“Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələrinin nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 17 yanvar tarixli 12 nömrəli qərarı ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 2 oktyabr 2012-ci il

                   ¹ 218

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi

 

1. Ümumi müddəalar

1.1. Bu Nümunəvi Nizamnamə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və tabeliyindən, təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini tənzimləyir.

1.2. Məktəbəqədər təhsil müəssisəsi fasiləsiz milli təhsilin həyata keçirilməsində ilkin pillə olmaqla, cinsindən, irqindən, dilindən, dinindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, Azərbaycan Respublikasında yaşayan məktəbəqədər yaşlı uşaqların tərbiyəsi və təhsilə hazırlanması ilə məşğul olur. [1]

1.3. Məktəbəqədər təhsil müəssisəsi öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyul tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” (bundan sonra - dövlət təhsil standartları), Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları və bu Nümunəvi Nizamnamə əsasında həyata keçirir. [2]

1.4. Məktəbəqədər təhsil ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.

1.5. Məktəbəqədər təhsil müəssisələrinin vəzifələri onun növündən, tədris prosesinin prioritet istiqamətlərindən asılı olaraq konkretləşdirilir.

1.6. Məktəbəqədər təhsil sahəsində vahid dövlət siyasətini, məktəbəqədər təhsil müəssisələrinə elmi-metodiki rəhbərliyi, məktəbəqədər təhsilin keyfiyyətinə dövlət nəzarətini tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.

1.7. Məktəbəqədər təhsil müəssisəsi dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu əldə edir. Məktəbəqədər təhsil müəssisəsi müstəqil balansa, üzərində adı yazılmış möhürə, ştampa, blanka malikdir. Bu müəssisələrin banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Məktəbəqədər təhsil müəssisəsinin hüquqi ünvanı onun öz nizamnaməsində göstərilir.

1.8. Məktəbəqədər təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, məktəbəqədər təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də belə təşkilatlara üzv olmaq hüququna malikdir.

1.9. Məktəbəqədər təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.

2. Məktəbəqədər təhsil müəssisəsinin strukturu və növləri

2.1. Məktəbəqədər təhsil müəssisəsi mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrinə bölünür.

2.2. Məktəbəqədər təhsil müəssisəsinin növləri aşağıdakılardır:

2.2.1. körpələr evi;

2.2.2. körpələr evi-uşaq bağçaları;

2.2.3. uşaq bağçaları;

2.2.4. xüsusi uşaq bağçaları.

2.3. Məktəbəqədər təhsil müəssisəsində aşağıdakı qruplar təşkil olunur:

2.3.1. körpələr qrupu                                    (1-2 yaşlı uşaqlar üçün);

2.3.2. körpələr qrupu                                    (2-3 yaşlı uşaqlar üçün);

2.3.3. orta qrup                                   (3-4 yaşlı uşaqlar üçün);

2.3.4. böyük qrup                               (4-5 yaşlı uşaqlar üçün);

2.3.5. məktəbə hazırlıq qrupu         (5-6 yaşlı uşaqlar üçün).

2.4. Xüsusi uşaq bağçaları aşağıda göstərilən sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılır:

2.4.1. nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fonematik ləngliyi, kəkələmə və ayrı-ayrı səslərin tələffüz pozulmaları) olanlar üçün;

2.4.2. eşitmə pozulmaları (karlar, zəifeşidənlər və sonradan karlaşanlar) olanlar üçün;

2.4.3. görmə pozulmaları (korlar, zəifgörənlər, çəpgözlər və s.) olanlar üçün;

2.4.4. əqli (psixi) pozuntuları (əqli cəhətdən gerilik, psixi inkişaf ləngliyi, ağır əqli gerilik) olanlar üçün;

2.4.5. dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olanlar üçün;

2.4.6. ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar üçün;

2.4.7. emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar üçün;

2.4.8. vərəm intoksikasiyası olanlar üçün;

2.4.9. bütün birləşmiş ağır anomaliyaları olanlar üçün;

2.4.10. xroniki somatik xəstəlikləri olanlar üçün.

3. Tədris prosesinin təşkili

3.1. Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarla komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır. Məktəbəqədər təhsil müəssisəsində qrupların sayı tədris prosesinin şəraitindən və sanitar normalardan asılı olaraq müəyyənləşdirilir.

3.2. Məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

 

Yaş qrupu

Uşaqların sayı

1 yaşdan 2 yaşadək

15

2 yaşdan 3 yaşadək

15

3 yaşdan 4 yaşadək

20

4 yaşdan 5 yaşadək

20

5 yaşdan 6 yaşadək

20

Müxtəlifyaşlı uşaqlar üçün qruplarda

1-3 yaşlı

10

3-6 yaşlı

15

 

3.3. Qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabr ayınadək həyata keçirilir, boş yerlərə isə uşaqların qəbulu il ərzində aparılır.

3.4. Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:

3.4.1. müəssisənin müdirinin adına ərizə;

3.4.2. valideynin (qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

3.4.3. uşaqların mübadilə vərəqəsi;

3.4.4. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

3.4.5. uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli;

3.4.6. sağlamlığının vəziyyəti barədə arayış.

3.5. Sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu və onların orada qalma müddətinin müəyyənləşdirilməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.

3.6. Dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.[3]

3.7. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisəsinə qəbul zamanı uşaqların valideynləri (qanuni nümayəndələri) ilə müəssisə arasında müqavilə bağlanılır.

3.8. Uşaq aşağıdakı hallarda məktəbəqədər təhsil müəssisəsindən xaric edilir:

3.8.1. valideynin (qanuni nümayəndənin) ərizəsinə əsasən;

3.8.2. tibbi göstərişlərə əsasən;

3.8.3. müqavilənin şərtləri yerinə yetirilmədikdə (özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrində).

3.9. Məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına əsasən pedaqoji şura tərəfindən müəyyənləşdirilir.

3.10. Məktəbəqədər təhsil müəssisəsi 5, 6, 7 günlük və ya gecə-gündüz, 1 və ya 2 istirahət günü ilə, eləcə də dəyişkən qrafiklə işçilərə istirahət günü verilməklə işləyir.

3.11. Məktəbəqədər təhsil müəssisələrinin iş rejimi 9, 10, 10,5, 12 və 24 iş saatlıq müəyyənləşdirilir.

3.12. Valideynlərlə məktəbəqədər təhsil müəssisələri arasında razılaşma əsasında məktəbəqədər təhsil müəssisələrində səhər, axşam, günüuzadılmış rejimlə, eləcə də şənbə, istirahət və bayram günləri işləyən növbətçi qruplar təşkil edilir.

3.13. Valideynlərin arzusuna əsasən qısamüddətli (1-3 saat), uşaqları məktəbə hazırlayan, intellektual-inkişafetdirici, bədii-estetik, kommunikativ-nitqi, ekoloji, fiziki-sağlamlaşdırıcı və digər qruplar təşkil edilir.

3.14. Məktəbəqədər təhsil müəssisəsində tibbi xidmət yerli səhiyyə müəssisəsi tərəfindən həyata keçirilir.

3.15. Məktəbəqədər təhsil müəssisəsində təhsilverənlər qanunvericiliklə müəyyən edilmiş qaydada ildə bir dəfə dövlət hesabına, digər işçilər isə ən azı ildə 2 dəfə təsisçinin hesabına tibbi müayinədən keçirlər.[4]

3.16. Uşaqların qidalanmasının təşkilinə nəzarət məktəbəqədər təhsil müəssisəsinin müdiri tərəfindən həyata keçirilir.

3.17. Məktəbəqədər təhsil müəssisəsinin növündən, iş rejimindən və digər xüsusiyyətlərindən asılı olaraq, uşaqların gün ərzində qidalanması 3, 4 dəfə və daha çox ola bilər.

3.18. Qidalanmanın keyfiyyətinə (müxtəlifliyinə), yeməklərin vitaminləşdirilməsinə, qida blokunun sanitar vəziyyətinə, ərzaqların düzgün saxlanılmasına və istifadə müddətinə riayət olunmasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nə uyğun olaraq həyata keçirilir.

4. Tədris prosesinin məzmunu

4.1. Məktəbəqədər təhsil müəssisəsində tədris dili dövlət dili - Azərbaycan dilidir. Azərbaycan dilini öyrətmək və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla bilər.[5]

4.2. Məktəbəqədər təhsilin məzmunu dövlət təhsil standartlarına uyğun olaraq hazırlanmış təhsil proqramı (kurikulum) əsasında müəyyənləşdirilir. [6]

4.3. Təhsil proqramı (kurikulum) uşaqların yaşı və fərdi xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.

4.4. Məktəbəqədər təhsil müəssisəsi öz fəaliyyətini uşaqların inkişafının dövlət təhsil standartı ilə müəyyən edilmiş prioritet istiqamətləri əsasında aparır.

4.5. Məktəbəqədər təhsil müəssisəsi öz nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrə və ailənin tələbatına uyğun olaraq məktəbəqədər təhsilin dövlət standartına əsasən əlavə təhsil xidmətləri (pullu, pulsuz) həyata keçirir.

4.6. Məktəbəqədər təhsil müəssisəsi dövlət məktəbəqədər təhsil standartının tələblərinə uyğun olaraq məşğələnin növü, həftə ərzində sayı, müddəti nəzərə alınmaqla, uşaqların məşğələ vaxtı yükləndirilməsinin həcmini müəyyən edir.

5. Təhsil prosesinin iştirakçıları, onların hüquq və vəzifələri

5.1. Məktəbəqədər təhsil prosesinin iştirakçıları aşağıdakılardır: [7]

5.1.1. təsisçilər;

5.1.2. təhsilalanlar;

5.1.3. təhsil müəssisəsinin rəhbəri;

5.1.4. təhsilverənlər (pedaqoji işçilər) – tərbiyəçi-müəllimlər, metodistlər, defektoloqlar, loqopedlər, musiqi rəhbərləri, psixoloqlar;

5.1.5. digər işçilər – işçi heyəti: tibb işçiləri, texniki işçilər, dayələr;

5.1.6. valideynlər və ya digər qanuni nümayəndələr;

5.1.7. təhsili idarəetmə orqanları və bələdiyyələr;

5.1.8. məktəbəqədər təhsil müəssisəsi ilə bilavasitə təhsil sahəsində əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər.

5.2. Məktəbəqədər təhsil müəssisəsində təhsil prosesi təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulur və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verilmir.

5.3. Təhsilalanların hüquqları aşağıdakılardır: [8]

5.3.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

5.3.2. şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq;

5.3.3. uşaqların sağlamlığına, mənəvi və psixoloji durumuna zərər vuracaq istənilən informasiyadan və təbliğatdan müdafiə olunmaq;

5.3.4. ödənişsiz tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq;

5.3.5. müəyyən olunmuş normativlərə uyğun, keyfiyyətli qida ilə təmin edilmək;

5.3.6. asudə vaxtının və istirahətinin səmərəli təşkili, meyil və maraqlarının reallaşması və yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq.

5.4. Təhsilalanların vəzifələri aşağıdakılardır: [9]

5.4.1. dövlət təhsil standartlarına uyğun biliyə, bacarığa və vərdişlərə yiyələnmək;

5.4.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

5.4.3. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

5.5. Təhsilverənlərin hüquqları aşağıdakılardır:

5.5.1. təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq;[10]

5.5.2. təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək;[11]

5.5.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

5.5.4. pedaqoji şuranın işində iştirak etmək;

5.5.5. məktəbəqədər təhsil müəssisəsinin pedaqoji şurasının sədrliyinə seçmək və seçilmək;

5.5.6. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;[12]

5.5.7. elmi eksperimentlərdə iştirak etmək;

5.5.8. ixtisasını artırmaq, yeni ixtisas almaq, ixtisas dərəcəsini yüksəltmək;

5.5.9. mükafatlandırılmaq və təltif olunmaq.[13]

5.6. Təhsilverənlərin vəzifələri aşağıdakılardır: [14]

5.6.1. məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

5.6.2. ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək və attestasiyadan keçmək;

5.6.3. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və həyati bacarıqlara yiyələnməsini təmin etmək;

5.6.4. məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək;

5.6.5. təhsilalanları Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə etmək;

5.6.6. uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

5.6.7. uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə ­iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq;

5.6.8. uşaqların təlim-tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək;

5.6.9. təhsilalanları müəyyən edilmiş təhsil standartları əsasında məktəb təliminə hazırlamaq;

5.6.10. qanunvericiliklə müəyyən edilmiş qaydada ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək.

5.7. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır:

5.7.1. övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini (məktəbəqədər təhsil müəssisəsini) seçmək; [15]

5.7.2. məktəbəqədər təhsil müəssisəsində təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) təhsilə marağı və davranışı haqqında məlumat almaq;

5.7.3. uşaqların hüquq və maraqlarını müdafiə etmək və məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;

5.7.4. məktəbəqədər təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;

5.7.5. məktəbəqədər təhsil müəssisəsinin pedaqoji şura iclaslarında məşvərətçi səs hüququ ilə iştirak etmək;

5.7.6. məktəbəqədər təhsil müəssisəsində əlavə ödənişli xidmətlərin təşkili üzrə təkliflər irəli sürmək;

5.7.7. uşaqlarla aparılan iş barədə məktəbəqədər təhsil müəssisəsi müdirinin və tərbiyəçilərin hesabatlarını dinləmək.

5.8. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələri aşağıdakılardır:

5.8.1. övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların məktəbəqədər təhsillə təmin olunması üçün məsuliyyət daşımaq;

5.8.2. övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;

5.8.3. məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsinin tələblərini yerinə yetirmək;

5.8.4. məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər (digər qanuni nümayəndələr) arasında bağlanmış müqavilənin şərtlərinə riayət etmək.

6. Məktəbəqədər təhsil müəssisəsinin idarə edilməsi

6.1. Məktəbəqədər təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun, digər normativ hüquqi aktların və öz nizamnaməsinin tələblərinə uyğun idarə edilir. [16]

6.2. Məktəbəqədər təhsil müəssisəsinin idarə edilməsinin demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə müəssisədə idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, pedaqoji, valideynlər və qəyyumlar şuraları) yaradılır.

6.3. Məktəbəqədər təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir.

6.4. Məktəbəqədər təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

6.5. Məktəbəqədər təhsil müəssisəsinin idarə olunması və ona rəhbərlik həmin müəssisənin mülkiyyət növünə uyğun olaraq, təsisçinin təyin etdiyi müdir tərəfindən bu Nümunəvi Nizamnaməyə əsasən həyata keçirilir.

6.6. Məktəbəqədər təhsil müəssisəsi müdirinin hüquq və vəzifələri aşağıdakılardan ibarətdir:

6.6.1. məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinə görə dövlət, cəmiyyət və təsisçi qarşısında məsuliyyət daşımaq;

6.6.2. məktəbəqədər təhsil müəssisəsi üzrə əmrlər, göstərişlər vermək, bütün dövlət, qeyri-dövlət, ictimai təşkilatlarda, müəssisələrdə və idarələrdə etibarnaməsiz hərəkət edərək, məktəbəqədər təhsil müəssisəsini təmsil etmək;

6.6.3. uşaq kontingentini formalaşdırmaq;

6.6.4. məktəbəqədər təhsil müəssisəsi ilə bağlı uşaqların ailələri, ictimai təşkilatlar və digər təhsil müəssisələri ilə qarşılıqlı əlaqəni həyata keçirmək;

6.6.5. məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti barədə təsisçiyə hesabat vermək;

6.6.6. daxili intizam qaydalarını təsdiq etmək.

6.7. Dövlət məktəbəqədər təhsil müəssisəsinin ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuradır.

Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı həmin təhsil müəssisələrinin nizamnaməsi ilə müəyyən olunur.[17]

6.8. Məktəbəqədər təhsil müəssisəsinin pedaqoji şurası işini özünün təsdiq etdiyi illik fəaliyyət planı üzrə qurur. Pedaqoji şuranın iclasları 1-2 qrupu olan məktəbəqədər təhsil müəssisəsində il ərzində 2 dəfə, 3-5 qrupu olan məktəbəqədər təhsil müəssisəsində rübdə 1 dəfə, 6-12 qrupu olan məktəbəqədər təhsil müəssisəsində isə 2 ayda 1 dəfə keçirilir. Növbədənkənar iclaslar pedaqoji şura sədrinin qərarına və ya pedaqoji şura üzvlərinin təşəbbüslərinə əsasən keçirilir.

6.9. Pedaqoji şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:

6.9.1. məktəbəqədər təhsilin dövlət standartı və proqramına uyğun olaraq məktəbəqədər təhsil müəssisəsinin təhsil fəaliyyətinin istiqamətlərinin müəyyənləşdirilməsi, təhsil proqramlarının seçilməsi;

6.9.2. məktəbəqədər təhsil müəssisəsinin təhsil prosesinin formasının, metodunun və məzmununun müzakirə edilməsi, təhsil fəaliyyətinin planlaşdırılması;

6.9.3. kadrların ixtisasartırma və yenidən hazırlanması məsələlərinə baxılması;

6.9.4. pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi, yayılması və tətbiqinin təşkil edilməsi;

6.9.5. əlavə ödənişli təhsil xidmətlərinin təşkili məsələlərinə baxılması;

6.9.6. təhsil proqramlarının həyata keçirilməsi üzrə məktəbəqədər təhsil müəssisəsinin rəhbərinin hesabatlarının dinlənilməsi;

6.9.7. dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsində edilən dəyişikliklərin qəbul edilməsi.

6.10. Dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsi tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.[18]

6.11. Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrinin nizamnamələri və onlarda edilən dəyişikliklər təsisçilər tərəfindən hazırlanaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi əsasında təsdiq edilir.

6.12. Pedaqoji şuranın iclasları şura üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda səlahiyyətlidir.

6.13. Pedaqoji şuranın qərarının icrası məcburidir.

6.14. Pedaqoji şuranın iclasları barədə məktəbəqədər təhsil müəssisəsinin protokol kitabında qeydiyyat aparılır.

6.15. Pedaqoji şuranın sədrinin vəzifələri aşağıdakılardır:

6.15.1. pedaqoji şuranın fəaliyyətini təşkil etmək;

6.15.2. pedaqoji şuranın üzvlərini növbəti iclasın keçirilməsi barədə 15 gün əvvəl məlumatlandırmaq;

6.15.3. pedaqoji şuraya daxil olan ərizələrin, müraciətlərin və digər materialların qeydiyyatının aparılmasına nəzarət etmək;

6.15.4. pedaqoji şuranın iclasının gündəliyini müəyyənləşdirmək;

6.15.5. pedaqoji şuranın qərarlarının yerinə yetirilməsini təşkil etmək və ona nəzarət etmək;

6.15.6. pedaqoji şuranın fəaliyyəti barədə təsisçi qarşısında hesabat vermək.

6.16. Qəyyumlar - fiziki və ya hüquqi şəxs olmaqla, məktəbəqədər təhsil müəssisəsinin inkişafına yardım edənlərdir.

6.17. Qəyyumlar şurası məktəbəqədər təhsil müəssisəsinin özünüidarə orqanıdır. Qəyyumlar şurasının tərkibinə valideynlər (qanuni nümayəndələr), maliyyə və digər yardımlar göstərən hüquqi şəxslərin nümayəndələri, kütləvi informasiya vasitələrinin nümayəndələri, ictimai təşkilatların (birliklərin) nümayəndələri və digər fiziki şəxslər daxil ola bilərlər.

6.18. Məktəbəqədər təhsil müəssisəsinin qəyyumlar şurası məktəbəqədər təhsilin inkişafını təmin etmək üçün əlavə maliyyə, maddi və digər resursların cəlb edilməsi, müəssisənin fəaliyyətinə və inkişafına yardım edilməsi məqsədi ilə yaradılır.

6.19. Qəyyumlar şurasının vəzifələri aşağıdakılardır:

6.19.1. məktəbəqədər təhsil müəssisəsinin inkişaf strategiyasını formalaşdırmaq;

6.19.2. tədris proqramının məzmununun və tədris prosesinin təkmilləşdirilməsində iştirak etmək;

6.19.3. məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazasının (binanın inşası və təmiri, avadanlıq və inventarların, təlimdə texniki vasitələrin alınması) möhkəmləndirilməsinə yardım etmək;

6.19.4. məktəbəqədər təhsil müəssisəsində uşaqların və işçilərin sosial müdafiəsinə yardım etmək;

6.19.5. məktəbəqədər təhsil müəssisəsində uşaqların, o cümlədən aztəminatlı ailələrdən olan uşaqların, sağlamlıq imkanları məhdud olan uşaqların təlim-tərbiyə olunması üçün optimal şərait yaradılmasına yardım etmək;

6.19.6. məktəbəqədər təhsil müəssisəsində uşaqların sağlamlığının qorunmasında və digər tədbirlərin keçirilməsində iştirak etmək.

6.20. Qəyyumlar şurası ictimai əsaslarla fəaliyyət göstərir.

6.21. Qəyyumlar şurası aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:

6.21.1. könüllülük;

6.21.2. bərabərhüquqluluq;

6.21.3. aşkarlıq.

6.22. Qəyyumlar şurasının hüquqları aşağıdakılardır:

6.22.1. məktəbəqədər təhsil müəssisəsində tədris proqramının həyata keçirilməsi, maliyyə və maddi vəsaitlərin daxil olması, xərclənməsi barədə müəssisənin rəhbərinin məlumatını dinləmək;

6.22.2. məktəbəqədər təhsil müəssisəsinin iş planına dair təkliflər irəli sürmək;

6.22.3. məktəbəqədər təhsilin inkişaf fondunu təsis etmək;

6.22.4. məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti barədə ümumi informasiya almaq.

6.23. Qəyyumlar şurasının vəzifələri aşağıdakılardır:

6.23.1. məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsini rəhbər tutmaq;

6.23.2. məktəbəqədər təhsil müəssisəsində uşaqların və valideynlərin maraqlarını qorumaq;

6.23.3. konflikt və mübahisəli məsələləri həll etmək;

6.23.4. məktəbəqədər təhsil müəssisəsinin tədbirlərində iştirak etmək.

6.24. Məktəbəqədər təhsil müəssisəsinin valideyn şurasının funksiyaları aşağıdakılardır:

6.24.1. müəssisənin nizamnaməsinin müzakirəsində iştirak etmək, ona dəyişikliklər edilməsi barədə təkliflər irəli sürmək;

6.24.2. uşaqlara göstərilən təhsil və sağlamlaşdırıcı xidmətlərin (o cümlədən, ödənişli) təşkili məsələlərinə baxmaq;

6.24.3. müəssisədə təhsil proqramlarının həyata keçirilməsi üçün şərait yaradılması barədə müəssisə müdirinin hesabatlarını dinləmək;

6.24.4. müəssisənin tədris ili ərzində valideynlərlə apardığı işin yekun hesabatında iştirak etmək;

6.24.5. müəssisədə tədris prosesinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək;

6.24.6. valideynlərlə birgə təşkil olunan valideyn iclaslarının, açıq qapı günlərinin və digər tədbirlərin keçirilməsində müəssisəyə dəstək olmaq;

6.24.7. valideynlərin könüllü yardımından istifadə edərək, müəssisənin maddi-texniki bazasının möhkəmləndirilməsinə və ərazisinin abadlaşdırılmasına kömək göstərmək.

6.25. Valideyn şurasının hüquqları aşağıdakılardan ibarətdir:

6.25.1. özünüidarə orqanı kimi müəssisənin idarə olunmasında iştirak etmək;

6.25.2. müəssisənin rəhbərindən şuranın qərarlarının yerinə yetirilməsini tələb etmək.

6.26. Valideyn şurasının əsas vəzifələri aşağıdakılardır:

6.26.1. məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində müəssisə ilə birlikdə fəaliyyət göstərmək;

6.26.2. müəssisədə təlim-tərbiyə alan uşaqların hüquq və maraqlarını müdafiə etmək;

6.26.3. valideynlərin (qanuni nümayəndələrin) hüquq və maraqlarını müdafiə etmək;

6.26.4. məktəbəqədər təhsil müəssisəsinin əsas inkişaf istiqamətlərini müzakirə etmək.

6.27. Valideyn şurasının tərkibinə hər qrupdan valideynlərin öz aralarından seçdikləri 1-2 nəfər valideyn daxil olur. Valideyn şurasının iclasına müəssisənin müdiri, pedaqoji, tibbi və digər işçiləri, valideynlər, ictimai təşkilatların nümayəndələri dəvət olunurlar. İclasa dəvət olunanlar məşvərətçi səs hüququna malikdirlər. Valideyn şurası öz tərkibindən 1 il müddətinə sədr və katib seçir.

6.28. Valideyn şurası sədrinin vəzifələri aşağıdakılardır:

6.28.1. valideyn şurasının fəaliyyətini təşkil etmək;

6.28.2. valideyn şurasının üzvlərini keçiriləcək iclasın vaxtı barədə 14 gün əvvəl məlumatlandırmaq;

6.28.3. valideyn şurasının iclasının hazırlığını və keçirilməsini təşkil etmək;

6.28.4. iclasın gündəliyini müəyyənləşdirmək;

6.28.5. valideyn şurasının qərarlarının icrasına nəzarət etmək;

6.28.6. özünüidarəetmə məsələləri ilə bağlı müəssisənin müdiri ilə qarşılıqlı əlaqə qurmaq;

6.28.7. müəssisənin illik fəaliyyət planının özünə aid hissəsini təşkil edən plan üzrə işini qurmaq.

6.29. Valideyn şurasının iclasları rübdə 1 dəfədən az olmayaraq keçirilir. Valideyn şurasının iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Valideyn şurasının qərarı açıq səsvermə yolu ilə qəbul edilir. İclasda iştirak edənlərin ⅔ hissəsindən çoxu lehinə səs verdikdə, valideyn şurasının qərarı qəbul edilmiş hesab edilir. Valideyn şurasının iclasları protokollaşdırılır, sədr və katib tərəfindən imzalanır.

6.30. Özəl məktəbəqədər təhsil müəssisəsinin idarəetmə orqanlarının səlahiyyətləri bu Nizamnamənin tələbləri nəzərə alınmaqla hazırlanmış hər təhsil müəssisəsinin öz nizamnaməsi ilə tənzimlənir.

6.31. Təsisçinin (təsisçilərin) məsuliyyəti, səlahiyyət dairəsi, məktəbəqədər təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

6.32. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) fiziki şəxs olduqda - onun (onların) soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi (dövlət və bələdiyyə məktəbəqədər təhsil müəssisələri istisna olmaqla) təhsil müəssisəsinin nizamnaməsində qeyd olunur.

6.33. Təsisçinin hüquqları aşağıdakılardır:

6.33.1. məktəbəqədər təhsil müəssisəsi yaratmaq, yenidən təşkil və ləğv etmək;

6.33.2. məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsini qəbul etmək, təsdiq və onda dəyişiklik etmək (dövlət təhsil müəssisələri istisna olmaqla); [19]

6.33.3. məktəbəqədər təhsil müəssisəsinin müdirini təyin etmək və onun səlahiyyətlərinə xitam vermək;

6.33.4. məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinin idarə olunmasında iştirak etmək;

6.33.5. məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti barədə tam məlumat və hesabatlar almaq.

6.34. Təsisçinin vəzifəsi məktəbəqədər təhsil müəssisəsini müvafiq avadanlıqlarla təchiz olunmuş bina və həyətyanı sahə ilə təmin etməkdən ibarətdir.

6.35. Təsisçi məktəbəqədər təhsil müəssisəsinin dövlət təhsil standartına uyğun olaraq fəaliyyəti üçün şəraitin yaradılmasına görə məsuliyyət daşıyır.

6.36. Məktəbəqədər təhsil müəssisəsinin həmtəsisçiləri bərabərhüquqludurlar.

6.37. Məktəbəqədər təhsil müəssisəsinin həmtəsisçiləri onun dövlət qeydiyyatına alınmasına qədər əmələgələn və hüquqi şəxsin yaradılması ilə bağlı öhdəliklər üzrə birlikdə məsuliyyət daşıyırlar. Təsisçi müəssisənin öhdəlikləri üçün, məktəbəqədər təhsil müəssisəsi isə təsisçinin öhdəlikləri üçün cavabdeh deyildir.

7. Məktəbəqədər təhsil müəssisəsinin maliyyə və təsərrüfat fəaliyyəti

7.1. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olaraq, məktəbəqədər təhsil müəssisəsi “Məktəbəqədər təhsil haqqında” Qanunun 22-ci maddəsinə əsasən maliyyələşdirilir.[20]

7.2. Dövlət məktəbəqədər təhsil müəssisəsinin maliyyələşdirilməsi dövlət büdcəsindən ayırmalar və qanunvericiliyə zidd olmayan digər mənbələrdən daxilolmalar hesabına həyata keçirilir.

7.3. Məktəbəqədər təhsil müəssisələrinin maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.

7.4. Məktəbəqədər təhsil müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsaitlər bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən uşaqların rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.[21]

7.5. Məktəbəqədər təhsil müəssisəsinin sənədləri aşağıdakılardır:

7.5.1. müəssisə üzrə əmrlər;

7.5.2. daxili intizam qaydaları;

7.5.3. məktəbəqədər təhsil müəssisəsi ilə hər bir uşağın valideyni (qanuni nümayəndəsi) arasında bağlanmış müqavilə;

7.5.4. pedaqoji şuranın protokol kitabı;

7.5.5. uşaqların mübadilə vərəqəsi.

8. Dövlət məktəbəqədər təhsil müəssisəsinin yaradılması, genişləndirilməsi, yenidən təşkili, fəaliyyətinin dayandırılması və ləğv edilməsi

8.1. Dövlət və bələdiyyə məktəbəqədər təhsil müəssisəsi “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılır. [22]

8.2. Özəl məktəbəqədər təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

8.3. Dövlət məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti aşağıdakı hallarda dayandırılır: [23]

8.3.1. müəssisədə əsaslı təmir aparıldıqda;

8.3.2. fövqəladə hallarda.

8.4. Müəssisədə uşaqların sayı normadan az olduqda dövlət məktəbəqədər təhsil müəssisəsi ləğv edilir.

8.5. Dövlət məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması və ləğv edilməsi yerli icra hakimiyyəti orqanlarının (şəhər rayonu icra hakimiyyəti istisna olmaqla) qərarına əsasən həyata keçirilir.

8.6. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisəsinin yaradılması, genişləndirilməsi, yenidən təşkili, fəaliyyətinin dayandırılması və ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən həyata keçirilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 aprel 2017-ci il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2017-ci il, ¹ 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹4 , maddə 613)

2.       20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515)

3.       25 may 2018-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, ¹ 120)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 aprel 2017-ci il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2017-ci il, ¹ 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹4 , maddə 613) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.2-ci bəndində “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilmişdir.

 

[2] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.3-cü bəndində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu,” sözləri “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilmişdir.

 

[3] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.6-cı bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.6. Dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, işləyən tək valideynlərin, təhsilalan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların, işsiz valideynlərin uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

 

[4] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.15-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.15. Məktəbəqədər təhsil müəssisəsinin işçiləri ən azı ildə 2 dəfə tibbi müayinədən keçirlər. Tibbi müayinə təsisçinin hesabına həyata keçirilir.

 

[5] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 4.1-ci bəndinin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Valideynlərin istəyi ilə tədris məktəbəqədər təhsilin dövlət standartları əsasında digər dillərdə də aparılır.

 

[6] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 4.2-ci bəndində “proqram” sözü “təhsil proqramı” sözləri ilə, 4.3-cü bəndində isə “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir.

 

[7] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 5.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

5.1. Məktəbəqədər təhsil müəssisəsində təhsil prosesinin iştirakçıları aşağıdakılardır:

5.1.1. təhsilalanlar - uşaqlar;

5.1.2. təhsilverənlər (pedaqoji işçilər) - tərbiyəçilər, defektoloqlar, loqopedlər, metodistlər, musiqi rəhbərləri, psixoloqlar;

5.1.3. valideynlər və ya digər qanuni nümayəndələr;

5.1.4. təhsili idarəetmə orqanları;

5.1.5. təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslər.

 

[8] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 5.3-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

5.3. Təhsilalanların hüquqları aşağıdakılardır:

5.3.1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada məktəbəqədər təhsil müəssisəsinə qəbul olunmaq;

5.3.2. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

5.3.3. həyatı və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

5.3.4. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən, fiziki və psixoloji zorakılığın bütün formalarından müdafiə olunmaq;

5.3.5. yaşına və fərdi inkişaf xüsusiyyətlərinə uyğun olaraq, fizioloji tələblərinin ödənilməsi məqsədi ilə qidalanma, yuxu və istirahətlə təmin edilmək;

5.3.6. inkişafında müəyyən çatışmazlığın korreksiya edilməsi üçün kömək almaq;

5.3.7. yaradıcı qabiliyyətlərinin və maraqlarının inkişaf etdirilməsi üçün zəruri şəraitlə təmin olunmaq;

5.3.8. oyun, oyuncaq, təlim vəsaitlərindən və avadanlıqlarından istifadə etmək.

 

[9] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 5.4-cü bəndi ləğv edilmişdir.

 

[10] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 5.5.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

5.5.1. normal əmək, pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin edilmək;

 

[11] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 5.5.2-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

5.5.2. məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;

 

[12] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 5.5.6-cı bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

5.5.6. təhsil proqramlarını (o cümlədən, müəllif proqramlarını), təlim-tərbiyə metodikalarını, təlim vəsaitlərini seçmək, hazırlamaq və tətbiq etmək;

 

[13] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 5.5.9-cu bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

5.5.9. müəyyən qaydada mükafatlandırılmaq.

 

[14] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 5.6-cı bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

5.6. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

5.6.1. məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

5.6.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

5.6.3. məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsinin tələblərini yerinə yetirmək;

5.6.4. əmək funksiyalarını həyata keçirmək, məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək;

5.6.5. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

5.6.6. şəxsi nümunəsi ilə uşaqlarda Azərbaycan Respublikasının Konstitusiyasına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

5.6.7. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

5.6.8. uşaqların həyat və sağlamlığını qorumaq;

5.6.9. uşaqların şərəf və ləyaqətinə hörmət etmək;

5.6.10. uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

5.6.11. uşaqların təlim-tərbiyəsi məsələləri ilə bağlı valideynlərlə əməkdaşlıq etmək;

5.6.12. peşəkarlıq bacarıqlarına yiyələnmək, ixtisas səviyyəsini yüksəltmək və onları daim təkmilləşdirmək;

5.6.13. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;

5.6.14. dövlət təhsil standartlarının tələblərinə riayət etmək.

 

[15] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 5.7.1-ci, 5.7.2-ci, 5.8.1-ci, 5.8.2-ci yarımbəndlərindən “və ya himayəsində” sözləri çıxarılmışdır.

 

[16] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 6.1-ci bəndinə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun,” sözlərindən sonra “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun,” sözləri əlavə edilmişdir.

 

[17] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 6.7-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

6.7. Dövlət məktəbəqədər təhsil müəssisəsinin ali idarəetmə orqanı pedaqoji şuradır. Dövlət məktəbəqədər təhsil müəssisələrinin pedaqoji şuralarının əsasnamələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 9 avqust tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə" nəzərə alınmaqla təsisçi tərəfindən təsdiq edilir.

 

[18] 25 may 2018-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, ¹ 120) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 6.10-cu bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

6.10. Dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və təsisçi tərəfindən təsdiq edilir.

 

[19] 25 may 2018-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, ¹ 120) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 6.33.2-ci yarımbəndində “müəssisələrində pedaqoji şuranın qərarına əsasən” sözləri “müəssisələri istisna olmaqla” sözləri ilə əvəz edilmişdir.

 

[20] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 7.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

7.1. Dövlət məktəbəqədər təhsil müəssisəsi yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyəti istisna olmaqla) tərəfindən maliyyələşdirilir.

 

[21] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 7.4-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

7.4. Məktəbəqədər təhsil müəssisəsi göstərdiyi əlavə ödənişli xidmətlərdən əldə etdiyi gəlirləri yalnız təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldir.

 

[22] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 8.1-ci və 8.2-ci bəndləri yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

8.1. Dövlət məktəbəqədər təhsil müəssisəsinin yaradılması, genişləndirilməsi və yenidən təşkili məsələlərinə müvafiq ərazidə məktəbəqədər təhsilin yaş həddində olan uşaqların sayı nəzərə alınmaqla zəruri kadr potensialı, maddi-texniki, tədris-metodiki bazaları olduqda baxılır.

8.2. Dövlət məktəbəqədər təhsil müəssisəsinin yaradılması, genişləndirilməsi və yenidən təşkili zərurəti yarandıqda, yerli icra hakimiyyəti orqanları real vəziyyəti öyrənir, məsələnin "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına, respublikanın iqtisadi və sosial inkişafının əsas istiqamətlərinə uyğunluğunu, eləcə də maliyyə imkanlarını nəzərə almaqla vəsatət qaldırır.

 

[23] 20 dekabr 2017-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2515) ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 8.3-cü-8.6-cı bəndləri ləğv edilmişdir.