"Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti üç ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

"Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş qiymətli və keyfiyyətli tütün istehsalı üzrə dövlət proqramını hazırlasın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş məqsədli kreditlərin verilməsi, qaytarılması və tütün əkinlərinin (məhsulunun) sığortalanması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 9.4-cü maddəsində nəzərdə tutulmuş tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri barədə müvafiq normativ hüquqi aktlar qəbul etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 11.5-ci maddəsində nəzərdə tutulmuş tütün məmulatının tərkibində olan inqrediyentlər barədə hesabatın formasını və təqdim edilmə qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 12.4-cü maddəsində nəzərdə tutulmuş tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 19.2-ci maddəsində nəzərdə tutulmuş tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilində "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi iki ay müddətində:

"Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasında istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının tərkibində hər ədəd üçün nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarının yuxarı həddini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş tütün məmulatının istehlakının insanların səhhətinə zərəri haqqında xəbərdarlıq yazısının mətnini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Müəyyən edilsin ki:

"Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci, 8.3-cü, 9.4-cü, 10.2-ci, 11.5-ci, 12.4-cü və 19.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 11.1-ci, 11.4-cü, 12.1-ci, 12.2-ci, 12.3-cü, 13.2-ci və 18.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

həmin Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;

həmin Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.[1]

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 3 sentyabr 2001-ci il

573

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 16 may 2014-cü il, 101)

2.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 17 avqust 2016-cı il, 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1384)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 16 may 2014-cü il, 101) ilə 3-cü hissəsinin beşinci abzasında İqtisadi İnkişaf sözləri İqtisadiyyat və Sənaye sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 17 avqust 2016-cı il, 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1384) ilə 3-cü hissənin dördüncü bəndindən və Sənaye sözləri çıxarılmışdır.