Ətraf mühitin mühafizəsi sahəsində informasiyanın verilməsi və dövlət statistikasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci hissəsinin 1.10-cu bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ətraf mühitin mühafizəsi sahəsində informasiyanın verilməsi və dövlət statistikasının aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri    A.RASİZADƏ

Bakı şəhəri, 22 fevral 2001-ci il
№ 40

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin

2001-ci il 22 fevral tarixli 40 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Ətraf mühitin mühafizəsi sahəsində informasiyanın verilməsi və dövlət statistikasının aparılması
QAYDALARI

 

1. Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi hər ilin iyul ayının 1-dən gec olmayaraq dövlət statistika hesabatlarının formalarını informasiyanın obyektivliyi və onun beynəlxalq statistika ilə müqayisəliliyi əsasında hazırlayır, razılaşdırır və müvafiq qaydada Dövlət Statistika Komitəsinə təqdim edir.

2. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi Azərbaycan Respublikasının statistik informasiya tələbatını, beynəlxalq sorğuları nəzərə almaqla ölkədə statistika orqanları tərəfindən nəşr edilən külliyatlara zərər yetirmədən Dövlət Statistika Komitəsinə təqdim ediləcək "Ətraf mühitin mühafizəsi sahəsində" Dövlət statistika hesabatlarının dövriliyini, vaxtını, həcmini və formasını müəyyənləşdirir.

3. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hər il təsdiq edilən "Statistik işlər planında (reqlamentdə)" müəyyənləşdirilmiş vaxta uyğun olaraq yekun məlumatları statistika orqanlarına təqdim edir.

4. Dövlət Statistika Komitəsi öz vəzifə və funksiyalarına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətləri İstifadəyə Nəzarət Komitəsindən "Statistik işlər planına (reqlamentə)" əsasən yekun məlumatları qəbul edir, ondan ölkə üzrə iqtisadi və sosial vəziyyətə dair materialları hazırlanmasında, külliyatların nəşr edilməsində istifadə edir.