Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 295 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

2.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. İdarələrarası xarakter daşıyan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi Qaydalarının təsdiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 526 nömrəli və Azərbaycan Respublikasının beynəlxalq dövlətlərarası və hökumətlərarası müqavilələrinin bağlanması qaydası haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 616 nömrəli fərmanları qüvvədən düşmüş hesab edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 yanvar 2011-ci il

373

 

 

Azərbaycan Respublikası Prezidentinin

2011-ci il 19 yanvar tarixli 373 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi

QAYDALARI

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 295 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları tərəfindən bağlanılan beynəlxalq müqavilələr də hökumətlərarası müqavilə sayılır və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanununda, bu Qaydalarda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında hökumətlərarası müqavilələrə münasibətdə nəzərdə tutulmuş müddəalar həmin müqavilələrə də şamil edilir.

1.3. Azərbaycan Respublikasının Prezidenti beynəlxalq danışıqlar aparmaq və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalamaq səlahiyyətini dövlətə məxsus müəssisələrin rəhbərlərinə də verə bilər.

2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təkliflər

2.1. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabineti təqdim edir. Xarici siyasət məsələləri ilə bağlı beynəlxalq müqavilələrin bağlanması haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də təqdim edə bilər.

2.2. Mərkəzi icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təklifləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edirlər.

2.3. Dövlətə məxsus müəssisələr Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təklifləri müvafiq sahədə dövlət idarəçiliyini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı vasitəsilə təqdim edirlər.

2.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti verilmiş təklifləri və beynəlxalq müqavilənin mətnini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digər aidiyyəti orqanlarla razılaşdırdıqdan sonra müvafiq rəylə birlikdə həmin təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

2.5. Azərbaycan Respublikasının beynəlxalq müqaviləsinin bağlanması haqqında təklif verilərkən beynəlxalq müqavilənin bağlanması zərurəti əsaslandırılır, onun ehtimal olunan siyasi, iqtisadi, hüquqi, maddi və maliyyə nəticələri müəyyənləşdirilir, beynəlxalq müqavilənin icraçıları göstərilir, danışıqların aparılması, beynəlxalq müqavilənin mətninin qəbul edilməsi məqsədi ilə Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibi təklif edilir. Bağlanması təklif edilən Azərbaycan Respublikasının beynəlxalq müqaviləsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar nəzərdə tutulduqda, onun bağlanması təklifini verən mərkəzi icra hakimiyyəti orqanının (dövlətə məxsus müəssisənin) müqavilədə fərqli qaydalar nəzərdə tutulması zərurətini əsaslandıran rəyi də təqdim olunmalıdır.

2.6. Azərbaycan Respublikasının beynəlxalq müqaviləsinin bağlanması haqqında təklif verilərkən beynəlxalq müqavilənin mətni dövlət dilində olmalıdır. Müvafiq mətn dövlət dilində olmadıqda, beynəlxalq müqavilənin bağlanması təklifini verən mərkəzi icra hakimiyyəti orqanı (dövlətə məxsus müəssisə) onu dövlət dilinə tərcümə etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə tərcümə edilmiş mətnin xarici dildə olan mətnə uyğunluğunu təsdiq etməlidir.

2.7. Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanması nəzərdə tutulan beynəlxalq müqavilələr onların imzalanması tarixinə ən azı iyirmi gün qalmış Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilməlidir.

2.8. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və digər səlahiyyətli şəxslər tərəfindən imzalanması nəzərdə tutulan beynəlxalq müqavilələr onların imzalanması tarixinə ən azı otuz gün qalmış Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilməlidir.

2.9. Qoşulma prosedurunda imzalanması nəzərdə tutulmayan beynəlxalq müqavilələrə qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının qoşulması üçün həmin müqavilələr qoşulmaq tarixinə ən azı otuz gün qalmış Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilməlidir.

2.10. Bu Qaydaların 2.72.9-cu bəndlərində göstərilən beynəlxalq müqavilələrin mətnlərinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edildikdən sonra hər hansı düzəliş haqqında həmin düzəlişin edildiyi gündən başlayaraq üç gün müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verilməlidir.

2.11. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları beynəlxalq müqavilənin bağlanmasına dair fərqli mövqeyə malik olduqda həmin orqanların əsaslandırılmış mövqeyi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilməlidir.

3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təkliflər

3.1. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabineti təqdim edir. Xarici siyasət məsələləri ilə bağlı beynəlxalq müqavilələrin ləğv edilməsi haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də təqdim edə bilər.

3.2. Mərkəzi icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təklifləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edirlər.

3.3. Dövlətə məxsus müəssisələr Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təklifləri müvafiq sahədə dövlət idarəçiliyini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı vasitəsilə təqdim edirlər.

3.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti verilmiş təklifləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və digər aidiyyəti orqanlarla razılaşdırdıqdan sonra müvafiq rəylə birlikdə həmin təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

3.5. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1032-IIIQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanmış idarələrarası xarakter daşıyan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təkliflərin verilməsi bu Qaydaların 3-cü bölməsində müəyyən olunmuş qaydada həyata keçirilir.