Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydasının təsdiq edilməsi barədə

 

Azərbaycan RESPUBLİKASI NAZİRLƏR KabİnetİnİN Qərarı

 

Təbii inhisarlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli 446 nömrəli Fərmanının 2-ci abzasının 1-ci hissəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 25 dekabr 2001-ci il

201

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması

 

Qaydası

 

I. Ümumi müddəalar

 

1.1. Təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətləri ilə bağlı müraciətlərinə baxılması Qaydası (bundan sonra Qayda) Təbii inhisarlar haqqında Azərbaycan Respublikasının Qanununa, Təbii inhisarlar haqqında Azərbaycan Respublikası qanununun tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli 446 nömrəli Fərmanına və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətləri ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə (bundan sonra İqtisadiyyat və Sənaye Nazirliyi) razılıq almaq üçün müraciətini, bununla əlaqədar lazımi sənəd və məlumatın təqdim olunmasını, İqtisadiyyat və Sənaye Nazirliyində müraciətə baxılması ardıcıllığını müəyyən edir.[1]

1.3. Qaydanın tətbiq edilməsində məqsəd istehlakçıların mənafeyinə xələl gətirə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə iqtisadi cəhətdən əsaslandırılmış keçidə mane olan hərəkətlərin qarşısının alınmasını, təbii inhisar subyektləri ilə istehlakçıların mənafelərinin tarazlaşdırılmasını təmin etməkdir.

 

II. Təbii inhisar subyektlərinin İqtisadiyyat və Sənaye Nazirliyindən razılıq almaqla həyata keçirilən hərəkətləri

 

2.1. Təbii inhisar subyektləri aşağıdakı hərəkətlərə görə İqtisadiyyat və Sənaye Nazirliyinin razılığını almalıdırlar:

2.1.1. barəsində Təbii inhisarlar haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət tənzimlənməsi tətbiq edilməyən əmtəənin istehsalı (satışı) üçün əsas vəsaitlərə mülkiyyət və ya istifadə hüququnun əldə edilməsi;

2.1.2. əsas vəsaitlərin lizinq əsasında istehlakçılara verilməsi;

2.1.3. təbii inhisar subyektləri tərəfindən Təbii inhisarlar haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməyən fəaliyyət sahələrinə investisiyaların ayrılması.

2.2. Barəsində Təbii inhisarlar haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət tənzimlənməsi tətbiq edilən əmtəənin istehsalı (satışı) üçün əsas vəsaitlərin satışı, icarəyə verilməsi və ya digər hərəkətlər qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.

 

III. Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim olunan materiallar

 

3.1. Təbii inhisar subyektləri bu Qaydanın 2-ci bölməsində göstərilən hərəkətlərlə bağlı razılıq almaq üçün İqtisadiyyat və Sənaye Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidirlər:

3.1.1. İqtisadiyyat və Sənaye Nazirliyinin adına müraciət məktubu;

3.1.2. tənzimləmə tətbiq edilməyən əmtəələrin istehsalı (satışı) ilə əlaqədar təsərrüfat müqavilələri;

3.1.3. əsas vəsaitlərə mülkiyyət və ya istifadə hüququnun əldə edilməsi ilə əlaqədar təsərrüfat müqavilələri;

3.1.4. əsas vəsaitlərin satışı, icarəyə verilməsi nəticəsində mülkiyyət və ya istifadə hüququnun digər təsərrüfat subyektlərinə keçməsi ilə əlaqədar təsərrüfat müqavilələri;

3.1.5. dövlət mülkiyyətində olan əmlakın icarə müqavilələri;

3.1.6. investisiya layihələri.

 

IV. Təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətləri ilə bağlı müraciətlərinə İqtisadiyyat və Sənaye Nazirliyində baxılması[2]

 

4.1. Daxil olmuş sənədlər iqtisadiyyat və sənaye naziri (o olmadıqda nazirin müavini) tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (bundan sonra - Xidmət) göndərilir.[3]

4.2. Xidmətində razılıq almaq haqqında daxil olmuş sənədlərə baxılan zaman aşağıdakı məsələlər aydınlaşdırılır:

4.2.1. son iki il ərzində müəssisəyə məxsus əsas vəsaitlərin, nizamnamə kapitalının hərəkəti;

4.2.2. mütləq xidmət edilməli olan istehlakçı qrupların tələbatının tam ödənilməsi mümkün olmadıqda, təminatın minimum həddinin müəyyən edilməsi üçün zəruri olan mövcud istehsal güclərinin və istehsal sahələrinin vəziyyəti;

4.2.3. təbii inhisar qanunvericiliyi ilə tənzimlənən fəaliyyət sahələri üçün nəzərdə tutulmuş investisiya layihələrinin əsaslandırılması;

4.2.4. təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətlərinin həyata keçirilməsinin həmin təsərrüfat subyekti tərəfindən istehsal olunan məhsulların (işlərin, xidmətlərin) qiymətlərinə təsiri.

4.3. Təbii inhisar subyektlərinin bu Qaydanın 2-ci bölməsində göstərilən hərəkətlərinə aşağıdakı hallarda razılıq verilmir:

4.3.1. müraciətdə göstərilən hərəkətlər istehsalçıların mənafelərinə xələl gətirirsə;

4.3.2. müraciətdə göstərilən hərəkətlər antiinhisar və digər qanunvericilik normaları ilə ziddiyyət təşkil edirsə;

4.3.3. müraciət edən tərəfdən zəruri olan sənədlər təqdim edilməyibsə;

4.3.4. həmin sənədlərdə göstərilən məlumat həqiqətə uyğun gəlmirsə.

4.4. Xidmət təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətlər ilə bağlı müraciətlərinə razılıq verib-verməmək barəsində 10 gün müddətində təklif hazırlayıb iqtisadiyyat və sənaye nazirinə (nazir müavininə) təqdim etməlidir.[4]

4.5. Xidmət müraciət edəndən məsələni araşdırmaq üçün əlavə sənədlərin təqdim edilməsini tələb etmək və yalnız bu halda müraciətə baxılma müddətini uzatmaq hüququna malikdir. Belə bir tələb 10 gün müddətində müraciət edənə göndərilməlidir.

4.6. Xidmət bütün hallarda müraciətin daxil olduğu və ya əlavə sənədlərin təqdim edildiyi vaxtdan 15 gündən gec olmamaq şərti ilə müraciət edənə qəbul olunmuş qərar barədə məlumat verməlidir (1 və 2 nömrəli əlavələr).

 

V. Yekun müddəalar

 

5.1. Təbii inhisar subyektlərinin müvafiq razılıq olmadan bu Qaydanın 2-ci bölməsində göstərilən hərəkətləri həyata keçirməsi yolverilməzdir.

5.2. Təbii inhisar subyektlərinin müvafiq razılıq olmadan bu Qaydanın 2-ci bölməsində göstərilən hərəkətləri həyata keçirməsi sübut olunduqda, Xidmət həmin hərəkətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün qanunvericiliyə uyğun olaraq tədbirlər görür.

5.3. Xidmət müraciətdə göstərilən hərəkətlərə razılıq verməkdən imtina etdikdə və ya ona baxılma müddəti bitdikdən sonra heç bir cavab vermədikdə müraciət edən inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.[5]

 

 


 

Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydasına

1 NÖMRƏLİ əlavə[6]

 

(Xidmətin blankında) _______________________________________

(müraciət edən təbii inhisar subyektinin adı və vəzifəli şəxsin adı, soyadı)

_________________________________________________________________________________

(təbii inhisar subyektinin adı)

_________________________________________________________________________________

(müraciətin məzmunu)

ilə əlaqədar müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində baxılmışdır.

Təbii inhisarlar haqqında Azərbaycan Respublikası Qanununun tələbləri baxımından Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

________________________________________________________________________________

________________________________________________________________________________

(təbii inhisar subyektinin adı)

tərəfindən ________________________________________________________________________

_____________________________________________________________________ etiraz etmir.

(hərəkətlərin məzmunu)

 

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi

(imza)

 

 

 

 


 

Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydasına

2 NÖMRƏLİ əlavə [7]

(Xidmətin blankında)

_________________________________________________________________________________

(müraciət edən təbii inhisar subyektinin adı və vəzifəli şəxsin adı, soyadı)

_________________________________________________________________________________

(təbii inhisar subyektinin adı)

_________________________________________________________________________________

(müraciətin məzmunu)

ilə əlaqədar müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində baxılmışdır.

Təbii inhisarlar haqqında Azərbaycan Respublikası Qanununun tələbləri baxımından Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

____________________________________________________________________________________

____________________________________________________________________________________

(təbii inhisar subyektinin adı)

tərəfindən __________________________________________________________________________

____________________________________________________________________________________

(hərəkətlərin məzmunu)

___________________________________________________________________________ etiraz edir.

(etirazın səbəbi)

 

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi

(imza)

 

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 may 2006-cı il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 5, maddə 472)

2.       5 oktyabr 2009-cu il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 852)

3.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201)

4.       5 iyun 2014-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 10 iyun 2014-cü il, 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 6, maddə 736)

5.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201) ilə Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydasının II, III, IV hissələrdə, 1.2-ci (hər üç halda), 2.1-ci, 3.1-ci və 4.1-ci bəndlərdə, 3.1.1-ci yarımbənddə İqtisadi İnkişaf sözləri İqtisadiyyat və Sənaye sözləri ilə, 4.1-ci bənddə isə iqtisadi inkişaf sözləri iqtisadiyyat və sənaye sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955) ilə Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydasının II, III, IV hissələrdən, 1.2-ci (hər üç halda), 2.1-ci, 3.1-ci və 4.1-ci bəndlərdən, 3.1.1-ci yarımbənddən və Sənaye sözləri, 4.1-ci və 4.4-cü bəndlərdən isə və sənaye sözləri çıxarılmışdır.

 

[2] 5 oktyabr 2009-cu il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 852) ilə 4.2-ci, 4.4-cü, 4.5-ci, 4.6-cı, 5.2-ci və 5.3-cü bəndlərində ismin müvafiq hallarında "Antiinhisar Siyasəti Departamenti" sözləri ismin müvafiq hallarında "Xidmət" sözü ilə əvəz edilmişdir.

 

[3] 5 oktyabr 2009-cu il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 852) ilə 4.1-ci bəndində "İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentinə (bundan sonra - Antiinhisar Siyasəti Departamenti)" sözləri "İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (bundan sonra - Xidmət)" sözləri ilə əvəz edilmişdir.

 

[4] 5 iyun 2014-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 10 iyun 2014-cü il, 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 6, maddə 736) ilə "Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydası"nın 4.4-cü bəndində "iqtisadi inkişaf" sözləri "iqtisadiyyat və sənaye" sözləri ilə əvəz edilmişdir.

 

[5] 22 may 2006-cı il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 5, maddə 472) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydasının 5.3-cü bəndində müraciət edən sözlərindən sonra inzibati qaydada və ya sözləri əlavə edilmişdir.

 

[6] 5 oktyabr 2009-cu il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 852) ilə 1 və 2 nömrəli əlavələrində ismin müvafiq hallarında "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti" sözləri ilə, "Departamentin" sözü "Xidmətin" sözü ilə, "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentinin direktoru" sözləri "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi" sözləri ilə əvəz edilmişdir.

 

14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201) ilə Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydasının 1 nömrəli əlavədə (hər üç halda) İqtisadi İnkişaf sözləri İqtisadiyyat və Sənaye sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955) ilə Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydasının 1 nömrəli əlavədən (hər üç halda) və Sənaye sözləri çıxarılmışdır.

 

[7] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201) ilə Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydasının 2 nömrəli əlavədə (hər üç halda) İqtisadi İnkişaf sözləri İqtisadiyyat və Sənaye sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955) ilə Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydasının 2 nömrəli əlavədən (hər üç halda) və Sənaye sözləri çıxarılmışdır.