji ekspertizasının müəyyənləşdirilməsi Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Təbiəti mühafizə ehtiyat fondu haqqında Əsasnaməni təsdiq etmək barəsində Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 25 iyul tarixli, 313 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 22 fevral 2001-ci il

41

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında

 

ƏSASNAMƏ

 

1. Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında (bundan sonra - Fond) Əsasnamə Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır.

2. Fondun yaradılmasında əsas məqsəd ətraf mühitin mühafizəsində təxirəsalınmaz tədbirlərin görülməsi, ona vurulan zərərin aradan qaldırılması və kompensasiya verilməsi, ekoloji cəhətdən səmərəli yeni layihə və texnologiyaların işlənilməsi, tətbiqi, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təbiəti mühafizənin iqtisadi stimullaşdırılma məsələlərinin həllini təmin etməkdən, habelə yaşıllıqları mühafizə tədbirlərinin və ətraf mühitin mühafizəsi sahəsində digər tədbirlərin maliyyələşdirilməsindən ibarətdir.[1]

3. Fond aşağıdakı daxilolmalar hesabına formalaşdırılır: [2]

3.1. təbiətdən istifadəyə görə ödəmələr;

3.2. ətraf mühitin mühafizəsi haqqında (balıqçılıq istisna olmaqla) qanunvericiliyin pozulmasına görə alınan cərimələr;

3.3. müsadirə olunan ovçuluq alətlərinin və qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlər;

3.4. yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə ödənilən bərpa dəyəri;

3.5. qrantlar, könüllü ianələr;

3.6. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmalar.

4. Fondun vəsaiti yerli maliyyə orqanlarının xəzinədarlığında toplanır və Fonddan İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təkliflər üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyinin birgə təsdiq etdiyi gəlir və xərc bölgüsü əsasında (təsdiq olunmuş protokol) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istifadə olunur.[3]

5. Köçürmələrin vaxtlı-vaxtında həyata keçirilməsinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir.

6. Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun vəsaitləri aşağıdakı tədbirlər üçün istifadə edilir:[4]

6.1. elmi tədqiqat (o cümlədən, layihə-axtarış və təcrübi-metodiki) işlərinin aparılmasına, resursqənaətedici və ekoloji təmiz texnologiyalarının tətbiqinə;

6.2. təbiətin mühafizəsi obyektlərinin tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsinə;

6.3. ətraf mühitin çirklənməsi nəticəsində dəymiş ziyanın və ekoloji tarazlığı pozulmuş təbii ekoloji sistemlərin bərpasına (o cümlədən, təbii obyektlərin və komplekslərin abadlaşdırılmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin biotexniki planlarının layihələrinin hazırlanmasına və yerinə yetirilməsinə);

6.4. çirklənmə və başqa mənfi təsirlər nəticəsində vətəndaşların sağlamlığına və ətraf mühitə vurulmuş zərərin bərpasına görə onlara müəyyən edilmiş kompensasiyanın verilməsinə;

6.5. Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin milli sektorunda ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, torpaqların münbitliyinin bərpası və artırılması ilə bağlı dövlət proqramlarının və layihələrin həyata keçirilməsinə, normativ-metodiki sənədlərin, normativ və texniki normativ hüquqi aktların işlənməsinə;

6.6. ekoloji maarifləndirmə və təhsilə (o cümlədən əhalinin ekoloji bilik və tərbiyənin təbliğinə, habelə xarici ölkələrlə elmi-texniki əməkdaşlıq edilməsinə, konfrans və tədbirlərin keçirilməsinə);

6.7. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə;

6.8. yaşıllıqların mühafizəsinə (o cümlədən, onların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə) yönəldilmiş tədbirlərin maliyyələşdirilməsinə;

6.9. nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsinə və bərpasına;

6.10. ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına (o cümlədən, texnoloji qurğuların, cihazların, avadanlıqların, nəqliyyat vasitələrinin, qeyri-maddi aktivlərin, mal-materialların və ləvazimatların alınmasına, əsaslı və cari təmirinə);

6.11. ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə, dövlət kadastrının aparılmasına;

6.12. ətraf mühitin mühafizəsi sahəsində çalışan mütəxəssislərin həvəsləndirilməsi məqsədi ilə onların maddi stimullaşdırılmasına (o cümlədən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına, habelə müqavilə ilə işləyən mütəxəssis, ekspert və texniki işçilərə görə pul ödənişlərinə).

7. Sosial təminat və maddi həvəsləndirmə fonduna yönəldilən vəsaitin məbləği fondun vəsaitinin 5 faizindən çox olmamalıdır.

7-1. Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.[5]

8. Ümumdövlət və regional əhəmiyyətli ətraf mühitin mühafizəsi tədbirlərinin keçirilməsinin maliyyələşdirilməsi, vəsaitin əvəzsiz formada ayrılması ilə həyata keçirilir.

9. Fonddan istifadə olunması haqqında ilin yekunlarına görə hesabat Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb Maliyyə Nazirliyinə təqdim olunur.

10. Fondda olan vəsaitlərdən səmərəli istifadə olunmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyi nəzarət edir.

11. İl ərzində istifadə olunmamış Fond vəsaiti növbəti ilin hesabına keçirilir və Fondda saxlanılaraq ləğv edilməsinə yol verilmir.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ekoloji auditor fəaliyyətinin apaılması

 

QAYDALARI

 

1. Ekoloji auditor fəaliyyəti ilə məşğul olmaq hüququ

 

1.1. Ekoloji auditor ekoloji auditor fəaliyyəti göstərən hüquqi və ya fiziki şəxsdir.[6]

1.2. Ekoloji auditor fəaliyyəti ilə məşğul olmaq hüququnu almaq üçün xüsusi razılıq (lisenziya) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyənləşdirilmiş icra hakimiyyəti orqanı tərəfindən verilir.[7]

1.3. Xarici auditorlar və auditor təşkilatları ekoloji auditin aparılmasına və məsləhətlərin verilməsinə cəlb edilə bilərlər.

 

2. Ekoloji auditin obyektləri

 

Ekoloji auditin obyektləri ətraf mühitin təbiət istifadəçiləri tərəfindən istifadə olunan bütün komponentləri (atmosfer havası, su obyektləri, bitki örtüyü, heyvanat aləmi və torpaq örtüyü), ətraf mühitə zərərli təsir edən müəssisələr və fərdi fəaliyyət nəticəsində ətraf mühitə vurulan zərərli təsir sahələridir.

 

3. Ekoloji auditorun məqsədi

 

Ekoloji auditorun məqsədi ekoloji təhlükəsizliyin təmin olunması məqsədi ilə təbiətdən istifadəçilərin fəaliyyətinin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, ekoloji norma və standartlara uyğunluğunu müstəqil surətdə yoxlamaq, onlara fəaliyyətinin səmərəli təşkili və ekoloji siyasətinin müəyyənləşdirilməsi ilə bağlı zəruri məsləhətlər vermək, kömək göstərməkdir.

 

4. Ekoloji auditorun vəzifələri

 

Ekoloji auditorun vəzifələri aşağıdakılardır:

4.1. ekoloji auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmək;

4.2. auditor yoxlamalarını və zəruri məsləhət xidmətlərini mövcud qanunvericilik üzrə keyfiyyətli həyata keçirmək;

4.3. yoxlanılan təsərrüfat subyektində şəxsi əmlak mənafeyi, qarşılıqlı iqtisadi və işgüzar maraqları, əlaqələri müəyyənləşdikdə, müəssisə rəhbərliyindən hər hansı bir şəxslə birbaşa qohumluq əlaqəsi olduqda, bundan əvvəl orada öz peşə fəaliyyəti ilə bağlı xidmətlər göstərdikdə auditin aparılmasında iştirakın qeyri-mümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına) xəbər vermək;

4.4. mülkiyyət formasından asılı olmayaraq təbiətdən istifadəçilərin təbii resurslardan istifadə və onun bərpası ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparmaq;

4.5. ekoloji auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi, ekoloji tələblərə əməl olunmaması ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə rəsmi məlumat vermək; [8]

4.6. təbiətdən istifadəçilərin tələbi ilə aparılan ekoloji audit zamanı əldə edilən məlumatları (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) məxfi saxlamaq;

4.7. yoxlama zamanı alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanılmasını təmin etmək;

4.8. təbiətdən istifadəçilərin tələbi ilə onlara audit aparılmasına dair qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəyində olan irad və nəticələri əsaslandıran normativ aktlar barəsində ətraflı məlumatlar vermək.

 

5. Ekoloji auditor fəaliyyətinin tənzimlənməsi

 

Ekoloji auditor fəaliyyəti Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında Qanunu, bu Qayda və digər normativ hüquqi aktlarla tənzimlənir.

 

6. Ekoloji auditorun hüquqları

 

Ekoloji auditorun hüquqları aşağıdakılardır:

6.1. müvafiq qanunvericiliyə uyğun olaraq təbiətdən istifadəçilər və digər sifarişçilərlə bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək;

6.2. ekoloji audit aparılan təsərrüfat subyektlərinin ekoloji və maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə (o cümlədən, kənar hüquqi şəxslərdə saxlanılan sənədlərlə) tanış olmaq və lazım olan məlumatlar almaq;

6.3. ekoloji audit aparılan təsərrüfat subyektlərinin rəhbərliyindən və digər işçilərindən yazılı izahat almaq;

6.4. səlahiyyətli dövlət orqanlarının sifarişi ilə ekoloji auditor xidməti göstərərkən müəyyən edilmiş nöqsan və pozuntular haqqında onlar qarşısında məsələ qaldırmaq;

6.5. ekoloji auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları, mütəxəssisləri cəlb etmək;

6.6. yoxlanılan təbiətdən istifadəçi müəssisə və təşkilat tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi hallarında yoxlamanı keçirməkdən imtina etmək.

 

7. Ekoloji auditor fəaliyyətinin aparılması

 

7.1. Ekoloji audit təbiətdən istifadəçi ilə ekoloji auditor arasında bağlanılmış müqaviləyə əsasən aparılır.

7.2. Ekoloji auditor öz işini yoxlama üçün tələb olunan ekoloji normativ sənədlər, təlimatlar, yoxlanılan obyektin texniki sənədləri əsasında qurur.

7.3. Ekoloji auditor, lazım olarsa, yoxlama prosesində ekoloji laboratoriya xidmətindən və ya digər texniki yardımlardan istifadə edir.

7.4. Ekoloji auditor, yoxlamanın xüsusiyyətindən asılı olaraq müəyyən sahələr üzrə mütəxəssis tələb olunarsa, kənar təşkilatlardan ekspert dəvət edir.

7.5. Ekoloji auditor müəssisənin gərgin ekoloji sahələrində aparılan tədbirlərin yaxşılaşdırılmasına daha diqqətli olmalı və ətraf mühitə zərərli təsirin mümkün qədər azaldılmasına nail olmalıdır.

7.6. Ekoloji auditor müəssisə rəhbərlərinə və mütəxəssislərinə məsləhətlər verməli, bu məsləhətlər müəssisənin gələcək ekoloji siyasətində öz müsbət əksini tapmalıdır.

7.7. Ekoloji auditin nəticəsi auditor rəyi şəklində sifarişçiyə təqdim olunur.

7.8. Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nəticələrini əks etdirən ekoloji auditor rəyi Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur.

7.9. Ekoloji auditor tərəfindən müqavilə üzrə yerinə yetirilmiş iş sifarişçiyə akt əsasında təqdim olunmaqla rəsmiləşdirilir.

 

8. Ekoloji auditorun məsuliyyəti

 

Ekoloji auditor qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasında dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi

 

QAYDASI

 

I. Ümumi müddəalar

 

1.1. Bu Qayda Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 173 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Qayda dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsinin şərtlərini və ekspertiza haqqının məbləğlərini müəyyənləşdirir.

1.3. Dövlət ekoloji ekspertizasına görə haqq elmi, metodik və maddi bazanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi hesabına ekspertizanın yüksək elmi-texniki səviyyədə həyata keçirilməsinə şərait yaratmaq, qəbul edilən qərarların əlaqədar tərəflərin mövqelərindən asılı olmamasını təmin etmək məqsədi ilə ödənilir.

1.4. Dövlət ekoloji ekspertizasının vəzifələrinə və funksiyalarına əsaslanaraq dövlət ekoloji ekspertizası haqqının ödənilməsi zamanı dövlət ekoloji ekspertizası orqanlarının layihəqabağı, layihə və ətraf mühitə təsirini qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin və başqa sənədlərin sifarişçiləri və (və ya) tərtibçiləri ilə, habelə əlaqədar şəxslərlə birbaşa təsərrüfat hesablı qarşılıqlı münasibətlərini istisna edir.

1.5. Dövlət ekoloji ekspertizası haqqının ödənilməsi ilə əlaqədar daxil olan vəsaitdən istifadə sahəsində planlaşdırma, uçot və hesabat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq aparılır.

 

II. Dövlət ekoloji ekspertizasının ödənilməsi qaydası

 

2.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi orqanlarının baxmalı olduqları layihələrin, sənədlərin və materialların dövlət ekoloji ekspertizasının haqqını onların tərtibinin sifarişçisi işlərin mərhələ-mərhələ aparılmasına əsasən aşağıdakı qaydada ödəyir:

sifarişçi (təşəbbüsçü) sənədləri və ya materialları dövlət ekoloji ekspertizasına təqdim etdikdə, ekoloji ekspertiza orqanlarına layihəqabağı mərhələnin icrası üçün minimum əməkhaqqı məbləğində, layihə və ƏMTQ mərhələsinin icrası üçün aşağıda göstərilən qaydada hesablanmış haqqın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi hesabına köçürülməsi barədə bildiriş verməlidir.[9]

sənədlər (materiallar) dövlət ekoloji ekspertizasına o halda qəbul olunmuş sayılır ki, ekspertiza işlərinin dəyəri ödənilmiş olsun və vəsaitin köçürülməsi barədə maliyyə sənədlərinin surətləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi orqanlarına təqdim edilsin.

2.2. Dövlət ekoloji ekspertizasının ödəniş məbləğinin düzgün ödənilməsinə və ödənilməsi müddətinə nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

 

III. Dövlət ekoloji ekspertizasının aparılması dəyərinin müəyyənləşdirilməsi

 

Dövlət ekoloji ekspertizası dövlət büdcəsi və sənədlərin sifarişçisinin vəsaiti hesabına maliyyələşdirilir. Sənəd və materialların dövlət ekoloji ekspertizasının dəyəri (D) aşağıdakı düsturla təyin edilir:

 

D = H x Ə1 x Ə2 x Ə3 x Ə4 x Ə5 + E

 

Burada H - daimi hesablama kəmiyyəti olmaqla, obyektlər üçün sənədlərin hazırlanmasından və ya layihənin ümumi smeta dəyərindən asılıdır və aşağıdakı kimi təyin edilir:

2 (iki) min manata qədər olduqda, bütün məbləğin 5 (beş) faizi;

2 (iki) min manatdan 20 (iyirmi) min manata qədər olduqda, 1-ci bəndin şərti + hər növbəti 2 (iki) min manat üçün əlavə 20 (iyirmi) manat;

20 (iyirmi) min manatdan 200 (iki yüz) min manata qədər olduqda, 1-ci bəndin şərti + 2-ci bəndin şərti + hər növbəti 20 (iyirmi) min manat üçün əlavə 60 (altmış) manat;

200 (iki yüz) min manatdan 2 (iki) milyon manata qədər olduqda, 1-ci bəndin şərti + 2-ci bəndin şərti + 3-cü bəndin şərti + hər növbəti 200 (iki yüz) min manat üçün əlavə 150 (yüz əlli) manat.[10]

Ə1 - sənədlərin növü və mərhələliyi üçün düzəliş əmsalı 1 nömrəli cədvəl üzrə, ekspertizanın kateqoriyası əsas götürülməklə müəyyənləşdirilir. Həmin kateqoriya layihələşdirmənin müxtəlif mərhələlərində ekspertizanın təşkilinin mürəkkəbliyindən asılı olaraq müəyyənləşdirilir.

 

 

1 nömrəli cədvəl

 

Ekspertizanın kateqoriyası, layihələşdirmənin mərhələsi və sənədlərin növü

Sənədlərin təqdim edilməsi zamanı Ə1 əmsalı

1

2

I kateqoriya

 

Yeni, o cümlədən xaricdən daxil olan texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına dair sənədlər. Dövlət, sahə və regional səviyyəli layihəqabağı və planqabağı sənədlər, o cümlədən inkişafın konsepsiyaları, əsas istiqamətləri, proqramları, perspektiv-proqnozları, məhsuldar qüvvələrin yerləşdirilməsinin ərazi və sahə sxemləri, regionların təbiətinin mühafizəsinin ərazi kompleks sxemləri, ərazilərin, habelə işləyən müəssisələrin ekoloji vəziyyətinin qiymətləndirilməsinə dair digər materiallar və sənədlər. Təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olan iri sənaye obyektlərinin və komplekslərinin tikintisinə və genişləndirilməsinə aid layihə və ƏMTQ sənədləri

3,0

II kateqoriya

 

Şəhərlərin və şəhər tipli qəsəbələrin inkişaf sxemləri. Rayonların planlaşdırılması sxemləri və layihələri, şəhərlərin baş planları, yaşayış məntəqələrinin müfəssəl planlaşdırılması layihələri. Sənaye rayonlarının və sənaye qovşaqlarının layihə, sxem və ƏMTQ sənədləri. Təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olan xırda obyektlərin və daxil olmayan obyektlərin tikinti və genişləndirilməsinə aid layihə və ƏMTQ sənədləri

2,0

III kateqoriya

 

Elmi-tədqiqat və layihə-konstruktor sənədləri, təbiətdən istifadəni tənzimləyən normativ-hüquqi, normativ-metodiki, lisenziya və başqa sənədlər, təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olmayan obyektlərin yenidənqurma, müasirləşdirmə və ləğv olunmasına aid layihə və ƏMTQ sənədləri. 1-ci və 2-ci kateqoriyalara daxil edilməmiş sənədlər

1,0

 

Ə2 - layihəqabağı və layihə qərarlarının həyata keçiriləcəyi ərazidə ekoloji şəraiti nəzərə alan əmsal 2 nömrəli cədvəl üzrə, bir neçə şərt olduqda, kəmiyyətlərin bir-birinə vurulması yolu ilə müəyyənləşdirilir: Ə2,1 x Ə2,2 .....x Ə2,n

 

 

2 nömrəli cədvəl

 

Təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin nəzərdə tutulduğu şərait

Ə2 əmsalı

əsas ərazilər

əsas ərazilərdən 100 km-dək məsafədə olan ərazilər üzrə

Ekoloji fəlakət zonası

1,3

1,15

Fövqəladə hal zonaları və xüsusi mühafizə edilən (qoruqlar istisna olmaqla) ərazilər

1,2

1,1

Təbii mühitlərdən hər birinin çirklənməsi səviyyəsinin normativdən yüksək olduğu regionlar, şəhərlər və yaşayış məntəqələri (ekspertiza məqamından əvvəlki il üçün)

1,15

1,0

 

Ə3 - obyektin ekoloji təhlükəsizlik səviyyəsini nəzərə alan əmsal beş dərəcəli sistem üzrə, obyektlərin SN 245-71 sanitariya təsnifatı normaları əsas götürülməklə müəyyənləşdirilir və I dərəcə üçün - 1,14, II dərəcə üçün - 1,13, III dərəcə üçün - 1,12, IV dərəcə üçün 1,11, V dərəcə üçün - 1,0 təşkil edir.

Ə4 - obyektlərin nadirliyi əmsalı birtipli layihələrə dair sənədlər üçün - 1,2-yə, fərdi layihələrə dair sənədlər üçün 1,3-ə, layihə eksperiment qaydasında hazırlandıqda - 1,4-ə bərabərdir.

Ə5 - nəzərdə tutulan təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin və layihəqabağı və layihə sənədlərinin ƏMTQ bölmələrinin dolğunluğunu nəzərə alır. Ə5 əmsalı 3 nömrəli cədvəl üzrə təqdim edilən sənədlərin keyfiyyəti əsas götürülməklə müəyyənləşdirilir.

 

 

3 nömrəli cədvəl

 

ƏMTQ bölməsinin yerinə yetirilməsi səviyyəsi

Ə5 əmsalı

ƏMTQ ixtisaslaşdırılmış təşkilatlar cəlb edilməklə və elmi-tədqiqat işləri aparılmaqla normativ tələblərə müvafiq surətdə tam həcmdə yerinə yetirilmişdir

1

ƏMTQ mövcud ədəbiyyat və fond materialları əsasında normativ tələblərdə nəzərdə tutulmuş bütün bölmələr üzrə xüsusi tədqiqatlar aparılmadan, lakin kəmiyyət və keyfiyyət xarakteristikalarını müəyyənləşdirməklə yerinə yetirilmişdir

1,5

ƏMTQ normativ tələblərdə nəzərdə tutulmuş bütün bölmələr üzrə təsviri xarakteristikalarla məhdudlaşan səviyyədə yerinə yetirilmişdir

1,8

ƏMTQ qismən yerinə yetirilmişdir, həmin obyektin təsirinə məruz qalan təbii mühit komponentlərinin hamısını əhatə etmir, təsirin istiqamətini tam nəzərə almır

2

 

E - ekspertizanın qısa müddətlərdə yerinə yetirilməsinə görə əlavə dəyərdir, sifarişçinin təşəbbüsü ilə ekspertiza xidmətinin real imkanına uyğun olaraq razılaşma yolu ilə müəyyənləşdirilir.

 

Qeyd:

1. Azərbaycan Respublikasının bir sıra büdcə təşkilatları bu məqsədlə vəsait məhdudluğunu əsaslandırdıqda, ekoloji ekspertiza haqqını ödəmək üçün 0,1-0,3 əmsalı istifadə edilə bilər.

2. Təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olan iri sənaye obyektlərinin və komplekslərinin yenidənqurulma və müasirləşdirilməsinə aid layihə və ƏMTQ sənədləri üçün 2,5 Ə1 əmsalı istifadə edilə bilər.

3. Sifarişçi tərəfindən öz gücü ilə hazırlanmış (smeta dəyəri müəyyən olunmamış) sənədlərin ekoloji ekspertizası haqqının ödənilməsi məbləği, onların mürəkkəbliyindən asılı olaraq, 20 (iyirmi) 100 (yüz) manata qədər təyin oluna bilər.

4. Obyektlərin yerləşdirilməsi üçün sənədlərin ekspertiza haqqının ödənilməsi məbləği minimum əməkhaqqı məbləğinə bərabərdir.[11]

 

IV. Dövlət ekoloji ekspertizasının vəsaitindən istifadə qaydaları

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza İdarəsi tərəfindən ekspertiza işlərinin yerinə yetirilməsinə görə sifarişçi tərəfindən ödənilən vəsaitlər Komitənin büdcədənkənar vəsaitləri hesabına daxil olur və aşağıdakı məqsədlər üçün istifadə edilir:

a) ştatdankənar ekspertlərin və məsləhətçilərin əməyinin ödənilməsinə və stimullaşdırılmasına;

b) Ekologiya və Təbii Sərvətlər Nazirliyi sisteminin dövlət ekoloji ekspertizası prosesində iştirak edən ekspertiza və digər bölmələri işçilərinin əməyinin həvəsləndirilməsi məqsədi ilə onların mükafatlandırılmasına;

c) ətraf mühitə təsirin qiymətləndirilməsi metodologiyası və metodikası sahəsində elmi tədqiqatların və dövlət ekoloji ekspertizasının digər xərclərinin maliyyələşdirilməsinə;

ç) dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün texniki avadanlıq və digər vasitələrin əldə edilməsinə, ekspertizanın informasiya-metodiki və maddi-texniki təminatına;

d) nəzarət, analiz və başqa zəruri ölçmələrin, habelə ekspertizanın aparılması ilə bağlı digər cari işlərin dəyərinin ödənilməsinə.

 

V. Dövlət ekoloji ekspertizasının aparılmasına cəlb edilən ştatdankənar ekspertlərin əməyinin ödənilməsi

 

Dövlət Ekoloji ekspertizasının aparılmasına cəlb edilən ştatdankənar ekspertlərin əməyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 16 iyun tarixli, 99 nömrəli qərarı ilə müəyyənləşdirilmiş qaydada (işin mürəkkəbliyi və həcmindən asılı olaraq ekspertiza idarəsinin ekspert, aparıcı və ya baş ekspertlərinin aylıq vəzifə maaşından çox olmayaraq ekspertizaya sərf edilən vaxta münasib olaraq) ödənilir.

 

 


 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       18 iyul 2002-ci il tarixli 113 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 7, maddə 451)

2.       7 noyabr 2002-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 11, maddə 675)

3.       4 aprel 2003-cü il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 4, maddə 215)

4.       11 sentyabr 2004-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 9, maddə 745)

5.       7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 1, maddə 49)

6.       12 iyul 2005-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 7, maddə 667)

7.       11 sentyabr 2008-ci il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 9, maddə 856)

8.       29 sentyabr 2011-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 9, maddə 865)

9.       27 sentyabr 2016-cı il tarixli 373 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 2 oktyabr 2016-cı il, 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1598)

10.    31 mart 2017-ci il tarixli 115 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 01 aprel 2017-ci il, 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 513)

11.    5 yanvar 2018-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 9 yanvar 2018-ci il, 4, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 119)

12.    22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 25 sentyabr 2018-ci il, 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 9, maddə 1938)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 31 mart 2017-ci il tarixli 115 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 01 aprel 2017-ci il, 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 513) ilə Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamənin 2-ci hissəyə aradan qaldırılması sözlərindən sonra və kompensasiya verilməsi sözləri, habelə sözündən sonra yaşıllıqları mühafizə tədbirlərinin və sözləri əlavə  edilmişdir.

 

[2] 11 sentyabr 2004-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 9, maddə 745) ilə Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə"nin 3-cü bəndinin "b" yarımbəndində "təbiətdən istifadəyə" sözləri "ovçuluq təsərrüfatlarından istifadəyə görə ödənişlər istisna olmaqla, təbiətdən istifadəyə" sözləri ilə əvəz edilmişdir.

 

12 iyul 2005-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 7, maddə 667) ilə Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnaməyə 3-cü bəndinə yeni məzmunda yeni abzas əlavə edilmişdir.

 

27 sentyabr 2016-cı il tarixli 373 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 2 oktyabr 2016-cı il, 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1598) ilə Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamənin 3-cü hissəsinin a) yarımbəndinə haqqında sözündən sonra (balıqçılıq istisna olmaqla) sözləri əlavə edilmişdir.

 

27 sentyabr 2016-cı il tarixli 373 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 2 oktyabr 2016-cı il, 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1598) ilə Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamənin 3-cü hissəsinin c) yarımbəndindən və balıqçılıq sözləri çıxarılmışdır.

 

31 mart 2017-ci il tarixli 115 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 01 aprel 2017-ci il, 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 513) ilə Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamənin 3-cü hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3. Fond aşağıdakıların hesabına formalaşır:

a) ətraf mühitin mühafizəsi haqqında (balıqçılıq istisna olmaqla) qanunvericiliyin pozulmasına görə alınan cərimələrin;

b) ovçuluq təsərrüfatlarından istifadəyə görə ödənişlər istisna olmaqla, təbiətdən istifadəyə görə ödəmələrin;

c) qanunvericilikdə müəyyən edilmiş qaydada müsadirə edilən ovçuluq və balıqçılıq alətlərinin, qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlərin;

ç) dövlət, qeyri-dövlət təşkilatlarından, fiziki və hüquqi şəxslər tərəfindən könüllü olaraq ödənilən ianələrin;

d) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmaların.

Bu bəndin a, b və c yarımbəndlərində nəzərdə tutulmuş vəsaitlər qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi mühafizə olunan təbiət ərazilərində törədilmiş qanun pozuntusu və ya həmin ərazilərdən istifadə ilə bağlı olduqda bu ərazilərin müvafiq idarələrinin xüsusi fondlarına daxil olur

 

[3] 7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 1, maddə 49) ilə "Ətraf mühitin Mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə"nin 4-cü, 5-ci, 9-cu və 10-cu bəndlərində "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

12 iyul 2005-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 7, maddə 667) ilə 4-cü bənddə Maliyyə Nazirliyinin Mərkəzi Xəzinədarlığında sözləri yerli maliyyə orqanlarının xəzinədarlığında sözləri ilə əvəz edilmişdir.

 

[4] 18 iyul 2002-ci il tarixli 113 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 7, maddə 451) ilə "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə"nin 6-cı bəndində "ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə" sözlərindən sonra "habelə dövlət kadastrının aparılmasına" sözləri əlavə edilmişdir.

4 aprel 2003-cü il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 4, maddə 215) ilə "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə"nin 6-cı bəndində "əhali arasında ekoloji biliklərin və tərbiyənin təbliğinə" sözləri "əhalinin ekoloji təhsili və maarifləndirilməsinə" sözləri ilə əvəz edilmişdir.

31 mart 2017-ci il tarixli 115 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 01 aprel 2017-ci il, 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 513) ilə Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamənin 6-cı hissəyə təbiət abidələrinin mühafizəsinə, sözlərindən sonra yaşıllıqları mühafizə tədbirlərinin maliyyələşdirilməsinə, sözləri əlavə edilmişdir.

5 yanvar 2018-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 9 yanvar 2018-ci il, 4, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 119) ilə Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamənin 6-cı hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6. Fondun vəsaiti Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin milli sektorunda ətraf mühitin mühafizəsi tədbirlərinə, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və onların bərpasına, təbiəti mühafizə obyektlərinin tikintisinə, əsaslı təmirinə, istismarına, mühafizə olunan sahələrin yaradılması və inkişaf etdirilməsinə, təbiəti mühafizə sahəsinin sosial inkişafına, təbii obyekt və komplekslərin abadlaşdırılmasına, ətraf mühitin mühafizəsi sahəsində proqramların, layihələrin, hüquqi və normativ sənədlərin hazırlanmasına, konfrans və tədbirlərin keçirilməsinə, milli parkların, qoruqların, yasaqlıqların və digər qorunan xüsusi ərazilərin, təbiət abidələrinin mühafizəsinə, yaşıllıqları mühafizə tədbirlərinin maliyyələşdirilməsinə, nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsi və bərpasına, dövlət qoruqlarında biotexniki və digər təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə, elmi-tədqiqat, layihə-axtarış və təcrübi-metodiki işlərin aparılmasına, əhalinin ekoloji təhsili və maarifləndirilməsinə, ətraf mühitin mühafizəsi sahəsində işləyən mütəxəssislərin həvəsləndirilməsi məqsədi ilə onların maddi stimullaşdırılmasına, həmin sahədə işləri yerinə yetirmək üçün tələb olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin və digər ləvazimatların alınmasına, eləcə də xarici ölkələrlə elmi-texniki əməkdaşlıq, ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə habelə dövlət kadastrının aparılmasına sərf oluna bilər.

 

[5] 29 sentyabr 2011-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 9, maddə 865) ilə təsdiq edilmiş Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnaməyə 7-1-ci hissə əlavə edilmişdir.

 

[6] 7 noyabr 2002-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 11, maddə 675) ilə 1.1-ci bənddə "xüsusi razılığa (lisenziyaya) əsasən ekoloji auditor fəaliyyəti göstərmək hüququna malik olan" sözləri "ekoloji auditor fəaliyyəti göstərən" sözləri ilə əvəz edilmişdir.

 

[7] 7 noyabr 2002-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 11, maddə 675) ilə 1.2-ci bənd çıxarılmışdır.

 

[8] 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 25 sentyabr 2018-ci il, 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 9, maddə 1938) ilə Ekoloji auditor fəaliyyətinin aparılması Qaydalarının 4.5-ci bəndində maliyyə-mühasibat sözü mühasibat sözü ilə əvəz edilmişdir.

 

[9] 11 sentyabr 2008-ci il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 9, maddə 856) ilə II bölmənin 2.1-ci bəndinin ikinci abzasında Azərbaycan Respublikasında aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 1 (bir) misli (100 min manat) sözləri minimum əməkhaqqı sözləri ilə əvəz edilmişdir.

 

[10] 11 sentyabr 2008-ci il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 9, maddə 856) ilə III bölmənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Burada H - daimi hesablama kəmiyyəti olmaqla, obyektlər üçün sənədlərin hazırlanmasından və ya layihənin ümumi smeta dəyərindən asılıdır və aşağıdakı kimi təyin edilir:

10 (on) milyon manata qədər olduqda, bütün məbləğin 5 (beş) faizi;

10 (on) milyon manatdan 100 (yüz) milyon manata qədər olduqda, 1-ci bəndin şərti + hər növbəti 10 (on) milyon manat üçün əlavə 100 (yüz) min manat;

100 (yüz) milyon manatdan 1 (bir) milyard manata qədər olduqda, 1-ci bəndin şərti + 2-ci bəndin şərti + hər növləri 100 (yüz) milyon manat üçün əlavə 300 (üç yüz) min manat;

1 (bir) milyard manatdan 10 (on) milyard manata qədər olduqda, 1-ci bəndin şərti + 2-ci bəndin şərti + 3-cü bəndin şərti + hər növbəti 1 (bir) milyard manat üçün əlavə 750 (yeddi yüz əlli) min manat.

 

[11] 11 sentyabr 2008-ci il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 9, maddə 856) ilə III bölmənin qeyd hissəsinin 3-cü bəndində 100 000 (yüz min) 500 000 (beş yüz min) rəqəmləri 20 (iyirmi) 100 (yüz) rəqəmləri ilə, 4-cü bəndində Azərbaycan Respublikasında aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 1 (bir) mislinə (100 min manat) sözləri minimum əməkhaqqı məbləğinə sözləri ilə əvəz edilmişdir.