Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğunun və Ordubad Milli Parkının yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması, respublikanın xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə və "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci, 17-ci və 21-ci maddələrini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu inzibati ərazisinin əlavə olunan xəritədə göstərilmiş 3139 hektarlıq sahəsində Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğu yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu inzibati ərazisinin əlavə olunan xəritədə göstərilmiş 12131 hektarlıq sahəsində Azərbaycan Respublikasının Ordubad Milli Parkı yaradılsın.

3. Azərbaycan Respublikasının Ordubad Milli Parkına akademik Həsən Əliyevin adı verilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.



Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2003-cü il
 
              № 1249