Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələrinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 6 oktyabr 2010-cu il

171

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 6 oktyabr tarixli 171 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri

 

1. Ümumi müddəalar[1]

 

1.1. Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri (bundan sonra Qaydalar) Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mərzçəkmə qaydalarını və mərz nişanlarının formalarının nümunələrini müəyyən edir.

1.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Torpaq islahatı haqqında, Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında, Geodeziya və kartoqrafiya haqqında Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnaməyə, Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydasına, Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnaməyə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - ƏMDK) tərəfindən həyata keçirilir.[2]

 

2. Mərzçəkmə işləri

 

2.1. Mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir.

2.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır.

2.3. Mərzçəkmə işləri aşağıdakı hallarda aparılır:

2.3.1. yerquruluşu işləri aparılan zaman torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən ediləndə və bərkidiləndə;

2.3.2. qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqlar ilk dəfə əldə edildikdə;

2.3.3. torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda;

2.3.4. hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda;

2.3.5. torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə.

2.4. Mərzçəkmə işlərində aşağıdakılara istinad edilir:

2.4.1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə;

2.4.2. Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnaməyə;

2.4.3. Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydasına;

2.4.4. Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydasına;

2.4.5. torpaq sahəsinin fiziki və ya hüquqi şəxsə verilməsi barədə səlahiyyətli orqanların qərar və sərəncamlarına;

2.4.6. torpaq sahəsinin alqı-satqı müqaviləsinə və digər əqdlər barədə məlumatlara;

2.4.7. torpaq sahəsinin sərhədləri ilə əlaqədar mübahisənin mövcudluğu haqqında sənədlərə;

2.4.8. torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə;

2.4.9. topoqrafik, torpaq kadastrı, yerquruluşu, meşə quruluşu (ortofotoplan, bələdiyyələrin hüdudlarına dair xəritələr, torpaq islahatına dair kompleks yerquruluşu layihələri (sxemləri) və s.) plan və xəritələrinə;

2.4.10. dövlət geodeziya-istinad məntəqələrinin (bundan sonra DGİM), daimi istinad stansiyalarının (bundan sonra DİS) və dayaq mərz nişanlarının (bundan sonra DMN) adları, koordinatları və yerləşmə sxemlərinə;

2.4.11. dövlət torpaq kadastrının məlumatlarına;

2.4.12. qanunvericilikdə nəzərdə tutulmuş digər normativ aktlara və sənədlərə.

 

3. Mərzçəkmə işlərinin mərhələləri

 

3.1. Mərzçəkmə işləri aşağıdakı mərhələlər üzrə aparılır:

3.1.1. hazırlıq işləri;

3.1.2. texniki layihə;

3.1.3. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mərzçəkmə işləri aparılması barədə məlumatlandırılması;

3.1.4. torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsi, razılaşdırılması və mərz nişanlarının basdırılması;

3.1.5. mərz nişanlarının koordinatlarının, onların arasındakı məsafələrin müəyyən edilməsi və sahələrin hesablanması;

3.1.6. torpaq sahəsinin mərzçəkmə planının tərtib olunması;

3.1.7. mərzçəkmə qovluğunun hazırlanması və təqdim edilməsi.

 

4. Hazırlıq işləri

 

4.1. Hazırlıq işlərinə aşağıdakılar daxildir:

4.1.1. mərzçəkmə işləri aparılacaq torpaq sahələri haqqında dövlət torpaq kadastrından məlumatların alınması;

4.1.2. torpaq sahələrinə aid hüquqmüəyyənedici və ya onları əvəz edən sənədlərin toplanması və öyrənilməsi;

4.1.3. çöl şəraitində əlverişli iş texnologiyasının seçilməsi və dayaq mərz nişanlarının yerləşdirilməsi məqsədi ilə geodeziya dayaq məntəqələrinin qorunma vəziyyətinin yoxlanılması;

4.1.4. mərzçəkmə işləri aparılan zaman bu işlərdə marağı ola biləcək fiziki və hüquqi şəxslərin ünvanlarının əldə edilməsi.

 

5. Texniki layihə

 

5.1. Mərzçəkmə işlərinə başlanarkən, ərizə (tapşırıq və ya sifariş) əsasında texniki layihə tərtib edilir və ona aşağıdakılar daxil edilir:

5.1.1. mərzçəkmə işlərinin yerinə yetirilməsi üçün əsas və həmin işlərin məqsədi barədə məlumat;

5.1.2. mərzçəkmə işləri aparılan və onun qonşuluğunda yerləşən torpaq sahələrinin kadastr nömrələri;

5.1.3. geodeziya əsasları haqqında məlumatlar;

5.1.4. əvvəl yerinə yetirilmiş mərzçəkmə işləri haqqında məlumatlar;

5.1.5. geodeziya işlərinin texnologiyası, yeni və ya itmiş sərhədlərin bərpası və bərkidilməsi;

5.1.6. mərzçəkmə işlərinin təşkili və yerinə yetirilmə müddətləri;

5.1.7. əməyin mühafizəsi və təhlükəsizlik texnikası haqqında tövsiyələr;

5.1.8. sifarişçiyə təhvil verilən materialların (məlumatların) siyahısı;

5.1.9. DGİM-in, DİS-in, DMN-in adları, koordinatları və yerləşmə sxemləri;

5.2. Ərazi vahidlərində, inzibati ərazi dairələrində, sahə inzibati ərazi dairələrində, bələdiyyələrin hüdudlarında, yaşayış məntəqələrində və digər ərazilərdə mərzçəkmə işləri aparıldıqda, mərzçəkmə işlərinin texniki layihəsi hazırlanır.

5.3. Fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır.

5.4. Torpaq sahəsinin mərzçəkmə işlərinin texniki layihəsi ƏMDK-nin ərazi bölmələri tərəfindən təsdiq olunur.

 

6. Mərzçəkmə işlərinin aparılması barədə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin məlumatlandırılması

 

6.1. Mərzçəkmə işlərinin aparılması nəzərdə tutulan torpaq sahələrinin mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin və hüquqlarına toxuna biləcək hüquqi və fiziki şəxslərin məlumatlandırılması üçün mərzçəkmə işlərinin başlanılmasına 5 gün qalmış xüsusi elan və lövhələrdə, mətbuatda və ƏMDK-nin rəsmi internet saytında bu işlər barədə müvafiq məlumatlar yerləşdirilir və onlara ƏMDK-nin ərazi bölmələri tərəfindən rəsmi bildiriş göndərilir. Bildiriş göndərilmiş hüquqi və fiziki şəxslərin mərzçəkmə işlərinin yerinə yetirilməsində iştirak etməməsi (gəlməməsi) bu işlərin aparılmamasına əsas vermir və görülmüş işlərin nəticələri barədə həmin hüquqi və fiziki şəxslərə məlumat xarakterli təkrar bildiriş göndərilir.

6.2. Torpaq sahələrinin yerdə (naturada) sərhədləri müəyyən edildikdən, razılaşdırıldıqdan və mərz nişanları basdırıldıqdan sonra bu Qaydaların 7.1-ci və 7.2-ci bəndlərində göstərilənlərin iştirakı ilə mərzçəkmə işlərinin nəticələri ilə bağlı akt tərtib edilir, imzalanır və möhürlə təsdiq edilir. Akt təsdiq edildiyi vaxtdan 30 gün müddətində hər hansı bir irad və təklif rəsmi formada ƏMDK-nə təqdim oluna bilər, əks halda torpaq sahəsinin sərhədləri yerdə (naturada) razılaşdırılmış hesab olunur.

 

7. Torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsi, razılaşdırılması və mərz nişanlarının basdırılması

 

7.1. Yeni ayrılmış torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi ƏMDK-nin müvafiq struktur bölməsinin mütəxəssisinin, ƏMDK-nin ərazi bölmələrinin nümayəndəsinin, rayon (şəhər, şəhər rayonu) icra hakimiyyəti başçısının nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və onunla qonşu olan digər torpaq sahələrinin mülkiyyətçilərinin (istifadəçilərinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır.

7.2. Mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi ƏMDK-nin müvafiq struktur bölməsinin mütəxəssisinin, ƏMDK-nin ərazi bölmələrinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır.[3]

7.3. Torpaq sahələrinin yerdə (naturada) sərhədlərinin müəyyən edilməsindən və razılaşdırılmasından sonra həmin sərhədlərdə bu Qaydaların 11-ci bəndində göstərilən nümunələr əsasında hazırlanmış müvəqqəti və ya daimi mərz nişanları bərkidilir (basdırılır) və bu Qaydaların 7.1-ci və 7.2-ci bəndlərində göstərilən şəxslər tərəfindən akt tərtib edilir və imzalanır. Mərz nişanları mühafizə üçün müvafiq rayon (şəhər, şəhər rayonu) icra hakimiyyəti başçısının nümayəndəsinə, müvafiq bələdiyyəyə və fiziki və ya hüquqi şəxsə təhvil verilir .

7.4. Mərz nişanları bərkidilərkən (basdırılarkən), ətraf ərazidə yerləşən ən azı 3 geodeziya-istinad məntəqəsinə bağlanılır.

 

8. Mərz nişanlarının koordinatlarının, onların arasındakı məsafələrin müəyyən edilməsi və sahələrin hesablanması

 

8.1. Mərzçəkmə işləri yerinə yetirilərkən, aşağıdakı geodeziya əsaslarına istinad edilir:

- DGİM (dövlət geodeziya-istinad məntəqələri);

- DİS (daimi istinad stansiyaları);

- DMN (dayaq mərz nişanları).

8.2. Mərzçəkmə işlərində koordinatların müəyyən edilməsi WGS84 (beynəlxalq koordinat sistemi) UTM-də (xəritə proyeksiyası) aparılır.

8.3. DMN və mərz nişanlarının koordinatları (peyk vasitəsilə geodezik ölçmə, fotoqrammetrik üsullar, trianqulyasiya, poliqonometriya və sair, geodeziya-ölçmə cihaz və alətləri (qlobal mövqetəyinetmə sistemləri (GPS), elektron taxeometrlər, fotoqrammetrik cihazlar, digitayzerlər, skaynerlər və digər geodeziya ölçü cihazları və alətləri vasitəsilə) müasir mühəndis ölçmə texnologiyalarının tələblərinə uyğun olaraq müəyyən edilir və coğrafi informasiya sistemlərinin proqram təminatları vasitəsilə onların arasındakı məsafələr müəyyən edilir və sahəsi hesablanır.

8.4. Mərz nişanları basdırılmış ərazilərin sahələri hesablanarkən, faktiki sahə ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən sahələr arasında dəqiqlik qəbul olunmuş normalara uyğun olmalıdır.

 

9. Torpaq sahəsinin mərzçəkmə planının tərtib olunması

 

9.1. Torpaq sahəsinin mərzçəkmə planı müvafiq tapşırıq (sifariş) və ərizə əsasında tərtib olunur. Tapşırıqda (sifarişdə) mərzçəkmə obyektinin planının hazırlanması nəzərdə tutulmayıbsa, bu halda ancaq torpaq sahəsinin sərhədlərinin planı hazırlanır.

9.2. Torpaq sahəsinin mərzçəkmə planı rəqəmli (elektron) kadastr xəritəsində və A4 və ya A3 formatlı vərəqlərin ölçülərinə uyğun müvafiq miqyasda tərtib olunur.

9.3. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin mərzçəkmə planları təsdiq olunmuş qaydalara uyğun tərtib olunur.

9.4. Torpaq sahəsinin mərzçəkmə planında aşağıdakılar göstərilir:

9.4.1. ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin, onun daxil olduğu rayon, şəhər, şəhər rayonunun adı;

9.4.2. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin, bələdiyyələrin adı və kadastr nömrəsi;

9.4.3. fiziki şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin tam adı;

9.4.4. fiziki və ya hüquqi şəxsin ünvanı;

9.4.5. torpaq sahəsinin kadastr nömrəsi;

9.4.6. torpaq sahəsinin təyinatı;

9.4.7. torpaq sahəsinin uqodiyası;

9.4.8. torpaq sahəsinin sərhədlərinin plan və ölçüsü və mərz nişanlarının (döngə nöqtələrinin) nömrələri;

9.4.9. torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin nömrələri, koordinatları və onlar arasındakı məsafələr (ayrı vərəqdə);

9.4.10. torpaq sahəsinin sahəsi, kv.m-lə;

9.4.11. qonşu torpaq sahələrinin sərhədlərinin təsviri;

9.4.12. cənub-şimal istiqaməti;

9.4.13. miqyas;

9.4.14. şərti işarələr;

9.4.15. mərzçəkmə planının tərtib olunma tarixi.

9.5. Torpaq sahəsinin mərzçəkmə planında göstərilən layihə sərhədləri qırmızı xətlə çəkilir.

9.6. Torpaq sahəsinin mərzçəkmə planı mərzçəkmə işlərini yerinə yetirən ƏMDK-nin müvafiq struktur bölməsinin mütəxəssisi tərəfindən tərtib edilir və ƏMDK-nin ərazi bölmələri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.[4]

 

10. Mərzçəkmə qovluğunun hazırlanması və təqdim edilməsi

 

10.1. Bu Qaydalara uyğun olaraq torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi, razılaşdırılması, mərz nişanlarının basdırılması və döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsinə dair mərzçəkmə qovluğu hazırlanır.

10.2. Mərzçəkmə qovluğu 2 (iki) nüsxədə hazırlanır və qovluğa aşağıdakı sənədlər daxil edilir:

10.2.1. təhriri izahat;

10.2.2. bu Qaydaların 2.4-cü bəndində göstərilən sənədlər;

10.2.3. texniki layihə;

10.2.4. verilmiş bildirişlər və etibarnamələr;

10.2.5. bu Qaydaların 6.2-ci və 7.3-cü bəndlərində göstərilən aktlar;

10.2.6. torpaq sahəsinin mərzçəkmə planı.

10.3. Mərzçəkmə qovluğunun bir nüsxəsi xidməti istifadə üçün ƏMDK-nin Dövlət torpaq kadastrı fonduna, digər bir nüsxəsi isə saxlanmaq üçün ƏMDK-nin müvafiq struktur bölməsinin arxivinə verilir.[5]

10.4. Bu Qaydaların 6.1, 6.2 və 7.3-cü bəndlərində nəzərdə tutulmuş bildiriş və aktların nümunəvi forması DTXK tərəfindən təsdiq edilir.

 

11. Mərz nişanlarının nümunələri və onların bərkidilməsi

 

11.1. Mərz nişanlarının nümunələri və onların bərkidilməsi üçün aşağıdakı konstruksiyalardan istifadə olunur:

11.1.1. mərz nişanı (1 nömrəli əlavə) üzərində eni 110 mm və uzunluğu 140 mm olan kəsilmiş hissə olan, 119 mm diametrli metal borudur. Borunun yuxarı hissəsinə məlumat xarakterli yazı yazmaq üçün diametri 130 mm olan metal qapaq qaynaqlanmışdır. Qapağın mərkəzində diametri 2 mm olan yuva açılmışdır. Boru aşağı hissədən kəsik piramida formasında bərabər tərəflərə malik hündürlüyü 500 mm, yuxarı tərəfinin ölçüsü 200 mm və aşağı tərəfinin ölçüsü 400 mm olan dəmir-beton plitəyə qaynaq vasitəsilə bərkidilmişdir. Dəmir-beton plitə diametri 10 mm olan armaturdan hazırlanaraq betonlanmışdır.

11.1.2. mərz nişanı (2 nömrəli əlavə) diametri 119 mm və uzunluğu 1000 mm olan metal borudur. Borunun yuxarı hissəsinə məlumat xarakterli yazı yazmaq üçün diametri 130 mm olan metal qapaq qaynaqlanmışdır və aşağı hissəsində isə dəmir-beton plitə vardır. Qapağın mərkəzində diametri 2 mm olan yuva açılmışdır. Dəmir-beton plitə diametri 10 mm olan armaturdan hazırlanmış kəsik piramida formasında bərabər tərəflərə malik hündürlüyü 200 mm, aşağı tərəfləri 250 mm və yuxarı tərəfləri isə 200 mm olan betonlanmış karkasdan ibarətdir. Boru aşağı hissədən dəmir-beton plitəyə qaynaqlanmışdır.

11.1.3. mərz nişanı (3 nömrəli əlavə) diametri 10 mm və uzunluğu 150 mm, yuxarı hissəsində hündürlüyü 10 mm, diametri 20 mm olan papağa bənzər səthi olan ucu şiş formalı metaldan ibarətdir. Papağın mərkəzində diametri 2 mm olan yuva vardır. Mərz nişanı əlavə olaraq yuxarı səthində məlumat xarakterli yazı yazmaq üçün metaldan olmaqla, diametri 60 mm və hündürlüyü 10 mm, mərkəzində diametri 11 mm olan dəlikli qapaqdan ibarətdir.

11.1.4. mərz nişanı (4 nömrəli əlavə) metaldan hazırlanmış çoxpilləli, uzunluğu 150 mm, ən böyük diametri 60 mm olmaqla və yuxarı hissəsində diametri 2 mm olan yuvadan ibarətdir. Əlavə olaraq yuxarı səthində məlumat xarakterli yazı yazılır.

11.1.5. mərz nişanı (5 nömrəli əlavə) diametri 50 mm, uzunluğu 400 mm olan ağacdan hazırlanmış ucu şiş formalı mıxçadır.

11.2. Mərz nişanlarının qorunması və tanınması üçün yumru formada dairəvi arxa bənzər, daxili diametri 1000 mm, dərinliyi 300 mm, eni aşağı hissədən 200 mm, yuxarı hissədən isə 500 mm olan çala qazılır və mərkəzində hündürlüyü 100 mm olan təpəcik düzəldilir.

11.3. Mərz nişanı basdırılarkən səmt elə seçilməlidir ki, sərhəd boyunca saat əqrəbi istiqamətində hərəkət edən zaman onun lövhəsi növbəti mərz nişanına tərəf olsun.

11.4. Mərz nişanının məlumat lövhəsində aşağıdakılar göstərilir:

- mərz nişanını qoyan təşkilatın adı;

- mərz nişanının adı və nömrəsi;

- mərz nişanının qoyulduğu il.

11.5. Mərz nişanının məlumat lövhəsindəki yazılar atmosfer təsirinə davamlı olan boya ilə yazılmalıdır.

11.6. Mərz nişanlarının nümunələrinin bərkidilməsi aşağıdakı qaydada həyata keçirilir:

11.6.1. dayaq mərz nişanları qoyulduqda, bu Qaydaların 11.1.1-ci yarımbəndində nəzərdə tutulmuş mərz nişanı bərkidilir;

11.6.2. ərazi vahidləri, inzibati ərazi dairələri, sahə inzibati ərazi dairələri, bələdiyyələr, yaşayış məntəqələri, sənaye, nəqliyyat, rabitə, meşə fondu, su fondu, ehtiyat fondu və digər torpaq sahələrinin sərhədləri müəyyən olunduqda, müvafiq olaraq şəhər hüdudunda bu Qaydaların 11.1.3-cü və 11.1.4-cü, digər ərazilərdə isə 11.1.2-ci yarımbəndlərində nəzərdə tutulmuş mərz nişanları bərkidilir;

11.6.3. fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda bu Qaydaların 11.1.5-ci yarımbəndində nəzərdə tutulmuş müvəqqəti mərz nişanı bərkidilir.

11.7. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin torpaqları ilə həmsərhəd olan və xüsusi təyinatla istifadə olunan (dövlət sərhəd zolağı, hərbi poliqonlar, hərbi hissələr, hərbi aerodromlar, elektrik stansiyaları və s.) ərazilərin sərhədlərinin xarakterik döngə nöqtələrində daimi mərz nişanları qoyulmur (basdırılmır). Bu halda, həmin mərz nişanlarının əvəzinə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada tanıdıcı (məlumatlandırıcı) və ya digər xəbərdaredici nişanlar qoyulur.

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 dekabr 2012-ci il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 18 dekabr 2012-ci il, 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 12, maddə 1375)

2.       4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 dekabr 2012-ci il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 18 dekabr 2012-ci il, 282 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 12, maddə 1375) ilə 5.2-ci bənddə "inzibati ərazi dairələrində," sözlərindən sonra "sahə inzibati ərazi dairələrində," sözləri, 9.3-cü və 11.7-ci bəndlərdə "inzibati ərazi dairələrinin" sözlərindən sonra ", sahə inzibati ərazi dairələrinin" sözləri, 9.4.2-ci və 11.6.2-ci yarımbəndlərdə ismin müvafiq hallarında "inzibati ərazi dairələri," sözlərindən sonra "sahə inzibati ərazi dairələri," sözləri əlavə edilmişdir, 9.4.1-ci yarımbənddə isə "ərazi vahidinin və" sözləri "ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə" sözləri ilə əvəz edilmişdir.

 

[2] 12 dekabr 2012-ci il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 18 dekabr 2012-ci il, 282 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 12, maddə 1375) ilə 1.2-ci bənddə və 2.4.3-cü yarımbənddə "ərazi vahidlərinin və" sözləri "ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə" sözləri ilə əvəz edilmişdir.

4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə 1.2-ci bənddə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sözləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sözləri ilə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra - DTXK) sözləri Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - ƏMDK) sözləri ilə əvəz edilmişdir.

 

[3] 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə 7.1-ci və 7.2-ci bəndlərdə DTXK-nın rayon (şəhər) şöbəsinin sözləri ƏMDK-nin ərazi bölmələrinin sözləri ilə əvəz edilmişdir.

 

[4] 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə 5.4-cü, 6.1-ci, 9.6-cı bəndlərdə DTXK-nin müvafiq rayon (şəhər) şöbəsi sözləri ƏMDK-nin ərazi bölmələri sözləri ilə əvəz edilmişdir.

 

[5] 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə 6.1-ci, 6.2-ci, 7.1-ci, 7.2-ci, 9.6-cı və 10.3-cü (hər iki halda) bəndlərdə ismin müvafiq hallarında DTXK-nın sözləri ƏMDK-nin sözləri ilə əvəz edilmişdir.