Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydasının təsdiq edilməsi barədə

 Azərbaycan RESPUBLİKASI NAZİRLӘR KabİnetİnİN Qərarı

 

«Təbii inhisarlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə» Azərbaycan  Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli 446 nömrəli Fərmanının 2-ci abzasının 1-ci hissəsinin icrası ilə əlaqədar Azərbaycan  Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. «Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar  müvafiq sənəd və məlumatın təqdim olunması Qaydası» təsdiq edilsin (əlavə olunur).

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 25 dekabr 2001-ci il

                    № 201

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün  müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması

Qaydası

I. Ümumİ müddəalar

 1.1. Təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətləri ilə bağlı müraciətlərinə baxılması Qaydası (bundan sonra – Qayda)  «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikasının Qanununa, «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikası qanununun  tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli 446 nömrəli Fərmanına  və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.

 1.2. Bu Qayda təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətləri ilə bağlı Azərbaycan Respublikasının İqtisadi İnkişaf  Nazirliyinə (bundan sonra İqtisadi İnkişaf Nazirliyi) razılıq almaq üçün müraciətini, bununla əlaqədar lazımi sənəd və məlumatın təqdim  olunmasını, İqtisadi İnkişaf Nazirliyində müraciətə baxılması ardıcıllığını müəyyən edir.

 1.3. Qaydanın tətbiq edilməsində məqsəd istehlakçıların mənafeyinə xələl gətirə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət  vəziyyətinə iqtisadi cəhətdən əsaslandırılmış keçidə mane olan hərəkətlərin qarşısının alınmasını, təbii inhisar subyektləri ilə istehlakçıların  mənafelərinin tarazlaşdırılmasını təmin etməkdir.

II. Təbİİ İnhİsar subyektlərİnİn İqtİsadİ İnkİşaf Nazİrlİyİndən razılıq almaqla həyata keçİrİlən hərəkətlərİ

 2.1. Təbii inhisar subyektləri aşağıdakı hərəkətlərə görə İqtisadi İnkişaf Nazirliyinin razılığını almalıdırlar:

 2.1.1. barəsində «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət tənzimlənməsi tətbiq  edilməyən əmtəənin istehsalı (satışı) üçün əsas vəsaitlərə mülkiyyət və ya istifadə hüququnun əldə edilməsi;

 2.1.2. əsas vəsaitlərin lizinq əsasında istehlakçılara verilməsi;

 2.1.3. təbii inhisar subyektləri tərəfindən «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməyən  fəaliyyət sahələrinə investisiyaların ayrılması.

 2.2. Barəsində «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət tənzimlənməsi tətbiq edilən  əmtəənin istehsalı (satışı) üçün əsas vəsaitlərin satışı, icarəyə verilməsi və ya digər hərəkətlər qüvvədə olan qanunvericiliyə müvafiq olaraq  həyata keçirilir.

III. Təbİİ İnhİsar subyektlərİ tərəfİndən dövlət nəzarətİndə olan hərəkətlərlə bağlı razılıq almaq üçün İqtİsadİ İnkİşaf Nazİrlİyİnə təqdİm olunan materİallar

 3.1. Təbii inhisar subyektləri bu Qaydanın 2-ci bölməsində göstərilən hərəkətlərlə bağlı razılıq almaq üçün İqtisadi İnkişaf Nazirliyinə  aşağıdakı sənədləri təqdim etməlidirlər:

 3.1.1. İqtisadi İnkişaf Nazirliyinin adına müraciət məktubu;

 3.1.2. tənzimləmə tətbiq edilməyən əmtəələrin istehsalı (satışı) ilə əlaqədar təsərrüfat müqavilələri;

 3.1.3. əsas vəsaitlərə mülkiyyət və ya istifadə hüququnun əldə edilməsi ilə əlaqədar təsərrüfat müqavilələri;

 3.1.4. əsas vəsaitlərin satışı, icarəyə verilməsi nəticəsində mülkiyyət və ya istifadə hüququnun digər təsərrüfat subyektlərinə keçməsi ilə  əlaqədar təsərrüfat müqavilələri;

 3.1.5. dövlət mülkiyyətində olan əmlakın icarə müqavilələri;

 3.1.6. investisiya layihələri.

IV. Təbİİ İnhİsar subyektlərİnİn dövlət nəzarətİndə olan hərəkətlərİ İlə bağlı müracİətlərİnə İqtİsadİ İnkİşaf Nazİrlİyİndə baxılması

 4.1. Daxil olmuş sənədlər iqtisadi inkişaf naziri (o olmadıqda nazirin müavini) tərəfindən İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti  Departamentinə (bundan sonra – Antiinhisar Siyasəti Departamenti) göndərilir.

 4.2. Antiinhisar Siyasəti Departamentində razılıq almaq haqqında daxil olmuş sənədlərə baxılan zaman aşağıdakı məsələlər aydınlaşdırılır:

 4.2.1. son iki il ərzində müəssisəyə məxsus əsas vəsaitlərin, nizamnamə kapitalının hərəkəti;

 4.2.2. mütləq xidmət edilməli olan istehlakçı qrupların tələbatının tam ödənilməsi mümkün olmadıqda, təminatın minimum həddinin  müəyyən edilməsi üçün zəruri olan mövcud istehsal güclərinin və istehsal sahələrinin vəziyyəti;

 4.2.3. təbii inhisar qanunvericiliyi ilə tənzimlənən fəaliyyət sahələri üçün nəzərdə tutulmuş investisiya layihələrinin əsaslandırılması;

 4.2.4. təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətlərinin həyata keçirilməsinin həmin təsərrüfat subyekti tərəfindən  istehsal olunan məhsulların (işlərin, xidmətlərin) qiymətlərinə təsiri.

 4.3. Təbii inhisar subyektlərinin bu Qaydanın 2-ci bölməsində göstərilən hərəkətlərinə aşağıdakı hallarda razılıq verilmir:

 4.3.1. müraciətdə göstərilən hərəkətlər istehsalçıların mənafelərinə xələl gətirirsə;

 4.3.2. müraciətdə göstərilən hərəkətlər antiinhisar və digər qanunvericilik normaları ilə ziddiyyət təşkil edirsə;

 4.3.3. müraciət edən tərəfdən zəruri olan sənədlər təqdim edilməyibsə;

 4.3.4. həmin sənədlərdə göstərilən məlumat həqiqətə uyğun gəlmirsə.

 4.4. Antiinhisar Siyasəti Departamenti təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətlər ilə bağlı müraciətlərinə razılıq  verib-verməmək barəsində 10 gün müddətində təklif hazırlayıb iqtisadi inkişaf nazirinə (nazir müavininə) təqdim etməlidir.

 4.5. Antiinhisar Siyasəti Departamenti müraciət edəndən məsələni araşdırmaq üçün əlavə sənədlərin təqdim edilməsini tələb etmək və yalnız  bu halda müraciətə baxılma müddətini uzatmaq hüququna malikdir. Belə bir tələb 10 gün müddətində müraciət edənə göndərilməlidir.

 4.6. Antiinhisar Siyasəti Departamenti bütün hallarda müraciətin daxil olduğu və ya əlavə sənədlərin təqdim edildiyi vaxtdan 15 gündən gec  olmamaq şərti ilə müraciət edənə qəbul olunmuş qərar barədə məlumat verməlidir (1 və 2 nömrəli əlavələr).

V. Yekun müddəalar

 5.1. Təbii inhisar subyektlərinin müvafiq razılıq olmadan bu Qaydanın 2-ci bölməsində göstərilən hərəkətləri həyata keçirməsi yolverilməzdir.

 5.2. Təbii inhisar subyektlərinin müvafiq razılıq olmadan bu Qaydanın 2-ci bölməsində göstərilən hərəkətləri həyata keçirməsi sübut  olunduqda, Antiinhisar Siyasəti Departamenti həmin hərəkətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün  qanunvericiliyə uyğun olaraq tədbirlər görür.

 5.3. Antiinhisar Siyasəti Departamenti müraciətdə göstərilən hərəkətlərə razılıq verməkdən imtina etdikdə və ya ona baxılma müddəti  bitdikdən sonra heç bir cavab vermədikdə müraciət edən məhkəməyə şikayət edə bilər.

 

 

 Təbii inhisar subyektləri tərəfindən dövlət

nəzarətində olan hərəkətlərlə bağlı razılıq

almaq üçün müraciətə baxılma və bununla

əlaqədar müvafiq sənəd və məlumatın

təqdim olunması Qaydasına

1 NÖMRӘLİ əlavə

 

(Departamentin blankında)                                           _________________________________

                                                               (müraciət edən təbii inhisar subyektinin

                                                               adı və vəzifəli şəxsin adı, soyadı)

_________________________________________________________________________________

(təbii inhisar subyektinin adı)

_________________________________________________________________________________

(müraciətin məzmunu)

ilə əlaqədar müraciətinə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentində baxılmışdır.

«Təbii inhisarlar haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri baxımından Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti _____________________________________________________________________________________

(təbii inhisar subyektinin adı)

tərəfindən ________________________________________________________________________ _____________________________________________________________________ etiraz etmir.

(hərəkətlərin məzmunu)

Azərbaycan Respublikası

İqtisadi İnkişaf Nazirliyinin

Antiinhisar Siyasəti Departamentinin

direktoru

(imza)

 

Təbii inhisar subyektləri tərəfindən dövlət

 nəzarətində olan hərəkətlərlə bağlı razılıq

almaq üçün müraciətə baxılma və bununla

əlaqədar müvafiq sənəd və məlumatın t

əqdim olunması Qaydasına

2 NÖMRӘLİ əlavə

(Departamentin blankında)

_________________________________________________________________________________

(müraciət edən təbii inhisar subyektinin adı və vəzifəli şəxsin adı, soyadı)

_________________________________________________________________________________

(təbii inhisar subyektinin adı)

_________________________________________________________________________________

(müraciətin məzmunu)

ilə əlaqədar müraciətinə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentində baxılmışdır.

«Təbii inhisarlar haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri baxımından Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti ________________________________________________________________________

(təbii inhisar subyektinin adı)

tərəfindən ________________________________________________________________________ _________________________________________________________________________________

(hərəkətlərin məzmunu)

_______________________________________________________________________ etiraz edir.

(etirazın səbəbi)

Azərbaycan Respublikası

İqtisadi İnkişaf Nazirliyinin

Antiinhisar Siyasəti

Departamentinin

direktoru

(imza)