Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydasının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

İcbari sığortalar haqqında Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 24 fevral 2012-ci il

43

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2012-ci il 24 fevral tarixli 43 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi

 

Q A Y D A S I

 

1. Ümumi müddəa

 

1.1. Bu Qayda Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının Qanununa və İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 40.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə (bundan sonra - aztəminatlı ailələr) məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının (bundan sonra - sığorta haqları) dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.

 

2. Sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsinə maliyyə yardımının ayrılması

 

2.1. Sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsinə maliyyə yardımı Azərbaycan Respublikasının hər il üçün dövlət büdcəsi haqqında Qanununda nəzərdə tutulmuş maliyyə yardımları həddində ayrılır və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra - Nazirlik) xüsusi hesabında saxlanılır.

 

3. Sığorta haqlarının ödənilməsi

 

3.1. Aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin sığortalanması üzrə müvafiq icbari sığorta müqavilələri bağlamış sığortaçı həmin müqavilələrdə nəzərdə tutulan sığorta haqlarını dövlət büdcəsi vəsaitləri hesabına almaq üçün aşağıdakı sənədləri əlavə etməklə, tərtib olunan rüblük hesabatı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra - Palata) təqdim edir:[1]

3.1.1. aztəminatlı ailəyə məxsus yaşayış evinin və ya mənzilin icbari sığortalanması faktını təsdiq edən sığorta şəhadətnaməsinin surətini;

3.1.2. sığortalanmış yaşayış evinin və ya mənzilin aztəminatlı ailəyə məxsus olmasını təsdiq edən sənədin surətini.

3.2. Palata bu qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş hesabata və sənədlərə onlar Palataya daxil olduğu tarixdən 10 iş günü müddətində baxır.[2]

3.3. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 iş günü müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar sığortaçı tərəfindən 5 iş günü müddətində aradan qaldırılmalıdır. Hesabata bu Qaydanın 3.2-ci bəndində müəyyən edilmiş qaydada baxılaraq, sığorta haqları sığortaçıya məxsus bank hesabına köçürülür.[3]

3.3-1. Palata bu qaydanın 3.6-cı bəndində nəzərdə tutulmuş sığorta haqlarının ödənilməsindən imtina halları aşkar etmədikdə, sığorta haqlarının müvafiq sığortaçıya ödənilməsi üçün rəyin əks olunduğu müraciəti Nazirliyə ünvanlayır.

3.3-2. Nazirlik müraciət daxil olduğu tarixdən 15 iş günü müddətində müvafiq sığorta haqlarını sığortaçıya məxsus bank hesabına köçürür.[4]

3.4. Bu Qaydanın 3.1-ci bəndində göstərilən hesabat sığortaçı tərəfindən hər rübdən sonrakı ayın 1-də Palataya təqdim edilir.[5]

3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati ərazi vahidləri üzrə aztəminatlı ailələrin (yalnız onlara məxsus yaşayış evləri və mənzillər olduqda) siyahısını cari ilin I rübünün sonuncu ayının 30-dək, həmin siyahıda edilmiş dəyişikliklər barədə məlumatı isə həmin ilin digər rüblərinin sonuncu aylarının 30-dək Palataya təqdim etməlidir.[6]

3.6. Sığorta haqlarının ödənilməsindən aşağıdakı hallarda imtina edilir və bu barədə sığortaçıya imtinanın səbəbləri göstərilməklə, 5 iş günü müddətində yazılı məlumat verilir:[7]

3.6.1. təqdim olunmuş hesabata əlavə edilməli olan sənədlər tam təqdim edilmədikdə;

3.6.2. təqdim edilmiş sənədlərdə təhrif olunmuş məlumatlar olduqda.

 

4. Sığorta haqlarının ödənilməsinə ayrılan maliyyə yardımının istifadəsinə dair tələblər

 

4.1. Sığorta haqlarının ödənilməsinə ayrılan və Nazirliyin xüsusi hesabında saxlanılan vəsait bu Qaydada nəzərdə tutulmamış digər məqsədlər üçün istifadə edilə bilməz.

4.1-1. Sığorta haqlarının ödənilməsinə ayrılan vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.[8]

4.2. Sığorta haqlarının ödənilməsinə ayrılan maliyyə yardımının il ərzində istifadə edilməyən hissəsi ilin sonunda dövlət büdcəsinə qaytarılır.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 avqust 2016-cı il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 14 avqust 2016-cı il, 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1436)

2.       27 mart 2017-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 mart 2017-ci il, 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 505)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 8 avqust 2016-cı il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 14 avqust 2016-cı il, 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1436) ilə 3.1-ci bənddə Nazirliyə sözü Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra - Palata) sözləri ilə əvəz edilmişdir.

 

[2] 8 avqust 2016-cı il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 14 avqust 2016-cı il, 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1436) ilə 3.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.2. Nazirlik bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş hesabata və sənədlərə onların Nazirliyə daxil olduğu tarixdən 25 iş günü müddətində baxır və bu Qaydanın 3.6-cı bəndində nəzərdə tutulmuş sığorta haqlarının ödənilməsindən imtina halları aşkar edilmədikdə, həmin müddətdə müvafiq sığorta haqlarını sığortaçıya məxsus bank hesabına köçürmə yolu ilə ödəyir.

 

[3] 8 avqust 2016-cı il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 14 avqust 2016-cı il, 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1436) ilə 3.3-cü bəndin üçüncü cümləsi çıxarılmışdır.

 

[4] 8 avqust 2016-cı il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 14 avqust 2016-cı il, 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1436) ilə yeni məzmunda 3.3-1-ci və 3.3-2-ci bəndlər əlavə edilmişdir.

 

[5] 8 avqust 2016-cı il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 14 avqust 2016-cı il, 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1436) ilə 3.4-cü bənddə Nazirliyə sözü Palataya sözü ilə əvəz edilmişdir.

 

[6] 8 avqust 2016-cı il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 14 avqust 2016-cı il, 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1436) ilə 3.5-ci bənddə Nazirliyə sözü Palataya sözü ilə əvəz edilmişdir.

 

[7] 8 avqust 2016-cı il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 14 avqust 2016-cı il, 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1436) ilə 3.6-cı bənddə Nazirlik tərəfindən sığorta sözləri Sığorta sözü ilə əvəz edilmişdir.

 

[8] 27 mart 2017-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 mart 2017-ci il, 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 505) ilə Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydasına yeni məzmunda 4.1-1-ci bənd əlavə edilmişdir.